QHT Şurasının komissiya sədri: “Çox yaxın vaxtda qərarlar qəbul ediləcək”

2014/09/13 22:39
QHT Şurasının komissiya sədri: “Çox yaxın vaxtda qərarlar qəbul ediləcək”

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, hüquq və monitorinq komissiyasının sədri Əliməmməd Nuriyev “Media forum” saytına QHT sektorunun fəaliyyətinə dair hazırlanan yeni təkliflərdən, QHT-lərlə bank sektoru arasında yaşanan problemlərdən danışıb.

İyulun 24-də prezident İlham Əliyev qrant müqavilələrinə dair fərman imzalayıb. Fərman qrant müqavilələrinin qeydiyyata alınması qaydalarının bu il noyabrın 1-dən ləğvini nəzərdə tutur. O vaxtacan Nazirlər Kabineti qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması üçün yeni qaydaları müəyyən edib prezidentə məlumat verməlidir.

Qrantların qeydiyyata alınması haqda yeni qaydalar hazırlanır

“Media forum”a açıqlamasında Əliməmməd Nuriyev deyib ki, prezidentə təqdim ediləcək təkliflər planı üzərində iş gedir. Onun sözlərinə görə, Avropa Şurasının Venesiya Komissiyasının rəyinə uyğun olaraq QHT-lər haqqında qanunvericiliyə dəyişiklər edilməsi üçün də bəzi təkliflər hazırlanır: “Bu təkliflər yalnız QHT-lərin daha əlverişli fəaliyyət göstərməsi üçün imkanları, hüquqi mühiti genişləndirməyi nəzərdə tutur. Təkliflər ətrafında müzakirələr gedir və buna görə də onları indidən açıqlamaq düzgün olmazdı.

Qrantların qeydiyyata alınması haqda da yeni qaydalar hazırlanır. QHT-lərə Dövlət Dəstəyi Şurası yanında yaradılan hüquq və monitorinq komissiyasının qrant qeydiyyatının sadələşdirilməsi ilə bağlı təklifləri müvafiq qurumlara göndərilib. Hüquq və monitorinq komissiyasının hazırladığı layihələrdə cərimə sanksiyalarının azaldılması ilə bağlı təkliflər var. Bu təkliflər bir neçə dəfə QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyi ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında müzakirə edilib. QHT-lərə Dövlət Dəstəyi Şurası həmin görüşlərdə səslənən təklifləri, ayrı-ayrı QHT-lərdə narazılıq yaradan məsələləri ümumiləşdirərək müvafiq qurumlara təqdim edib”.

Banklarda QHT-lərə qarşı diskriminasiyaya yol verilir

Məlum olduğu kimi, son aylar QHT-lərin Ədliyyə Nazirliyinə təqdim etdiyi qrant müqavilələrinin qeydiyyatı düyünə düşüb. Müqavilənin qeydiyyata alınması haqqında bildirişin verilməməsi bank əməliyyatlarının aparılmasını mümkünsüz edir. Hazırda bəzi QHT-lərin fəaliyyəti bu səbəbdən iflic olub. Əliməmməd Nuriyev “Media forum”a açıqlamasında bu məsələlərdən də danışıb. O deyib ki, banklarda QHT-lərə qarşı diskriminasiyaya yol verilir: “Bizə “Unibank”dan göndərilən məktubda bildirilir ki, QHT-lərə bank xidmətləri göstərmək üçün aylıq 1000 manat haqq müəyyənləşdirilib. Bu, indikindən min dəfə böyük rəqəmdir, eyni zamanda bankın göstərdiyi xidmətin nə məzmununa, nə də mahiyyətinə uyğundur. Bu, ədalətsiz yanaşmadır, proporsionallığın pozulmasıdır. Başqa hüquqi və fiziki şəxslərə necə xidmət göstərilirsə QHT-lərə də o qaydada xidmət göstərilməsi barədə qərar veriləcək, bəzi özəl banklar açıq-aşkar ayrı-seçkilik etdiyinə görə hökumət, Mərkəzi Bank bu məsələyə öz münasibətini bildirəcək. Prezidentin QHT-lərə dəstək konsepsiyasında qeyd olunur ki, vətəndaş cəmiyyətinin nümayəndələri üçün daha əlverişli imkan yaradılmalıdır, özəl bankların atdığı addımlar isə bu prinsiplə uzlaşmır”.

QHT müxalifət partiyası kimi fəaliyyət göstərməməlidir

Əliməmməd Nuriyev bildirib ki, şəffaflıqla hesabatlılığın artırılması da vacib məsələlərdəndir və bu, QHT-lərə olan etimadın bərpasına gətirib çıxara bilər: “Cəmiyyətdə bəzən QHT-nin mahiyyətini, məzmununu, fəlsəfəsini bilmədən onların nüfuzuna xələl gətirəcək əsassız fikirlər səsləndirilir, yazılar yazılır. Bəzən media nümayəndələri QHT-ləri onlara aid olmayan hərəkətlərə təhrik edir. Hətta açıq-aşkar şantaj xarakterli çıxışların, QHT-lərin siyasi partiyaların fəaliyyəti ilə üst-üstə düşən fəaliyyətə cəlb edilməsinin şahidi oluruq. Halbuki QHT-lərin fəaliyyəti məhz ictimai nəzarətin həyata keçirilməsinə, problemlərin aşkar edilməsi və bu istiqamətdə təkliflər verilməsinə yönəlib. Ancaq bəzi QHT-ləri elə istiqamətləndirməyə çalışırlar ki, onlarla siyasi partiyalar arasında fərq itir. QHT müxalifət partiyası kimi fəaliyyət göstərməməlidir. Bundan çəkinmək lazımdır. Əks halda QHT ilə siyasi partiyanı fərqləndirmək mümkün olmayacaq. Vətəndaş cəmiyyətinin nümayəndələri etik davranış kodeksi hazırlayıb orada belə məqamları əks etdirmək haqda da düşünürlər.

QHT təmsilçiləri üçün ən vacib məsələ onların peşəkarlığıdır. Bu peşəkarlıq QHT-lərə inam və etimadın güclənməsinə gətirib çıxarır. Ancaq Azərbaycanda bəzi QHT-lərdən beynəlxalq qurumlara donoslar yazıb QHT-ləri qruplaşdırmağa cəhd edənlər var. Bunu QHT-lərin zəifləməsinə maraqlı olan şəxslər edirlər. Onlar QHT-ləri “hökumətpərəst”, “müxalif”, “müstəqil” adlandırırlar və bu siyasi təsnifat, şübhəsiz ki, vətəndaş cəmiyyətini zəiflətməyə yönəlib. Məqsəd isə kimlərinsə xarici donorlardan daha çox qrant almasına nail olmaqdır, bu, aydın görünür”.

