Hüquqşünas Səməd Vəkilov: «Vətəndaşların elementar hüquqi biliklərə yiyələnmələri vacibdir»

2014/07/15 16:26
Hüquqşünas Səməd Vəkilov: «Vətəndaşların elementar hüquqi biliklərə yiyələnmələri vacibdir»

Samad VekilovBu gün Azərbaycan vətəndaşlarının rastlaşdıqları ciddi problemlərdən biri məhkəmə-hüquq sistemilə bağlıdır. Mütəxəssislərin fikrincə, problemin səbəbləri müxtəlifdir: bir tərəfdən bu, vətəndaşların öz hüquqlarını bilməməsi, digər tərəfdən də hüquq maarifçiliyinin istənilən səviyyədə olmaması ilə əlaqədardır. Bəs sözügedən sahədə maarifçiliyin çatışmazlığı ilə bağlı daha hansı məqamlar var?

«Müvəkkil» Hüquq Mərkəzinin sədri, «Hüquq mədəniyyəti» jurnalının baş redaktoru, hüquq müdafiəçisi Səməd Vəkilovla bu mövzuda söhbətləşirik. Öncə o, «hüquq mədəniyyəti», «hüquqi maarifçilik» anlayışları haqqında qənaətlərini bölüşür: «Hüquq mədəniyyəti bir davranış modelidir. Hər bir xalqın hüquqa münasibətindən irəli gələn bir davranış sistemi var. Buna hüquq elmində «hüquq düşüncəsi» deyilir. Bu hüquq düşüncəsi illərlə formalaşan bir modeldir. İnsanlarımızın hüquq mədəniyyəti sarıdan illərlə formalaşmış, sovet vaxtından qalmış stereotipləri yaranıb. Çox maraqlıdır ki, bu kimi hallar cəmiyyətdə artıq sindrom səviyyəsindədir».

İllərdir ki, bu məsələni araşdıran Səməd Vəkilov qənaətlərini bildirir: «Bizim «Məhkəməyə etimad» adlı layihəmiz var. Bu layihənin icrası zamanı xeyli müşahidələr apardım. Həticə budur ki, Azərbaycan insanı əsasən məhkəmə adı gələndə çox təşviş keçirir, konkret olaraq məhkəmədən qorxur. İnsanlar bir-birlərini məhkəməyə verməklə hədələyirlər: «Səni məhkəməyə verəcəyəm, gör başına nə oyun açacağam». Belə bir davranış modeli inkişaf etmiş ölkələrdə yoxdur. Ona görə ki, bu ölkələrdə həm də məhkəmə ədalətlidir. Ancaq bizdə bu yöndə müəyyən problemlər var. İnsanların hüquq-mühafizə orqanlarından, məhkəmələrdən «qaçması» — kənar gəzməsi amili gerçək qalır. Bu da onunla bağlıdır ki, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra illərlə çəkən repressiyalar, xüsusən də 1937-ci ildəki qanlı terror əməllərinin adamların ağlında yaratdığı xof indi də öz acı təsirini göstərməkdədir. Məlumdur ki, 1937-ci ildə bu cür repressiyaları əsasən hüquq-mühafizə orqanları həyata keçirib, cəza aparatı rolunu oynayıb, 100 ilə yaxın müddətdə stereotip olaraq formalaşıb. İnsanların məhkəmələrdən qaçması, məhkəmə adı gələndə həyəcanlanması bu amillə bağlıdır. Müstəqilliyimiz dönəmində sözügedən stereotiplərin dağılması istiqamətində demək olar, o qədər də iş görülməyib. Bu məsələdə xoşagəlməz ab-hava var. Əsasən qeyri-hökumət təşkilatları məhkəmə sistemini tənqid edirlər. Hökumət orqanları da birmənalı olaraq bu sahədə demək olar, problemin olmadığını bildirirlər. Şübhəsiz, oxucu ümumi vəziyyəti doğru-düzgün təhlil edib nəticə çıxartmağı bacarmalıdır».

Hüquqşünas bu fikirdədir ki, Azərbaycanda məhkəməyə münasibətdə, məhkəmə-hüquq sistemi sahəsində problemlərin öyrənilməsi, əhalinin maarifləndirilməsi sarıdan kifayət qədər iş görülməyib: «Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hüquq mədəniyyəti istiqamətində hələ ki, layihə həyata keçirməyib. «Hüquq mədəniyəti» anlayışının açımından tutmuş bu sahədəki problemləri insanlara çatdıran radio-televiziya verilişi yoxdur. Məsələyə bu cür münasibət stereotipin qalmasına gətirib çıxarır. Məhkəmə proseslərində iştirak edən bir hüquqşünas kimi deyə bilərəm ki, bu stereotip məhkəmə hakimlərimizdə də müşahidə edilir. Elələri var, özlərini cəza aparatının funksioneri kimi hiss edirlər. Bu, ayrı-ayrı fərdlərə, məhkəmə proseslərinə münasibətdə özünü göstərir. Seminarlar keçirməklə, Avropa ölkələri ilə müqayisələr aparmaqla məncə, bu problemi köklü şəkildə həl etmək mümkün deyil. Əsas məsələ odur ki, insanların düşüncəsində irəliyə doğru dəyişilmə getsin».

Səməd Vəkilov çıxış yolunu problemin kökünün daha aydın öyrənilməsində görür: «Hesab edirəm ki, qeyri-hökumət təşkilatları ilə məhkəmələr arasında bu sahədə birgə iş aparılmalıdır, sonra isə təsir mexanizmləri müəyyənləşdirilməlidir. Bu cür maarifləndirici söhbətlər körpü funksiyasını yerinə yetirməlidir».»Hüquq mədəniyyəti» anlayışı və Azərbaycan gerçəkliyində bunun ifadəsi kifayət qədər düşündürücü məsələdir.

