Cəsarət Hüseynzadə — Seçmək və seçilmək

2016/03/12 13:41
Cəsarət Hüseynzadə — Seçmək və seçilmək

Cesaret Huseynzade1Cəsarət Hüseynzadə, 

E-vətəndaş cəmiyyəti saytının rəhbəri
«Şəmsi Əsədullayev» xeyriyyə ictimai birliyinin icraçı direktoru
(1-ci hissə)

 Tanrının bizə verdiyi bu ömür, bəlkə də bizə münasibətdə ilahi qüvvənin bir seçimidir. İnsan üçün də seçmək və seçilmək bir ali hiss və münasibətdir.  Həyatımız boyu ən yaxşıları seçməyə və onları qiymətləndirməyə çalışmışıq. Bəzən bu seçimləri kimin və nəyin xətrinə etdiyimiz anlar da olub. Amma ürəkdən gələn seçim, haqq edənin haqqını vermək bir başqa həyəcan və özünə güvənin təcəssümüdür.

Insan fərd olaraq önə çıxmaq, digərlərindən seçilmək arzusunda həmişə olur. Hər birimiz bir addım öndə olmaq istəyirik. Bu seçilmək də cəmiyyətin ehtiyac meyarı ilə üst-üstə düşdükdə, çox gözəl komanda formalaşır. Demək seçilmək üçün də təmsil etdiyin zümrənin haqqını qazanmaq lazımdır.

Müstəqilliyimizin bərpası ilə meydana gələn vətəndaş cəmiyyəti və onların liderləri özləri öyrənə-öyrənə bu institutun formalaşdırılması istiqamətində çox çətin şəraitdə fəaliyyət göstərdilər. İllər ötdükcə onların sıralarında ələnənlər də oldu, kimlərsə siyasi müxalifəti, digərləri xarici kəşfiyyat orqanlarının maraqlarını təmsil etməyi üstün tutdu. Amma xeyli sayda III sektor nümayəndəsi milli maraqların təmin olunması, ölkədə vətəndaş cəmiyyətinin iştirakı ilə ayrı-ayrı sahədə davamlı inkişafın təmin olunması, dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının yaranması və inkişaf etdirməsi istiqamətində yol qət etdi.

Etiraf etmək lazımdır ki, bu yol o qədər də asan və bu gün göründüyü qədər də rahat olmadı.

Bəli ölkə başçısı ictimai birlikləri əməkdaşlığa dəvət edir, onların potensialından istifadə etməyi tövsiyə edirdi. Amma digər tərəfdə hələdə köhnə sistemin qayda-qanunlarından qurtulmayan məmur ordusu var idi ki, QHT-ləri özlərinə müxalif görürdü.

 

Artıq bu zaman kəsiyi arxada qaldı. İndi artıq hər hansı tədbirdə dövlət nümayəndələrini görməyəndə, tədbirin aşağı səviyyədə təşkil olunmasın düşünürük.

Bəzilərimiz əvvəllər dövlət qurumları ilə əməkdaşlıq etməkdə tərəddüd etdiyimiz vaxtlar da olub və bəlkə də indi də kimlərsə bunu tənqid edir.

VCT-lərin ən işlək mexanizmlərinin olduğu ABŞ, Böyük Britaniya, Niderland, Norveç, Kanada kimi ölkələrdə olan dövlət — QHT-lərin münasibətləri hansı səviyyədədir? Bu sahədə az-çox fəaliyyət göstərən hər bir insan bilir ki, həmin ölkələrin daxilində fəaliyyət göstərən QHT-lər məhz dövlətin sifarişi — yəni müsabiqələr yolu ilə davamlı inkişaf, hüquqların təminatı və sosial yönümlü fəaliyyətlər həyata keçirirlər.

Xarici ölkələr ilə bağlı fəaliyyətdə olan QHT-lər isə sosial, humanitar və insan hüquqlarının təminatı pərdəsi altında heç şübhəsiz dövlət maraqları və siyasəti çərçivəsində fəaliyyət göstərirlər.

(ardı var)

Azərbaycanın ilk Ədliyyə Naziri — Xəlil bəy Xasməmmədli

2014/07/22 11:09
Azərbaycanın ilk Ədliyyə Naziri — Xəlil bəy Xasməmmədli

Xəlil bəy XasməmmədovAzərbaycanın ilk Ədliyyə Naziri —  Xəlil bəy Xasməmmədli

1875-ci ildə Gəncədə anadan olmuşdur. O, Moskva Universitetinin hüquq fakültəsini bitirib müstəntiq işləmişdir. Şərqdə ilk demokratik respublika olan ADR-də ədliyyə sisteminin fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi Cümhuriyyətin yaradılması ilə bir gündə 1918-ci il may ayının 28-də təsis edilmiş, Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur[1] Xəlil bəy Xasməmmədov (sağda əyləşib) Rusiya Dumasının müsəlman deputatları ilə. 1907 Xəlil bəy bütün həyatı boyu «Azərbaycana muxtariyyət» amalı uğrunda mübarizə aparmış, onun ictimai-siyasi fəaliyyətinin ən coşqun dövrü Azərbaycan Cümhuriyyətinin təşəkkülü və dirçəlişi ilə bağlı idi.

