Azərbaycan folklor nümunələrinin hüquqi qorunması problemi: Milli və beynəlxalq qanunvericilik

2014/07/15 16:38
Azərbaycan folklor nümunələrinin hüquqi qorunması problemi: Milli və beynəlxalq qanunvericilik

S_Vekilov

Qloballaşma və inteqrasiya fonunda hər bir xalqın milli özünəməxsusluğunu  şərtləndirən ən vacib amil kimi   mədəni irsinin tədqiqi və mühafizəsi dünyanı düşündürən aktual mədəni problemə çevrilmişdir. Azərbaycan Respublikası ümumdünya mədəniyyətinin qloballaşması meyllərindən kənarda qalmamaq şərti ilə milli mədəniyyətin özünəməxsusluğunun qorunmasını Milli Təhlükəsizlik Konsepsiyasının vacib tərkib hissəsi sayır və  dövlət siyasətinin əsas strateji hədəflərindən biri hesab edir.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri müəyyən edilərkən elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunmasına  ayrıca bölmə həsr edilmişdir. Adıçəkilən bölmədə  elm, təhsil, mədəniyyət və mənəviyyatın qorunması siyasətinin Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsinə, onun mədəni tələbatlarının ödənilməsi vasitələrinin və elmi-texniki potensialının daxili və xarici təhdidlərdən qorunmasına, mütərəqqi daxili və beynəlxalq inkişafdan bəhrələnməsinə yönəlməsi strateji hədəf kimi müəyyənləşdirmişdir.
Konsepsiyada Azərbaycan Respublikasının milli maraqlarının əsas istiqamətləri müəyyən edilərkən Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi, həmçinin dünya azərbaycanlılarının daşıdığı dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialının inkişaf etdirilməsi əsas hədəf kimi götürülmüşdür.

 

Beləliklə, Konsepsiya Azərbaycan xalqının özünəməxsusluğunun qorunması və təbliği problemini özündə ehtiva etməklə onun iki istiqamətini müəyyən etmişdir.

 1) Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsi;

2) Azərbaycançılıq ideyasının təşviqi, milli özünəməxsusluğun möhkəmləndirilməsi.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası Azərbaycan Respublikasının milli qanunvericilik sisteminə daxil olan ən vacib sənədlərdən biridir. Sözügedən konsepsiya  uzunmüddətli, davamlı fəaliyyət tələb edən bir strategiyadır. Konsepsiyanın 2-ci bölməsi Azərbaycan Respublikasının milli maraqlarına həsr edilmişdir. Sənəddən məlum olmuşdur ki, Azərbaycanın milli maraqlarının əsas istiqamətlərindən biri də böyük bir coğrafiyanı əhatə edən dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan milli özünəməxsusluğun möhkəmləndirilməsidir.  Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan xalqının  milli özünəməxsusluğunun ən vacib komponenti onun mədəni irsi, o cümlədən, qeyri-maddi mədəni irsin mayasını təşkil edən folklorudur. Bu mənada Azərbaycan xalqının folklor nümunələrinin hüquqi qorunması problemi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının əsas hədəflərindən biri hesab olunur.

Bundan başqa, Azərbaycan Respublikasının milli qanunvericilik sisteminə daxil olan «Folklor nümunələrinin hüquqi qorunması haqqında» Azərbaycan Respublikasının qanunu (16 may 2003-cü il) milli səviyyədə  qeyri-maddi mədəni irsin qorunmasına  hüquqi təminatlar yaratmışdır. Lakin son illər YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması ilə bağlı ardıcıl müzakirələr aparması və bir sıra sənədlər qəbul etməsi milli qanunvericiliyin təkmilləşdirilməsi zərurətini yaratmışdır. Sözügedən təkmilləşdirilmə prosesini şərtləndirən əsas amillərdən biri də folklorşünaslığın elmi-nəzəri problemləri ilə bağlıdır.

Folklor dedikdə  başa düşülür?

Sovet ədəbiyatşünaslığında  folklor dedikdə əksər hallarda yalnız şifahi xalq ədəbiyyatı nümunələri başa düşülmüşdür (bax: 6, 49). Lakin aşağıda təfsilatı ilə verilmiş YUNESKO-nun tövsiyyələrində folklor (qeyri-maddi mədəni irs) dedikdə şifahi xalq ədəbiyyatını da özündə ehtiva edən daha geniş və əhatəli incəsənət nümunələri nəzərdə tutulur. YUNESKO-nun 2003-cü il tarixdə qəbul edilmiş «Qeyri-Maddi İrsin Qorunmasi» Haqqında Beynəlxalq Konvensiyanın 2-ci bəndi məhz təsviri sənətlərə həsr edilmişdir. Göründüyü kimi, folklor nümunələrinə verilmiş anlayışlardakı uyğunsuzluqlar Azərbaycan folklorşünaslığının yeni elmi-nəzəri konsepsiyasının hazırlanması problemini aktuallaşdırır. Hazırda ali məktəblərdə tədris olunan şifahi xalq ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi dərsliklərində folklor nümunələri dedikdə şifahi xalq ədəbiyyatı başa düşülür.

«Folklor nümunələrinin hüquqi qorunması haqqında» Azərbaycan Respublikasının qanunu 1.0.1-ci maddəsində Azərbaycan folkloru nümunələrinin anlayışı verilmişdir: «Azərbaycan folkloru nümunələri (bundan sonra folklor nümunələri) — Azərbaycan xalqı, onun ayrı-ayrı fərdlər tərəfindən yaradılan və qorunub saxlanılan, Azərbaycan xalqının ənənəvi-bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını, bədii irsin xarakterik xüsusiyyətlərini özündə əks etdirən, şifahi şəkildə yaradılan söz sənəti nümunələrini, xalq musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığı və tətbiqi sənət nümunələri (maddi formada olanlar və olmayanlar), eləcə də digər xalq yaradıcılıq nümunələri».

Adıçəkilən qanunun folklor nümunələrinə verdiyi anlayışın təkmilləşməyə ehtiyacı olması faktı açıq aydın görünməkdədir. Bundan başqa, sözügedən milli qanunvericilikdə YUNESKO tövsiyyələrində adıçəkilən bir sıra anlayışlar ümumiyyətlə qeyd edilməmişdir. Bu anlayışlar folklorşünaslığın tədqiqi ilə bağlı meydana gələn spesifik terminlərdir. YUNESKO-nun 2003-cü il tarixdə qəbul edilmiş Konvensiyasında epos söyləyənlərin sənəti bəşəriyyətin ümumi insanlıq irsinin şah əsərlərindən biri elan olunmuşdur. Lakin sözügedən milli qanunvericilikdə  epos söyləyənlərin anlayışı verilməmişdir. Bu tipli nümunələrin sayını artırmaq olar.