Səməd Vəkilov sözügedən məsələ ilə bağlı ayrı-ayrı sahələrdə maraqlı mənzərəylə qarşılaşmaların yarandığını bildirir: » İstehlakçı mədəniyyəti və istehlakçı xidmətlərinin həyata keçirilməsindən danışırlar. Məsələn, Azərbaycan insanı marşrut avtobusa minir, sürücü öz zövqünə uyğun olaraq maşında istədiyi mahnını səsləndirir. Beləliklə, bayağı mahnılar avtobusu başına götürür. Əslində bu, bir xidmət sahəsidir. Dünyanın hər yerində normativlər müəyyənləşdirilib. Dünyanın xüsusən inkişaf etmiş ölkələrində sürücü ən yüksək xidməti həyata keçirməlidir, sadəcə, bu, onun vəzifə borcudur. Bizdə isə üstəlik, sürücü yüksək səslə danışır, çox zaman istədiyi hərəkətlər edir, söyüş söyür, siqaret çəkir, insanların bu və ya digər hüquqlarını nəzərə almır, özünün bu hərəkətləri etməyə haqqı olduğunu düşünür. Ancaq anlamır ki, bu cür hərəkətləri ilə o, istehlakçıların hüquqlarını pozur. Tutaq ki, bir sərnişin qayıdıb deyir, avtobusda siqaret çəkmək olmaz, yaxud musiqinin səsini kəsin, yavaş sürün. O zaman sürücü deyir ki, «xoşun gəlmir, düş, taksiylə get». İstehlakçı mədəniyyəti məsələsində bu amillər xüsusilə nəzərə alınmalı, problemin kökü dərindən araşdırılmalıdır. Maarifləndirmə yönündə bir neçə televiziya verilişinin efirə getməsi belə problemi həll etməz. Bundan ötrü sistemli şəkildə maarifçilik hərəkatı olmalıdır, vətəndaşlarımız, ziyalılarımız bu kimi məsələlərdə fəallıq göstərməlidirlər. İlk növbədə isə hüquqşünasların çiyninə böyük vəzifələr düşür».

Hüquqşünas daha sonra deyir: »Məhkəmələrdə rastlaşdığımız ən problemli məsələlərdən biri insanların şahid kimi bir-birinə qarşı ifadə vermək qorxusudur. Azərbaycan insanı şahid kimi ifadə verməkdən çəkinir, qorxur, həyəcanlanır, buna eyibli bir iş kimi baxır. Bu yaxınlarda «Hüquq mədəniyyəti» jurnalının çıxacaq ilk sayında sözügedən məsələlər geniş işıqlandırılacaq».

Hüquqşünas bir məhkəmə prosesindən də danışdı: «Dərnəgül yolunda yoldan keçən bir vətəndaşı «Kamaz» vurur. Sürücü maşından düşür, yüzlərlə insanın, taksi sürücüsünün qarşısında hamıya yalvarır ki, kömək edin, ancaq bir nəfər də yaxın durmaq istəmir. Ona görə kömək eləmirlər ki, bundan sonra şahid kimi məhkəmədə, polisdə şahid kimi ifadə verməlidir. Kömək eləsəm, deyəcəklər ki, niyə kömək eləmisən, hardaydın? Niyə ordaydın və s. «Kamaz» şoferi görür ki, kömək edən yoxdur, özünü atır uzaqdan gələn bir taksi maşınının altına, sürücü məcbur olur saxlayır, yaralını xəstəxanaya aparırlar. Həqiqətən bu, ürəkağrıdan bir məsələdir. Türkiyənin məhkəmə sistemində, insanların şüurunda belə problemlər yoxdur. Orada insan haqq naminə gedib, məhkəmədə sözünü deyir. Ancaq bizdə neqativ hallar mövcudur. Hətta bizdə məhkəmədən çıxan şahidlər ora-bura baxırlar ki, görəsən, bunun haraya gəldiyini görən olmadı ki. Dəfələrlə rastlaşmışam, adamlar deyirlər, bizim nəsildən məhkəməyə gedən olmayıb, eyibdir, biabır olar, eşidən-bilən nə deyər. Hətta şahid kimi dəvət etdiyimiz insan bildiyi şeyləri danışmaqdan belə imtina edib. Məhkəməyə müraciət mədəniyyəti məsələsi də ciddi problemdir. Şübhəsiz, burada vətəndaşların müəyyən elementar hüquqi biliklərə yiyələnmələri son dərəcə gərəklidir».

Səməd Vəkilov məhkəmələrdə korrupsiya hallarının olduğunu bildirir: «Məhkəmə-hüquq Şurası bu kimi hallarla bağlı son illərdə bir neçə hakimi işdən azad edib, onların fəaliyyətinə vaxtından əvvəl xitam verilib və s. Bu kimi problemlər var. Əgər belə şeylər olmasaydı, o zaman insanlar bir-birlərini məhkəmə ilə qorxutmazdı. Amerikada, digər ölkələrdə insanlar arasında mübahisələr məhkəməyə gedib çıxanda son qərar məhkəmənin olur və bununla da mübahisə kəsilir».

Hüquqşünas Almaniyada keçirilən sorğunun nəticələri haqında danışdı: «Bir neçə il əvvəl Almaniyada məhkəməyə etimad, daha doğrusu, cəmiyyətdə ayrı-ayrı təbəqələrə etimad məsələsilə bağlı geniş sorğu keçirilmişdi. Orada etimad ilk olaraq hakimlərə, sonra həkimlərə və jurnalistlərə göstərilib. Türkiyədə il əvvəl keçirilən sorğularda məhkəmələrə etimad 50 faiz təşkil edib. Bu, o deməkdir ki, hüquq mədəniyyətinin inkişafıyla bağlı müzakirələr genişləndirilməlidir. Sözügedən problem elmi-nəzəri cəhətdən də araşdırılmalıdır və inanıram ki, bundan sonra artıq cəmiyyətimizdə bu kimi məsələlərdə bir irəliləyiş hiss oluna bilər. Avropa ölkələrində hakim cəmiyyətdə böyük nüfuz sahibidir. Ona çox hallarda qeyri-adi insan kimi baxırlar. Ancaq təəssüf ki, bizdə belə deyil. Hakimlərin hüquq düşüncəsində, məsələlərə yanaşmasında təəssüf ki, komplekslər mövcuddur. Şübhəsiz, problemə bütövlükdə yanaşmaq və doğru-düzgün nəticə çıxarmaq gərəkdir». Haqq hüquqdan irəlidir. Gerçəkdir ki, hüquq elmi haqqın özülündə formalaşıb. Bir var, ümumən insanların haqqa, həqiqətə, yüzillərdən bəri mentalitetdə formalaşmış qaydalara əsaslanması, bir də var problemlərin hüquqi müstəvidə çözümü. Səməd Vəkilov: »Çox zaman adamlar işin məhkəməyə gedib çıxmamasına çalışırlar, sonradan isə elə olur, problemlər daha da dərinləşir. Problem hüquqi müstəviyə çıxanda isə çox zaman başqa xarakter alır. Bu gün dünya bir yuridiksiya altında birləşməyə meyllidir. Burada müəyyən anlaşılmazlıqlar meydana çıxır. Ancaq hər bir xalq mümkün qədər özünün milli keyfiyyətlərini qoruyub saxlamalıdır».