O, müstəqil hökumətin beş kabinetindən dördündə iştirak etmiş, iki dəfə ədliyyə naziri, iki dəfə daxili işlər naziri vəzifələrində işləmişdir. O dövrdə daxili işlər orqanları hərbi nazirlik, təhlükəsizlik və xüsusi xidmət orqanları ilə sıx əlaqəli şəkildə fəaliyyət göstərirdi. Bunun da əsas səbəblərindən biri o idi ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə qarşı işləyən əks qüvvələrin xeyli hissəsi milli ordunun və digər qurumların tərkibində əsgər, çavuş, zabit, polis və s. vəzifələr daşıyırdılar. Ona görə də hökumətin əleyhinə planlaşdırılan hər hansı bir təxribatın qarşısını almaq üçün belə birgə fəaliyyət zəruri idi.

Xəlil bəy Cümhuriyyətin süqutunu İstanbulda eşitmişdi. Həmin vaxt o, Türkiyəyə yenicə səfir təyin olunmuşdu. Ömrünün qalan illərini İstanbulda yaşamış və 1947-ci ildə vəfat etmişdir. Xəlil bəy İstanbulun Fəri Göy məzarlığında dəfn olunmuşdur.

İlk hüquq professorunun zindan məktubları

11:03
İlk hüquq professorunun zindan məktubları

mustafa1Azərbaycanın ilk hüquq professoru Mustafa ağa Vəkilovun həbs düşərgəsindən anasına və həyat yoldaşına yazdığı məktublar Azərbaycan dilinə tərcümə edilib. Bu, sadəcə, həbsdə olan bir insanın şəxsi duyğuları deyil. Bu, Azərbaycanın ilk hüquq professorunun həm ictimai mövqeyini və bütövlükdə portret cizgilərini əks etdirir. 

Məktubları oxuduqca onun xarakterik cizgilərini qısaca belə göstərmək olar: sevgisinə sadiq, ailəyə bağlı insan, daim elmi düşüncə ilə yaşayan bir alim. Eyni zamanda M.Vəkilovun düşüncəsindəki təbəddülatlar da özünü aydın şəkildə göstərməkdədir.

Mustafa ağa Vəkilov həbsə alındığı ilk günlərdə tezliklə azad olunacağına ümidlər bəsləyir. Həyat yoldaşına yazdığı ilk məktublarından birində belə deyir:

Həmin gecəni bütün xırdalıqları ilə xatırlayıram

“Bu günlərdə radio ilə Moskvadan Azərbaycan ədəbiyyatı ongünlüyü ilə bağlı verilən Azərbaycan musiqisindən ibarət konserti eşitdim. Bülbül «Koroğlu»dan ariyanı oxuyurdu. Yadıma düşdü ki, ayrı düşməyimizdən üç gün əvvəl səninlə birlikdə bu operada idik… Teatrdan evə həmin sərin, xoş gecədə piyada qayıtdıq…

O vaxtdan bəri nə qədər sular axıb. Amma adama elə gəlir ki, bu, dünən olub — birlikdə keçirdiyimiz həmin gecəni bütün xırdalıqları ilə açıq-aydın xatırlayıram. Və çox heyfsiləndim ki, yanımızda kənar adamlar olmadan birlikdə keçirdiyimiz belə axşamlar az olub. 

Görüşənədək. Darıxma. Yanında Çingiz və Nigar var, mənim ikinci tamamlanmış və düzəlişlər verilmiş kitabım var. Sənin Mustafan. 28.V.1940-cı il”. 

Müvəkkillikdən hüquq professorluğuna

Bu günlərdə 115 illiyi qeyd olunan Mustafa Məhəmməd ağa oğlu Vəkilov 25 yanvar 1899-cu ildə Tiflis şəhərində anadan olub. 1917-ci ildə Tiflisdə 1-ci oğlanlar gimnaziyasında orta təhsilini başa vurub, həmin il Qafqaz Cəbhəsi Müsəlman Qaçqınlarına yardım üzrə müvəkkil vəzifəsində çalışıb. 1918-ci ildə Azərbaycanın istiqlalı elan ediləndən sonra Tiflisdə Azərbaycan Cümhuriyyətinin daimi nümayəndəliyində tərcüməçi-diplomat vəzifəsində çalışıb. Onun rus, fransız, alman dillərini kamil bilməsi işinin öhdəsindən uğurla gəlməsinə yardımçı olub.