Folklorşünaslığın elmi-nəzəri problemləri ilə məşğul olan f.e.n. Seyfəddin Rzasoy «Mifologiya və folklor: nəzəri-metodoloji kontekst» əsərində  folklora belə tərif vermişdir: «Folklor:

- etnik-mədəni düşüncənin tarixi diaxronik təzahürü kimi struktur düşüncəsidir;

- etnik-mədəni düşüncənin sinxron hadisəsi kimi milli özünüifadənin total düşüncə sisteminin əsas paradiqmalarından biridir;

- total-etnik düşüncənin statusal tipii baxımından bədii estetik xarakterlidir;

- düşüncə hadisəsi kimi dünya modelidir (mənaların paradiqmasıdır);

- mətn kimi folklor düşüncə modelini əks etdirən obyektir;

- janr kimi gerçəkliyi bütövlükdə universumlaşdıran janrlar sistemidir» (7, 30).

Göründüyü kimi, müəllif sırf elmi auditoriya üçün nəzərdə tutulmuş  bu əsərində folklora akademik tərif vermişdir. Odur ki, qeyd edilən tərifin elmi-kütləvi dildə yenidən təqdim olunmasına, həmçinin milli qanunvericiliyə ediləcək dəyişikliklərə təklif edilməsi zərurəti yaranmışdır.

Azərbaycan xalqının mədəni irsinin öyrənilməsi və mühafizəsi problemləri Azərbaycan elmi qarşısında yeni vəzifələr müəyyən etmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin 04 may 2009-cu il tarixli (№255) sərəncamı ilə Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı təsdiq edilmişdir.

Azərbaycan xalqına məxsus milli-mənəvi dəyərlərlə bağlı müxtəlif  istiqamətlərdə bir çox məsələləri yenidən azərbaycançılıq məfkurəsi mövqeyindən araşdırmaq, elmi potensialı ölkənin mədəni-mənəvi inkişafına yönəltmək Elm Strategiyasının məqsəd və əsas hədəfləri sırasına daxil edilmişdir.

Milli-mənəvi dəyərlərin, Azərbaycan mədəniyyəti və tarixinin obyektiv, konseptual və kompleks şəkildə araşdırılması və dövlətin milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində elmin rolunun artırılması məsələləri Elm Strategiyasının vəzifələrinə daxil edilmişdir.

Bundan başqa, dövlətin elmi-texnoloji və innovasiya siyasətinin əsas istiqamətləri müəyyən edilərkən Azərbaycan mədəniyyətinin və folklorunun öyrənilməsi əsas hədəflərdən biri kimi götürülmüşdür.

Beləliklə, adıçəkilən hər iki mühüm sənəd — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası və  Azərbaycan Respublikasında 2009-2015-ci illərdə  elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı Azərbaycan xalqının mədəni irsinin öyrənilməsi və mühafizəsi istiqamətindəki problemləri və hədəfləri müəyyən etməklə mədəni irsin mühafizəsi və tədqiqi üçün hüquqi təminatlar yaratmışdır.

Azərbaycan Respublikasında Elm Strategiyasının həyata keçirilməsi YUNESKO-nun da diqqət mərkəzindədir. Adıçəkilən təşkilat Elm Strategiyasının reallaşdırılması məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası ilə bir sıra görüşlər keçirməkdədir. Bu sıradan YUNESKO-nun məsul şəxsləri ilə  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov arasında  keçirilən görüş və fikir mübadilələri çox əhəmiyyətlidir.

Azərbaycan xalqı çoxəsrlik zəngin tarixə  və  mədəniyyətə malik bir xalqdır. Tarixən xalqımızın maddi və qeyri-maddi mədəni irsi saxtalaşdırılma və özgəninkiləşdirilmə təhlükələri ilə qarşılaşmışdır. Bu hal xüsusi ilə qeyri-maddi mədəni irsin  başqa xalqlar tərəfindən mənimsənilməsi şəkilində həyata keçirilmişdir. Mədəni irsimizə qarşı yönəlmiş təhdidləri aşağıdakı kimi qruplaşdırmaq olar.

1. Şifahi xalq ədəbiyyatımızın populyar nümunələrinin,  o cümlədən, dastanlar, nağıllar və s. mənimsənilməsi.

2.  Xalq musiqisi xəzinəsinə daxil olan  xalq mahnılarımızın mənimsənilməsi.

3. Milli musiqi alətlərmizin, o cümlədən,   balaban, kamança, saz və s. mənimsənilməsi.

4. Azərbaycan mətbəxinə daxil olan xörək növlərinin mənimsənilməsi.

5. Azərbaycan xalçalarının  mənimsənilməsi.

Yuxarıda qeyd olunan kateqoriyaya daxil olan mədəniyyət nümunələri, o cümlədən, «Koroğlu» və «Aşıq Qərib» dastanları ermənilər tərəfindən mənimsənilərək özününküləşdirilməyə cəhd edilir. Azərbaycan xalçaları İran xalçaları adı altında beynəlxalq sərgilərdə nümayiş etdirilir. Bundan başqa, Azərbaycanın məhşur xalq mahnısı «Sarı gəlin» beynəlxalq festivallarda erməni xalq mahnısı kimi təqdim edilir. Eyni vəziyyət Azərbaycan mətbəxinə məxsus olan xörəklər və musiqi alətlərinə də aiddir. Azərbaycanla müharibə vəziyyətində olan ermənilər tərəfindən Azərbaycan mədəniyyət nümunələrinin mənimsənilməsi artıq ənənə şəkilini almışdır.

Bundan başqa, qeyd etmək lazımdır ki, Azərbaycan folklor  nümunələrinə  bir çox hallarda ölkə daxilində ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən qeyri-qanuni istifadə hallarına rast gəlinir. Belə ki, ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən milli folklor nümunələrinə əmtəə nişanları alaraq onların yayım və istifadə hüququna məhdudiyyətlər qoyurlar. Göstərilən  hallar daha çox uşaq folkloru nümunələrinə  münasibətdə rast gəlinir.