Eyni donorun yalnız bir neçə təşkilata vəsait ayırması narahatlıq yaradır

Əliməmməd Nuriyev beynəlxalq donorlardan alınan qrantın QHT-lərə hansı formada ayrılması məqamına diqqət yetirilməsini zəruri sayır: “Son günlər bir çox KİV-də yalançı təhlillər aparılır. Bu təhlillər əslində bütövlükdə donorlardan alınan vəsaitləri təhrif etməyə yönəlib. Dövlətin ayırdığı qrant vəsaitlərinin çoxluğunu əsas gətirərək yanlış arqument irəli sürməyə çalışırlar ki, bu qrantı dövlət ayırırsa, deməli, onların çoxu hökumət təşkilatlarına verilir. Azərbaycanda 3 minə qədər QHT var. Dövlətin ayırdığı qrantları nəzərə alanda orta hesabla hər təşkilata 6-8 min manat arasında qrant düşür. Amma bilirik ki, xarici donorlardan gələn qrantlar azsaylı təşkilatlara verilir,  onların 70-75 faizi 15-20 təşkilat arasında bölünür və nəticədə ümumən çox böyük bir rəqəm alınır. Əlbəttə, burada QHT-lərdəki peşəkarlığın nəzərə alınması məsələləri də var. Amma eyni donorun, bu və ya digər fondun uzun müddət yalnız bir neçə təşkilata vəsait ayırması narahatlıq yaradır. Əcəba, onların müsabiqələrdə göstərdikləri istiqamətdə çalışan başqa QHT-lər yoxdurmu? Donor, ya fond fəaliyyətində bir qədər diversifikasiya edib digər QHT-lərin də onların müsabiqələrində iştirakına imkan yaratmalı, obyektiv qərarlar qəbul etməlidir.

Əlbəttə, donor siyasətini özü müəyyənləşdirir. Amma Azərbaycanın prioritetləri, ölkədə həyata keçirilən sosial, hüquqi, mədəni islahatlar istiqamətində proqramlar da nəzərə alınmalıdır. Bu istiqamətlərdə müsabiqələr, qrant proqramları elan edilməli, vəsait QHT-lər arasında fərq qoyulmadan, ayrı-seçkilik edilmədən bölünməlidir. QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqə keçirəndə, layihələri maliyyələşdirəndə təşkilatlara fərq qoymur, onlara demək olar eyni məbləği verir. Çünki burada əsas məqsəd vətəndaş cəmiyyətinin formalaşmasına, güclənməsinə yardım etməkdir. Bir çox QHT yeni yaranıb, maliyyə dəstəyi olmayanda marginallaşır, ümumiyyətlə fəaliyyət göstərə bilmir. Azərbaycan dövlətinin vəzifəsi vətəndaş cəmiyyətini gücləndirmək olduğu üçün yeni yaranan QHT-lərə dirçəlmək, formalaşmaq, rəqabət qabiliyyətli vətəndaş cəmiyyəti qurumuna çevrilmək üçün dəstək verir. Beynəlxalq donorlar isə çox vaxt belələrindən yan qaçır. Çünki onlara peşəkarlar lazımdır. Bunu başa düşürük. Amma onu da istərdik ki, həmin peşəkar təşkilatlara münasibətdə də ayrı-seçkilik olmasın. Ayrı-seçkilik olanda istər-istəməz suallar yaranır”.

Sadalanan hallarla bağlı konkret qaydaların müəyyən edilib-edilməyəcəyinə gəldikdə, Əliməmməd Nuriyev qeyd edib ki, onlar yalnız tövsiyələr verə bilərlər: “Azərbaycanda fəaliyyət göstərən beynəlxalq donorlarla imzalanmış sazişlərdə ölkədəki QHT-lərə fərq qoymamaq, proqramlarını müəyyənləşdirərkən Azərbaycan cəmiyyətinin ehtiyaclarını nəzərə almaq kimi tövsiyələr yer alır”.

“Media forum”a açıqlamasında Əliməmməd Nuriyev QHT-lərlə bank sektoru arasında yaşanan gərginliyin tezliklə bitəcəyinə ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə çox yaxın vaxtda qərarlar qəbul ediləcək, qrantların Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi haqda QHT-lərə bildirişlərin verilməsi (QHT-lər bank hesabından qrant vəsaitlərini həmin bildirişlər olduqda çıxara bilirlər) ilə bağlı narahatlıqlar, yubanmalar tam aradan qalxacaq: “Çünki qrantların elektron qeydiyyatdan keçməsi və bildirişlərin verilməsi ilə bağlı texniki proses, bildiyim qədər, başa çatmaqdadır. Qeydiyyatların sürətlə aparılması və bildirişlərin verilməsi hazırkı narahatlığı aradan qaldıra bilər. Biz bunu istəyirik, bu istiqamətdə də təkliflər verməkdə davam edəcəyik”.

 

«Media forum»

İdris İsayev: “Qanun işçiyə deyil, işəgötürənə münasibətdə sərtləşdirilib” —Müsahibə

2014/07/18 20:14
İdris İsayev: “Qanun işçiyə deyil, işəgötürənə münasibətdə sərtləşdirilib”  —Müsahibə

 

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin APA TV-yə müsahibəsi

- Əmək münasibətlərinin tənzimlənməsi sahəsində son dəyişikliklər nədən ibarətdir?
- Bildiyiniz kimi, ötən ilin sonlarında Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərlə bağlı müvafiq qanunvericilik aktlarına da dəyişikliklər edilib və cənab Prezidentin 2014-cü il fevralın 3-də bu qanunun tətbiqi ilə bağlı fərmanı olub. Bu fərmanla bağlı da aidiyyəti icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib. Əmək Məcəlləsinə edilən dəyişikliyin əsas mahiyyəti ondan ibarətdir ki, ümumiyyətlə əmək qanunvericiliyi sisteminə yeni bir anlayış — əmək müqaviləsi bildirişi anlayışı daxil edilib. Əmək müqaviləsi bildirişi isə əmək müqavilələrinin bağlanması, ona dəyişiklik edilməsi, xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə işəgötürənlər tərəfindən təqdim edilən elektron sənəd formasıdır. Dəyişikliklərdən sonra artıq əmək münasibətləri əmək müqaviləsi bağlandıqdan sonra deyil, bağlanmış əmək müqaviləsi üzrə bildiriş elektron informasiya sistemində qeydiyyata düşdükdən sonra qüvvəyə minəcək. Yəni bu gün işəgötürən işçi ilə əmək müqaviləsi bağlayır. Əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün bu müqavilənin ikitərəfli qaydada imzalanması onu hüquqi qüvvəyə mindirmir. Qanuna edilmiş yeni dəyişiklərə əsasən, mütləq işəgötürən bağlanmış əmək müqaviləsi üzrə bildirişləri elektron informasiya sisteminə daxil etməli və qeydiyyata almalıdır. Qeydiyyata alındığı və bu barədə işəgötürənə məlumat verildiyi tarixdən həmin əmək münasibəti hüquqi qüvvəyə minmiş olur. İşəgötürənlər üzərində artıq öhdəliklər yaranmış olur. Onlar əmək münasibətlərini artıq elektron informasiya sistemi müstəvisinə gətirib çıxarırlar.