Qeyd edək ki, M.Vəkilov görkəmli ictimai xadim Məhəmməd ağa Vəkilovun ailəsində dünyaya gəlib. Atası Azərbaycan Xalq Cümhuriyyətinin dəftərxana rəisi işləyib. Bibisi Badisəba xanım Vəkilova maarifpərvər ədib Firudin bəy Köçərlinin həyat yoldaşı olub.
Mustafa Vəkilov 1919-cu ildə Bakıya gələrək Azərbaycan Xalq Cümhuriyyətinin xətti ilə xaricə təhsil almağa göndərilib. Fransada Sorbon Universitetinin hüquq fakültəsinə daxil olub. Azərbaycan Demokratik Respublikasının rus imperiyası tərəfindən süquta uğradılması nəticəsində xaricdə təhsil alan əksər tələbələrin təhsili yarımçıq qalıb, lakin M.Vəkilov öz imkanları hesabına təhsilini davam etdirməyə müvəffəq olub.

Moskvada işləməkdən imtina

Sonra Azərbaycan Xalq Komissarlar Sovetinin sədri Nəriman Nərimanovun təşəbbüsü ilə xaricdə təhsil alan tələbələrin təqaüdü bərpa edilib. M.Vəkilov təhsilini başa vurduqdan sonra Moskvaya, Kremlə gələrək orada MİK-in sədri N.Nərimanovla görüşüb. N.Nərimanov gənc hüquqşünasa Kremldə qalıb ixtisası üzrə işləməyi təklif edib. M.Vəkilov bu təklifi qəbul etməyib və 1924-cü ildə Bakıya qayıdıb. O, Bakıda Konyuktor Bürosunda əvvəlcə katib, sonra isə rəis vəzifəsində işləyib. 1925-ci ilin mayında M.Vəkilov hakim kimi Ədliyyə Komissarlığına işə qəbul olunub. 1927-ci ildə Xalq Ədliyyə Komissarlığında müfəttış-təlimatçı və xüsusilə Mühüm İşlər üzrə Xalq Məhkəməsində hakim vəzifəsində çalışıb. Eyni zamanda Bakı və onun rayonlarında mühüm mülki işlərə rəhbərlik də ona həvalə olunub.

1928-ci ildə M.Vəkilov öz xahişi ilə Ədliyyə Komissarlığındakı işindən azad edilib. Sonralar, əsasən, 1927-ci ildən dərs dediyi Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində pedoqoji və elmi fəaliyyətlə məşğul olub. AzDETİ təşkil olunduqda ali məktəbdə öz müəllimlik işinə fasilə verərək, buranın sovet quruculuğu və hüquq şöbəsinin aspiranturasına daxil olub. 1930-31-ci tədris ilinin sonlarında aspiranturanı bitirərək  (aspiranturasının ilk buraxılışı) hüquq elmi üzrə dosent dərəcəsi alıb.

Mustafa ağa Vəkilov iki iri elmi əsərin müəllifidir: «İnqilabdan əvvəlki Azərbaycanda nikah münasibətləri», «Hüquq və əxlaq». 1935-ci ildə isə gənc alim Azərbaycan SSR Konstitusiyası türk mətninin redaktoru olub. M.Vəkilov eyni zamanda tərcümə və redaktə işləri ilə məşğul olmuş, 1935-ci ildə professor dərəcəsi alaraq, pedoqoji fəaliyyətini davam etdirib. Beləliklə o, Azərbaycanın professor dərəcəsi alan ilk hüquqşünas alimi olub. 1941-ci ilin yanvarın 25-də XDİK yanında Xüsusi Müşavirədə Mustafa Vəkilova «antisovet-millətçi təşkilatda iştirakına görə” cəzasını islah-əmək düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Həbsxanadan məktublar 

Həbsinin üçüncü ilində həyat yoldaşına göndərdiyi məktubda yazır:

”Sənin məktubunu aldığım gün həyatımın son ilində ən fərəhli gün idi. Təkcə anama məktub yazdığım, sənə isə heç nə yazmadığıma görə inciməyinə heyrətləndim. Səbəbi sadədir. Düşərgədən məktub alınmasına Bakıda nə cür münasibət göstəriləcəyini bilmədiyimdən sənə lüzumsuz zərər yetirməkdən çəkindim, hərçənd deməliyəm ki, burada məhbuslar hətta döyüşən ordudan məktublar alırlar. İndi sənin məktubundan görürəm ki, Bakı da bu baxımdan istisna deyil, çünki sən hətta məktub yazmadığıma görə məndən inciyirsən.