 

Qeyri-maddi mədəni irsin mühafizəsi son illər BMT-nın elm və mədəniyyət təşkilatı olan YUNESKO-nun diqqətdə saxladığı ən aktual məsələlərdən birinə çevrilmişdir. YUNESKO 1972-ci ildə qəbul edilən Təbii və Mədəni Dünya İrsin Qorunması Müqaviləsindən başlayaraq qeyri-maddi mədəni irsin qorunması üçün əhəmiyyətli qərarlar qəbul etmişdir.  Bu qərarlardan biri 1989-cu ildəki Ənənəvi və Məşhur Mədəniyyətin Qorunması Tövsiyə Qərarıdır. Bu qərar folklorun qorunması istiqamətində YUNESKO tərəfindən qəbul edilmiş ilk əhəmiyyətli sənəddir. Bu mövzuda 1995-1999 illər arasında keçirilən regional və alt regional səkkiz seminar bütün dünyada folklorun qorunması mövzusunda əhəmiyyətli bir maraq yaratmışdır. 1999-cu ildə Vaşinqtonda reallaşdırılan konfrans isə «Qeyri-maddi irsin qorunması» haqqında Beynəlxalq Konvensiyanın hazırlanmasına gedən yolda əhəmiyyətli addımlardan biri olmuşdur. Nəticə olaraq deyilə bilər ki, 1989-cu il Tövsiyə Qərarı, 1994-cü il Yaşayan İnsan Xəzinələri və 1997-1998 illər İnsanlığın Şifahi və Qeyri-Maddi Əsas Quruluşlarının Elan proqramının qəbul edilməsi 17 oktyabr 2003-cü il tarixdə Parisdə YUNESKO-nun Baş Qərargahında «Qeyri-maddi irsin qorunması» haqqında Beynəlxalq Konvensiyanı  yaradan üç təməl sənəddən biridir. Xüsusilə  qeyd etmək lazımdır ki,  folklorşünaslıqla məşğul olan şəxlər üçün bu sənəd özündə son dərəcə zəngin fikirləri ehtiva edir.

Konvensiya çərçivəsində «Bəşəriyyətin Şifahi və  Qeyri-Maddi İrsinin Şah Əsərlərinin Elan Olunması»  proqramı yaradılıb. Həmçinin epos söyləyənlərin sənəti bəşəriyyətin ümumi insanlıq irsinin şah əsərlərindən biri elan olunub.

Hazırda YUNESKO-nun Reprezentativ Qeyri-Maddi   Mədəni İrs Siyahısına salınan əsərlərin formatında dəyişikliklər aparılmışdır. Qərara alınmışdır ki, reprezentativ və təhlükə altında olan əsərlər də, şah əsərlər sırasında yer alsın. Həmçinin  hər hansı xalqın özünüdərk xüsusiyyətlərini özündə əks etdirən və məhv olmaq təhlükəsi altında olan nümunələr YUNESKO tərəfindən qəbul edilsin.

Azərbaycanın mədəni irsinin qorunması ilə bağlı  milli  fəaliyyətlərə diqqət yetirək.  Mütərəqqi hal kimi onu da qeyd etmək lazımdır ki, 2003-cü ilin noyabr ayında Azərbaycan muğamı YUNESKO tərəfindən  Bəşəriyyətin Şifahi və  Qeyri-Maddi  İrsinin Şah Əsəri  elan olunmuşdur. 28 sentyabr 02 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramı qeyri maddi-mədəni irsin reprezentativ siyahısına daxil edilib. Hazırda isə «Azərbaycan xalçaları» adlı obyektlərin həmin siyahıya salınması ilə bağlı iş aparılır. Bu sahədə Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti, YUNESKO-nun şifahi musiqi ənənələri sahəsi üzrə Xoşməramlı səfiri Xanım Mehriban Əliyevanın sistematik, yorulmaz fəaliyyəti təqdirəlayiq hal kimi qeyd edilməlidir. YUNESKO ilə əməkdaşlığın yüksək səviyyədə qurulması bu sahədə sistematik işin aparılmasına öz töhvələrini vermişdir. Xüsusilə Xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda I Beynəlxalq Muğam Festivalının keçirilməsi dünyada mühüm mədəniyyət hadisələrindən biridir.

Bundan başqa, AMEA-nın Folklor İnstitutu, Mərkəzi Budapeşt şəhərində yerləşən Avropa Folklor İnstitutu, Azərbaycan Respublikasının Macarıstandaki səfirliyi və Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı nəticəsində Azərbaycan xalqının iki böyük epik mədəniyyət abidəsi olan «Kitabi-Dədə Qorqud» və «Koroğlu» dastanlarının macar dilinə tərcümə edilməsi bu sıradan görülən mühüm işlərdəndir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizim Nazirliyində Qeyri-Maddi Mədəniyyət Sektorunun yaradılması və Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin kesirdiyi seminarlar bu sahəyə dövlətin diqqət və qayğısının təzahürüdür. Bütün bu görülən işlərin davamlılığının təmin edilməsi aparılan işlərin bir strategiya ətrafında koordinasiya edilməsi zərurətini yaradır.

Folklor nümunələrinin tədqiqi, mühafizəsi ilə bağlı YUNESKO-nun tövsiyyələrindən irəli gələn yeni vəzifələr müəyyən edilmişdir. YUNESKO-nun 2003-cü il tarixdə qəbul edilmiş «Qeyri-Maddi İrsin Qorunmasi»  Haqqında Beynəlxalq Konvensiya dünya və Azərbaycan folklorşünaslığı qarşısında yeni vəzifələr müəyyən etmişdir. Konvensiya qeyri-maddi mədəni irsin tədqiqi və mühafizəsi ilə bağlı özündə aşağıdakıları ehtiva edir:

1) Qeyri-maddi irsin təqdimatında daşıyıcı funksiyanı yerinə yetirən sözlü ənənə və söyləmələr;

2) Təsviri sənətlər;

3) Təbiət və kainatla bağlı ənənələr;

4) İctimai adət-ənənələr, rituallar və mərasimlər;

5) Xalq  sənətləri ənənələri.

Konvensiya bu sahələrdə meydana çıxan  qeyri-maddi irsin araşdırılmasını, toplanmasını arxiv və sənədləşdirilmə mərkəzlərinin yaradılmasını, muzeylərin qurulmasını, təhsil müəssisələrində dərsliklə tədrisini kütləvi informasiya vasitələrində müsbət mədəniyyət dəyərləri olaraq təbliğini, və nəsillər arasında yaranan rabitəsizliklərin (boşluqların) aradan qaldırılmasına xidmət etmək şəkilində dəyərləndirilməsini əsas məqsəd hesab edir. Konvensiyanın 13-cü maddəsi, qeyri-maddi irsin milli səviyyələrdə qorunmasını  dövlət daxili müvafiq qurumlara tövsiyyə etmişdir.