- Bu dəyişikliklər işçiyə hansı üstünlüklər verir?
- Bu ilk növbədə işləyən əhalimizin əmək hüquqlarının müdafiəsinə kömək edən bir sistem olacaq. Yəni bu sistem ona hədəflənib ki, işçi öz əmək hüquqlarını müdafiə edə bilsin, öz əmək hüquqları barədə məlumatı elektron informasiya sistemindən əldə edə bilsin. Bu gün vəziyyət belədir ki, Əmək Məcəlləsinə görə, işəgötürənlə işçi arasında müqavilə iki nüsxədən ibarət bağlanır və bir nüsxəsi işçidə olmalıdır. Bu adətən belə olmur. İşəgötürən bəzi hallarda qanun pozuntusuna yol verir və işçiyə bu nüsxəni təqdim etmir. Bəzən əmək müqavilələri rəsmiləşdirilərkən boş formada, müəyyən məlumatlar doldurulmadan təsdiq olunur, yarımçıq doldurulur, müəyyən edilmiş qaydada tərtib edilmir və digər hallar baş verir. Bu da sonradan müəyyən fəsadlar yaradır. İşçi ilə müəyyən problem yarandığı təqdirdə işçinin öz hüquqlarını bilmədiyinə və əlində rəsmi sənəd olmadığına görə, o öz hüquqlarını tələb edə bilmir. Beləliklə onun hüququ pozulmuş olur. Amma bu sistem qüvvəyə mindikdən sonra artıq işəgötürənlə işçi arasına bağlanmış əmək müqaviləsi sistemə daxil edilir. İşçi də istənilən vaxt — istər evdə, istər işdə, istərsə də başqa bir yerdə elektron informasiya sisteminə daxil olmaq imkanına malik olacaq və bu məlumatı əldə edə biləcək. Əmək müqaviləsinin hər hansı bir maddəsinin pozulduğu aşkar edildiyi halda onu məlumat sistemindən çıxarıb göstərə biləcək ki, işəgötürən bu öhdəliyi öz üzərinə götürüb. Və bunların icrasını tələb edə biləcək. İkinci hədəf isə işəgötürənlərin məsuliyyətini artırmaqdan ibarətdir. Bayaq qeyd etdiyim kimi, adətən işəgötürənlər qanun pozuntusuna yol verirlər və onlar üzərində olan öhdəliklərin rəsmiləşdirilməsi nöqteyi-nəzərindən bu elektron informasiya sistemi mühüm əhəmiyyət kəsb edir. Onların bu istiqamətdə məsuliyyətlərinin artırılması üçün həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində müvafiq dəyişikliklər edilib. İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə görə, əmək müqaviləsi bildirişini qeydiyyata salmadan əmək fəaliyyətinə cəlb edən vəzifəli şəxs 3000-dən 5000 manata qədər, hüquqi şəxslər isə 20-25 min manata qədər cərimə tətbiq edilir. İşəgötürən əmək müqaviləsi bildirişini hüquqi qüvvəyə mindirmədən xeyli sayda şəxsi işə cəlb edirsə, artıq onun barəsində 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər. Əgər bu hal təkrarlanarsa, bu cəza 3 ildən 7 ilə qədər artırıla bilər.

Gördüyünüz kimi, işəgötürənə münasibətdə qanun sərtləşdirilib. Məsələ ondan ibarətdir ki, əmək münasibətləri rəsmiləşdirilməlidir. Əmək münasibətlərinin rəsmiləşdirilməsi vacib şərtlərdən biridir. Bu gün yaranan bütün problemlər — əhalinin sosial müdafiə hüquqları, əmək hüquqlarının pozulması məhz əmək münasibətlərinin rəsmiləşdirilməməsindən irəli gəlir.

- Bəs, işəgötürənlərin bu sistemdən qazancı nədir?
- Biz elektron informasiya sistemini gündəmə gətirərkən proqram təminatını və sistemi elə formada hazırlamışıq ki, işəgötürən üçün də müəyyən problemlər yaranmasın. Elə etmişik ki, o, asanlıqla sistemə daxil ola və əmək müqaviləsi bildirişini qeydiyyata sala bilsin. Bunun üçün Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Əmək müqaviləsi bağlanarkən tələb olunan məlumatlara işçinin fərdi identifikasiya kodunun (FİN), sosial sığorta şəhadətnaməsinin nömrəsinin daxil edilməsi nəzərdə tutulub. Məqsəd ondan ibarətdir ki işəgötürən sistemə məlumatı daxil edərkən yalnız işçinin FİN kodunun daxil etdikdən sonra məlumatları rəsmiləşdirmiş olsun. İşəgötürən məlumatları sistemə əllə daxil etməyəcək, elektron informasiya sistemində olan məlumatlar digər mərkəzin icra hakimiyyətlərinin elektron informasiya ehtiyatları ilə əlaqəlidir, inteqrasiya olunub. Həm işəgötürən, həm də işçi barədə məlumatlar avtomatik olaraq sistemdə öz əksini tapacaq. Bu işəgötürənin işinin asanlaşdırılması üçündür. Buna çox cüzi vaxt sərf edəcək, məlumatı da dərhal 1 gün ərzində əldə etmək imkanına malik olacaq. Burada məlumatların təhlükəsizliyi məsələləri də nəzərə alınıb. İşəgötürən yalnız özünün bağladığı əmək müqavilələri barədə məlumat əldə etmiş olacaq. Digər şəxs barədə məlumat əldə etmək imkanı yoxdur. İşçi də eyni qaydada, yalnız özünə aid məlumatları sistemdə görə biləcək. Bu sistem şəffaf və işləyən əhalimizin hüquqlarının müdafiəsinə yönəlmiş bir sistem olacaq.

- Əmək kitabçalarının ləğvi nə ilə bağlıdır?
- Əmək müqavilələrinin bildirişi üzrə elektron informasiya sistemi qüvvəyə mindikdən sonra artıq kağız daşıyıcılar üzərində olan məlumatların əksəriyyəti öz əhəmiyyətinin itirəcək. Məsələn, əmək kitabçaları işçinin əmək fəaliyyətini əks etdirən bir sənəddir. Bu kitabçada işçinin işə daxil olduğu gün, onun peşəsi, əmək müqaviləsinə xitam verilibsə, onun əsası və işdən çıxdığı qeyd edilir. Bu gün bu iş aparılır. Əlavə məzuniyyətlərin verilməsində, əmək haqqına əlavələrin verilməsində bu məlumatlardan istifadə olunur. Pensiya təminatında da bu məlumatlardan istifadə edilir. Pensiya təminatı sosial hüquqların içərisində ən böyük təminat formasıdır. Bu hüquqların müdafiəsində artıq əmək kitabçalarındakı məlumatlarından istifadə zərurəti yavaş-yavaş azalmağa başlayıb. 2006-cı ildən yeni pensiya sistemi qüvvəyə minib. Bu sistem bütün məlumatların — həm işçinin sığorta stajı barədə məlumatların, onun ödədiyi pensiya kapitalı barədə məlumatların hər bir şəxs üçün mövcud olan elektron informasiya sistemindən alınır. Bu məlumatlar avtomatik olaraq oradan götürülür. 2006-cı ildən əvvəlki dövr üçün də elektron informasiya sistemi mövcuddur. Sosial Müdafiə Fondunun məlumatları orada toplanır. Yəni pensiya təminatı üçün artıq əmək kitabçasında olan məlumatlar tədricən əhəmiyyətini itirir. Əlavə məzuniyyətin və ya əmək haqqına əlavələrin verilməsində istifadə olunur və bunlar da tədricən öz əhəmiyyətini itirəcək. Əmək hüquqlarının müdafiəsi istiqamətində atılmış bu yeni addım bunun əhəmiyyətinin itirəcək. Çünki eyni məlumatlar elektron informasiya sisteminə daxil ediləcək.

