Hüquq mədəniyyəti

2014/07/15 16:39
Hüquq mədəniyyəti

S_VekilovHər bir xalqın hüquq mədəniyyəti onun hüquq düşün­cə­sinin tarixi təkamülündən və davranış modelindən qay­naq­lanır. Hüquq mədəniyyəti ilkin yanaşmada bəzən kon­kret hüquq münasibətlərinə şamil edilən anlayış kimi ba­şa düşülür. Lakin klassik fəlsəfi hüquq təlimlərinə nəzər salsaq görərik ki, hüquq-əxlaq və mənəviyyat mə­sələ­lə­rini özündə ehtiva edən daha zəngin sosial-mədəni mü­na­sibətlər sistemidir. Dünya fəlsəfi fikrinin parlaq si­ma­la­rın­dan olan alman filosofu Hegel hüququ ruh və idrak ha­di­səsi hesab edir.

Fransız fikir adamı Frederik Bastiata görə, biz özü­mü­­­­zü, azadlığımızı və əmlakımızı  qorumaq kimi Allahın ver­­­diyi  təbii hüquqa sahibik.

Beləliklə, hər bir şəxsin davranışı, düşüncəsi onun bir hüquq subyekti kimi  hüquqi mədəniyyətinin gös­tə­ri­ci­si­­dir. Hüquq mədəniyyətinin ən vacib komponenti hüquq düşüncəsidir. Hər bir şəxsin hüquq konteksində davranışı onun həm də hüquq düşüncəsinin ifadəsidir.

XXI əsr arxada qoyduğu zamana münasibətdə daha çox insan  fenomeninin önə keçməsi ilə fərqlənir. Bəşə­riy­yət son nəticədə o qənaətə gəldi ki, bütün ictimai for­ma­si­ya­lar, bütün dövlətlər fərdin hüquqlarının reallaşması və tə­mini fonunda əhəmiyyətli  olur.

Təsadüfi deyil ki, XX əsrin ortalarında dünyanın ən nəhəng siyasi təşkilatı olan BMT tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi XX əsrin so­nun­da dünyanın böyük bir hissəsini  əhatə edən, onu öz yu­ri­diksiyasi altında birləşdirən Strasburq Avropa İnsan Hü­quq­ları Məhkəməsinin yaradılması ilə nəticələndi.

XXI əsr dünyada mədəniyyətlərin savaşı və dialoqu əs­ridir. Dünya qloballaşır, bu, günümüzün gerçəkliyi, özü-öz­lü­­yündə qarşısıalınmaz bir prosesdir. Qloballaşma fo­nun­da fərqli mədəniyyətlərin və sivilizasiyaların toqquş­ması isə məhz dialoq fəlsəfəsini aktuallaşdırır.

Hüquq mədəniyyətinin vacib konponentlərindən biri də məhz hüquqların hüdudunu düzgün müəyyənləşdirməkdir.  Hər bir şəxs başa düşməlidir ki, onun hüququ digər və­tən­da­şın hüquqlarının sərhədinə kimidir.

Dünyanın qlobal hüquq problemləri ilə bərabər fərdi hü­quqlar və onların reallaşdırılması məsələsi də bu günkü hü­­quq mədəniyyətinin əsas istiqamətlərindəndir. Fərdi hü­quq­lara münasibətdə nümayiş etdirdiyimiz ayrı-ayrı ste­re­otip­lər və onun müxtəlif çalarları hüquq mə­dəniyyə­ti­mizin göstəricisidir. Bu istiqamətləri öyrənmək və bir çox ey­ni­lik­ləri dağıtmaq qarşıda duran ən aktual problemdir.

Azərbaycan folklor nümunələrinin hüquqi qorunması problemi: Milli və beynəlxalq qanunvericilik

16:38
Azərbaycan folklor nümunələrinin hüquqi qorunması problemi: Milli və beynəlxalq qanunvericilik

S_Vekilov

Qloballaşma və inteqrasiya fonunda hər bir xalqın milli özünəməxsusluğunu  şərtləndirən ən vacib amil kimi   mədəni irsinin tədqiqi və mühafizəsi dünyanı düşündürən aktual mədəni problemə çevrilmişdir. Azərbaycan Respublikası ümumdünya mədəniyyətinin qloballaşması meyllərindən kənarda qalmamaq şərti ilə milli mədəniyyətin özünəməxsusluğunun qorunmasını Milli Təhlükəsizlik Konsepsiyasının vacib tərkib hissəsi sayır və  dövlət siyasətinin əsas strateji hədəflərindən biri hesab edir.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri müəyyən edilərkən elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunmasına  ayrıca bölmə həsr edilmişdir. Adıçəkilən bölmədə  elm, təhsil, mədəniyyət və mənəviyyatın qorunması siyasətinin Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsinə, onun mədəni tələbatlarının ödənilməsi vasitələrinin və elmi-texniki potensialının daxili və xarici təhdidlərdən qorunmasına, mütərəqqi daxili və beynəlxalq inkişafdan bəhrələnməsinə yönəlməsi strateji hədəf kimi müəyyənləşdirmişdir.
Konsepsiyada Azərbaycan Respublikasının milli maraqlarının əsas istiqamətləri müəyyən edilərkən Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi, həmçinin dünya azərbaycanlılarının daşıdığı dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialının inkişaf etdirilməsi əsas hədəf kimi götürülmüşdür.