YUNESKO-nun son illər dövri olaraq  dünya xalqlarının qeyri-maddi mədəni irsinin qorunmasına həsr edilmiş bir beynəlxalq   konfranslar nəticəsində qeyri-maddi mədəni irsin qorunmasının ən effektiv variantı kimi sözügedən mədəniyyət nümunələrinin milli və beynəlxalq səviyyədə siyahıya alınması məqsədəuyğun hesab edilmişdir.

Bu mənada Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda hazırlanmış «Azərbaycan Folklor Nümunələrinin Hüquqi Qorunması və Milli Reyestrinin Aparılması Strategiyası» adlı sənəd bu sahədə  aparılan işə ən gözəl tövhədir. Sözügedən sənəd üçün əsas hüquqi baza Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası, Elm Strategiyası və YUNESKO-nun konvensiyaları olmuşdur. Hazırlanmış sənəd Azərbaycan folklorşünaslığı qarşısında yeni vəzifələr müəyyən edərək  onun dünya elminə inteqrasiyasını qarşısına məqsəd qoymuşdur. Sənədin əsas hədəfləri Azərbaycanın milli maraqlarını qorumaq onun mədəniyyətinin tədqiqi və mühafizəsini təmin etməkdir.

Azərbaycan folklor nümunələrinin hüquqi qorunması problemi bir sıra hüquqi və elmi-nəzəri məsələləri ehtiva edir. Hüquqi aspektdən yanaşıldıqda Azərbaycan folkloru nümunələrinin hüquqi qorunmasının təmin edilməsinə aid fəaliyyəti 2 kateqoriyaya ayırmaq olar.

1)   Milli qanunvericiliyin təkmilləşdirilməsi;

2)   Beynəlxalq Konvensiyaların ratifikasiya edilməsi.

Milli qanunvericiliyin təkmilləşdirilməsi dedikdə «Folklor nümunələrinin hüquqi qorunması haqqında» Azərbaycan Respublikasının qanununa dəyişikliklərin edilərək, həmin qanunun mükəmməlləşdirilməsi nəzərdə tutulur. Sözügedən qanunun təkmilləşməsinə olan ehtiyacın hansı zərurətdən yaranması folklorşünaslıqla bağlı bir sıra spesfik anlayışlara, «toplayıcı», «söyləyici», «tərtibatçı» və. s. kimi folklorşünaslıqda geniş yayılmış terminlərə hüquqi status verilməsi ehtiyacı ilə şərtlənir. Bundan başqa, folklor nümunələrinin  reyestrinin aparılmasına dair qanunvericilik aktlarının  yaradılması və  həmin aktların milli qanunvericilik sisteminə daxil edilməsini bu sahədə atılacaq vacib addımlardan hesab etmək olar. Həmçinin Azərbaycan folklorşünaslığının elmi-nəzəri konsepsiyasının hazırlanması da məhz bu sahədə milli qanunvericiliyin təkminləşdirilməsinin tərkib hissəsidir.

Beynəlxalq Kovensiyaların ratifikasiyası dedikdə, xüsusilə YUNESKO-nun 2003-cü il tarixdə qəbul edilmiş  «Qeyri-Maddi İrsin Qorunması»na dair Konvensiyasının Azərbaycan Respublikası  Milli Məclisində ratifikasıya edilməsi qeyri-maddi mədəni irsin qorunması üçün hüquqi təminatları artırmış olar.

Göstərilən problemlərin kompleks şəkildə öyrənilməsi və həll edilməsi strateji baxımdan  milli fəaliyyət planının tərkib hissəsinə daxil olmalıdır. Bütövlükdə Azərbaycan folklor nümunələrinin milli reyestrinin aparılmasına dair vəzifələri aşağıdaki kimi qruplaşdırmaq olar.

1. Folklor nümunələrinin hüquqi qorunmasına dair qanunvericiliyin təkminləşdirilməsi;

2. Folklor nümunələrinin milli siyahıya alınmasına dair fəaliyyətin nazirliklər, agentliklər, ixtisaslaşdırılmış elmi-tədqiqat institutları arasında koordinasiya edilməsi;

3. Azərbaycan folklorşünaslığı qarşısında yeni vəzifələrlə bağlı elmi tədqiqat istiqamətlərinin müəyyən edilməsi;

4. Folklorşünaslıq qarşısında yeni vəzifələrin müəyyən edilməsi ilə bağlı AMEA-nın Folklor İnstitutunun strukturunun təkminləşdirilməsi və yenidən formalaşdırılması;

5. Orta təhsil müəssisələrində folklor dərsliyinin hazırlanması;

6. Folklor nümunələrinin dünya dillərinə tərcümə olunması;

7. YUNESKO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına dax

il olunmuş folklor nümunələrinin (muğam və aşıq musiqisi) siyahısının hazırlanması;

8. Folklor studiyasının yaradılması və milli adət-ənənə ilə bağlı  sənədli filimlərin çəklişi;

9. Beynəlxalq elmi konfranslar və festivallar  keçirilməsi.

Bundan başqa, Azərbaycan folklor nümunələrinin milli reyestrinin aparılmasına  dair  məqsədləri isə aşağıdaki kimi qruplaşdırmaq olar:

1

. Folklor nümunələrinin əhatə dairəsinin müəyyən edilməsi;

 

2. Folklorşünaslığın elmi-nəzəri problemlərinə dair konsepsiyanın hazırlanması;

 

3. Folklor nümunələrinin milli siyahıya alınmasının hüquqi bazasının və təminatların yaradılması;

4. Azərbaycan folklor nümunələrinin mühafizəsinin təmin edilməsi;

5. Folklor nümunələrinin milli siyahıya alınması və dövlət reystrinin aparılması;

6. Folklor nümunələrinin müasir informasiya texnologiyalarına uyğun qorunması ilə bağlı texniki vasitələrin tətbiqi;

7. Azərbaycan Milli Folklor Arxivinin və Muzeyinin yaradılması.


QEYDLƏR:
 

1. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası (23.05.07-ci il tarixdə qəbul edilmişdir).

2. «Folklor nümunələrinin hüquqi qorunması haqqında» Azərbaycan Respublikasının qanunu  (16 may 2003-cü il  tarixdə qəbul edilmişdir).

3. Azərbaycan Respublikasının Prezidentinin 04 may 2009-cu il tarixli (№255) sərəncamı ilə Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı təsdiq edilmiş Dövlət proqramı.

4. 28 sentyabr, 02 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmrliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni qorunması üzrə Komitəsinin 4-cü sesiyasında qəbul edilmiş YUNESKO-nun Hökümətlərarası Komitəsinin yekun qərarı.