Çoxlu insanlar var ki, bugünkü tarixə kimi bir çox yerlərdə işləyib, əmək müqavilələri bağlayıb, ona xitam verilib. Yəni əmək kitabçalarında müxtəlif qeydlər ola bilər ki, bu qeydlər elektron informasiya sistemində qeydiyyata alınmır. Söhbət bugünkü əmək fəaliyyətindən gedir. Yəni şəxs əmək fəaliyyətindədirsə, əmək müqaviləsi aktivdirsə, işəgötürən onun haqqında məlumatları sistemə daxil etməlidir. Söhbət bugünkü işçi və işəgötürəndən gedir. Düşünürəm ki, gələcəkdə ilk dəfə əmək fəaliyyətinə başlamış şəxs üçün əmək kitabçasında olan qeydlər əhəmiyyətini itirir. Əvvəllər əmək fəaliyyətində olmuş şəxs üçün isə öz əhəmiyyətini saxlayır. Proses baş verəcək, amma bu tədricən olacaq.

Statistik məlumatlara görə, təxminən əmək müqaviləsi ilə işləyən 1 milyon 520 min şəxs mövcuddur. Bu şəxslər barədə bu məlumatların elektron sistemə daxil edilməsi böyük bir informasiya ehtiyatı deməkdir. İşləyən hər bir şəxs üçün bu sistem maraqlı məlumat təqdim edə bilər.

- Proses nə zaman başa çatacaq?
- Proses daim davam edir. Bilirsiniz, əmək müqaviləsi bu gün bağlanılır, ona dəyişikliklər edilir, xitam verilir. Bu davamlı bir prosesdir. İşçilər də bu gün hər hansı bir işəgötürənin yanında işləyir, sabah onun müqaviləsinə xitam verilir, başqa bir işəgötürəndə işləyirlər. Bu proses daim olaraq fəaliyyətdədir. Qanunvericiliyə görə, qanun qüvvəyə minənə qədər bağlanmış müqavilələr 1 iyul 2014-cü ilə qədər sistemə daxil edilməlidir. Bu, son tarixdir. Əgər bu müddətə kimi əmək müqavilələri bildirişləri sistemə daxil edilməsə, artıq işəgötürənlərə qarşı inzibati cəzaların tətbiqi həyata keçiriləcək.

- Elektron informasiya sisteminə keçməklə əməyin istismarının qarşısı nə dərəcədə alınacaq?
- 100 faiz heç bir şey demək mümkün deyil, amma bu elektron informasiya sistemi əmək münasibətləri sahəsində bizə dəqiq uçot verəcək. Biz biləcəyik ki, hansı işçi hansı işəgötürənlə işləyir. Bu imkan verəcək ki, işəgötürən məsuliyyətini artırsın. İşəgötürən biləcək ki, dövlət nəzarətini həyata keçirən orqanlar, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi bu işə ciddi nəzarət həyata keçirəcək, Vergilər Nazirliyi bu işə ciddi nəzarət edəcək. Hər iki orqan işəgötürənə münasibətdə inzibati cərimə tətbiq etmək hüququna malikdirlər. Yəni işəgötürənin məsuliyyəti birmənalı şəkildə artacaq.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi: “Əmək kitabçaları aktuallığını hələ itirməyib” —Müsahibə

2014/07/17 20:52
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi: “Əmək kitabçaları aktuallığını hələ itirməyib”  —Müsahibə

«Əmək müqavilələri üzrə elektron informasiya sisteminin işə düşməsi Azərbaycanda qeyri-leqal məşğulluğu minimuma endirəcək». Bu sözləri APA TV-də efirə gedən “Sosium” verilişinin qonağı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyib.

Onun sözlərinə görə, əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması üçün sahibkarlara 90 gün verilib: «3 ay müddətində bütün məlumatlar elektron informasiya sisteminə yerləşmiş olacaq. Əgər kimlərsə işçilər haqqında məlumatı gizlətsə, müqavilələri yerləşdirməsə, biz yenidən yoxlamalar aparıb, qüsurları aşkar edəcəyik. Hər kəs bilməlidir ki, cərimələr yetərincə yüksəldilib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanları 3 min manatdan 5 min manata, fiziki şəxsləri isə 20 min manata qədər cərimə gözləyir. Xeyli sayda işçini elektron qeydiyyata almayan sahibkarı isə 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir».

Əmək kitabçalarının tamamilə yığışdırılmadığını deyən xidmət rəisi hələ bir müddət köhnə və təzə sistemin paralel işləyəcəyini bildirib: «Bəziləri elə hesab edir ki, əmək kitabçaları tamamilə yığışdırılır. Xeyr, bu gün əmək kitabçaları aktuallığını itirməyib, hələ də qeydlər aparılır. Müəyyən illər var ki, həmin müddətlər üzrə insanların stajı yalnız əmək kitabçalarındadır. Gərək o informasiyaların hamısı elektron informasiya sisteminə köçürülsün ki, əmək kitabçalarına ehtiyac qalmasın. Bir sözlə elektron informasiya sistemi tam qüvvəyə mindikdən sonra əmək kitabçası əhəmiyyətini itirəcək».

O ki qaldı, elektron informasiya sistemindən istifadə qaydasına Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyir ki, sistem yetərincə sadədir: «İşə götürən tərəf müqaviləni sistemə yerləşdirir və təsdiqini gözləyir. Əslində 3 gün müddətinə təsdiq edilməli olsa da, biz çalışırıq həmin müqavilə operativliyə görə gün ərzində təsdiqlənsin. Hər bir işçi elektron portal üzərindən öz sənədlərinə istənilən vaxt baxa biləcək. İşçinin şəxsiyyət vəsiqəsinin son 8 rəqəmi parol olaraq ona təqdim olunur. Burada məlumatların təhlükəsizliyi də ciddi şəkildə təmin olunur. Başqaları haqqında məlumat toplamaq mümkün olmayacaq. Hər kəs yalnız şəxsi məlumat bazasına baxa bilər».

«Yeni sistemlə əmək kitabçası arasında əsas fərq və üstünlük nədir?» sualını Fuad Əlizadə belə cavablandırıb: «Əvvəllər işəgötürənlə işçi arasında bağlanan müqavilə elə həmin gündən qüvvəyə minirdi. İndi belə olmayacaq. Həmin müqavilə sistem tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minmiş hesab ediləcək. Bundan əlavə əvvəllər kimlərsə bir neçə yerdə əmək kitabçasına staj yazdırırdı. Yeni sistemdə bu imkanlar yoxdur. Sistemdə konkret olaraq, hər kəs üçün əsas və əlavə iş yeri bəndi var. İki və ya üç yerdə staj yazılması mümkün deyil. Əlbəttə ki yeni sistemin üstünlüklərindən biri də qeyri-leqal məşğulluğun aradan qaldırılmasına köməklikdir. Bundan sonra işə girmək istəyənlər də haqlarını tələb etməlidir. Əldə sənəd olmayan işçinin əmək hüquqlarını qoruya bilmirik. Ona görə də insanlar öz işlərini rəsmiləşdirməlidir».

Hüquq mədəniyyəti

2014/07/15 16:39
Hüquq mədəniyyəti

S_VekilovHər bir xalqın hüquq mədəniyyəti onun hüquq düşün­cə­sinin tarixi təkamülündən və davranış modelindən qay­naq­lanır. Hüquq mədəniyyəti ilkin yanaşmada bəzən kon­kret hüquq münasibətlərinə şamil edilən anlayış kimi ba­şa düşülür. Lakin klassik fəlsəfi hüquq təlimlərinə nəzər salsaq görərik ki, hüquq-əxlaq və mənəviyyat mə­sələ­lə­rini özündə ehtiva edən daha zəngin sosial-mədəni mü­na­sibətlər sistemidir. Dünya fəlsəfi fikrinin parlaq si­ma­la­rın­dan olan alman filosofu Hegel hüququ ruh və idrak ha­di­səsi hesab edir.