www.xalqcebhesi.az

Sürayyə Ağaoğlu — Türkiyənin ilk qadın vəkili

2014/07/14 16:27
Sürayyə Ağaoğlu — Türkiyənin ilk qadın vəkili

Qürur duyulacaq həmyerlimiz yaxından tanıyaq. Sürayyə Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. Atası böyük fikir adamı, ideoloq, hüquq professoru Əhməd bəy Ağaoğlu ilə birlikdə 1910-cu ildə Türkiyəyə mühacirət etmişdir. Uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçmişdir. Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşmüşdür.

İstanbul Universitetinin hüquq fakültəsinin ilk qız tələbəsi

İstanbul Qız Liseyində təhsil aldığı illərdən vəkil olmaq arzusu ilə yaşayan Sürayyə Ağaoğlu 1920-ci ildə həmin Liseyi bitirir. 1921-ci ildə İstanbul Universitetinin hüquq fakültəsinə sənədlərini təqdim etmək üçün müraciət etdikdə problemlə qarşılaşır. Həmin dönəmdə hüquq fakültəsində qadın tələbə olmadığı üçün İstanbul Universiteti rektoru Haldun Taner ona kömək edə bilməyincə, o, rektorun atası Səlahəttin bəyə müraciət etmək qərarına gəlir.

Türk qadınlarının çarşabda gəzdiyi bir vaxtda Sürayyə Ağaoğlunun stereotipləri dağıdaraq vəkil olmaq üçün hüquq fakültəsinə qəbul olmaq niyyəti ictimaiyyət tərəfindən qeyri-adi qarşılanır. Sürayyə xanım Səlahəttin bəyə hüquq fakültəsinə qəbul olmaq istədiyini dedikdə otaqda olan şəxslər bu təklifi qəhqəhələrlə qarşılayırlar. Lakin Sürəyyə xanımın təkidi və özü kimi 2 nəfər vəkil olmaq üçün müraciət edən xanımları (Melda və Bedia) təqdim etdikdə onlar ayrıca fakültə açmaq məcburiyyətində qalırlar. Amma günortaya qədər kişi tələbələrə günortadan sonra isə qadın tələblərə dərs keçirdilər.

Behbud xan Cavanşirin qatilinin məhkəməsində

1921-ci il iyulun 18-də erməni qatil Torlakyan İstanbulun «Pera-Palas» hotelinin önündə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir. Sürəyya Ağaoğlu hüquqşünas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə «Bir ömür də belə keçdi» adlı memuarında yazır: «Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlokyan gecə ikən qaçırıldı».

Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür. Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir.

Bütün bu çətinliklərə baxmayaraq Sürəyya Ağaoğlu 1925-ci ildə İstanbul Universiteti hüquq fakültəsini bitirir. 5 dekabr 1927-ci ildə Ankara Vəkil Bürosuna üzv qəbul olur. 1928-ci ildə müstəqil vəkil lisenziyasını alaraq Türkiyə Cümhuriyyətinin ilk qadın vəkili və qadın hüquqlarının müdafiəçisi ünvanını qazanmış olur. 1936-cı ildə Ankara Vəkil Bürosundan İstanbul Bürosuna keçir. İngilis və fransızca mükəmməl bilən Sürəyya Ağaoğlu məslək həyatı boyunca çox sayda dövlətlərarası beynəlxalq konfranslarda iştirak edir. 1946-1960-cı illərdə İstanbul Vəkil Bürosunun İdarə Heyətinin yeganə qadın üzvü olaraq fəaliyyət göstərmişdir.

Alman hüquqşünasla ailə qurur

1950-ci ildə Alman hüquqşünas Werner Taschenbreker ilə ailə qurmuşdur. Lakin bu izdivacdan onların övladı olmamışdır.

Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu, Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təməl qoyucusudur.

Qardaşı Səməd Ağaoğlunun vəkili olur

Sürəyya xanımın qardaşı Ankara Universitetinin hüquq fakültəsinin məzunu Səməd bəy Ağaoğlu (Türkiyə Cümhuriyyətinin dövlət naziri olub) 1960-cı il, 27 may tarixdə Türkiyənin baş naziri Adnan Menderes işi üzrə ömürlük həbs cəzasına məhkum olunduğu məhkəmə prosesində onun vəkili olmaq kimi acı taleyi də yaşamış olur. (S.Ağaoğlu 1964-cü ildə amnistiyaya buraxılmışdır).

S.Ağaoğlu bir sıra hüquqi məqalələrin, «Londonda gördüklərim» və «Bir ömür də belə keçdi» kitablarının müəllifidir. 29 dekabr 1989-cu ildə İstanbulda “Qadın hüquqları və müasirləşmək” adlı bir konfransdan ayrılarkən yıxılan Sürəyya Ağaoğlu beyninə qan sızması nəticəsində vəfat etmişdir.

Səməd Vəkilov
Hüquqşünas

«Elektron məhkəmə» ədalət mühakiməsinə vətəndaş etimadının artmasına xidmət edir

2014/07/10 15:17
«Elektron məhkəmə» ədalət mühakiməsinə vətəndaş etimadının artmasına xidmət edir

Fikret MammadovSon dövrlər  mətbuatda Məhkəmə-Hüquq Şurasının geniş iclasının keçirilməsi, ölkə Prezidenti cənab İlham Əliyevin «Elektron məhkəmə» informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncamından irəli gələn məsələlərin müzakirə edilməsi barədə məlumat yayılmışdı. Bununla əlaqədar ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət edib məhkəmə fəaliyyətinin müasirləşdirilməsi üzrə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən həmin məsələlərə dair fikirlərini öyrənmək istədik. 