 

Beləliklə, Konsepsiya Azərbaycan xalqının özünəməxsusluğunun qorunması və təbliği problemini özündə ehtiva etməklə onun iki istiqamətini müəyyən etmişdir.

 1) Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsi;

2) Azərbaycançılıq ideyasının təşviqi, milli özünəməxsusluğun möhkəmləndirilməsi.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası Azərbaycan Respublikasının milli qanunvericilik sisteminə daxil olan ən vacib sənədlərdən biridir. Sözügedən konsepsiya  uzunmüddətli, davamlı fəaliyyət tələb edən bir strategiyadır. Konsepsiyanın 2-ci bölməsi Azərbaycan Respublikasının milli maraqlarına həsr edilmişdir. Sənəddən məlum olmuşdur ki, Azərbaycanın milli maraqlarının əsas istiqamətlərindən biri də böyük bir coğrafiyanı əhatə edən dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan milli özünəməxsusluğun möhkəmləndirilməsidir.  Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan xalqının  milli özünəməxsusluğunun ən vacib komponenti onun mədəni irsi, o cümlədən, qeyri-maddi mədəni irsin mayasını təşkil edən folklorudur. Bu mənada Azərbaycan xalqının folklor nümunələrinin hüquqi qorunması problemi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının əsas hədəflərindən biri hesab olunur.

Bundan başqa, Azərbaycan Respublikasının milli qanunvericilik sisteminə daxil olan «Folklor nümunələrinin hüquqi qorunması haqqında» Azərbaycan Respublikasının qanunu (16 may 2003-cü il) milli səviyyədə  qeyri-maddi mədəni irsin qorunmasına  hüquqi təminatlar yaratmışdır. Lakin son illər YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması ilə bağlı ardıcıl müzakirələr aparması və bir sıra sənədlər qəbul etməsi milli qanunvericiliyin təkmilləşdirilməsi zərurətini yaratmışdır. Sözügedən təkmilləşdirilmə prosesini şərtləndirən əsas amillərdən biri də folklorşünaslığın elmi-nəzəri problemləri ilə bağlıdır.

Folklor dedikdə  başa düşülür?

Sovet ədəbiyatşünaslığında  folklor dedikdə əksər hallarda yalnız şifahi xalq ədəbiyyatı nümunələri başa düşülmüşdür (bax: 6, 49). Lakin aşağıda təfsilatı ilə verilmiş YUNESKO-nun tövsiyyələrində folklor (qeyri-maddi mədəni irs) dedikdə şifahi xalq ədəbiyyatını da özündə ehtiva edən daha geniş və əhatəli incəsənət nümunələri nəzərdə tutulur. YUNESKO-nun 2003-cü il tarixdə qəbul edilmiş «Qeyri-Maddi İrsin Qorunmasi» Haqqında Beynəlxalq Konvensiyanın 2-ci bəndi məhz təsviri sənətlərə həsr edilmişdir. Göründüyü kimi, folklor nümunələrinə verilmiş anlayışlardakı uyğunsuzluqlar Azərbaycan folklorşünaslığının yeni elmi-nəzəri konsepsiyasının hazırlanması problemini aktuallaşdırır. Hazırda ali məktəblərdə tədris olunan şifahi xalq ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi dərsliklərində folklor nümunələri dedikdə şifahi xalq ədəbiyyatı başa düşülür.

«Folklor nümunələrinin hüquqi qorunması haqqında» Azərbaycan Respublikasının qanunu 1.0.1-ci maddəsində Azərbaycan folkloru nümunələrinin anlayışı verilmişdir: «Azərbaycan folkloru nümunələri (bundan sonra folklor nümunələri) — Azərbaycan xalqı, onun ayrı-ayrı fərdlər tərəfindən yaradılan və qorunub saxlanılan, Azərbaycan xalqının ənənəvi-bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını, bədii irsin xarakterik xüsusiyyətlərini özündə əks etdirən, şifahi şəkildə yaradılan söz sənəti nümunələrini, xalq musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığı və tətbiqi sənət nümunələri (maddi formada olanlar və olmayanlar), eləcə də digər xalq yaradıcılıq nümunələri».