Fransız fikir adamı Frederik Bastiata görə, biz özü­mü­­­­zü, azadlığımızı və əmlakımızı  qorumaq kimi Allahın ver­­­diyi  təbii hüquqa sahibik.

Beləliklə, hər bir şəxsin davranışı, düşüncəsi onun bir hüquq subyekti kimi  hüquqi mədəniyyətinin gös­tə­ri­ci­si­­dir. Hüquq mədəniyyətinin ən vacib komponenti hüquq düşüncəsidir. Hər bir şəxsin hüquq konteksində davranışı onun həm də hüquq düşüncəsinin ifadəsidir.

XXI əsr arxada qoyduğu zamana münasibətdə daha çox insan  fenomeninin önə keçməsi ilə fərqlənir. Bəşə­riy­yət son nəticədə o qənaətə gəldi ki, bütün ictimai for­ma­si­ya­lar, bütün dövlətlər fərdin hüquqlarının reallaşması və tə­mini fonunda əhəmiyyətli  olur.

Təsadüfi deyil ki, XX əsrin ortalarında dünyanın ən nəhəng siyasi təşkilatı olan BMT tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi XX əsrin so­nun­da dünyanın böyük bir hissəsini  əhatə edən, onu öz yu­ri­diksiyasi altında birləşdirən Strasburq Avropa İnsan Hü­quq­ları Məhkəməsinin yaradılması ilə nəticələndi.

XXI əsr dünyada mədəniyyətlərin savaşı və dialoqu əs­ridir. Dünya qloballaşır, bu, günümüzün gerçəkliyi, özü-öz­lü­­yündə qarşısıalınmaz bir prosesdir. Qloballaşma fo­nun­da fərqli mədəniyyətlərin və sivilizasiyaların toqquş­ması isə məhz dialoq fəlsəfəsini aktuallaşdırır.

Hüquq mədəniyyətinin vacib konponentlərindən biri də məhz hüquqların hüdudunu düzgün müəyyənləşdirməkdir.  Hər bir şəxs başa düşməlidir ki, onun hüququ digər və­tən­da­şın hüquqlarının sərhədinə kimidir.

Dünyanın qlobal hüquq problemləri ilə bərabər fərdi hü­quqlar və onların reallaşdırılması məsələsi də bu günkü hü­­quq mədəniyyətinin əsas istiqamətlərindəndir. Fərdi hü­quq­lara münasibətdə nümayiş etdirdiyimiz ayrı-ayrı ste­re­otip­lər və onun müxtəlif çalarları hüquq mə­dəniyyə­ti­mizin göstəricisidir. Bu istiqamətləri öyrənmək və bir çox ey­ni­lik­ləri dağıtmaq qarşıda duran ən aktual problemdir.

Azərbaycan folklor nümunələrinin hüquqi qorunması problemi: Milli və beynəlxalq qanunvericilik

16:38
Azərbaycan folklor nümunələrinin hüquqi qorunması problemi: Milli və beynəlxalq qanunvericilik

S_Vekilov

Qloballaşma və inteqrasiya fonunda hər bir xalqın milli özünəməxsusluğunu  şərtləndirən ən vacib amil kimi   mədəni irsinin tədqiqi və mühafizəsi dünyanı düşündürən aktual mədəni problemə çevrilmişdir. Azərbaycan Respublikası ümumdünya mədəniyyətinin qloballaşması meyllərindən kənarda qalmamaq şərti ilə milli mədəniyyətin özünəməxsusluğunun qorunmasını Milli Təhlükəsizlik Konsepsiyasının vacib tərkib hissəsi sayır və  dövlət siyasətinin əsas strateji hədəflərindən biri hesab edir.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri müəyyən edilərkən elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunmasına  ayrıca bölmə həsr edilmişdir. Adıçəkilən bölmədə  elm, təhsil, mədəniyyət və mənəviyyatın qorunması siyasətinin Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsinə, onun mədəni tələbatlarının ödənilməsi vasitələrinin və elmi-texniki potensialının daxili və xarici təhdidlərdən qorunmasına, mütərəqqi daxili və beynəlxalq inkişafdan bəhrələnməsinə yönəlməsi strateji hədəf kimi müəyyənləşdirmişdir.
Konsepsiyada Azərbaycan Respublikasının milli maraqlarının əsas istiqamətləri müəyyən edilərkən Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi, həmçinin dünya azərbaycanlılarının daşıdığı dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialının inkişaf etdirilməsi əsas hədəf kimi götürülmüşdür.

 

Beləliklə, Konsepsiya Azərbaycan xalqının özünəməxsusluğunun qorunması və təbliği problemini özündə ehtiva etməklə onun iki istiqamətini müəyyən etmişdir.

 1) Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsi;

2) Azərbaycançılıq ideyasının təşviqi, milli özünəməxsusluğun möhkəmləndirilməsi.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası Azərbaycan Respublikasının milli qanunvericilik sisteminə daxil olan ən vacib sənədlərdən biridir. Sözügedən konsepsiya  uzunmüddətli, davamlı fəaliyyət tələb edən bir strategiyadır. Konsepsiyanın 2-ci bölməsi Azərbaycan Respublikasının milli maraqlarına həsr edilmişdir. Sənəddən məlum olmuşdur ki, Azərbaycanın milli maraqlarının əsas istiqamətlərindən biri də böyük bir coğrafiyanı əhatə edən dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan milli özünəməxsusluğun möhkəmləndirilməsidir.  Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan xalqının  milli özünəməxsusluğunun ən vacib komponenti onun mədəni irsi, o cümlədən, qeyri-maddi mədəni irsin mayasını təşkil edən folklorudur. Bu mənada Azərbaycan xalqının folklor nümunələrinin hüquqi qorunması problemi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının əsas hədəflərindən biri hesab olunur.

Bundan başqa, Azərbaycan Respublikasının milli qanunvericilik sisteminə daxil olan «Folklor nümunələrinin hüquqi qorunması haqqında» Azərbaycan Respublikasının qanunu (16 may 2003-cü il) milli səviyyədə  qeyri-maddi mədəni irsin qorunmasına  hüquqi təminatlar yaratmışdır. Lakin son illər YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması ilə bağlı ardıcıl müzakirələr aparması və bir sıra sənədlər qəbul etməsi milli qanunvericiliyin təkmilləşdirilməsi zərurətini yaratmışdır. Sözügedən təkmilləşdirilmə prosesini şərtləndirən əsas amillərdən biri də folklorşünaslığın elmi-nəzəri problemləri ilə bağlıdır.

Folklor dedikdə  başa düşülür?

Sovet ədəbiyatşünaslığında  folklor dedikdə əksər hallarda yalnız şifahi xalq ədəbiyyatı nümunələri başa düşülmüşdür (bax: 6, 49). Lakin aşağıda təfsilatı ilə verilmiş YUNESKO-nun tövsiyyələrində folklor (qeyri-maddi mədəni irs) dedikdə şifahi xalq ədəbiyyatını da özündə ehtiva edən daha geniş və əhatəli incəsənət nümunələri nəzərdə tutulur. YUNESKO-nun 2003-cü il tarixdə qəbul edilmiş «Qeyri-Maddi İrsin Qorunmasi» Haqqında Beynəlxalq Konvensiyanın 2-ci bəndi məhz təsviri sənətlərə həsr edilmişdir. Göründüyü kimi, folklor nümunələrinə verilmiş anlayışlardakı uyğunsuzluqlar Azərbaycan folklorşünaslığının yeni elmi-nəzəri konsepsiyasının hazırlanması problemini aktuallaşdırır. Hazırda ali məktəblərdə tədris olunan şifahi xalq ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi dərsliklərində folklor nümunələri dedikdə şifahi xalq ədəbiyyatı başa düşülür.