Açığını deyim, sənə yaxşı bəlli olmalıdır ki, heç bir məhrumiyyət mənim mövcud vəziyyətə olan münasibətimi dəyişdirə bilməz. Xarakterim yamanca dəyişib. Sən məni qaynar, ekspansiv, həyata can atan, işdə və hər şeydə od-alovlu bir adam kimi tanıyırdın. İndi isə ləng, yerindən ağır qalxan adam olmuşam, hətta başım əvvəllər olduğu kimi yaxşı işləmir. 19.IV.1942-ci il”.
Xanımına yazdığı son məktub
Məktubdan artıq ümidsizlik hiss edilməkdədir. Taleyin acı istehzasından Mustafa Vəkilov sürgün vaxtını bitirsə də, azad olub Vətənə dönə bilmir.  Həyat yoldaşı Müqəddənisə xanıma yazdığı  son məktubunu ürək ağırısı olmadan oxumaq mümkün deyil:
“Əzizim Müqəddənisə! 

Təzə gətirildiyim yerdən sənə ikinci məktubumu yazıram. Birinci məktubun çatıb-çatmadığını bilmirəm. Buraya sürgün müddətinin bitdiyi səbəbincə azad edilmək üçün çağırılmışdım. Lakin son dəqiqədə elan etdilər ki, müharibə bitdikdən sonra azad ediləcəyəm. Mustafa”.

Lakin təəssüflər olsun ki, M.Vəkilov 1943-cü il aprelin 30-da sürgündə vəfat edir.

Onun Bayıl həbsxanasından yazdığı məktubu da ailəsindən nigarançılığını əks etdirir:

“Əzizim Müqəddənisə! 

Mən Bayıl etap həbsxanasındayam. Yola salınmazdan əvvəl görüşməyi yamanca istəyirəm. Ola bilsin ki, bizi tezliklə göndərsinlər. Əgər sənin vaxtın yoxdursa, qoy evdən kimsə görüşə gəlsin ki, uşaqlarımın və mənim üçün doğma və unudulmaz adamların taleləri barədə xəbər tuta bilim. Əgər qalıbsa, alt paltarlarımdan əlinizə keçəndən mənə göndərin. Əllərindən, gözlərindən öpürəm, mənim yazıq, yeganə sevdiyim, bəxtsiz dostum. Neçə ki, damarlarımdan qan axır, sənin olan Mustafa Vəkilov . 15.05.39-cu il. 

Məktublarının əksəriyyəti isə anasına ünvanlanıb:

“Əziz anam!

Mənə görə narahat olmayın. Mən sağ-salamatam. Hansı birinizsə görüşə gəlin. Alça lavaşı və sarımsaq, eləcə də Bayılda verdiyiniz kostyumun jiletini göndərin. Çox rica edirəm, şokolad plitkası kimi şeyləri bir də heç vaxt göndərməyin. Bütün doğmalarımı öpürəm. Fikrim həmişə sizlərin yanındadır. Çalışın, uşaqlar məni az xatırlasınlar və kürlük etməsinlər. Hamınızı bərk-bərk qucaqlayır və ayrıca borclu bəxtsiz və əziz dostumun əllərindən öpürəm. Sizin hamınız üçün qalan, Mustafa. 

27 iyun 1939-cu il. Bakının 1 saylı  Keşlə həbsxanası”.  
“Əziz anam!”

“Ayda bir açıqca yazmaq hüququmdan istifadə edirəm. Sağ-salamatam. Mən sarıdan nigaran qalmayın. Uşaqları yamanca görmək istəyirəm. Lakin qorxuram, birincisi, onların bu istidə buraya gəlmələri çətin olsun, sonrası da, bilmirəm onların məni burada görmələri necə olar? Bu məsələni obyektivcəsinə həll edə bilmirəm. Qoy Müqəddənisa özü yalnız uşaqların ruhi vəziyyəti üçün bunun nə dərəcədə məqsədyönlü olması baxımından həll etsin. 150 manatı aldım. Sağ olun. Həbsxanaya yemək gətirərkən yalnız zəruri şeylərlə: sarımsaq, soğan, alça lavaşı, kolbasa (ucuzundan), suxarı və sair ilə kifayətlənin. Bahalı şeylər və naharlar göndərməyin. Səni, atamı, Müqəddənisanı və uşaqları bərk-bərk öpürəm. Yaxşı oxuduğuna görə Çingizi bir daha öpürəm. Ümidvaram ki, balaca bacısını incitmir. Mustafa. 23.07.39-cu il. Bakının 1 saylı  Keşlə həbsxanası”.
Bu məktubu öz ad günümdə yazıram

“Əziz anam!