Adıçəkilən qanunun folklor nümunələrinə verdiyi anlayışın təkmilləşməyə ehtiyacı olması faktı açıq aydın görünməkdədir. Bundan başqa, sözügedən milli qanunvericilikdə YUNESKO tövsiyyələrində adıçəkilən bir sıra anlayışlar ümumiyyətlə qeyd edilməmişdir. Bu anlayışlar folklorşünaslığın tədqiqi ilə bağlı meydana gələn spesifik terminlərdir. YUNESKO-nun 2003-cü il tarixdə qəbul edilmiş Konvensiyasında epos söyləyənlərin sənəti bəşəriyyətin ümumi insanlıq irsinin şah əsərlərindən biri elan olunmuşdur. Lakin sözügedən milli qanunvericilikdə  epos söyləyənlərin anlayışı verilməmişdir. Bu tipli nümunələrin sayını artırmaq olar.

Folklorşünaslığın elmi-nəzəri problemləri ilə məşğul olan f.e.n. Seyfəddin Rzasoy «Mifologiya və folklor: nəzəri-metodoloji kontekst» əsərində  folklora belə tərif vermişdir: «Folklor:

- etnik-mədəni düşüncənin tarixi diaxronik təzahürü kimi struktur düşüncəsidir;

- etnik-mədəni düşüncənin sinxron hadisəsi kimi milli özünüifadənin total düşüncə sisteminin əsas paradiqmalarından biridir;

- total-etnik düşüncənin statusal tipii baxımından bədii estetik xarakterlidir;

- düşüncə hadisəsi kimi dünya modelidir (mənaların paradiqmasıdır);

- mətn kimi folklor düşüncə modelini əks etdirən obyektir;

- janr kimi gerçəkliyi bütövlükdə universumlaşdıran janrlar sistemidir» (7, 30).

Göründüyü kimi, müəllif sırf elmi auditoriya üçün nəzərdə tutulmuş  bu əsərində folklora akademik tərif vermişdir. Odur ki, qeyd edilən tərifin elmi-kütləvi dildə yenidən təqdim olunmasına, həmçinin milli qanunvericiliyə ediləcək dəyişikliklərə təklif edilməsi zərurəti yaranmışdır.

Azərbaycan xalqının mədəni irsinin öyrənilməsi və mühafizəsi problemləri Azərbaycan elmi qarşısında yeni vəzifələr müəyyən etmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin 04 may 2009-cu il tarixli (№255) sərəncamı ilə Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı təsdiq edilmişdir.

Azərbaycan xalqına məxsus milli-mənəvi dəyərlərlə bağlı müxtəlif  istiqamətlərdə bir çox məsələləri yenidən azərbaycançılıq məfkurəsi mövqeyindən araşdırmaq, elmi potensialı ölkənin mədəni-mənəvi inkişafına yönəltmək Elm Strategiyasının məqsəd və əsas hədəfləri sırasına daxil edilmişdir.

Milli-mənəvi dəyərlərin, Azərbaycan mədəniyyəti və tarixinin obyektiv, konseptual və kompleks şəkildə araşdırılması və dövlətin milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində elmin rolunun artırılması məsələləri Elm Strategiyasının vəzifələrinə daxil edilmişdir.

Bundan başqa, dövlətin elmi-texnoloji və innovasiya siyasətinin əsas istiqamətləri müəyyən edilərkən Azərbaycan mədəniyyətinin və folklorunun öyrənilməsi əsas hədəflərdən biri kimi götürülmüşdür.

Beləliklə, adıçəkilən hər iki mühüm sənəd — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası və  Azərbaycan Respublikasında 2009-2015-ci illərdə  elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı Azərbaycan xalqının mədəni irsinin öyrənilməsi və mühafizəsi istiqamətindəki problemləri və hədəfləri müəyyən etməklə mədəni irsin mühafizəsi və tədqiqi üçün hüquqi təminatlar yaratmışdır.

Azərbaycan Respublikasında Elm Strategiyasının həyata keçirilməsi YUNESKO-nun da diqqət mərkəzindədir. Adıçəkilən təşkilat Elm Strategiyasının reallaşdırılması məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası ilə bir sıra görüşlər keçirməkdədir. Bu sıradan YUNESKO-nun məsul şəxsləri ilə  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov arasında  keçirilən görüş və fikir mübadilələri çox əhəmiyyətlidir.

Azərbaycan xalqı çoxəsrlik zəngin tarixə  və  mədəniyyətə malik bir xalqdır. Tarixən xalqımızın maddi və qeyri-maddi mədəni irsi saxtalaşdırılma və özgəninkiləşdirilmə təhlükələri ilə qarşılaşmışdır. Bu hal xüsusi ilə qeyri-maddi mədəni irsin  başqa xalqlar tərəfindən mənimsənilməsi şəkilində həyata keçirilmişdir. Mədəni irsimizə qarşı yönəlmiş təhdidləri aşağıdakı kimi qruplaşdırmaq olar.

1. Şifahi xalq ədəbiyyatımızın populyar nümunələrinin,  o cümlədən, dastanlar, nağıllar və s. mənimsənilməsi.