«Folklor nümunələrinin hüquqi qorunması haqqında» Azərbaycan Respublikasının qanunu 1.0.1-ci maddəsində Azərbaycan folkloru nümunələrinin anlayışı verilmişdir: «Azərbaycan folkloru nümunələri (bundan sonra folklor nümunələri) — Azərbaycan xalqı, onun ayrı-ayrı fərdlər tərəfindən yaradılan və qorunub saxlanılan, Azərbaycan xalqının ənənəvi-bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını, bədii irsin xarakterik xüsusiyyətlərini özündə əks etdirən, şifahi şəkildə yaradılan söz sənəti nümunələrini, xalq musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığı və tətbiqi sənət nümunələri (maddi formada olanlar və olmayanlar), eləcə də digər xalq yaradıcılıq nümunələri».

Adıçəkilən qanunun folklor nümunələrinə verdiyi anlayışın təkmilləşməyə ehtiyacı olması faktı açıq aydın görünməkdədir. Bundan başqa, sözügedən milli qanunvericilikdə YUNESKO tövsiyyələrində adıçəkilən bir sıra anlayışlar ümumiyyətlə qeyd edilməmişdir. Bu anlayışlar folklorşünaslığın tədqiqi ilə bağlı meydana gələn spesifik terminlərdir. YUNESKO-nun 2003-cü il tarixdə qəbul edilmiş Konvensiyasında epos söyləyənlərin sənəti bəşəriyyətin ümumi insanlıq irsinin şah əsərlərindən biri elan olunmuşdur. Lakin sözügedən milli qanunvericilikdə  epos söyləyənlərin anlayışı verilməmişdir. Bu tipli nümunələrin sayını artırmaq olar.

Folklorşünaslığın elmi-nəzəri problemləri ilə məşğul olan f.e.n. Seyfəddin Rzasoy «Mifologiya və folklor: nəzəri-metodoloji kontekst» əsərində  folklora belə tərif vermişdir: «Folklor:

- etnik-mədəni düşüncənin tarixi diaxronik təzahürü kimi struktur düşüncəsidir;

- etnik-mədəni düşüncənin sinxron hadisəsi kimi milli özünüifadənin total düşüncə sisteminin əsas paradiqmalarından biridir;

- total-etnik düşüncənin statusal tipii baxımından bədii estetik xarakterlidir;

- düşüncə hadisəsi kimi dünya modelidir (mənaların paradiqmasıdır);

- mətn kimi folklor düşüncə modelini əks etdirən obyektir;

- janr kimi gerçəkliyi bütövlükdə universumlaşdıran janrlar sistemidir» (7, 30).

Göründüyü kimi, müəllif sırf elmi auditoriya üçün nəzərdə tutulmuş  bu əsərində folklora akademik tərif vermişdir. Odur ki, qeyd edilən tərifin elmi-kütləvi dildə yenidən təqdim olunmasına, həmçinin milli qanunvericiliyə ediləcək dəyişikliklərə təklif edilməsi zərurəti yaranmışdır.

Azərbaycan xalqının mədəni irsinin öyrənilməsi və mühafizəsi problemləri Azərbaycan elmi qarşısında yeni vəzifələr müəyyən etmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin 04 may 2009-cu il tarixli (№255) sərəncamı ilə Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı təsdiq edilmişdir.

Azərbaycan xalqına məxsus milli-mənəvi dəyərlərlə bağlı müxtəlif  istiqamətlərdə bir çox məsələləri yenidən azərbaycançılıq məfkurəsi mövqeyindən araşdırmaq, elmi potensialı ölkənin mədəni-mənəvi inkişafına yönəltmək Elm Strategiyasının məqsəd və əsas hədəfləri sırasına daxil edilmişdir.

Milli-mənəvi dəyərlərin, Azərbaycan mədəniyyəti və tarixinin obyektiv, konseptual və kompleks şəkildə araşdırılması və dövlətin milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində elmin rolunun artırılması məsələləri Elm Strategiyasının vəzifələrinə daxil edilmişdir.

Bundan başqa, dövlətin elmi-texnoloji və innovasiya siyasətinin əsas istiqamətləri müəyyən edilərkən Azərbaycan mədəniyyətinin və folklorunun öyrənilməsi əsas hədəflərdən biri kimi götürülmüşdür.

Beləliklə, adıçəkilən hər iki mühüm sənəd — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası və  Azərbaycan Respublikasında 2009-2015-ci illərdə  elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı Azərbaycan xalqının mədəni irsinin öyrənilməsi və mühafizəsi istiqamətindəki problemləri və hədəfləri müəyyən etməklə mədəni irsin mühafizəsi və tədqiqi üçün hüquqi təminatlar yaratmışdır.

Azərbaycan Respublikasında Elm Strategiyasının həyata keçirilməsi YUNESKO-nun da diqqət mərkəzindədir. Adıçəkilən təşkilat Elm Strategiyasının reallaşdırılması məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası ilə bir sıra görüşlər keçirməkdədir. Bu sıradan YUNESKO-nun məsul şəxsləri ilə  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov arasında  keçirilən görüş və fikir mübadilələri çox əhəmiyyətlidir.

Azərbaycan xalqı çoxəsrlik zəngin tarixə  və  mədəniyyətə malik bir xalqdır. Tarixən xalqımızın maddi və qeyri-maddi mədəni irsi saxtalaşdırılma və özgəninkiləşdirilmə təhlükələri ilə qarşılaşmışdır. Bu hal xüsusi ilə qeyri-maddi mədəni irsin  başqa xalqlar tərəfindən mənimsənilməsi şəkilində həyata keçirilmişdir. Mədəni irsimizə qarşı yönəlmiş təhdidləri aşağıdakı kimi qruplaşdırmaq olar.

1. Şifahi xalq ədəbiyyatımızın populyar nümunələrinin,  o cümlədən, dastanlar, nağıllar və s. mənimsənilməsi.

2.  Xalq musiqisi xəzinəsinə daxil olan  xalq mahnılarımızın mənimsənilməsi.

3. Milli musiqi alətlərmizin, o cümlədən,   balaban, kamança, saz və s. mənimsənilməsi.

4. Azərbaycan mətbəxinə daxil olan xörək növlərinin mənimsənilməsi.

5. Azərbaycan xalçalarının  mənimsənilməsi.

Yuxarıda qeyd olunan kateqoriyaya daxil olan mədəniyyət nümunələri, o cümlədən, «Koroğlu» və «Aşıq Qərib» dastanları ermənilər tərəfindən mənimsənilərək özününküləşdirilməyə cəhd edilir. Azərbaycan xalçaları İran xalçaları adı altında beynəlxalq sərgilərdə nümayiş etdirilir. Bundan başqa, Azərbaycanın məhşur xalq mahnısı «Sarı gəlin» beynəlxalq festivallarda erməni xalq mahnısı kimi təqdim edilir. Eyni vəziyyət Azərbaycan mətbəxinə məxsus olan xörəklər və musiqi alətlərinə də aiddir. Azərbaycanla müharibə vəziyyətində olan ermənilər tərəfindən Azərbaycan mədəniyyət nümunələrinin mənimsənilməsi artıq ənənə şəkilini almışdır.

