Qız qaçırtma adətdir yoxsa cinayət?

2014/07/05 15:23
Qız qaçırtma adətdir yoxsa cinayət?

Sadiq ƏfəndiyevBəli, qızın evlənmək məqsədilə öz iradəsi əleyhinə zorla qaçırılması qədim adətlərin qalığıdır. Lakin sonradan bu cür adətlər qanunvericiliklə kriminallaşdırılmış, qadağan olunmuş adət hesab olunmuşdur.

Ümumiyyətlə bu cinayətin əmələ gəlmə tarixi qədim adətlərin təşəkkül tapdığı dövrə gedib çıxır.  Təsadüfi deyildir ki, bəzən bu cinayəti feodal-bəy münasibətlərinin qalıqları da adlandırırlar. Əslində qız qaçırtma adətinin yaranması daha əvvəlki dövrlərə təsadüf edir. Bu adət bir sıra Qafqaz, Orta Asiya, türk dilli və s. xalqlarda hələ də mövcuddur.

Hüquqşünaslıqda istifadə olunan «qadının evlənmək məqsədilə oğurlanması» ifadəsi məişət dilimizdə «qız qaçırtma» ifadəsi kimi işlədilir. Lakin nəzərə almaq lazımdır ki, məişətdə işlədilən «qız qaçırtma» ifadəsi daha geniş mənalıdır. Belə ki, bu ifadə altında qızın evlənmək məqsədilə zorla qaçırılması ilə yanaşı qızın valideynlərindən xəbərsiz evlənmək məqsədilə sevdiyi oğlana qoşulub getməsi də başa düşülür. Hüquqi aspektdə isə bu məsələnin yalnız birinci tərəfi, yəni qızın evlənmək məqsədilə zorla qaçırılması nəzərdən keçirilir.

2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əvvəlki Cinayət Məcəlləsindən fərqli olaraq qadının evlənmək məqsədilə oğurlanmsını ayrıca maddədə deyil, adam oğurluğuna görə məsuliyyətin müəyyən edildiyi 144-cü maddəsinin tərkibində nəzərdə tutmuşdur. Ümumiyyətlə adam oğurluğu cinayəti müxtəlif motivlərlə törədilə bilər. Bunlardan biri də evlənmək məqsədilə qadının oğurlanmasıdır. «Tamah» motivindən başqa digər motivlər, o cümlədən «evlənmək məqsədi» hər hansı hüquqi əhəmiyyət kəsb etmir və təqsirkar şəxs adam oğurluğu cinayətinə görə məsuliyyətə cəlb edilir.

Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 144-cü maddəsində adam oğurluğu cinayətinə anlayış verilməmişdir. Bu da praktikada hüquqi tövsif məsələlərində, o cümlədən oxşar cinayət tərkiblərinin (qanunsuz azadlıqdan məhrum etmə və s.) fərqləndirilməsində müəyyən çətinliklər yaratmaqla, qeyd olunan cinayətin subyektiv qaydada şərhinə geniş meydan açmışdır. Lakin cinayət hüquq doktrinasından və məhkəmə təcrübəsinin bərqərar etdiyi mövqedən çıxış edərək deyə bilərik ki, adam oğurluğu dedikdə şəxsin iradəsi əleyhinə psixi və ya fiziki zor tətbiq etməklə yaxud belə zorun tətbiq ediləcəyi hədəsi ilə onun olduğu yerdən götürülərək digər yerə aparılmaqla qanunsuz saxlanılması başa düşülür. Oğurlanan şəxsin bu cür saxlanılması qanunsuz azadlıqdan məhrum etmə hərəkətləri ilə müşayiət olunsa da, bu cinayətin törədilməsi zamanı qeydə alınan qanunsuz azadlıqdan məhrum etməni CM-nin 145-ci maddəsində müstəqil cinayət tərkibi kimi nəzərdə tutulmuş qanunsuz azadlıqdan məhrum etmə cinayətindən fərqləndirmək lazımdır. Belə ki, göstərilən halda qanunsuz azadlıqdan məhrum etmə müstəqil cinayət tərkibi kimi deyil, adam oğurluğu cinayətinin tərkib hissəsi kimi özünü göstərir.

