İddia müddəti

2014/07/24 00:31
İddia müddəti

İddia müddəti

 

Mülki hüquqların müdafiəsi müddəti dedikdə elə müddət başa düşülür ki, həmin müddət ərzində hüququ pozulmuş şəxs öz hüquqlarının müdafiəsini və yaxud məcburi qaydada həyata keçirilməsini tələb edə bilər. Pozulmuş mülki hüquqların müdafiəsinin əsas vasitəsini iddialar təşkil etdiyinə görə, göstərilən müddətləri də iddia müddətləri adlandırırlar.

Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün müəyyən olunmuş müddətə iddia müddəti deyilir. İddia müddəti qanunla elə hallar üçün müəyyən edilmişdir ki, həmin hallarda konkret şəxsə məxsus olan maddi hüquq pozulur və bu hüququn müdafiəsi üçün hüququ pozmuş şəxsə məcburedici tədbirlərin tətbiq edilməsi lazımdır. Məcburetmə tədbirləri qanunla mülki hüquqların müdafiəsi üçün səlahiyyəti olan orqanlar (məhkəmə və s.) tərəfindən tətbiq edilir. Maraqlı tərəfin tələbi üzrə məcburetmə tədbirlərinin tətbiqinə həmişə deyil, yalnız iddia müddəti hüdudları daxilində yol verilir.

Pozulmuş subyektiv mülki hüquqların məcburi həyata keçirilməsi imkanı maddi mənada iddia hüququ, bu hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ isə prosessual mənada iddia hüququ adlanır. İddia müddətinin ötürülməsi məhkəməyə iddia ilə müraciət etmək hüququnu aradan qaldırmır. Subyektiv mülki hüququn pozulmasından nə qədər vaxt keçərsə keçsin, maraqlı şəxs istənilən vaxt iddia qaldıra bilər. İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə tərəfindən qəbul edilir. Beləliklə, hətta maddi mənada iddia hüququ aradan qalxsa belə, prosessual mənada iddia hüququ saxlanılır.

İddia müddətləri

Mülki Məcəllənin 373-cü maddəsinə əsasən,

  • ümumi iddia müddəti 10 il təşkil edir.
  • müqavilə tələbləri üzrə iddia müddəti 3 il,
  • daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir.
  • vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir.

Tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

İddia müddətinin başlanması

İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddia hüququ isə şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir. Bəzən elə hallar olur ki, iddiaçı özündən asılı olmayaraq qanunla müəyyən edilmiş müddətdə iddia verə bilmir. Belə hallarda iddia müddətinin dayandırılması müəyyən edilmişdir.

Misal

İddia müddəti axımının dayandırılması

İddia müddətinin dayandırılmasının mahiyyəti ondan ibarətdir ki, şəxs qanunda göstərilən səbəblərə görə iddia qaldıra bilmək və ya öz hüquqlarını müdafiə etmək imkanından məhrum olduğuna görə iddia qaldıra bilmədiyi vaxt kəsiyi iddia müddətinə daxil edilmir. İddia müddətinin dayandırılması üçün əsas olan halların mövcud olduğu vaxt kəsiyi iddia müddətinə hesablanmır. Göstərilən hallar aradan çıxdıqdan sonra iddia müddəti öz axımını davam etdirir.

Mülki Məcəllənin 379.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır:

  1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda;
  2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda;
  3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə;
  4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda;
  5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ-hüquqi aktın qüvvəsi dayandırıldıqda.

İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Müddətin dayandırılması üçün əsas olan maneələr aradan götürüldüyü gündən müddətin axımı davam edir və müddətin qalan hissəsi altı aya qədər uzadılır. Iddia müddəti altı aydan az olduqda isə iddia müddəti həmin müddətə çatdırılır.

İddia müddəti axımının kəsilməsi

Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

Misal

 

Misal

İddia müddəti bitdikdən sonra vəzifənin icrası

Borclu öz öhdəliyini iddia müddəti keçdikdən sonra icra edibsə, icraedici etdiyi zaman iddia müddətinin keçməsini bilməmiş olsa da icra etdiyini geri tələb etməyə haqlı deyildir.

İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə pozulmuş hüquq müdafiə edilməlidir. Üzrlü səbəblərə ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a. aiddir. Əgər vəziyyət obyektiv xarakter daşıyırsa və o, iddianın vaxtında qaldırılmasına mane olmuşsa, onda onlar üzrlü səbəb hesab edilə bilər. Əgər iddia müddətinin buraxılmasında öz təsərrüfatsızlığına, səhlənkarlığına, diqqətsizliyinə görə vaxtında iddia qaldırmayan maraqlı şəxs özü təqsirkardırsa, onda iddia müddəti bərpa edilmir və iddia rədd edilməlidir.

İddia müddətinin şamil edilmədiyi tələblər

Şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi, əmanətçilərin banka qoyulmuş əmanətlərinin verilməsi, fiziki şəxsin həyat və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması və s. bu kimi tələblər istisna olmaqla iddia müddəti bütün əmlak tələblərinə aid edilir.

Vəsiyyət olmadıqda miras kimlərə çatır?

2014/07/22 22:51
Vəsiyyət olmadıqda miras kimlərə çatır?

 Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi İsrafil Əlili deyib ki, Azərbaycanın mülki qanunvericiliyində vərəsələr növbəlilik prinsipi ilə bölünür:

- Vəsiyyətnamə olmadıqda ilk növbədə ölən şəxsin uşaqları və ya onun ölümündən sonra doğulmuş uşaq; arvad (ər), valideynlər vərəsə sayılır. Övladlığa götürən şəxslər valideynlərə, övladlığa götürülənlər də övladlığa götürən şəxsin uşaqlarına bərabər tutulur.

 

İkinci növbədə ölənin bacıları və qardaşları çıxış edir. Ölənin bacısı və ya qardaşı uşaqları o zaman vərəsə sayılırlar ki, miras açılan zaman vərəsə olan valideynləri sağ olmasın. Onlar bu zaman valideynlərinə çatmalı olan miras payına bərabər olaraq miras alırlar.

 

Üçüncü növbədə isə həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin atası və anası, babanın atası və anası gəlir. Nənə və babanın atası-anası da o zaman vərəsə sayılırlar ki, miras açılan zaman ölən şəxsin nənəsi və babası sağ olmasın.

 

Dördüncü növbədə xalalar, bibilər, dayılar və əmilər çıxış edir.

Nəhayət, beşinci növbədə xala uşaqları və bibi uşaqları vərəsə sayılır. Dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları gəlir.

Əvvəlki növbənin vərəsələrindən ən azı birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Birinci növbədə olan qohumlardan bir nəfər olduqda belə sonrakı növbədə olan şəxslər bu mirasdan pay almaq hüququndan məhrum olurlar. Bütün miras həmin bir nəfərə çatmalıdır.

 

Əgər bir növbə üzrə bir neçə şəxs mövcuddursa, məsələn, ölən şəxsin həm uşağı, həm arvadı, həm də valideynləri sağdırsa, onda ümumi miras payı onlar arasında bərabər bölünməlidir.

 

«Media forum»

Analıq məzuniyyəti

2014/07/19 21:47
Analıq məzuniyyəti

 

Azer_Quliyev_1Sual: Analıq məzuniyyətinə nə vaxt çıxırlır və bu zaman məzuniyyət pulu necə ödənilir. 1 il ərzində anaya iş yerində hər hansı bir pul verilirmi? (Lalə imanova)
Sualı Azər Quliyev cavablandırır
Cavab: Əmək Məcəlləsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətlər aşağıdakı qaydada verilir:

1. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

2. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

·  normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);

·  doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);

·  iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Əgər işçi bu hüququndan istifadə edirsə, bu zaman həmin işçiyə uşaq yaşyarıma çatanadək  15 manat, 3 yaşınadək qismən ödənişli məzuniyyət pulu verilə bilər. İşçi ən azı 126 təqvim günündən sonra işə qayıdarsa əmək haqqı tam mənləğdə ödənilir.

Əsas tibb müəssisənin xəstəlik vərəqi olmasına baxmayaraq bu münasibət hamiləliyə və doğuşa görə məzuniyyətlər kimi rəsmiləşdirilir və ödənilən müvinətlərin hesablanması qaydası digər məzuniyyətlər kimi hesablanır. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı o məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Ən aşağı halda 126 təqvim gününə. //www.nhmt-az.org

Bağışlama müqaviləsi necə imzalanır?

21:05
Bağışlama müqaviləsi necə imzalanır?

R.ZamanliBağışlama məsələləri hüquqi müstəvidə necə həll olunur? Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Pərviz Zamanlı  bildirib ki, bağışlama bağışlama müqaviləsi əsasında həyata keçirilir. Bağışlama müqaviləsi hədiyyə verən şəxs sağ ikən bağlanır və bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.