2.  Xalq musiqisi xəzinəsinə daxil olan  xalq mahnılarımızın mənimsənilməsi.

3. Milli musiqi alətlərmizin, o cümlədən,   balaban, kamança, saz və s. mənimsənilməsi.

4. Azərbaycan mətbəxinə daxil olan xörək növlərinin mənimsənilməsi.

5. Azərbaycan xalçalarının  mənimsənilməsi.

Yuxarıda qeyd olunan kateqoriyaya daxil olan mədəniyyət nümunələri, o cümlədən, «Koroğlu» və «Aşıq Qərib» dastanları ermənilər tərəfindən mənimsənilərək özününküləşdirilməyə cəhd edilir. Azərbaycan xalçaları İran xalçaları adı altında beynəlxalq sərgilərdə nümayiş etdirilir. Bundan başqa, Azərbaycanın məhşur xalq mahnısı «Sarı gəlin» beynəlxalq festivallarda erməni xalq mahnısı kimi təqdim edilir. Eyni vəziyyət Azərbaycan mətbəxinə məxsus olan xörəklər və musiqi alətlərinə də aiddir. Azərbaycanla müharibə vəziyyətində olan ermənilər tərəfindən Azərbaycan mədəniyyət nümunələrinin mənimsənilməsi artıq ənənə şəkilini almışdır.

Bundan başqa, qeyd etmək lazımdır ki, Azərbaycan folklor  nümunələrinə  bir çox hallarda ölkə daxilində ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən qeyri-qanuni istifadə hallarına rast gəlinir. Belə ki, ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən milli folklor nümunələrinə əmtəə nişanları alaraq onların yayım və istifadə hüququna məhdudiyyətlər qoyurlar. Göstərilən  hallar daha çox uşaq folkloru nümunələrinə  münasibətdə rast gəlinir.

 

Qeyri-maddi mədəni irsin mühafizəsi son illər BMT-nın elm və mədəniyyət təşkilatı olan YUNESKO-nun diqqətdə saxladığı ən aktual məsələlərdən birinə çevrilmişdir. YUNESKO 1972-ci ildə qəbul edilən Təbii və Mədəni Dünya İrsin Qorunması Müqaviləsindən başlayaraq qeyri-maddi mədəni irsin qorunması üçün əhəmiyyətli qərarlar qəbul etmişdir.  Bu qərarlardan biri 1989-cu ildəki Ənənəvi və Məşhur Mədəniyyətin Qorunması Tövsiyə Qərarıdır. Bu qərar folklorun qorunması istiqamətində YUNESKO tərəfindən qəbul edilmiş ilk əhəmiyyətli sənəddir. Bu mövzuda 1995-1999 illər arasında keçirilən regional və alt regional səkkiz seminar bütün dünyada folklorun qorunması mövzusunda əhəmiyyətli bir maraq yaratmışdır. 1999-cu ildə Vaşinqtonda reallaşdırılan konfrans isə «Qeyri-maddi irsin qorunması» haqqında Beynəlxalq Konvensiyanın hazırlanmasına gedən yolda əhəmiyyətli addımlardan biri olmuşdur. Nəticə olaraq deyilə bilər ki, 1989-cu il Tövsiyə Qərarı, 1994-cü il Yaşayan İnsan Xəzinələri və 1997-1998 illər İnsanlığın Şifahi və Qeyri-Maddi Əsas Quruluşlarının Elan proqramının qəbul edilməsi 17 oktyabr 2003-cü il tarixdə Parisdə YUNESKO-nun Baş Qərargahında «Qeyri-maddi irsin qorunması» haqqında Beynəlxalq Konvensiyanı  yaradan üç təməl sənəddən biridir. Xüsusilə  qeyd etmək lazımdır ki,  folklorşünaslıqla məşğul olan şəxlər üçün bu sənəd özündə son dərəcə zəngin fikirləri ehtiva edir.

Konvensiya çərçivəsində «Bəşəriyyətin Şifahi və  Qeyri-Maddi İrsinin Şah Əsərlərinin Elan Olunması»  proqramı yaradılıb. Həmçinin epos söyləyənlərin sənəti bəşəriyyətin ümumi insanlıq irsinin şah əsərlərindən biri elan olunub.

Hazırda YUNESKO-nun Reprezentativ Qeyri-Maddi   Mədəni İrs Siyahısına salınan əsərlərin formatında dəyişikliklər aparılmışdır. Qərara alınmışdır ki, reprezentativ və təhlükə altında olan əsərlər də, şah əsərlər sırasında yer alsın. Həmçinin  hər hansı xalqın özünüdərk xüsusiyyətlərini özündə əks etdirən və məhv olmaq təhlükəsi altında olan nümunələr YUNESKO tərəfindən qəbul edilsin.