Bundan başqa, qeyd etmək lazımdır ki, Azərbaycan folklor  nümunələrinə  bir çox hallarda ölkə daxilində ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən qeyri-qanuni istifadə hallarına rast gəlinir. Belə ki, ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən milli folklor nümunələrinə əmtəə nişanları alaraq onların yayım və istifadə hüququna məhdudiyyətlər qoyurlar. Göstərilən  hallar daha çox uşaq folkloru nümunələrinə  münasibətdə rast gəlinir.

 

Qeyri-maddi mədəni irsin mühafizəsi son illər BMT-nın elm və mədəniyyət təşkilatı olan YUNESKO-nun diqqətdə saxladığı ən aktual məsələlərdən birinə çevrilmişdir. YUNESKO 1972-ci ildə qəbul edilən Təbii və Mədəni Dünya İrsin Qorunması Müqaviləsindən başlayaraq qeyri-maddi mədəni irsin qorunması üçün əhəmiyyətli qərarlar qəbul etmişdir.  Bu qərarlardan biri 1989-cu ildəki Ənənəvi və Məşhur Mədəniyyətin Qorunması Tövsiyə Qərarıdır. Bu qərar folklorun qorunması istiqamətində YUNESKO tərəfindən qəbul edilmiş ilk əhəmiyyətli sənəddir. Bu mövzuda 1995-1999 illər arasında keçirilən regional və alt regional səkkiz seminar bütün dünyada folklorun qorunması mövzusunda əhəmiyyətli bir maraq yaratmışdır. 1999-cu ildə Vaşinqtonda reallaşdırılan konfrans isə «Qeyri-maddi irsin qorunması» haqqında Beynəlxalq Konvensiyanın hazırlanmasına gedən yolda əhəmiyyətli addımlardan biri olmuşdur. Nəticə olaraq deyilə bilər ki, 1989-cu il Tövsiyə Qərarı, 1994-cü il Yaşayan İnsan Xəzinələri və 1997-1998 illər İnsanlığın Şifahi və Qeyri-Maddi Əsas Quruluşlarının Elan proqramının qəbul edilməsi 17 oktyabr 2003-cü il tarixdə Parisdə YUNESKO-nun Baş Qərargahında «Qeyri-maddi irsin qorunması» haqqında Beynəlxalq Konvensiyanı  yaradan üç təməl sənəddən biridir. Xüsusilə  qeyd etmək lazımdır ki,  folklorşünaslıqla məşğul olan şəxlər üçün bu sənəd özündə son dərəcə zəngin fikirləri ehtiva edir.

Konvensiya çərçivəsində «Bəşəriyyətin Şifahi və  Qeyri-Maddi İrsinin Şah Əsərlərinin Elan Olunması»  proqramı yaradılıb. Həmçinin epos söyləyənlərin sənəti bəşəriyyətin ümumi insanlıq irsinin şah əsərlərindən biri elan olunub.

Hazırda YUNESKO-nun Reprezentativ Qeyri-Maddi   Mədəni İrs Siyahısına salınan əsərlərin formatında dəyişikliklər aparılmışdır. Qərara alınmışdır ki, reprezentativ və təhlükə altında olan əsərlər də, şah əsərlər sırasında yer alsın. Həmçinin  hər hansı xalqın özünüdərk xüsusiyyətlərini özündə əks etdirən və məhv olmaq təhlükəsi altında olan nümunələr YUNESKO tərəfindən qəbul edilsin.

Azərbaycanın mədəni irsinin qorunması ilə bağlı  milli  fəaliyyətlərə diqqət yetirək.  Mütərəqqi hal kimi onu da qeyd etmək lazımdır ki, 2003-cü ilin noyabr ayında Azərbaycan muğamı YUNESKO tərəfindən  Bəşəriyyətin Şifahi və  Qeyri-Maddi  İrsinin Şah Əsəri  elan olunmuşdur. 28 sentyabr 02 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramı qeyri maddi-mədəni irsin reprezentativ siyahısına daxil edilib. Hazırda isə «Azərbaycan xalçaları» adlı obyektlərin həmin siyahıya salınması ilə bağlı iş aparılır. Bu sahədə Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti, YUNESKO-nun şifahi musiqi ənənələri sahəsi üzrə Xoşməramlı səfiri Xanım Mehriban Əliyevanın sistematik, yorulmaz fəaliyyəti təqdirəlayiq hal kimi qeyd edilməlidir. YUNESKO ilə əməkdaşlığın yüksək səviyyədə qurulması bu sahədə sistematik işin aparılmasına öz töhvələrini vermişdir. Xüsusilə Xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda I Beynəlxalq Muğam Festivalının keçirilməsi dünyada mühüm mədəniyyət hadisələrindən biridir.

Bundan başqa, AMEA-nın Folklor İnstitutu, Mərkəzi Budapeşt şəhərində yerləşən Avropa Folklor İnstitutu, Azərbaycan Respublikasının Macarıstandaki səfirliyi və Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı nəticəsində Azərbaycan xalqının iki böyük epik mədəniyyət abidəsi olan «Kitabi-Dədə Qorqud» və «Koroğlu» dastanlarının macar dilinə tərcümə edilməsi bu sıradan görülən mühüm işlərdəndir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizim Nazirliyində Qeyri-Maddi Mədəniyyət Sektorunun yaradılması və Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin kesirdiyi seminarlar bu sahəyə dövlətin diqqət və qayğısının təzahürüdür. Bütün bu görülən işlərin davamlılığının təmin edilməsi aparılan işlərin bir strategiya ətrafında koordinasiya edilməsi zərurətini yaradır.

Folklor nümunələrinin tədqiqi, mühafizəsi ilə bağlı YUNESKO-nun tövsiyyələrindən irəli gələn yeni vəzifələr müəyyən edilmişdir. YUNESKO-nun 2003-cü il tarixdə qəbul edilmiş «Qeyri-Maddi İrsin Qorunmasi»  Haqqında Beynəlxalq Konvensiya dünya və Azərbaycan folklorşünaslığı qarşısında yeni vəzifələr müəyyən etmişdir. Konvensiya qeyri-maddi mədəni irsin tədqiqi və mühafizəsi ilə bağlı özündə aşağıdakıları ehtiva edir:

1) Qeyri-maddi irsin təqdimatında daşıyıcı funksiyanı yerinə yetirən sözlü ənənə və söyləmələr;

2) Təsviri sənətlər;

3) Təbiət və kainatla bağlı ənənələr;

4) İctimai adət-ənənələr, rituallar və mərasimlər;

5) Xalq  sənətləri ənənələri.

Konvensiya bu sahələrdə meydana çıxan  qeyri-maddi irsin araşdırılmasını, toplanmasını arxiv və sənədləşdirilmə mərkəzlərinin yaradılmasını, muzeylərin qurulmasını, təhsil müəssisələrində dərsliklə tədrisini kütləvi informasiya vasitələrində müsbət mədəniyyət dəyərləri olaraq təbliğini, və nəsillər arasında yaranan rabitəsizliklərin (boşluqların) aradan qaldırılmasına xidmət etmək şəkilində dəyərləndirilməsini əsas məqsəd hesab edir. Konvensiyanın 13-cü maddəsi, qeyri-maddi irsin milli səviyyələrdə qorunmasını  dövlət daxili müvafiq qurumlara tövsiyyə etmişdir.