5. 17 oktyabr 2003-cü il tarixdə Parisdə YUNESKO-nun Baş Qərargahında qəbul edilmiş «Qeyri-maddi irsin qorunması»  haqqında Beynəlxalq Konvensiya.

6. Paşa Əfəndiyev. Azərbaycan Şifahi Xalq Ədəbiyyatı. Bakı, «Maarif», 2006

7. Seyfəddin Rzasoy. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. Bakıç «Nurlan», 2008

Hüquqşünas Səməd Vəkilov: «Vətəndaşların elementar hüquqi biliklərə yiyələnmələri vacibdir»

16:26
Hüquqşünas Səməd Vəkilov: «Vətəndaşların elementar hüquqi biliklərə yiyələnmələri vacibdir»

Samad VekilovBu gün Azərbaycan vətəndaşlarının rastlaşdıqları ciddi problemlərdən biri məhkəmə-hüquq sistemilə bağlıdır. Mütəxəssislərin fikrincə, problemin səbəbləri müxtəlifdir: bir tərəfdən bu, vətəndaşların öz hüquqlarını bilməməsi, digər tərəfdən də hüquq maarifçiliyinin istənilən səviyyədə olmaması ilə əlaqədardır. Bəs sözügedən sahədə maarifçiliyin çatışmazlığı ilə bağlı daha hansı məqamlar var?

«Müvəkkil» Hüquq Mərkəzinin sədri, «Hüquq mədəniyyəti» jurnalının baş redaktoru, hüquq müdafiəçisi Səməd Vəkilovla bu mövzuda söhbətləşirik. Öncə o, «hüquq mədəniyyəti», «hüquqi maarifçilik» anlayışları haqqında qənaətlərini bölüşür: «Hüquq mədəniyyəti bir davranış modelidir. Hər bir xalqın hüquqa münasibətindən irəli gələn bir davranış sistemi var. Buna hüquq elmində «hüquq düşüncəsi» deyilir. Bu hüquq düşüncəsi illərlə formalaşan bir modeldir. İnsanlarımızın hüquq mədəniyyəti sarıdan illərlə formalaşmış, sovet vaxtından qalmış stereotipləri yaranıb. Çox maraqlıdır ki, bu kimi hallar cəmiyyətdə artıq sindrom səviyyəsindədir».

İllərdir ki, bu məsələni araşdıran Səməd Vəkilov qənaətlərini bildirir: «Bizim «Məhkəməyə etimad» adlı layihəmiz var. Bu layihənin icrası zamanı xeyli müşahidələr apardım. Həticə budur ki, Azərbaycan insanı əsasən məhkəmə adı gələndə çox təşviş keçirir, konkret olaraq məhkəmədən qorxur. İnsanlar bir-birlərini məhkəməyə verməklə hədələyirlər: «Səni məhkəməyə verəcəyəm, gör başına nə oyun açacağam». Belə bir davranış modeli inkişaf etmiş ölkələrdə yoxdur. Ona görə ki, bu ölkələrdə həm də məhkəmə ədalətlidir. Ancaq bizdə bu yöndə müəyyən problemlər var. İnsanların hüquq-mühafizə orqanlarından, məhkəmələrdən «qaçması» — kənar gəzməsi amili gerçək qalır. Bu da onunla bağlıdır ki, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra illərlə çəkən repressiyalar, xüsusən də 1937-ci ildəki qanlı terror əməllərinin adamların ağlında yaratdığı xof indi də öz acı təsirini göstərməkdədir. Məlumdur ki, 1937-ci ildə bu cür repressiyaları əsasən hüquq-mühafizə orqanları həyata keçirib, cəza aparatı rolunu oynayıb, 100 ilə yaxın müddətdə stereotip olaraq formalaşıb. İnsanların məhkəmələrdən qaçması, məhkəmə adı gələndə həyəcanlanması bu amillə bağlıdır. Müstəqilliyimiz dönəmində sözügedən stereotiplərin dağılması istiqamətində demək olar, o qədər də iş görülməyib. Bu məsələdə xoşagəlməz ab-hava var. Əsasən qeyri-hökumət təşkilatları məhkəmə sistemini tənqid edirlər. Hökumət orqanları da birmənalı olaraq bu sahədə demək olar, problemin olmadığını bildirirlər. Şübhəsiz, oxucu ümumi vəziyyəti doğru-düzgün təhlil edib nəticə çıxartmağı bacarmalıdır».

Hüquqşünas bu fikirdədir ki, Azərbaycanda məhkəməyə münasibətdə, məhkəmə-hüquq sistemi sahəsində problemlərin öyrənilməsi, əhalinin maarifləndirilməsi sarıdan kifayət qədər iş görülməyib: «Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hüquq mədəniyyəti istiqamətində hələ ki, layihə həyata keçirməyib. «Hüquq mədəniyəti» anlayışının açımından tutmuş bu sahədəki problemləri insanlara çatdıran radio-televiziya verilişi yoxdur. Məsələyə bu cür münasibət stereotipin qalmasına gətirib çıxarır. Məhkəmə proseslərində iştirak edən bir hüquqşünas kimi deyə bilərəm ki, bu stereotip məhkəmə hakimlərimizdə də müşahidə edilir. Elələri var, özlərini cəza aparatının funksioneri kimi hiss edirlər. Bu, ayrı-ayrı fərdlərə, məhkəmə proseslərinə münasibətdə özünü göstərir. Seminarlar keçirməklə, Avropa ölkələri ilə müqayisələr aparmaqla məncə, bu problemi köklü şəkildə həl etmək mümkün deyil. Əsas məsələ odur ki, insanların düşüncəsində irəliyə doğru dəyişilmə getsin».

Səməd Vəkilov çıxış yolunu problemin kökünün daha aydın öyrənilməsində görür: «Hesab edirəm ki, qeyri-hökumət təşkilatları ilə məhkəmələr arasında bu sahədə birgə iş aparılmalıdır, sonra isə təsir mexanizmləri müəyyənləşdirilməlidir. Bu cür maarifləndirici söhbətlər körpü funksiyasını yerinə yetirməlidir».»Hüquq mədəniyyəti» anlayışı və Azərbaycan gerçəkliyində bunun ifadəsi kifayət qədər düşündürücü məsələdir.