- Fikrət müəllim, dövlət başçısının «Elektron məhkəmə» informasiya sisteminin yaradılması haqqında Sərəncamını şərtləndirən amillər və onun məhkəmə fəaliyyətində hansı dəyişikliklərə səbəb olacağı barədə fikirlərinizi bölüşmək istərdik.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezidentin bilavasitə rəhbərliyi ilə davam etdirilən məhkəmə islahatları çərçivəsində əhaliyə səmərəli xidmət göstərilməsinə, bu zaman korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına və vətəndaş məmnunluğunun artırılmasına xüsusi önəm verilir.

Müasir informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramlarının qəbulu (Elektron Azərbaycan), ölkə Prezidenti cənab İlham Əliyevin 23 may 2011-ci il tarixli Fərmanı ilə əhaliyə elektron xidmətlərin göstərilməsinə başlanılması və onun günbəgün genişləndirilməsi, korrupsiya ilə mübarizədə ölkə prezidentinin təşəbbüsü ilə yaradılaraq Azərbaycanın milli brendinə çevrilmiş və əhalinin böyük etimadını və rəğbətini qazanmış «ASAN» xidmətin təsis edilməsi vətəndaş-məmur münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir.

Bu baxımdan məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən köklü islahatlar çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müxtəlif texnoloji yeniliklərin tətbiqi obyektiv zərurətə çevrilmişdir. «Elektron məhkəmə» informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncam isə bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoymuşdur.

Belə ki, «Elektron məhkəmə» informasiya sisteminin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcəkdir.

Təsəvvür edin, bu sistemin işləməsi ilə insanlar artıq məhkəməyə gəlmədən, elektron formada müraciət edə biləcək, proses barədə məlumatları elektron daşıyıcıda, dərhal alacaq, məhkəmə prosesləri audio-video və digər texniki vasitələrlə qeydə alınacaq, habelə prosesi onlayn rejimdə müşahidə etmək imkanı yaradılacaq, proses iştirakçıları məhkəmənin gedişi, qərarlar və onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron » şəxsi kabinetə» malik olacaq, işlərin elektron dövriyəsi təşkil ediləcəkdir.

Bu sahədə beynəlxalq təcrübəyə müraciət etdikdə maraqlı məqamlar görünür. Məsələn, Sloveniyada kiçik məbləğli iddialar üzrə elektron məhkəmə və icra sisteminin tətbiq olunması ilə 44 məhkəmədə 350 hakim və məhkəmə işçisi tərəfindən görülən iş hazırda cəmi 1 məhkəmədə 4 hakim və 62 məhkəmə işçisi tərəfindən həyata keçirilir. Avstriya, Türkiyə, Sinqapur və digər dövlətlərdə tətbiq edilən təcrübə, o cümlədən iddiaların elektron formada təqdimi və qeydiyyatı, tərəflərin SMS və digər elektron üsullarla məlumatlandırılması, müxtəlif məlumat bazaları ilə inteqrasiyanın aparılması diqqəti xüsusi cəlb edir. Lakin o da qeyd olunmalıdır ki, bütün Avropa məkanında cəmi 4 dövlətin məhkəmə sistemində (Avstriya, Estoniya, Malta və Portuqaliya) müasir İKT-lərin tam tətbiq olunduğunu demək olar.

Eyni zamanda onu da bildirmək istərdim ki, «Elektron məhkəmə» informasiya sisteminin yaradılması əhəmiyyətli olduğu qədər də mürəkkəb və çoxmərhələli prosesdir.

Bununla əlaqədar bu sahədə qarşıda duran vəzifələr Ədliyyə Nazirliyinin geniş kollegiyasında və Məhkəmə-Hüquq Şurasının sonuncu iclasında müzakirə edilmiş, əhatəli tədbirlər planının hazırlanması, zəruri infrastrukturun formalaşdırılması, müasir İKT-lərin daha geniş tətbiqi, müvafiq qanunvericilik layihələrinin hazırlanması və s. məsələlər üzrə konkret tapşırıqlar verilmişdir. 

- Bildiyimizə görə məhkəmə infrastrukturunun müasirləşdirilməsi və qabaqcıl İKT-lərin tətbiqi üzrə genişmiqyaslı işlər görülüb. Bunları «Elektron məhkəmə» informasiya sisteminin yaradılması üçün hazırlıq kimi qəbul etmək olarmı

Məhkəmə sisteminin və infrastrukturun dinamik inkişafının təmini, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi məsələləri ölkə Prezidentinin hələ 2009-cu ildə təsdiq etdiyi Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramında əks edilmiş, məhkəmələrdə İKT-lərin tətbiqinin sürətləndirilməsi, müasir tələblərə cavab verən iş prosesinin təşkili, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi ön plana çəkilmişdir.

Həmçinin açıq hökumətin təşviqinə və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planlarında da vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, insan haqlarının etibarlı təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

Xüsusilə möhtərəm Prezidentimiz tərəfindən ötən ilin «İKT ili» elan olunması ilə əlaqədar bu sahədə tədbirlərimiz daha da genişləndirilmişdir.

Belə ki, son 2 ildə 4 yeni, müasir İKT-lərlə tam təchiz olunmuş məhkəmə binası inşa edilib istifadəyə verilmişdir. Hazırda 10 məhkəmə üçün belə binaların tikintisi aparılır, habelə çoxsaylı yeni məhkəmə binası layihələndirilmiş, digər məhkəmə binalarının bu tələblərə uyğunlaşdırılması üçün intensiv işlərə başlanılmışdır.

Yeni inşa olunan binalarda beynəlxalq tələblərə uyğun iş prosesinin təşkilinə, vətəndaşların müraciət imkanlarının asanlaşmasına xüsusi diqqət yetirilir, proseslərin audio-video yazısını aparan sistemlər, video-konfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi üçün zəruri infrastruktur yaradılır, müasir tipli təhlükəsizlik sistemləri quraşdırılır, vətəndaşlarla qeyri-prosessual münasibətlərin qarşısı alınır.