Azərbaycanın mədəni irsinin qorunması ilə bağlı  milli  fəaliyyətlərə diqqət yetirək.  Mütərəqqi hal kimi onu da qeyd etmək lazımdır ki, 2003-cü ilin noyabr ayında Azərbaycan muğamı YUNESKO tərəfindən  Bəşəriyyətin Şifahi və  Qeyri-Maddi  İrsinin Şah Əsəri  elan olunmuşdur. 28 sentyabr 02 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramı qeyri maddi-mədəni irsin reprezentativ siyahısına daxil edilib. Hazırda isə «Azərbaycan xalçaları» adlı obyektlərin həmin siyahıya salınması ilə bağlı iş aparılır. Bu sahədə Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti, YUNESKO-nun şifahi musiqi ənənələri sahəsi üzrə Xoşməramlı səfiri Xanım Mehriban Əliyevanın sistematik, yorulmaz fəaliyyəti təqdirəlayiq hal kimi qeyd edilməlidir. YUNESKO ilə əməkdaşlığın yüksək səviyyədə qurulması bu sahədə sistematik işin aparılmasına öz töhvələrini vermişdir. Xüsusilə Xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda I Beynəlxalq Muğam Festivalının keçirilməsi dünyada mühüm mədəniyyət hadisələrindən biridir.

Bundan başqa, AMEA-nın Folklor İnstitutu, Mərkəzi Budapeşt şəhərində yerləşən Avropa Folklor İnstitutu, Azərbaycan Respublikasının Macarıstandaki səfirliyi və Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı nəticəsində Azərbaycan xalqının iki böyük epik mədəniyyət abidəsi olan «Kitabi-Dədə Qorqud» və «Koroğlu» dastanlarının macar dilinə tərcümə edilməsi bu sıradan görülən mühüm işlərdəndir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizim Nazirliyində Qeyri-Maddi Mədəniyyət Sektorunun yaradılması və Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin kesirdiyi seminarlar bu sahəyə dövlətin diqqət və qayğısının təzahürüdür. Bütün bu görülən işlərin davamlılığının təmin edilməsi aparılan işlərin bir strategiya ətrafında koordinasiya edilməsi zərurətini yaradır.

Folklor nümunələrinin tədqiqi, mühafizəsi ilə bağlı YUNESKO-nun tövsiyyələrindən irəli gələn yeni vəzifələr müəyyən edilmişdir. YUNESKO-nun 2003-cü il tarixdə qəbul edilmiş «Qeyri-Maddi İrsin Qorunmasi»  Haqqında Beynəlxalq Konvensiya dünya və Azərbaycan folklorşünaslığı qarşısında yeni vəzifələr müəyyən etmişdir. Konvensiya qeyri-maddi mədəni irsin tədqiqi və mühafizəsi ilə bağlı özündə aşağıdakıları ehtiva edir:

1) Qeyri-maddi irsin təqdimatında daşıyıcı funksiyanı yerinə yetirən sözlü ənənə və söyləmələr;

2) Təsviri sənətlər;

3) Təbiət və kainatla bağlı ənənələr;

4) İctimai adət-ənənələr, rituallar və mərasimlər;

5) Xalq  sənətləri ənənələri.

Konvensiya bu sahələrdə meydana çıxan  qeyri-maddi irsin araşdırılmasını, toplanmasını arxiv və sənədləşdirilmə mərkəzlərinin yaradılmasını, muzeylərin qurulmasını, təhsil müəssisələrində dərsliklə tədrisini kütləvi informasiya vasitələrində müsbət mədəniyyət dəyərləri olaraq təbliğini, və nəsillər arasında yaranan rabitəsizliklərin (boşluqların) aradan qaldırılmasına xidmət etmək şəkilində dəyərləndirilməsini əsas məqsəd hesab edir. Konvensiyanın 13-cü maddəsi, qeyri-maddi irsin milli səviyyələrdə qorunmasını  dövlət daxili müvafiq qurumlara tövsiyyə etmişdir.

YUNESKO-nun son illər dövri olaraq  dünya xalqlarının qeyri-maddi mədəni irsinin qorunmasına həsr edilmiş bir beynəlxalq   konfranslar nəticəsində qeyri-maddi mədəni irsin qorunmasının ən effektiv variantı kimi sözügedən mədəniyyət nümunələrinin milli və beynəlxalq səviyyədə siyahıya alınması məqsədəuyğun hesab edilmişdir.

Bu mənada Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda hazırlanmış «Azərbaycan Folklor Nümunələrinin Hüquqi Qorunması və Milli Reyestrinin Aparılması Strategiyası» adlı sənəd bu sahədə  aparılan işə ən gözəl tövhədir. Sözügedən sənəd üçün əsas hüquqi baza Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası, Elm Strategiyası və YUNESKO-nun konvensiyaları olmuşdur. Hazırlanmış sənəd Azərbaycan folklorşünaslığı qarşısında yeni vəzifələr müəyyən edərək  onun dünya elminə inteqrasiyasını qarşısına məqsəd qoymuşdur. Sənədin əsas hədəfləri Azərbaycanın milli maraqlarını qorumaq onun mədəniyyətinin tədqiqi və mühafizəsini təmin etməkdir.