Səməd Vəkilov sözügedən məsələ ilə bağlı ayrı-ayrı sahələrdə maraqlı mənzərəylə qarşılaşmaların yarandığını bildirir: » İstehlakçı mədəniyyəti və istehlakçı xidmətlərinin həyata keçirilməsindən danışırlar. Məsələn, Azərbaycan insanı marşrut avtobusa minir, sürücü öz zövqünə uyğun olaraq maşında istədiyi mahnını səsləndirir. Beləliklə, bayağı mahnılar avtobusu başına götürür. Əslində bu, bir xidmət sahəsidir. Dünyanın hər yerində normativlər müəyyənləşdirilib. Dünyanın xüsusən inkişaf etmiş ölkələrində sürücü ən yüksək xidməti həyata keçirməlidir, sadəcə, bu, onun vəzifə borcudur. Bizdə isə üstəlik, sürücü yüksək səslə danışır, çox zaman istədiyi hərəkətlər edir, söyüş söyür, siqaret çəkir, insanların bu və ya digər hüquqlarını nəzərə almır, özünün bu hərəkətləri etməyə haqqı olduğunu düşünür. Ancaq anlamır ki, bu cür hərəkətləri ilə o, istehlakçıların hüquqlarını pozur. Tutaq ki, bir sərnişin qayıdıb deyir, avtobusda siqaret çəkmək olmaz, yaxud musiqinin səsini kəsin, yavaş sürün. O zaman sürücü deyir ki, «xoşun gəlmir, düş, taksiylə get». İstehlakçı mədəniyyəti məsələsində bu amillər xüsusilə nəzərə alınmalı, problemin kökü dərindən araşdırılmalıdır. Maarifləndirmə yönündə bir neçə televiziya verilişinin efirə getməsi belə problemi həll etməz. Bundan ötrü sistemli şəkildə maarifçilik hərəkatı olmalıdır, vətəndaşlarımız, ziyalılarımız bu kimi məsələlərdə fəallıq göstərməlidirlər. İlk növbədə isə hüquqşünasların çiyninə böyük vəzifələr düşür».

Hüquqşünas daha sonra deyir: »Məhkəmələrdə rastlaşdığımız ən problemli məsələlərdən biri insanların şahid kimi bir-birinə qarşı ifadə vermək qorxusudur. Azərbaycan insanı şahid kimi ifadə verməkdən çəkinir, qorxur, həyəcanlanır, buna eyibli bir iş kimi baxır. Bu yaxınlarda «Hüquq mədəniyyəti» jurnalının çıxacaq ilk sayında sözügedən məsələlər geniş işıqlandırılacaq».

Hüquqşünas bir məhkəmə prosesindən də danışdı: «Dərnəgül yolunda yoldan keçən bir vətəndaşı «Kamaz» vurur. Sürücü maşından düşür, yüzlərlə insanın, taksi sürücüsünün qarşısında hamıya yalvarır ki, kömək edin, ancaq bir nəfər də yaxın durmaq istəmir. Ona görə kömək eləmirlər ki, bundan sonra şahid kimi məhkəmədə, polisdə şahid kimi ifadə verməlidir. Kömək eləsəm, deyəcəklər ki, niyə kömək eləmisən, hardaydın? Niyə ordaydın və s. «Kamaz» şoferi görür ki, kömək edən yoxdur, özünü atır uzaqdan gələn bir taksi maşınının altına, sürücü məcbur olur saxlayır, yaralını xəstəxanaya aparırlar. Həqiqətən bu, ürəkağrıdan bir məsələdir. Türkiyənin məhkəmə sistemində, insanların şüurunda belə problemlər yoxdur. Orada insan haqq naminə gedib, məhkəmədə sözünü deyir. Ancaq bizdə neqativ hallar mövcudur. Hətta bizdə məhkəmədən çıxan şahidlər ora-bura baxırlar ki, görəsən, bunun haraya gəldiyini görən olmadı ki. Dəfələrlə rastlaşmışam, adamlar deyirlər, bizim nəsildən məhkəməyə gedən olmayıb, eyibdir, biabır olar, eşidən-bilən nə deyər. Hətta şahid kimi dəvət etdiyimiz insan bildiyi şeyləri danışmaqdan belə imtina edib. Məhkəməyə müraciət mədəniyyəti məsələsi də ciddi problemdir. Şübhəsiz, burada vətəndaşların müəyyən elementar hüquqi biliklərə yiyələnmələri son dərəcə gərəklidir».

Səməd Vəkilov məhkəmələrdə korrupsiya hallarının olduğunu bildirir: «Məhkəmə-hüquq Şurası bu kimi hallarla bağlı son illərdə bir neçə hakimi işdən azad edib, onların fəaliyyətinə vaxtından əvvəl xitam verilib və s. Bu kimi problemlər var. Əgər belə şeylər olmasaydı, o zaman insanlar bir-birlərini məhkəmə ilə qorxutmazdı. Amerikada, digər ölkələrdə insanlar arasında mübahisələr məhkəməyə gedib çıxanda son qərar məhkəmənin olur və bununla da mübahisə kəsilir».

Hüquqşünas Almaniyada keçirilən sorğunun nəticələri haqında danışdı: «Bir neçə il əvvəl Almaniyada məhkəməyə etimad, daha doğrusu, cəmiyyətdə ayrı-ayrı təbəqələrə etimad məsələsilə bağlı geniş sorğu keçirilmişdi. Orada etimad ilk olaraq hakimlərə, sonra həkimlərə və jurnalistlərə göstərilib. Türkiyədə il əvvəl keçirilən sorğularda məhkəmələrə etimad 50 faiz təşkil edib. Bu, o deməkdir ki, hüquq mədəniyyətinin inkişafıyla bağlı müzakirələr genişləndirilməlidir. Sözügedən problem elmi-nəzəri cəhətdən də araşdırılmalıdır və inanıram ki, bundan sonra artıq cəmiyyətimizdə bu kimi məsələlərdə bir irəliləyiş hiss oluna bilər. Avropa ölkələrində hakim cəmiyyətdə böyük nüfuz sahibidir. Ona çox hallarda qeyri-adi insan kimi baxırlar. Ancaq təəssüf ki, bizdə belə deyil. Hakimlərin hüquq düşüncəsində, məsələlərə yanaşmasında təəssüf ki, komplekslər mövcuddur. Şübhəsiz, problemə bütövlükdə yanaşmaq və doğru-düzgün nəticə çıxarmaq gərəkdir». Haqq hüquqdan irəlidir. Gerçəkdir ki, hüquq elmi haqqın özülündə formalaşıb. Bir var, ümumən insanların haqqa, həqiqətə, yüzillərdən bəri mentalitetdə formalaşmış qaydalara əsaslanması, bir də var problemlərin hüquqi müstəvidə çözümü. Səməd Vəkilov: »Çox zaman adamlar işin məhkəməyə gedib çıxmamasına çalışırlar, sonradan isə elə olur, problemlər daha da dərinləşir. Problem hüquqi müstəviyə çıxanda isə çox zaman başqa xarakter alır. Bu gün dünya bir yuridiksiya altında birləşməyə meyllidir. Burada müəyyən anlaşılmazlıqlar meydana çıxır. Ancaq hər bir xalq mümkün qədər özünün milli keyfiyyətlərini qoruyub saxlamalıdır».

www.xalqcebhesi.az

İşsiz necə müavinət alır?