Həmçinin, Dünya Bankü ilə birgə həyata keçirilən «Ədliyyə sisteminin müasirləşdirilməsi» layihəsi çərçivəsində Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi, habelə bir sıra ədliyyə və məhkəmə orqanlarında müasir İT infrastrukturunun qurulması işi tamamlanmış, elektron sənəd dövriyəsi, məhkəmə işlərinin elektron idarəetmə sistemləri, habelə proseslərin elektron qeydiyyatı sistemi hazırlanmışdır. Hazırda həmin sistemlər Bakı şəhəri Yasamal rayon məhkəməsində sınaq rejimində tətbiq olunur.

Təhlillər göstərir ki, məhkəmələrdə ən mühüm problemlərdən biri proses iştirakçılarının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamasıdır. Məhkəmə bildirişlərinin vaxtında çatmaması çəkişmə prinsipinə əməl edilməməsi, işlərə qanunla müəyyən edilmiş müddətdə baxılmaması ilə nəticələnir və haqlı şikayətlər doğurur. Bununla əlaqədar «Elektron-bildiriş» informasiya proqramı hazırlanmış və Bakı şəhərinin Xəzər rayon məhkəməsində sınaq rejimində tətbiqinə başlanılmışdır. Bu proqrama uyğun olaraq məhkəmə iclası barədə bildirişlər iş təyin olunan anda hakimin elektron imzası ilə təsdiq olunur və dərhal tərəflərin e-mail ünvanlarına və ya mobil telefonlarına SMS formasında göndərilir.

Eyni zamanda vətəndaşlara hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə məhkəmə sisteminin vahid internet portalı yaradılmışdır. Bu portal vasitəsilə vətəndaşlara məhkəmələrə onlayn rejimində müraciət etmək və cavab almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, qəbul günləri və s. barədə ətraflı məlumat almaq imkanı yaradılmışdır.

Məhkəmələrdə təyin edilən işlərin siyahısı və yekun məhkəmə aktları bazasının formalaşdırılaraq portalda yerləşdirilməsi, məhkəmə rüsumlarının elektron qaydada ödənilməsi nəzərdə tutulur. Bu sahədə ölkəmizin təcrübəsindən bir sıra dövlətlər yararlanmaq arzusunu bildirmiş, o cümlədən Xorvatyada aparılan bu işdə azərbaycan modelinə üstünlük verilmişdir.

Hesab edirik ki, bütün bunlar «Elektron məhkəmə» informasiya sisteminin yaradılmasında təcrübi baxımdan əhəmiyyətli olacaqdır. 

- Səhv etmirəmsə Şuranın sonuncu iclası da Yasamal rayon məhkəməsinin qeyd edilən tələblərə uyğun inşa olunmuş binasında keçirilmiş və həmin texnoloji yeniliklər nümayiş etdirilmişdi

Elədir. Onu da qeyd edim ki, məsələnin əhəmiyyətini nəzərə alıb biz həmin iclası yeni tətbiq olunan müasir İKT-lərdən istifadə etməklə, video-konfrans üsulu ilə keçirdik. Və bu üsulla iclasımıza ölkənin bütün bölgələrindən 80-dək məhkəməni təmsil edən hakimlər canlı olaraq qoşuldu.

İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi həmin iclasda Yasamal rayon məhkəməsində sınaq rejimində tətbiq edilən texnoloji yeniliklər nümayiş etdirildi, hakimlərimiz və vətəndaş cəmiyyəti nümayəndələri maraqlı təkliflərlə çıxış etdi. 

- Həmin iclasda məhkəmə sistemində aparılan islahatlar çərçivəsində insanların məhkəməyə əlçatanlığının yaxşılaşdırılması üzrə görülən işlər barədə məlumatlar diqqətimizi cəlb etdi…

Əvvəla onu deyim ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə cənab Prezidentin bilavasitə tapşırıqları ilə həyata keçirilən bütün tədbirlərin əsasında vətəndaşların hüquqlarının effektiv məhkəmə müdafiəsinin təşkili dayanır. Bu isə ilk növbədə məhkəməyə çatımlıq imkanının yaxşılaşdırılmasını şərtləndirir.

Təkcə onu qeyd etmək kifayətdir ki, son illər məhkəməyə müraciətlərin asanlaşdırılması məqsədilə 20-dək yeni regional məhkəmələr təsis edilmişdir.

Belə ki, Bakı şəhərində yerləşən respublika miqyaslı apellyasiya məhkəməsi ləğv edilərək, regional xarakterli altı apellyasiya məhkəməsi, Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin əsasında ölkənin dörd bölgəsində ağır cinayətlər məhkəmələri yaradılmış, hərbi məhkəmə sistemi təkmilləşdirilmişdir. Həmçinin dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə ölkəmizin tarixində ilk dəfə olaraq inzibati ədliyyə institutu təsbit edilmiş və yeddi regional inzibati məhkəmə yaradılmışdır. Bütün bunlar məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması ilə yanaşı, insanlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılmasına və bölgələrdə hüquq təsisatlarının inkişafının stimullaşdırılmasına şərait yaratmışdır.

Eyni zamanda iş yükünün ilbəil (2000-ci illə müqayisədə 8 dəfə) artması məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir göstərən əsas amillərdən biri olmuşdur. Bununla əlaqədar əsaslı təhlillər aparılaraq beynəlxalq təcrübə, o cümlədən ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının müqayisəli hesabatları nəzərə alınmaqla hakimlərin ştat sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılmış, hər bir hakim üçün əlavə köməkçi ştatları ayrılmışdır.

Bü da öz növbəsində məhkəmələrdə süründürməçilik və digər pozuntuların azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına şərait yaratmışdır. 

- Yəqin ki, insanların haqlı narazılığını doğuran hallara yol verən hakimlərin məhkəmə sistemindən uzaqlaşdırılması, o cümlədən sonuncu iclasda 10 hakim barədə intizam icraatının başlanılması da məhkəmə fəaliyyətinin təkmilləşməsinə təsirsiz ötmür

Əvvəla onu deyim ki, ölkəmizdə hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi proseduru beynəlxalq təcrübədə mövcud olan ən demokratik əsaslar nəzərə alınmaqla müəyyən olunub. Belə ki, hakimlər barədə intizam icraatı yalnız qanunda nəzərdə tutulmuş zəruri əsaslar olduqda başlanılır. İntizam icraatı üzrə araşdırma isə Şuranın hakim üzvü tərəfindən aparılır. Üç ayadək davam edən bu araşdırma dövründə barəsində intizam icraatı başlanılmış hakim bütün materiallarla tanış edilir, onun izahatları dinlənilir və Şuranın iclasına ətraflı məruzə hazırlanır.