Mən artıq sənə yazmışam ki, 1939-cu il dekabrın əvvəlində Bakıdan yola salınmış bir məktub və bir poçt bağlaması almışam. Bundan sonra sizdən heç bir xəbər gəlmədi. Nə üçün yazmırsınız? Doğrudanmı indiyədək Moskvadan mənim işimə dair cavab gəlməyib? Mənim işim Moskvadan geriyə — Bakıya çatan kimi onun nəticəsinin necəliyindən — müsbət və ya mənfiliyindən asılı olmayaraq mənə yazın ki, mən bundan sonra nə etməyi, hara müraciət etməyi bilim. Ümidvaram ki, hamınız sağ və salamatsınız. Müqəddənisə rayona ezamiyyətindən qayıtdımı, yoxsa indiyədək onu əvəz edəsi həkim hələ göndərilməyib?
Bu məktubu öz ad günümdə yazıram, sizə isə ehtimal ki, hardasa fevralın 10-da, Müqəddənisənin ad günündə çatacaq. Onu təbrik edir və bərk-bərk öpürəm. Ümidvaram ki, bu, birlikdə keçirmədiyimiz sonuncu ildir. Moskvada mənim işimə baxılacağına və həqiqətin yerini alacağına ümidlər məni bir dəqiqə də olsun tərk etmir.
Uşaqlar necədirlər? Çingiz necə oxuyur? Hamınızı bərk-bərk öpürəm, səadət və can sağlığı arzulayıram. Məktubunuzu gözləyirəm. Bütün doğmalarıma salamlar. Oğlun Mustafa. 25 yanvar 1940-cı il.
P.S. Göndərdiyiniz pulu Volqaqraddan geriyə tələb et, mənə gəlib çatmayıb. Bu pulları geri al və mənə göndərmə. Mustafa”.

Zindandan ailəsinə təsəlli verir 
Mustafa ağanın həyat yoldaşına yazdığı məktubları onun həyata baxışlarını, ailəsinin gələcəyi ilə bağlı planlarını əks etdirir.
“Əzizim Müqəddənisə!

Sənin məktubunun tonundan görürəm ki, bu illər ərzində əsəblərin rahatlıq görməyib, bütün bunlar mənim üçün çox kədərlidir. Lakin mən nə edə bilərəm? Mən yaxşı başa düşürəm ki, sənin üçün asan olmayıb. Bir dəqiqə də olsun sənin layiq olmadığın halda bəxtinə düşən bu ağır taleni unutmuram. Bu hallarda özümə yalnız bununla təskinlik verirəm ki, bütün bu əhvalatda mən – küçədə banditlərlə atışmanın getdiyi bir vaxt təsadüfən oradan keçən və bəxtindən gülləyə tuş gələn yol adamı qədər müqəssirəm. Bir qədər də döz, mənim əzizim. Özünü ələ al. Müharibə bitər, dünya qəhvəyi taundan xilas olar, bəşəriyyət rahat nəfəs alar və biz səninlə hələ nə qədər bəxtəvər illər yaşarıq, əlbəttə, əgər sən mənə olan münasibətini dəyişməyəcəksənsə. Və ümidvaram ki, bu münasibət dəyişməyəcək. Çünki etiraf etməliyəm ki, mən daha sən gördüyün adam deyiləm.

Mən yalnız həmin adamın kölgəsiyəm. Təkcə fiziki baxımdan deyil, ən pis olan budur ki, fikirlərim və mənəvi həyatım ağlasığmaz dərəcədə zəifləyib və cılızlaşıb.
Hər şeydə özüm təqsirkaram. Lakin öz təbiətimi bildiyimdən, ümidsizliyə qapılmıram. Şübhə etmirəm ki, azadlıqda, normal şəraitdə xırda təmir aparılmaqla, bir neçə aylıq sərbəst həyat fiziki və əqli baxımdan qüvvələrimi sürətlə bərpa edəcək. Sinqa xəstəliyinə qarşı iynəyarpaqlı ağacın cövhərini bir həftədir müntəzəm olaraq içməyə başlamışam və artıq bu həftə ərzində səhhətimin yaxşılığa doğru xeyli dəyişdiyini hiss edirəm. Düşünürəm ki, get-gedə daha da yaxşılaşacağam. Bircə tez-tez yazın, bilim ki, necə yaşayırsınız. Məktublarınız mənə qüvvət verir, bunlar məni həyata bağlayan tellərdir. 

Rica edirəm, belə gerçək vəziyyətin təsvir edildiyi məktublardan bundan sonra da yaz, hərçənd anamın sənin qanını tez-tez qaraltdığını oxumaq mənə o qədər də xoş deyil. Lakin bu məktub ailədəki gerçək vəziyyətə dair məndə heç bir şübhə yeri qoymadı və məni xeyli sakitləşdirdi. Belə məlum olur ki, atam da sağ və salamatdır, halbuki buna ümidim az idi. Çingizin ağıllı və ciddi oğlan kimi böyüdüyünü oxumaq mənim üçün çox xoş idi…».
Müharibə bitdikdən sonra azad ediləcəyəm… 
“Əzizim Müqəddənisə!