2014/07/13 22:50
İşsiz necə müavinət alır?

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi vəkil Pərviz Zamanlı  işsiz statusu və işsizlik müavinəti ilə bağlı məlumat verib:

 

- Bu sahədə münasibətlər “Məşğulluq haqqında” qanunla və Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il qərarı ilə təsdiq olunmuş “İşsizlik müavinətinin hesablanması və verilməsi qaydaları” ilə tənzimlənir.

 

İşsiz vətəndaş işi və qazancı olmayan, işə başlamağa hazır olub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanlarında iş axtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir.

 

Vətəndaş yaşadığı ərazi üzrə Baş Məşğulluq İdarəsi və onun yerli orqanlarına şəxsiyyətini təsdiq edən sənədi, əmək kitabçasını, peşə və ya ixtisasını təsdiq edən sənədi şəxsən təqdim etdikdən sonra iş axtaran kimi qeydiyyata alınır. İlk dəfə iş axtaranlar şəxsiyyəti təsdiq edən və təhsil haqqında (zəruri hallarda) sənədləri təqdim edirlər. İş axtaran kimi qeydiyyata alınmış vətəndaş sadalanan sənədləri təqdim etdiyi andan ona münasib iş təklif olunmadığı halda Baş Məşğulluq İdarəsi və onun yerli orqanları 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edir.

 

Vətəndaş qeyd edilən sənədlərdən əlavə aşağıdakı sənədləri də təqdim etməlidir:

 

- pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiya istisna olmaqla), yaşa görə və əlilliyə görə sosial müavinət almaması haqqında arayış;

 

- yaşayış yeri üzrə vergi orqanlarından fərdi qaydada sahibkarlıqla məşğul olmaması haqqında arayış;

 

- yerli icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyindən mülkiyyətində torpaq payı olmaması haqqında arayış;

 

- himayəsində olan 18 yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;

 

- qeydiyyata alındıqdan əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün axırıncı iş yerindən son 12 ay üzrə əməkhaqqı barədə arayış.

 

İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından (şəhər (rayon) məşğulluq mərkəzlərində iş axtaran kimi qeydiyyata alındığı gündən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən çox müddətdə haqqı ödənilən işə malik olduqda onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əməkhaqqının 70 faizi məbləğində müəyyən edilir. Orta aylıq qazanca əsasən təyin olunmuş müavinətin məbləği müavinət təyin olunan dövr üçün müəyyən edilmiş orta aylıq əməkhaqqının məbləğindən çox, təsdiq olunmuş müavinətin minimum məbləğindən az ola bilməz. Əgər vətəndaş axırıncı iş yerində 12 aydan az işləyibsə, onun işsizlik müavinəti təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən edilir. İşsiz statusu müəyyən olunan vaxtdan 12 ay keçdikdən sonra vətəndaş münasib işlə təmin olunmayıbsa, onun təkrarən müavinət almaq hüququ var. Təkrar müavinət təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən olunur.

 

İşsizin himayəsində 18 yaşına çatmamış uşağı olduqda işsizlik müavinətinin məbləği hər bir uşaq üçün müavinətin 10 faizi məbləğində, lakin 50 faizindən çox olmamaq şərti ilə artırılır.

 

Vətəndaşlara işsizlik müavinətləri qeydiyyatda olduğu şəhər, rayon məşğulluq mərkəzlərində nağd və ya banklar (işsiz vətəndaşların arzusu ilə) vasitəsilə ödənilir. Müavinət işsizin şəhər, rayon məşğulluq mərkəzində ayda bir dəfə yenidən qeydiyyata alınmaqla verilir.

 

Muzdla işləyən, o cümlədən əmək müqaviləsi (kontraktı) müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar, sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər, qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayandırılması və ya başqa səbəblərlə əlaqədar iş yerində müvəqqəti olmayanlar, ölkə ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, ölkə hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan ölkə vətəndaşları işsiz şəxslər hesab edilmir.

 

15 yaşına çatmayanlar, pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlar, qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə üzrsüz səbəbdən şəhər, rayon məşğulluq mərkəzinə gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni iş təkrarən təklif oluna bilməz), ilk dəfə iş axtaranlar, azadlıqdan məhrumetmə cəzasını çəkənlər, işsiz statusu almaq hüququna malik deyillər.

 

«Media forum»

Uşağın xarici ölkəyə aparılması: qanun nə deyir?

22:47
Uşağın xarici ölkəyə aparılması: qanun nə deyir?

Valideynlər boşandıqdan sonra uşaqların müalicə, yaxud səyahət məqsədilə ölkədən çıxarılması zamanı problemlər yaranır. Tərəflərdən birinin himayəsində olan uşağın xarici ölkəyə aparılması zamanı qarşı tərəf çox halda buna icazə vermir. Bəs qanunvericilik bu məsələni necə tənzimləyir?

Bakı Hüquq Mərkəzinin əməkdaşı, vəkil Dünyamin Novruzov bildirir ki, qanunvericiliyin tələbinə görə, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər: “Miqrasiya Məcəlləsində qeyd olunur ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Məhkəmə bu halda uşağın mənafelərinin təmin edilməsinə yönələn qərar çıxarmalıdır.

 

Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsində deyilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. Həmçinin “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarına görə, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etməli və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Valideynin uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququ olmamalıdır”.

 

Hüquq məsləhətçisi bildirib ki, uşaq ölkədən gedərkən müəyyən hallarda digər valideynin razılığı tələb olunmur: “Valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış olduqda digər valideynin razılığı tələb olunmur.

 

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə qanunla nəzərdə tutulmuş qaydada ölkədən gedə bilər.

 

Azərbaycan Respublikasından gedən yetkinlik yaşına çatmayan vətəndaşın həyat və sağlamlığına, ölkə hüdudlarından kənarda onun hüquqlarının və qanuni maraqlarının qorunmasına görə məsuliyyət həmin şəxsin valideynlərinin, onu övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının üzərinə düşür”.