Azərbaycan folklor nümunələrinin hüquqi qorunması problemi bir sıra hüquqi və elmi-nəzəri məsələləri ehtiva edir. Hüquqi aspektdən yanaşıldıqda Azərbaycan folkloru nümunələrinin hüquqi qorunmasının təmin edilməsinə aid fəaliyyəti 2 kateqoriyaya ayırmaq olar.

1)   Milli qanunvericiliyin təkmilləşdirilməsi;

2)   Beynəlxalq Konvensiyaların ratifikasiya edilməsi.

Milli qanunvericiliyin təkmilləşdirilməsi dedikdə «Folklor nümunələrinin hüquqi qorunması haqqında» Azərbaycan Respublikasının qanununa dəyişikliklərin edilərək, həmin qanunun mükəmməlləşdirilməsi nəzərdə tutulur. Sözügedən qanunun təkmilləşməsinə olan ehtiyacın hansı zərurətdən yaranması folklorşünaslıqla bağlı bir sıra spesfik anlayışlara, «toplayıcı», «söyləyici», «tərtibatçı» və. s. kimi folklorşünaslıqda geniş yayılmış terminlərə hüquqi status verilməsi ehtiyacı ilə şərtlənir. Bundan başqa, folklor nümunələrinin  reyestrinin aparılmasına dair qanunvericilik aktlarının  yaradılması və  həmin aktların milli qanunvericilik sisteminə daxil edilməsini bu sahədə atılacaq vacib addımlardan hesab etmək olar. Həmçinin Azərbaycan folklorşünaslığının elmi-nəzəri konsepsiyasının hazırlanması da məhz bu sahədə milli qanunvericiliyin təkminləşdirilməsinin tərkib hissəsidir.

Beynəlxalq Kovensiyaların ratifikasiyası dedikdə, xüsusilə YUNESKO-nun 2003-cü il tarixdə qəbul edilmiş  «Qeyri-Maddi İrsin Qorunması»na dair Konvensiyasının Azərbaycan Respublikası  Milli Məclisində ratifikasıya edilməsi qeyri-maddi mədəni irsin qorunması üçün hüquqi təminatları artırmış olar.

Göstərilən problemlərin kompleks şəkildə öyrənilməsi və həll edilməsi strateji baxımdan  milli fəaliyyət planının tərkib hissəsinə daxil olmalıdır. Bütövlükdə Azərbaycan folklor nümunələrinin milli reyestrinin aparılmasına dair vəzifələri aşağıdaki kimi qruplaşdırmaq olar.

1. Folklor nümunələrinin hüquqi qorunmasına dair qanunvericiliyin təkminləşdirilməsi;

2. Folklor nümunələrinin milli siyahıya alınmasına dair fəaliyyətin nazirliklər, agentliklər, ixtisaslaşdırılmış elmi-tədqiqat institutları arasında koordinasiya edilməsi;

3. Azərbaycan folklorşünaslığı qarşısında yeni vəzifələrlə bağlı elmi tədqiqat istiqamətlərinin müəyyən edilməsi;

4. Folklorşünaslıq qarşısında yeni vəzifələrin müəyyən edilməsi ilə bağlı AMEA-nın Folklor İnstitutunun strukturunun təkminləşdirilməsi və yenidən formalaşdırılması;

5. Orta təhsil müəssisələrində folklor dərsliyinin hazırlanması;

6. Folklor nümunələrinin dünya dillərinə tərcümə olunması;

7. YUNESKO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına dax

il olunmuş folklor nümunələrinin (muğam və aşıq musiqisi) siyahısının hazırlanması;

8. Folklor studiyasının yaradılması və milli adət-ənənə ilə bağlı  sənədli filimlərin çəklişi;

9. Beynəlxalq elmi konfranslar və festivallar  keçirilməsi.

Bundan başqa, Azərbaycan folklor nümunələrinin milli reyestrinin aparılmasına  dair  məqsədləri isə aşağıdaki kimi qruplaşdırmaq olar:

1

. Folklor nümunələrinin əhatə dairəsinin müəyyən edilməsi;

 

2. Folklorşünaslığın elmi-nəzəri problemlərinə dair konsepsiyanın hazırlanması;

 

3. Folklor nümunələrinin milli siyahıya alınmasının hüquqi bazasının və təminatların yaradılması;

4. Azərbaycan folklor nümunələrinin mühafizəsinin təmin edilməsi;

5. Folklor nümunələrinin milli siyahıya alınması və dövlət reystrinin aparılması;

6. Folklor nümunələrinin müasir informasiya texnologiyalarına uyğun qorunması ilə bağlı texniki vasitələrin tətbiqi;

7. Azərbaycan Milli Folklor Arxivinin və Muzeyinin yaradılması.


QEYDLƏR:
 

1. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası (23.05.07-ci il tarixdə qəbul edilmişdir).