Cinayətin obyekti qismində cinayətdən zərər çəkən şəxsin, o cümlədən oğurlanan qadının azadlığı çıxış edir. Cinayət formal tərkiblidir, yəni qadının aparılaraq başqa yerdə saxlandığı andan cinayət başa çatmış hesab edilir. Qadının başqa yerdə saxlanması müddətinin əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur. Cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir, təqsirkar şəxs qadını onun iradəsi əleyhinə oğurtladığını dərk edir və bunu arzulamış olur. Bu cinayətə görə məsuliyyət 14 yaşdan yaranır. Digər tövsifedici əlamətlər olmadığı, yəni sadə adam oğurluğu cinayəti üçün 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

Cinayət Məcəlləsinin 144.2-ci və 144.3-cü maddəsində cinayətin ağırlaşdırıcı (tövsifedici) əlamətləri nəzərdə tutulmuşdur. Cinayətin iki və ya daha çox şəxs barəsində törədilməsi, təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətdə olan qadına qarşı törədilməsi, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədilməsi, silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədilməsi, tamah məqsədi ilə və ya sifarişlə törədilməsi 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə, cinayətin yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməsi və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin  ölümünə və ya digər ağır nəticələrə səbəb olması 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.

Eyni zamanda maddənin sonunda cinayət törətmiş şəxsin davranışının istiqamətləndirilməsinə yönəlmiş stimullaşdırıcı qeyd nəzərdə tutulmuşdur. Maddənin qeydinə görə əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, adam oğurluğu cinayətini törətmiş şəxsin maddənin qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməsi üçün iki vacib şərtin məcmu halda mövcudluğu zəruridir. Birinci şərtin mahiyyəti ondan ibarətdir ki, təqsirkar şəxsin əməlində adam oğurluğu cinayətindən başqa cinayətin tərkibi olmamalıdır. Məsələn, bəzən qadının evlənmək məqsədilə oğurlanması ona müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, o cümlədən oğurlandıqdan sonra zorlanması və s. bu kimi cinayətkar hərəkətlərlə müşayət edilir. İkinci şərtin mahiyyəti isə ondan ibarətdir ki, təqsirkar şəxs oğurladığı şəxsi könüllü surətdə, yəni öz sərbəst iradəsi ilə azad etməlidir. Bu hərəkət o zaman könllü hesab olunur ki, təqsirkar oğurladığı adamı saxlamaq imkanlarının olmasına baxmayaraq hansısa bir motivlə onu azad edir. Bu zaman motiv heç bir hüquqi əhəmiyyət kəsb etmir.  Cinayəti törədən şəxsin hansısa məcburiyyətdən yaxud özündən asılı olmayan səbəblərdən qadını azad etməsi onun cinayət məsuliyyətindən azad olunmasına səbəb ola bilməz.

Qeyd etdik ki, bəzən qadının oğurlanması başqa cinayətlərlə də müşayiət olunur. Bunlardan ən geniş yayılmışı oğurlanmış qadının onunla evlənmək istəyən və bu məqsədlə onu oğurlayan şəxs tərəfindən zorlanması, yəni qadının öz iradəsi əleyhinə cinsi əlaqəyə məruz qoyulmasıdır. Bu cür şəraitdə zorlamanın motivi çox hallarda zorlama cinayətinin real motivindən fərqli olur. Bu cür zorlama əksər hallarda cinsi ehtirasın təmin edilməsinə deyil, oğurlanmış qadının gələcəkdə şikayət etməsinin qarşısını almağa yönəlir. Təcrübədə tez-tez rast gəlinmiş bir haldır ki, oğrlanaraq zorlanmış qadınlar bəzən cəmiyyətdə hökmran olan milli görüşlərdən çıxış edərək düşünür ki, onun şikayəti və ittihamedici ifadələri əsasında cinayət törədən şəxs uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum olunacaq, zorlandığı üçün isə başqa kişilər onunla evlənmək istəməyəcəklər. Ağrılı haldır ki, bəzən bu cür cinayət törətmiş şəxslər bu üsuldan istifadə etməklə oğurladıqları qadının şikayətdən imtina etmələrinə, öz xeyirlərinə bəraətverici izahat və ifadələr verməsinə, nəticədə cinayət məsuliyyətindən kənarda qalmağa nail olurlar. Cinayət təqibini həyata keçirən orqanlar isə müəyyən obtektiv səbəblərdən, yəni bəzi hallarda mötəbər sübütların əldə olunmasının mürəkkəbliyi, təqsirsizlik prezumpsiyası və s. səbəblərdən əsl həqiqəti ortaya çıxara bilmirlər.

Bununla belə qeyd olunan cinayətkar üsullardan istifadə etməklə evlənmək niyyətində olan gənclərimiz unutmamalıdırlar ki, qadına qarşı törədilmiş bu cür cinayət onun şüurunda nifrət hissini əmələ gətirən dərin psixoloji dəyişikliyə səbəb olur ki, bu da gələcək ailəni mənəvi əsaslardan məhrum edir və bir çox hallarda ailənin dağılmasına səbəb olur.

 

Sadiq Əfəndiyev

hüquqşünas