Məhkəmə-Hüquq Şurasının iclasında intizam məsuliyyəti məsələsinə baxılan hakimə özünün seçdiyi vəkilin və ya hakim yoldaşının köməyindən istifadə etməklə müdafiə olunmaq, Şura üzvlərinə etiraz etmək hüququnun verilməsi, səsvermədə yalnız Şuranın hakim üzvlərinin iştirak etməsi, habelə qəbul edilmiş qərardan Ali Məhkəmənin Plenumuna şikayət hüququnun təsbit olunması intizam icraatı prosedurunun obyektivliyinə əlavə şərait yaradır.

Şura fəaliyyət göstərdiyi dövr ərzində insanların haqlı narazılığını doğuran, o cümlədən korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və s. pozuntulara yol verən hakimlərə qarşı daim barışmaz mövqedə olub. Təbii ki, öz fəaliyyəti ilə məhkəmə hakimiyyətinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən, haqlı narazılıq doğuran hakimlər məhkəmə sistemində qala bilməzlər.

Məsələn, ötən il intizam qaydasında 2, qiymətləndirmə nəticəsində 4 hakimin səlahiyyətlərinə xitam verilmiş, 5 nəfər tutduğu vəzifədən azad olunmuş, habelə 3 məhkəmə sədri aşağı işə keçirilmişdir. Ümumilikdə isə Şuranın fəaliyyəti ərzində 161 hakim barədə intizam icraatı üzrə qərar qəbul edilmiş, kobud pozuntulara və digər neqativ hallara yol verən 70 hakim məhkəmə sistemindən kənarlaşdırılmışdır.

Təkcə korrupsiyaya şərait yaradan hallara yol veridklərinə görə 5 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, 7 nəfər tutduğu vəzifədən azad olunmuş, habelə digər intizam tədbirləri görülmüşdür.

Hər bir hakim bilməlidir ki, insan haqlarının təmin etmək, qərəzsiz və ədalətli olmaq, məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən hər cür hərəkətdən çəkinmək, etik davranış qaydalarına dürüst əməl etməklə vətəndaşlara qayğılı münasibət göstərmək onun ən ümdə vəzifəsidir. Əks təqdirdə o, yüksək hakim adına layiq ola bilməz. 

- Son illərdə hakim korpusunda gənc hakimlərin üstünlük təşkil etməsinin şahidi oluruq…

Doğrudur. Məhkəmə sisteminin hakim adına layiq olmayan şəxslərdən təmizlənməsi, onları əvəzləyəcək yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünasların seçimi prosesi ilə paralel həyata keçirilir.

Bu seçim Avropa Şurasında ekspertizadan keçirilərək yüksək dəyərləndirilmiş mütərəqqi Qaydalar əsasında aparılır. Həmin qaydalarla 4 seçim prosesi təşkil olunmuşdur. 10-larla yerli və beynəlxalq təşkilatların, diplomatik korpusların nümayəndələri tərəfindən müşahidə edilən həmin proseslərdə 2600 hüquqşünas iştirak etmiş, şərəfli hakim adına isə yalnız 307 nəfər layiq görülmüşdür. Kadr seçimi tariximizdə ilk dəfə olaraq imtahanlar onlayn rejimdə internet vasitəsilə canlı yayımlanmışdır. Bütün müşahidəçilər imtahanların şəffaf və obyektivliyi ilə bağlı müsbət rəylər vermiş, nüfuzlu beynəlxalq təsisatlar, o cümlədən Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) və Avropa İttifaqı bu sahədə Azərbaycan təcrübəsinin tətbiqini tövsiyə etmişlər.

Gördüyümüz bütün bu tədbirlər nəticəsində biz məhkəmə sisteminə ayrılmış və vakant qalmış ştatların tam əksəriyyətinin komplektləşdirilməsinə nail olduq. Təsəvvür edin 2007-ci ildə Bakı şəhərinin rayon məhkəmələrində faktiki olaraq 45 hakim fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 101 təşkil edir. Həmçinin, Apellyasiya məhkəmələri hakimlərinin sayı 3 dəfəyə, Ali Məhkəmə hakimlərinin sayı isə 2 dəfəyədək artırılmışdır.

Onu da qeyd etmək istərdim ki, hazırda bütün hakim korpusunun 60%-i, o cümlədən Bakı şəhəri üzrə 80%-i, apellyasiya instansiyası məhkəmələri üzrə isə yarıya qədəri yeni, şəffaf prosedurlarla seçilmiş gənc nəsil hakimlərdir. 

- Gənc hakimlərin məhkəmə sistemində üstünlük təşkil etməsi hansı keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur

Görülən ardıcıl tədbirlərin məhkəmələrə inamın artmasına və ədalət mühakiməsinə çatımlılığa müsbət təsirinin nəticəsidir ki, 2013-cü ildə məhkəmələrə daxil olan mülki xarakterli işlərin sayı ilbəil, o cümlədən 2012-ci ilə nisbətən 13% artaraq 180 minə çatmışdır. Əlbəttə hakimlərin iş yükünün artması bizi narahat edən faktordur. Lakin insanların pozulmuş hüquqlarının müdafiəsi üçün yuxarı icra, yaxud digər hüquq-mühafizə orqanlarına deyil, məhz məhkəmələrə müraciət etməyi üstün tutması və mübahisələrin məhkəmə müstəvisində həllini tapması bizi sevindirir.

Təsadüfi deyil ki, 2013-cü ildə birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı artaraq mülki işlər üzrə 93%, iqtisadi mübahisələr üzrə 95%, inzibati mübahisələr üzrə isə 80.5% təşkil etmişdir. Bütün mülki işlər üzrə yekun qərarların 88,5%-i, cinayət işləri üzrə hökmlərin isə 70 %-i ilə tərəflər razılaşmış, başqa sözlə həmin işlərdən apellyasiya şikayəti və ya protesti verilməmişdir.