Təzə gətirildiyim yerdən sənə ikinci məktubumu yazıram. Birinci məktubun çatıb-çatmadığını bilmirəm. Buraya sürgün müddətinin bitdiyi səbəbincə azad edilmək üçün çağrılmışdım. Lakin son dəqiqədə elan etdilər ki, müharibə bitdikdən sonra azad ediləcəyəm. Mənim üçün bu ikiqat fərəhli gün yaxınlaşır. Hər gün alman banditləri üzərində qələbələrimiz haqqında yeni xəbərlər gəlir. Bu gün radio qoşunlarımızın Rostovu geri almaları haqqında fərəhli bir xəbər yaydı. Deməli, əgər sən mənə məktub yazmaqdan ötrü işdən vaxt tapa bilsən, əlaqələrimiz bundan sonra müntəzəm şəkil alacaq. Yaxud da heç olmasa, qoy sənin əvəzinə Çingiz yazsın.

Axı o mənim üçün vaxt tapmalıdır. Dərsləri ki, onun bütün vaxtını almır. Ailəmə, vərdiş etdiyim namuslu əməyə, faciəli anlaşılmazlıq nəticəsində qoparılmış olduğum namuslu sovet adamlarının arasına qayıdışı gözləyə-gözləyə fiziki və mənəvi baxımdan çox yorulmuşam. Elə dəyişmişəm ki, görüşəndə məni tanımayacaqsan.

Əmimdən və Badisəba bibimdən rica edirəm (səndən ona görə istəmirəm ki, dörd baş ailəni saxlamağın çətinliyini anlayıram) mənə tənbəki bağlaması göndərsinlər və əgər mümkün olarsa, vitamin və ya şirin bir şey. Əgər əlinizin altında olsa, köhnə köynəklərimdən — gimnastyorka və köhnə şalvarlarımdan (yamaqlı olsa da) mənə göndərin. Təzəsini alıb göndərməyiniz lazım deyil. Görüşənədək. Yatmaq vaxtıdır. Səni, uşaqları, atamı, anamı, əmimi, bibilərimi və bütün doğmalarımı bərk-bərk öpürəm. Tezliklə azad ediləcəyimi gözləməklə, səni bir daha ürəyimin başına sıxıram. Mustafa”.  

Fərqanə Vəkilova

 

Atatürk Əhməd Ağaoğlunun qızını necə müdafiə etdi? —Fotosessiya

2014/07/19 13:55
Atatürk Əhməd Ağaoğlunun qızını necə müdafiə etdi?  —Fotosessiya

1903-cü ildə Azərbaycanda – Şuşa şəhərində dünyaya gələn Sürəyya Ağaoğlu Əhməd bəy Ağaoğlunun qızı idi. O Əhməd bəy Ağaoğlu ki, Azərbaycan ictimai-siyasi fikrinin formalaşmasında müstəsna rol oynamışdı, sonradan isə Türkiyəyə köçərək orada hüquq üzrə professor olmuşdu.

Atasının hüquqşünas olması qızının da dünyagörüşünə öz təsirini göstərmişdi. Hələ orta məktəbdə oxuyarkən sinifdə tez-tez cümhuriyyət rejimindən söz açırdı. Buna görə də sinif yoldaşları onu “gavur” deyə çağırırdı. Bu səbəb Sürəyya Ağaoğlunu hüquqşünas olmağa təhrik edir. O, hüquqşünas olmaq və fikirlərini azad şəkildə ifadə etmək istəyir, eyni zamanda, azad fikirli başqa insanların haqq səsinin müdafiəçisi olmağı qarşısına məqsəd qoyur. Hüquq fakültəsinə sənədlərini vermək istədikdə əngəllərlə qarşılaşır. O illərdə İstanbul Universitetində qız tələbə olmadığı üçün universitetin rektoru Haldun Tanerin atası Səlahəddin bəyə müraciət edir.

Səlahəddin bəyə hüquq fakültəsində oxumaq istədiyini deyəndə otaqda sanki qəhqəhələr əks-səda verir. Bunun mümkün ola bilməyəcəyini deyirlər. Ancaq bu əngəl də onu öz məqsədindən daşındırmır, uydurulmuş bəhanələrə çox gözəl çarə tapır. Belə ki, özü kimi hüquqşünas olmaq istəyən üç rəfiqəsini də Səlahəddin bəyin qəbuluna aparır. Əlacsız qalan Səlahəddin bəy onlar üçün fakültə açır.

1921-ci ildə hüquq təhsili almaq üçün Darülfünuna müraciət edir. Hüquq fakültəsində oxumaq istəyən ilk qız olaraq fakültənin qız tələbələrə açıq elan olunmasında  müstəsna rol oynayır. 1925-ci ildə məzun olan Sürəyya Ağaoğlu Ankaraya – ailəsinin yanına qayıdır.

 

***

Ankaraya gəldikdən sonra bir rəfiqəsi ilə birlikdə Ədalət Bakanlığında (Ədliyyə Nazirliyi) işə başlayır. İlk iş həyəcanından bir neçə gün keçincə bir problemin fərqinə varırlar. Günorta yeməyi yemək üçün yer tapmaq lazımdı. Evlərinə gedə bilmirlər, çünki evləri nazirliyə çox uzaqdı. Yeməkxanaya da gedə bilmirlər, çünki Ankarada o zamanlar cəmi bir yeməkxana vardı. “İstanbul Lokantası” adlanan bu yeməkxanada o zamana kimi bir nəfər də qadın görən olmamışdı. Millət vəkillərinin  yemək yediyi bu məkanda qadın görmək alışılmış bir şey deyildi.