 

«Media forum»

Sürücülük vəsiqəsini necə əldə etmək olar?

11:01
Sürücülük vəsiqəsini necə əldə etmək olar?

suruculuk vesiqesuVəsiqə almaq istəyənlər bu prosedurları bilməli və imtahanlara ciddi hazırlaşmalıdırlar.

Sürücü olmaq istəyənləri ən çox maraqlandıran məsələlərdən biri sürücülük vəsiqəsinin necə əldə edilməsidir. Bununla bağlı aşağıdakı əsas məqamlara diqqət yetirmək lazımdır.

Avtosfer.az-ın məlumatına görə, beynəlxalq təcrübəyə və ölkəmizin qanunvericiliyinə uyğun olaraq mühərrikinin iş həcmi 50 sm3-dən artıq olan və ya mühərrikinin gücü 4 kVt-dan artıq olan, yaxud hərəkət sürəti 50km/saat-dan artıq olan bütün mexaniki nəqliyyat vasitələrini, habelə tram¬vay¬la¬rı idarə etmək üçün sürücülük vəsiqəsi olmalıdır. Sürücülük vəsiqəsini əldə etmək üçün mütləq imtahan verilməlidir. Motosikleti, müxtəlif növ avtomobilləri (yük avtomobillərini, avtobusları, xüsusi təyinatlı avtomobilləri və s.) idarə etmək hüququ verən sürücülük vəsiqəsini DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) uğurlu imtahan verərək əldə etmək olar. Müxtəlif təyinatlı traktorları, buldozerləri, ekskavatorları və başqa bu kimi texnoloji nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini (traktorçu vəsiqəsini) isə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Texniki Nəzarət Müfəttişliyində imtahan verərək əldə etmək olar.

Sürücülük imtahanlarına həm müstəqil, həm də sürücülük kurslarında (sürücülük məktəblərində) təhsil alaraq hazırlaşmaq olar. Amma müstəqil hazırlaşmaqla yalnız «A1», «A» və «B» kateqoriyalı sürücülük vəsiqəsi, yəni yalnız motosikletləri, minik avtomobillərini (sərnişin yerlərinin sayı 8-dən artıq olmayan), icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq üçün imtahanda iştirak etmək olar. Özü də müstəqil hazırlaşanlar üçün başqa bir məhdudiyyət də var: bu qaydada hazırlaşan şəxs yalnız 2 dəfə imtahan verə bilər; hər iki nəticə uğursuz olduqda həmin şəxs yalnız sürücülük məktəbini bitirdikdən sonra imtahana buraxıla bilər. Digər kateqoriyalardan olan sürücülük vəsiqələrini əldə etmək üçün sürücülük kursunda (məktəbində) təhsil almaq məcburidir.

Sürücülük imtahanı şəxsin yaşadığı yer üzrə DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) verilməlidir. Şəxsin yaşadığı yer dedikdə, onun həm rəsmi qeydiyyatda olduğu, həm də müvəqqəti yaşadığı yer başa düşülür. Lakin şəxs müvəqqəti yaşadığı yer üzrə imtahan vermək istədikdə həmin yerdə müvəqqəti yaşadığı barədə arayışı da şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim etməlidir. Məsələn, məcburi köçkünlər müvafiq ərazidə müvəqqəti məskunlaşmaları barədə arayış təqdim etməklə həmin müvəqqəti yaşayış yerində imtahan verə bilərlər.

İmtahana buraxılmaq üçün sürücü olmaq istəyən şəxs hər bir halda sağlamlıq arayışı da təqdim etməlidir. Sağlamlıq arayışı olmadan heç kəs imtahana buraxıla bilməz.

Beləliklə, sürücü olmaq istəyən şəxs imtahana buraxılmaq üçün aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi;

2) müvafiq formada tibbi arayış;

3) sürücülük təhsili alması barədə sənəd (müstəqil hazırlaşanlar təbii ki, bu sənədi təqdim etməyəcəklər);

4) dövlət rüsumunun ödənilməsinə dair sənəd.

Nəzərə almaq lazımdır ki, sürücülük imtahanına buraxılmaq üçün ilk dəfə 20 manat (traktorçu vəsiqəsi almaq istəyənlər 5 manat), növbəti hər dəfə üçün isə 10 manat (traktorçu vəsiqəsi almaq istəyənlər təkrar imtahana görə rüsum ödəmirlər) dövlət rüsumu ödənilir. İmtahanı uğurla verən şəxsə yarım saat müddətində sürücülük vəsiqəsi verilir. Vəsiqənin verilməsinə görə 18 manat (traktorçu vəsiqəsi almaq üçün 5 manat) dövlət rüsumu ödənilir.

Sürücülük imtahanı iki hissədən ibarətdir: nəzəri imtahan və təcrübi imtahan. Əvvəlcə nəzəri imtahan qəbul olunur və yalnız bu imtahandan uğurla keçənlər təcrübi imtahana buraxılır. Nəzəri imtahan informasiya texnologiyalarından istifadə edilməklə, yəni kompüterdə qəbul olunur. Hər şəxsə 10 test verilir və bu testlərdən ən azı 9-una düzgün cavab verən şəxs təcrübi imtahana buraxılır. Təcrübi imtahanda sürücülüyə namizədin iddia etdiyi kateqoriyaya uyğun nəqliyyat vasitəsində sürmə vərdişləri yoxlanılır. Bunun üçün nəqliyyat vasitəsi ilə konkret manevrlər icra olunur və xüsusi yol şəraitində sürmə həyata keçirilir. Təcrübi imtahan təlimatçının iştirakı ilə qəbul edilir. Amma onun qapalı avtodromda keçirilən birinci mərhələsinə nəzarət kameralarının qeydi əsasında qiymət verilir. Sürücülüyə namizəd konkret manevrlərin yerinə yetirilməsi zamanı kobud qayda pozuntularına yol verdikdə və imtahan götürən təlimatçının müdaxilə etməsinə səbəb olan qəza şəraiti yaratdıqda imtahandan qeyri-məqbul qiymət alır.

Sürücü olmaq istəyənlərə bildirirəm ki, yol hərəkəti qaydalarını və sürmə vərdişlərini öyrənməyin heç bir çətinliyi yoxdur və istənilən şəxs 1,5-2 ay müddətinə həmin qaydaları lazımi səviyyədə öyrənərək uğurlu imtahan verə bilər. Sadəcə sürücülük imtahanına çox diqqətlə hazırlaşmaq lazımdır.

 

Ərşad Hüseynov,

hüquqşünas//avtosfer.az