Xüsusilə vurğulamalıyam ki, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 96,4%-nin, iqtisadi mübahisələr üzrə 98%-nin, inzibati mübahisələr üzrə 90,3-nin, cinayət işləri üzrə isə 90,2%-nin dəyişdirilməyərək sabit qalması müsbət keyfiyyət dəyişikliyinin göstəricisidir. 

-Bəzi hallarda mətbuatda Avropa Məhkəməsinə Azərbaycandan olan şikayətlərin və məhkəmənin ölkəmizə qarşı qərarlarının guya artması qeyd olunur və bu məhkəmə sistemindən narazılıq fonunda göstərilir…

Heç bir dövlət ədalət mühakiməsinin tam təkmil olmasını deyə bilməz. Avropa Məhkəməsinin ötən il bütün avropa dövlətləri üzrə çıxardığı qərarların üçdə birinin məhz ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu ilə bağlı olması bunu bir daha sübut edir.

Avropa Məhkəməsinin həmin qərarları ilk növbədə hüquq sisteminin daha da təkmilləşdirilməsi və inkişafı, insan haqlarının etibarlı təminatı naminə əsaslı mənbə kimi qəbul olunur. Elə Məhkəmənin presedent hüququ da məhz buna xidmət edir. Lakin təəssüf ki, Avropa Məhkəməsinin ölkəmizlə bağlı qərarları bəzi hallarda ucuz sensasiya yaratmaq, məhkəmə-hüquq sisteminə qərəzli qiymət vermək, yaxud onun fəaliyyətinə kölgə salmaq naminə istifadə olunur.

O ki, qaldı Azərbaycana qarşı çıxarılan qərarların sayına, onlar nəinki artıb, əksinə 2013-cü ildə azalaraq 8 qərar təşkil edib. Halbuki, konvensiyanın tələblərinin pozulması ilə bağlı əhalisinin sayı Azərbaycanla təxminən eyni olan Macarstana qarşı 40, Yunanstana qarşı isə 32 qərar çıxarılıb. Əhalisinin sayı ölkəmizə nisbətən daha az olan Bolqarstana, Moldovaya, Slovakiyaya qarşı çıxarılan qərarların sayı Azərbaycanla müqayisədə 2-3 dəfə çoxdur.

Ümumiyyətlə, Avropa Məhkəməsinə Azərbaycandan daxil olan olan şikayətlərin sayı ümumi Avropa göstəricisindən 2 dəfədən çox aşağıdır.

Amma bu bizdə heç də arxayınlıq yaratmır, Avropa Konvensiyasının və məhkəmə presedentlərinin öyrənilməsi və tətbiqi, habelə hüquq sistemimizin inkişafı naminə istifadəsi işi əzmlə davam etdirilir. 

-Fikrət müəllim, bizə vaxt ayırdığınıza və dəyərli fikirlərinizlə bölüşdüyünüzə görə dərin minnətdarlığımızı bildirir, bilavasitə insanlara, onların hüquqlarının etibarlı təminatına yönəlmiş məhkəmə islahatlarının həyata keçirilməsində uğurlar arzulayırıq.

Müsahibəni qələmə aldı
R.Həsənov

JLC.QOV.AZ

 

Qız qaçırtma adətdir yoxsa cinayət?

2014/07/05 15:23
Qız qaçırtma adətdir yoxsa cinayət?

Sadiq ƏfəndiyevBəli, qızın evlənmək məqsədilə öz iradəsi əleyhinə zorla qaçırılması qədim adətlərin qalığıdır. Lakin sonradan bu cür adətlər qanunvericiliklə kriminallaşdırılmış, qadağan olunmuş adət hesab olunmuşdur.

Ümumiyyətlə bu cinayətin əmələ gəlmə tarixi qədim adətlərin təşəkkül tapdığı dövrə gedib çıxır.  Təsadüfi deyildir ki, bəzən bu cinayəti feodal-bəy münasibətlərinin qalıqları da adlandırırlar. Əslində qız qaçırtma adətinin yaranması daha əvvəlki dövrlərə təsadüf edir. Bu adət bir sıra Qafqaz, Orta Asiya, türk dilli və s. xalqlarda hələ də mövcuddur.

Hüquqşünaslıqda istifadə olunan «qadının evlənmək məqsədilə oğurlanması» ifadəsi məişət dilimizdə «qız qaçırtma» ifadəsi kimi işlədilir. Lakin nəzərə almaq lazımdır ki, məişətdə işlədilən «qız qaçırtma» ifadəsi daha geniş mənalıdır. Belə ki, bu ifadə altında qızın evlənmək məqsədilə zorla qaçırılması ilə yanaşı qızın valideynlərindən xəbərsiz evlənmək məqsədilə sevdiyi oğlana qoşulub getməsi də başa düşülür. Hüquqi aspektdə isə bu məsələnin yalnız birinci tərəfi, yəni qızın evlənmək məqsədilə zorla qaçırılması nəzərdən keçirilir.

2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əvvəlki Cinayət Məcəlləsindən fərqli olaraq qadının evlənmək məqsədilə oğurlanmsını ayrıca maddədə deyil, adam oğurluğuna görə məsuliyyətin müəyyən edildiyi 144-cü maddəsinin tərkibində nəzərdə tutmuşdur. Ümumiyyətlə adam oğurluğu cinayəti müxtəlif motivlərlə törədilə bilər. Bunlardan biri də evlənmək məqsədilə qadının oğurlanmasıdır. «Tamah» motivindən başqa digər motivlər, o cümlədən «evlənmək məqsədi» hər hansı hüquqi əhəmiyyət kəsb etmir və təqsirkar şəxs adam oğurluğu cinayətinə görə məsuliyyətə cəlb edilir.

Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 144-cü maddəsində adam oğurluğu cinayətinə anlayış verilməmişdir. Bu da praktikada hüquqi tövsif məsələlərində, o cümlədən oxşar cinayət tərkiblərinin (qanunsuz azadlıqdan məhrum etmə və s.) fərqləndirilməsində müəyyən çətinliklər yaratmaqla, qeyd olunan cinayətin subyektiv qaydada şərhinə geniş meydan açmışdır. Lakin cinayət hüquq doktrinasından və məhkəmə təcrübəsinin bərqərar etdiyi mövqedən çıxış edərək deyə bilərik ki, adam oğurluğu dedikdə şəxsin iradəsi əleyhinə psixi və ya fiziki zor tətbiq etməklə yaxud belə zorun tətbiq ediləcəyi hədəsi ilə onun olduğu yerdən götürülərək digər yerə aparılmaqla qanunsuz saxlanılması başa düşülür. Oğurlanan şəxsin bu cür saxlanılması qanunsuz azadlıqdan məhrum etmə hərəkətləri ilə müşayiət olunsa da, bu cinayətin törədilməsi zamanı qeydə alınan qanunsuz azadlıqdan məhrum etməni CM-nin 145-ci maddəsində müstəqil cinayət tərkibi kimi nəzərdə tutulmuş qanunsuz azadlıqdan məhrum etmə cinayətindən fərqləndirmək lazımdır. Belə ki, göstərilən halda qanunsuz azadlıqdan məhrum etmə müstəqil cinayət tərkibi kimi deyil, adam oğurluğu cinayətinin tərkib hissəsi kimi özünü göstərir.

Cinayətin obyekti qismində cinayətdən zərər çəkən şəxsin, o cümlədən oğurlanan qadının azadlığı çıxış edir. Cinayət formal tərkiblidir, yəni qadının aparılaraq başqa yerdə saxlandığı andan cinayət başa çatmış hesab edilir. Qadının başqa yerdə saxlanması müddətinin əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur. Cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir, təqsirkar şəxs qadını onun iradəsi əleyhinə oğurtladığını dərk edir və bunu arzulamış olur. Bu cinayətə görə məsuliyyət 14 yaşdan yaranır. Digər tövsifedici əlamətlər olmadığı, yəni sadə adam oğurluğu cinayəti üçün 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

Cinayət Məcəlləsinin 144.2-ci və 144.3-cü maddəsində cinayətin ağırlaşdırıcı (tövsifedici) əlamətləri nəzərdə tutulmuşdur. Cinayətin iki və ya daha çox şəxs barəsində törədilməsi, təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətdə olan qadına qarşı törədilməsi, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədilməsi, silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədilməsi, tamah məqsədi ilə və ya sifarişlə törədilməsi 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə, cinayətin yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməsi və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin  ölümünə və ya digər ağır nəticələrə səbəb olması 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.

Eyni zamanda maddənin sonunda cinayət törətmiş şəxsin davranışının istiqamətləndirilməsinə yönəlmiş stimullaşdırıcı qeyd nəzərdə tutulmuşdur. Maddənin qeydinə görə əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, adam oğurluğu cinayətini törətmiş şəxsin maddənin qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməsi üçün iki vacib şərtin məcmu halda mövcudluğu zəruridir. Birinci şərtin mahiyyəti ondan ibarətdir ki, təqsirkar şəxsin əməlində adam oğurluğu cinayətindən başqa cinayətin tərkibi olmamalıdır. Məsələn, bəzən qadının evlənmək məqsədilə oğurlanması ona müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, o cümlədən oğurlandıqdan sonra zorlanması və s. bu kimi cinayətkar hərəkətlərlə müşayət edilir. İkinci şərtin mahiyyəti isə ondan ibarətdir ki, təqsirkar şəxs oğurladığı şəxsi könüllü surətdə, yəni öz sərbəst iradəsi ilə azad etməlidir. Bu hərəkət o zaman könllü hesab olunur ki, təqsirkar oğurladığı adamı saxlamaq imkanlarının olmasına baxmayaraq hansısa bir motivlə onu azad edir. Bu zaman motiv heç bir hüquqi əhəmiyyət kəsb etmir.  Cinayəti törədən şəxsin hansısa məcburiyyətdən yaxud özündən asılı olmayan səbəblərdən qadını azad etməsi onun cinayət məsuliyyətindən azad olunmasına səbəb ola bilməz.

Qeyd etdik ki, bəzən qadının oğurlanması başqa cinayətlərlə də müşayiət olunur. Bunlardan ən geniş yayılmışı oğurlanmış qadının onunla evlənmək istəyən və bu məqsədlə onu oğurlayan şəxs tərəfindən zorlanması, yəni qadının öz iradəsi əleyhinə cinsi əlaqəyə məruz qoyulmasıdır. Bu cür şəraitdə zorlamanın motivi çox hallarda zorlama cinayətinin real motivindən fərqli olur. Bu cür zorlama əksər hallarda cinsi ehtirasın təmin edilməsinə deyil, oğurlanmış qadının gələcəkdə şikayət etməsinin qarşısını almağa yönəlir. Təcrübədə tez-tez rast gəlinmiş bir haldır ki, oğrlanaraq zorlanmış qadınlar bəzən cəmiyyətdə hökmran olan milli görüşlərdən çıxış edərək düşünür ki, onun şikayəti və ittihamedici ifadələri əsasında cinayət törədən şəxs uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum olunacaq, zorlandığı üçün isə başqa kişilər onunla evlənmək istəməyəcəklər. Ağrılı haldır ki, bəzən bu cür cinayət törətmiş şəxslər bu üsuldan istifadə etməklə oğurladıqları qadının şikayətdən imtina etmələrinə, öz xeyirlərinə bəraətverici izahat və ifadələr verməsinə, nəticədə cinayət məsuliyyətindən kənarda qalmağa nail olurlar. Cinayət təqibini həyata keçirən orqanlar isə müəyyən obtektiv səbəblərdən, yəni bəzi hallarda mötəbər sübütların əldə olunmasının mürəkkəbliyi, təqsirsizlik prezumpsiyası və s. səbəblərdən əsl həqiqəti ortaya çıxara bilmirlər.

Bununla belə qeyd olunan cinayətkar üsullardan istifadə etməklə evlənmək niyyətində olan gənclərimiz unutmamalıdırlar ki, qadına qarşı törədilmiş bu cür cinayət onun şüurunda nifrət hissini əmələ gətirən dərin psixoloji dəyişikliyə səbəb olur ki, bu da gələcək ailəni mənəvi əsaslardan məhrum edir və bir çox hallarda ailənin dağılmasına səbəb olur.

 

Sadiq Əfəndiyev

hüquqşünas