YUNESKO-nun son illər dövri olaraq  dünya xalqlarının qeyri-maddi mədəni irsinin qorunmasına həsr edilmiş bir beynəlxalq   konfranslar nəticəsində qeyri-maddi mədəni irsin qorunmasının ən effektiv variantı kimi sözügedən mədəniyyət nümunələrinin milli və beynəlxalq səviyyədə siyahıya alınması məqsədəuyğun hesab edilmişdir.

Bu mənada Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda hazırlanmış «Azərbaycan Folklor Nümunələrinin Hüquqi Qorunması və Milli Reyestrinin Aparılması Strategiyası» adlı sənəd bu sahədə  aparılan işə ən gözəl tövhədir. Sözügedən sənəd üçün əsas hüquqi baza Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası, Elm Strategiyası və YUNESKO-nun konvensiyaları olmuşdur. Hazırlanmış sənəd Azərbaycan folklorşünaslığı qarşısında yeni vəzifələr müəyyən edərək  onun dünya elminə inteqrasiyasını qarşısına məqsəd qoymuşdur. Sənədin əsas hədəfləri Azərbaycanın milli maraqlarını qorumaq onun mədəniyyətinin tədqiqi və mühafizəsini təmin etməkdir.

Azərbaycan folklor nümunələrinin hüquqi qorunması problemi bir sıra hüquqi və elmi-nəzəri məsələləri ehtiva edir. Hüquqi aspektdən yanaşıldıqda Azərbaycan folkloru nümunələrinin hüquqi qorunmasının təmin edilməsinə aid fəaliyyəti 2 kateqoriyaya ayırmaq olar.

1)   Milli qanunvericiliyin təkmilləşdirilməsi;

2)   Beynəlxalq Konvensiyaların ratifikasiya edilməsi.

Milli qanunvericiliyin təkmilləşdirilməsi dedikdə «Folklor nümunələrinin hüquqi qorunması haqqında» Azərbaycan Respublikasının qanununa dəyişikliklərin edilərək, həmin qanunun mükəmməlləşdirilməsi nəzərdə tutulur. Sözügedən qanunun təkmilləşməsinə olan ehtiyacın hansı zərurətdən yaranması folklorşünaslıqla bağlı bir sıra spesfik anlayışlara, «toplayıcı», «söyləyici», «tərtibatçı» və. s. kimi folklorşünaslıqda geniş yayılmış terminlərə hüquqi status verilməsi ehtiyacı ilə şərtlənir. Bundan başqa, folklor nümunələrinin  reyestrinin aparılmasına dair qanunvericilik aktlarının  yaradılması və  həmin aktların milli qanunvericilik sisteminə daxil edilməsini bu sahədə atılacaq vacib addımlardan hesab etmək olar. Həmçinin Azərbaycan folklorşünaslığının elmi-nəzəri konsepsiyasının hazırlanması da məhz bu sahədə milli qanunvericiliyin təkminləşdirilməsinin tərkib hissəsidir.

Beynəlxalq Kovensiyaların ratifikasiyası dedikdə, xüsusilə YUNESKO-nun 2003-cü il tarixdə qəbul edilmiş  «Qeyri-Maddi İrsin Qorunması»na dair Konvensiyasının Azərbaycan Respublikası  Milli Məclisində ratifikasıya edilməsi qeyri-maddi mədəni irsin qorunması üçün hüquqi təminatları artırmış olar.

Göstərilən problemlərin kompleks şəkildə öyrənilməsi və həll edilməsi strateji baxımdan  milli fəaliyyət planının tərkib hissəsinə daxil olmalıdır. Bütövlükdə Azərbaycan folklor nümunələrinin milli reyestrinin aparılmasına dair vəzifələri aşağıdaki kimi qruplaşdırmaq olar.

1. Folklor nümunələrinin hüquqi qorunmasına dair qanunvericiliyin təkminləşdirilməsi;

2. Folklor nümunələrinin milli siyahıya alınmasına dair fəaliyyətin nazirliklər, agentliklər, ixtisaslaşdırılmış elmi-tədqiqat institutları arasında koordinasiya edilməsi;

3. Azərbaycan folklorşünaslığı qarşısında yeni vəzifələrlə bağlı elmi tədqiqat istiqamətlərinin müəyyən edilməsi;

4. Folklorşünaslıq qarşısında yeni vəzifələrin müəyyən edilməsi ilə bağlı AMEA-nın Folklor İnstitutunun strukturunun təkminləşdirilməsi və yenidən formalaşdırılması;

5. Orta təhsil müəssisələrində folklor dərsliyinin hazırlanması;

6. Folklor nümunələrinin dünya dillərinə tərcümə olunması;

7. YUNESKO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına dax

il olunmuş folklor nümunələrinin (muğam və aşıq musiqisi) siyahısının hazırlanması;

8. Folklor studiyasının yaradılması və milli adət-ənənə ilə bağlı  sənədli filimlərin çəklişi;

9. Beynəlxalq elmi konfranslar və festivallar  keçirilməsi.

Bundan başqa, Azərbaycan folklor nümunələrinin milli reyestrinin aparılmasına  dair  məqsədləri isə aşağıdaki kimi qruplaşdırmaq olar:

1

. Folklor nümunələrinin əhatə dairəsinin müəyyən edilməsi;

 

2. Folklorşünaslığın elmi-nəzəri problemlərinə dair konsepsiyanın hazırlanması;

 

3. Folklor nümunələrinin milli siyahıya alınmasının hüquqi bazasının və təminatların yaradılması;

4. Azərbaycan folklor nümunələrinin mühafizəsinin təmin edilməsi;

5. Folklor nümunələrinin milli siyahıya alınması və dövlət reystrinin aparılması;

6. Folklor nümunələrinin müasir informasiya texnologiyalarına uyğun qorunması ilə bağlı texniki vasitələrin tətbiqi;

7. Azərbaycan Milli Folklor Arxivinin və Muzeyinin yaradılması.


QEYDLƏR:
 

1. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası (23.05.07-ci il tarixdə qəbul edilmişdir).

2. «Folklor nümunələrinin hüquqi qorunması haqqında» Azərbaycan Respublikasının qanunu  (16 may 2003-cü il  tarixdə qəbul edilmişdir).

3. Azərbaycan Respublikasının Prezidentinin 04 may 2009-cu il tarixli (№255) sərəncamı ilə Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı təsdiq edilmiş Dövlət proqramı.

4. 28 sentyabr, 02 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmrliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni qorunması üzrə Komitəsinin 4-cü sesiyasında qəbul edilmiş YUNESKO-nun Hökümətlərarası Komitəsinin yekun qərarı.

5. 17 oktyabr 2003-cü il tarixdə Parisdə YUNESKO-nun Baş Qərargahında qəbul edilmiş «Qeyri-maddi irsin qorunması»  haqqında Beynəlxalq Konvensiya.

6. Paşa Əfəndiyev. Azərbaycan Şifahi Xalq Ədəbiyyatı. Bakı, «Maarif», 2006

7. Seyfəddin Rzasoy. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. Bakıç «Nurlan», 2008