Elə bu səbəb onları məcbur edir ki, bir müddət pendir-çörəklə günorta yeməklərini yola versinlər. Ancaq buna uzun müddət dözmək mümkün olmur.

Elə o zamanlarda atası Əhməd Ağaoğlu Mətbuat-Yayım müdiri olaraq fəaliyyət göstərirdi. Sürəyya atasının yanına gedərək günorta yeməklərini “İstanbul Lokantası”nda yemək üçün icazə istəyir. Atası bunda heç bir problem görmür, “yaxşı” deyir.

Ertəsi gün iki rəfiqə günorta yeməkxanaya gedir. Kiçik və sevimli bir yer tapıb, yemək yeyirlər. Əhməd Ağaoğlunu və qızını tanıdıqları üçün heç kim üzlərinə bir söz demir, lakin onlar çıxdıqdan sonra arxalarınca danışmağa başlayırlar. İki qızın yeməkxanaya getməsi səs-küyə, şikayətlərə səbəb olur. Xəbər o qədər surətlə yayılır ki, zamanın baş naziri Rauf bəyə qədər gedib çatır. Rauf bəy Əhməd Ağaoğlunu çağırıb, vəziyyəti izah edir.

Sürəyya həmin axşam evə qayıdanda görür ki, atası onu gözləyir. Əhməd bəy sözü çox uzatmadan deyir: “Rauf bəy sənin və rəfiqənin yeməkxanada yemək yediyinizi və hər kəsin bundan danışdığını dedi. Bundan sonra günorta yeməyinə mənim yanıma gəlin”. Atasının bu təklifi Sürəyya üçün üzücü olsa da, edə biləcəyi başqa bir şey olmur və bu qərara itaət edir.

Bir neçə gün sonra Atatürk və Lətifə xanım Əhməd bəyin evinə qonaq gəlir. Söhbət zamanı söz bu mövzudan açılır. Sürəyya bir ümidlə hər şeyi bütün açıqlığı ilə Atatürkə danışır. Düşünür ki, Atatürk onu dəstəkləyəcək. Ancaq onun dediklərindən heyrətə düşür. “Atan da, Rauf bəy də haqlıdır” – deyir Atatürk.

Atatürkün sözləri onu xəyal qırıqlığına uğradır. Səhəri gün işdə olarkən məsul şəxslərdən biri gəlib deyir ki, hazırlaş, Paşa səni yeməyə aparacaq.

Sürəyya heyrətlənir. Tez qapının önünə çıxır. Görür ki, Atatürk yanında yavəri və bir millət vəkili ilə arabada onu gözləyir. Sürəyyanı görən Paşa “Lətifə səni günorta yeməyinə gözləyir” – deyir.

Bu xəbər onu nə qədər heyrətləndirirsə, o qədər də sevindirir. O, maşına minəndən sonra hərəkət edən avtomobil “İstanbul Lokantası”nın önündən keçərkən, Atatürk sürücüdən maşını saxlamasını istəyir. Bozüyük millət vəkili Saleh bəy onların yanına gəlir. Bu zaman Atatük hər kəsin eşidə biləcəyi səslə deyir: “Sürəyyanı bu gün bizə aparıram, amma sabah buraya gələcək və yeməyini burada yeyəcək”.

Sürəyya olanları heyrət içində izləyir, hər şey anlaşılmaz bir şəkildə inkişaf edir onun üçün. Nə baş verdiyini isə yemək zamanı Lətifə xanım ona izah edir. “Paşa dünən axşam yeməkxana söhbətinə çox hirsləndi. Amma atanı sənin yanında əzmək istəmədiyi üçün hirsləndiyini bildirmədi. Evə gələn kimi bir neçə millət vəkilinə zəng edərək sabah həyat yoldaşları ilə birlikdə yeməkxanaya getmələrini tapşırdı” deyəndə vəziyyəti anlamağa başlayır.

Ertəsi gün Sürəyya rəfiqəsi ilə “İstanbul Lokantası”na gedir. Görür ki, bir neçə millət vəkili öz həyat yoldaşı ilə oradadır. Heç kim onlara tərəf baxmağa da cəsarət eləmir.

Bu, bir ilk olur. Bu zamana kimi Ankarada heç bir qadın yeməkxanada yemək yeməmişdi. Sürəyya Ağaoğlu ilk qadın vəkil olmaqla yanaşı, qadınların kişilər kimi yeməkxanada yemək yeməsində də bir ilkə imza atır.