2. «Folklor nümunələrinin hüquqi qorunması haqqında» Azərbaycan Respublikasının qanunu  (16 may 2003-cü il  tarixdə qəbul edilmişdir).

3. Azərbaycan Respublikasının Prezidentinin 04 may 2009-cu il tarixli (№255) sərəncamı ilə Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı təsdiq edilmiş Dövlət proqramı.

4. 28 sentyabr, 02 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmrliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni qorunması üzrə Komitəsinin 4-cü sesiyasında qəbul edilmiş YUNESKO-nun Hökümətlərarası Komitəsinin yekun qərarı.

5. 17 oktyabr 2003-cü il tarixdə Parisdə YUNESKO-nun Baş Qərargahında qəbul edilmiş «Qeyri-maddi irsin qorunması»  haqqında Beynəlxalq Konvensiya.

6. Paşa Əfəndiyev. Azərbaycan Şifahi Xalq Ədəbiyyatı. Bakı, «Maarif», 2006

7. Seyfəddin Rzasoy. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. Bakıç «Nurlan», 2008

Şahidlik, yoxsa işverənlik

16:22
Şahidlik, yoxsa işverənlik

Samad Vekilov  Ədalət mühakiməsinin həyata keçirilməsi (mülki, inzibati yaxud cinayət işlərində) zamanı ən vacib məsələlərdən biri də məhz şahidin dindirilməsidir. Qətiyyən burada şahidin dindirilməsi ilə bağlı milli və yaxud beynəlxalq qanunvericiliyin müəyyən etdiyi prosedurlardan danışmaq niyyətində deyilik.  Azərbaycan xalqının mentalitetində bu hüquqi davranışla (şahidliklə)  bağlı ciddi problemlər mövcud olduğunu  desək mübaliğəyə yol vermiş olmarıq. Bir nümunəyə diqqət edək. Bakı şəhər sakini Ramin Quliyev Dərnəgül yolunda işıqforda əyləcin nasazlığı səbəbindən onlarla insanın gözü qarşısında KAMAZ markalı maşınla  Səmənnaz Pənahovanı  vurmuşdur. Qadın ağır vəziyyətdə yerə yıxılır. Sürücü Ramin Quliyev maşından düşür və görür ki, qadını təkcə götürüb taksiyə qoya bilməyəcək. Həyəcanla dayanacaqda olan onlarla insandan kömək istəyir ki, Səmənnaz Pənahovanı xəstəxanaya aparsın. Lakin heç bir şəxs ona kömək etmək istəmir. R.Quliyev əlacsız qalaraq özünü magistralla hərəkət edən avtomobillərdən birinin altına atmışdır. Yalnız bundan sonra avtomobil saxlamaq məcburiyyətində qalmış və zərəçəkmişi xəstəxanaya aparmışdılar. Təəssüf ki, bu hadisə hansısa dedektiv yazıçının kino ssenarisindən deyil, biz azərbaycanlıların gerçək həyatından götürülmüşdür (həmin iş üzrə zərərçəkmişi məhkəmədə şəxsən mən təmsil etmişəm).  Bəli, acı da olsa bu həqiqətdir.

Biz o qədər acımasız millətik ki, gözümüzün önündə insan həyatı təhlükə qarşısında qalmasına baxmayaraq köməklik etmək istəməyək?

Xeyr birmənalı şəkildə demək olar ki, belə deyil!

Bəs biz nədən çəkinirik, kimdən qorxuruq? Məhkəmədən, polisdən, prokurordan niyə qorxuruq?!

        Bəlkə də kimsə populizmə qapılıb deyə bilər ki, bu belə deyil. Ölkə boyu respublika məhkəmələrinin ən azı iki dəfə monitorinqini aparmış bir şəxs kimi deyə bilərəm ki,  eyni ilə yuxarıda deyilən problem  bütün rayonlarımız üçün xarakterikdir.

Hətta azərbaycanlılar məhkəmədə şahid kimi ifadə vermək məcburiyyətində qaldıqda, çalışır ki, bunu hamıdan gizlətsin. Məhkəmələrdə dəfələrlə şahidi olmuşam ki, vətəndaşlarımız: «Vallah mən məhkəmə ilə, polislə işi olmayan adamam, birinci dəfədir məhkəməyə gəlirəm, ağlınıza başqa şey gətirməyin»- söyləyir. Hətta bəzi adamlar məhkəmədən çıxarkən «ayıbdır, qonum-qonşu məni görər məhkəmədən çıxıram biyabır olaram»   deyə düşünür.

Bu stereotiplərin yaranması nə ilə bağlıdır?