P.Zamanlı bildirib ki, bu müqavilənin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər: “Hədiyyə verən (bağışlayan) şəxs ümumi mülkiyyətdə olmayan və ya vərəsəlik hüququ ilə məhdudlaşmayan əmlakını bağışlaya bilər. İlkin olaraq daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmçinin rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Bağışlamanın etibarlı olması üçün daşınar əşyalar bağışlanarkən hədiyyə verən əşyanı hədiyyə alana verməlidir. Tələblərin və digər hüquqların bağışlanması zamanı onlar yazılı surətdə qarşı tərəfə keçirilməlidir. Əgər şəxs gələcəkdə bağışlama vəd edirsə, bu vəd notariat qaydasında təsdiqlənməlidir”.

 

Hüquqşünas deyir ki, bağışlayan şəxs qarşı tərəf bağışlanan əşyanı qəbul edənədək istədiyi vaxt onu geri ala bilər. Hədiyyə verənin ölməsi halı üçün bağışlama vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər: “Əgər bağışlama müqaviləsi bağlandıqdan sonra hədiyyə alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini aşkar edərsə, öhdəliyin icrasından imtina edə bilər. Hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiyası hüququnu özündə saxlaya bilər. Torpaq sahələri və ya onlara əşya hüquqları bağışlanarkən bu cür restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. Hədiyyə verən hədiyyə alana hədiyyə ilə əlaqədar dəyən zərər üçün onun qarşısında yalnız o halda məsuliyyət daşıyır ki, zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən vurulmuş olsun. Qalan hallarda hədiyyə verən yalnız hədiyyə alana vəd etdikləri üçün məsuliyyət daşıyır. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda”.

Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir. // Lent.az

Vergi güzəşti

2014/07/15 23:49
Vergi güzəşti

Samira MusayevaSamirə Musayeva

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq idarəsinin rəisi

Vergi Məcəlləsinin (VM) 13.2.52-ci maddəsinə əsasən,  sənaye parkının rezidenti — müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sənaye parkının qeydiyyat şəhadətnaməsini almış və sənaye parkında fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxsdir.

VM-in 102.1.21-ci maddəsində qeyd edilmişdir ki, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye, yaxud texnologiyalar parklarında fəaliyyətdən əldə etdikləri gəlir (əmək­haqqından tutulan gəlir vergisi istisna olmaqla) — qanunvericiliyə uyğun olaraq sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq — 7 il müddətinə gəlir vergisindən azaddır.

VM-in 164.1.16-cı maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yaradılan sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 7 il müddətinə ƏDV tutulmur.

VM-in 199.7-cı maddəsinə əsasən, həmin şəxslər 7 il müddətinə sənaye, yaxud texnologiyalar parklarında əmlaklarına görə əmlak vergisini ödəməkdən, eləcə də VM-in 207.3-cü maddəsinə əsasən, sənaye, yaxud texnologiyalar parklarında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

VM-in 67-1.1-ci maddəsində qeyd edilmişdir ki, sənaye, yaxud texnologiyalar parklarının rezidenti sənaye, yaxud texnologiyalar parklarında yerləşən təsərrüfat və digər vergitutma obyektlərini həmin Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə:

· əvvəlki rezidentin mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir;

· yeni investisiya layihəsinə uyğun olaraq digər növ mal (iş, xidmət) istehsalını təşkil etməyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən az olmayan sərmayə qoyuluşunu öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri həmin Məcəllə ilə nəzərdə tutulmuş tam müddət ərzində verilir.

VM-in 67-1.2-ci maddəsində isə qeyd edilmişdir ki, sənaye, yaxud texnologiyalar parklarının rezidenti sənaye, yaxud texnologiyalar parklarında yerləşən təsərrüfat və digər vergitutma obyektlərini VM ilə müəyyən edilmiş güzəşt müddəti bitəndən sonra təqdim etdikdə:

· əvvəlki rezidentin mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalını davam etdirən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri verilmir;

· yeni investisiya layihəsinə uyğun olaraq digər növ mal (iş, xidmət) istehsalını təşkil etməyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən az olmayan sərmayə qoyuluşunu öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri VM ilə nəzərdə tutulmuş tam müddət ərzində verilir. //www.vergiler.az