 

***

5 dekabr 1927-ci ildə Ankara Vəkillər Kollegiyasına üzv olur. 1928-ci ildə isə sərbəst vəkillik şəhadətnaməsi alaraq, Türkiyədə ilk qadın vəkil olur. Beləliklə, həyatı boyunca sürdürəcəyi vəkilliyə başlayır. 1936-cı ildə Ankaradan İstanbula göndərilir və fəaliyyətinə İstanbul Vəkillər Kollegiyasında davam edir.

Sürəyya Ağaoğlu vəkilliklə yanaşı, qadın hüquqlarının qızğın müdafiəçisi idi. 1948-ci ildə Berlin Millətlərarası Hüquqşünaslar Komissiyası üzvü olur. Bundan sonra Azad Fikirləri Yayma Dərnəyi, Türk-Amerikan Üniversitetlər Dərnəyi və Sürəyya Ağaoğlu Uşaq Dostları Dərnəyinin qurulmasına nail olur.

1949-cu ildə Millətlərarası Vəkillər Kollegiyası Birliyi İdarə Heyətinə seçilən Ağaoğlu 1960-cı il 27 may qiyamından sonra “Yassıada Davaları”nda atasının vəkilliyini öhdəsinə götürür. Bu proses onun üçün əsl hüquq savaşı olur.

Sürəyya Ağaoğlunun övladı yox idi. O, 1949-cu ildə Amerika səyahətinə gedir. Amerikada küçə uşaqları üçün yaradılmış uşaq evlərini görür. İstanbula qayıtdıqdan sonra elə bir yurd yaratmaq qərarına gəlir. Öz ifadəsi ilə desək, “Taksim parkındakı kimsəsiz uşaqlar üçün” bu qərarı qəbul edir. Əslində isə, bunun kökündə övladı olmayan bir qadının uşaqlara olan həssaslığı dayanırdı. Sürəyya Ağaoğlu Uşaq Dostları Dərnəyi bu təşəbbüslə qurulur və hələ də fəaliyyətini davam etdirir.

“Londrada gördüklerim” və “Bir hayat şöyle geçti” kitablarında müxtəlif zamanlarda qələmə aldığı xatirələr, hüquq məsələləri əksini tapıb.

29 dekabr 1989-cu ildə İstanbulda qatıldığı “Qadın haqları və çağdaşlaşma” mövzulu tədbirdə beyin qanaması keçirərək vəfat edir.//Vəfa Babasoy

Vergi güzəşti

2014/07/15 23:49
Vergi güzəşti

Samira MusayevaSamirə Musayeva

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq idarəsinin rəisi

Vergi Məcəlləsinin (VM) 13.2.52-ci maddəsinə əsasən,  sənaye parkının rezidenti — müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sənaye parkının qeydiyyat şəhadətnaməsini almış və sənaye parkında fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxsdir.

VM-in 102.1.21-ci maddəsində qeyd edilmişdir ki, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye, yaxud texnologiyalar parklarında fəaliyyətdən əldə etdikləri gəlir (əmək­haqqından tutulan gəlir vergisi istisna olmaqla) — qanunvericiliyə uyğun olaraq sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq — 7 il müddətinə gəlir vergisindən azaddır.

VM-in 164.1.16-cı maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yaradılan sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 7 il müddətinə ƏDV tutulmur.

VM-in 199.7-cı maddəsinə əsasən, həmin şəxslər 7 il müddətinə sənaye, yaxud texnologiyalar parklarında əmlaklarına görə əmlak vergisini ödəməkdən, eləcə də VM-in 207.3-cü maddəsinə əsasən, sənaye, yaxud texnologiyalar parklarında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

VM-in 67-1.1-ci maddəsində qeyd edilmişdir ki, sənaye, yaxud texnologiyalar parklarının rezidenti sənaye, yaxud texnologiyalar parklarında yerləşən təsərrüfat və digər vergitutma obyektlərini həmin Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə:

· əvvəlki rezidentin mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir;

· yeni investisiya layihəsinə uyğun olaraq digər növ mal (iş, xidmət) istehsalını təşkil etməyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən az olmayan sərmayə qoyuluşunu öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri həmin Məcəllə ilə nəzərdə tutulmuş tam müddət ərzində verilir.

VM-in 67-1.2-ci maddəsində isə qeyd edilmişdir ki, sənaye, yaxud texnologiyalar parklarının rezidenti sənaye, yaxud texnologiyalar parklarında yerləşən təsərrüfat və digər vergitutma obyektlərini VM ilə müəyyən edilmiş güzəşt müddəti bitəndən sonra təqdim etdikdə:

· əvvəlki rezidentin mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalını davam etdirən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri verilmir;

· yeni investisiya layihəsinə uyğun olaraq digər növ mal (iş, xidmət) istehsalını təşkil etməyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən az olmayan sərmayə qoyuluşunu öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri VM ilə nəzərdə tutulmuş tam müddət ərzində verilir. //www.vergiler.az