Məhz məhkəməyə etimad problemini elmi-praktiki cəhətdən aktuallaşdıran amil  də, bununla bağlıdır. Bu eyniliklərin yaranmasının əsas səbəblərindən biri, Azərbaycanın çar Rusiyası, həmçinin, keçmiş SSRİ-nin tərkibində olduğu (200 ilə yaxın bir dövrü əhatə edir) müddətdə məhkəmələrin  uzun müddət cəmiyyətdə cəza aparatı rolunu oynamasıdır. Üstəlik buraya 30-cu illərin kütləvi represiyalarını daxil etsək, məhkəmə xalqın yaddaşında yalnız cəza funksiyasını yerinə yetirən bir orqan kimi həkk olunub.

 Gəlin görək bu sterotipləri elmi-nəzəri problem kimi öyrənən institut varmı?

Birmənalı şəkildə demək olar ki, yoxdur. Məhkəmə problemləri ilə məşğul olan çox sayda vətəndaş cəmiyyəti institutlarının isə bu problemləri kompleks öyrənmək imkanları olmur. Səbəb isə çox sadədir. Beynəlxalq donorlar bu tip problemlərə pul ayırmır. Onlar məhkəmənin ayrı-ayrı istiqamətlərdəki  fəaliyyəti ilə bağlı monitorinqləri maliyələşdirməyə daha çox üstünlük verirlər. Nəticədə məhkəmə ilə bağlı problem köklü şəkildə öyrənilmir. Və vətəndaş cəmiyyəti institutlarının hesabatları əksər halda mənfi çalarları daha çox olur. Bu tipli hesabatlardan  sonra isə məhkəmə hakimiyyəti orqanları fəaliyyəti barəsində yanlış təsəvvür yaranır.  Bu cür münasibət məhkəmə təsisatları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq əmsalını sıfıra endirir. Bu təsisatların arasında belə qeyri-konstruktiv münasibət onların birgə əməkdaşlığını qeyri-mümkün edir. Bu isə məhkəmə problemlərinin dərindən öyrənilməsinə mane olur. Bu tip münasibətlər artıq cəmiyyətdə   bir sıra komplekslərin yaranmasına gətirib çıxarır. Hər hansı QHT məhkəmə ilə bağlı  obyektiv olaraq  müəyyən bir müsbət fikir səsləndirmək istəsə, onu vətəndaş cəmiyəti qurumları birmənalı qarşılamır. Beləliklə, cəmiyyətdə belə fikir formalaşır ki, QHT məhkəmənin fəaliyyətini tənqid etməli, hökumət qurumları isə əksinə tərifləməlidir.

Məhkəmənin tətbiqi problemləri ilə məşğul olan şəxslər üçün qeyd edim ki, məhkəməyə etimad dedikdə təkcə məhkəmə hakimiyyətinə, yaxud hakimə etimad problemini götürsək yanılmış olarıq. Məsələ kompleks yanaşma tələb edir.

Yuxarıda xalqımızın etnik düşüncəsində məhkəməyə etimadla bağla kök atmış sterotiplərə toxunduq. Bu seterotipin fəsadları ilə bağlı aftomobil qəzasına düşən şəxsin nümunəsində məsələnin nə qədər vacib olduğunu göstərməyə çalışdıq.

Müasir dövrümüzdən daha  bir neçə  nümunəyə diqqət yetirək.

ANS telekanalında  yayımlanan «Qulp» verilişinin  reklamı kimi verilən bir məhkəmə şousu xalqın məhkəməyə münasibətinin ifadəsinə çevrilib.

Müttəhim məhkəmə zalında uca səslə: «Möhtərəm hakim, mənim o qədər pulum yoxdur, on min ancaq verə bilərəm!»   Hakim: «Müttəhim çox tutarlı dəlil gətirdi. Mənə elə gəlir ki, o haqlıdır. Kişi haqqını verib, ədalətini tələb edir. Burda nə var ki!» Sonra  müttəhimin atası əllərini göyə açıb: «Şükür Allah, axır ki, haqq ədalət yerini tapdı! deyir.

Ukraynada məhkəmənin nüfuzu ilə bağlı keçirilmiş monitorinqin nəticəsində  ekspertlər bu qənaətə gəliblər ki, ölkə vətəndaşları mediaya məhkəmədən daha çox etibar edir. Bu məsələdə, biz heç də Ukraynadan irəli gedə bilməmişik. Birmənalı demək olar ki,  Azərbaycanın bütün telekanallarında hətta adi hüquqi təsəvvürü olmayan şou proqramının  aparıcısı belə  məhkəmənin qanuni-qüvvəyə minmiş hökm və ya qətnaməsini televiziyada ictimai müzakirəyə çıxarır.

Bütün bu söylənilənlər onu deməyə əsas verir ki, hüquqi dövlətin əsas atributu olan müstəqil məhkəmə hakimiyyətinin yaranması təkcə hüquqşünasların problemi deyil, bütün vətəndaşların problemidir. Odur ki, hüquq düşüncəmizdə kök atmış zərərli sterotipləri dağıtmayınca, demokratik mənəvi dəyərlərə söykənən cəmiyyət qurmaq mümkün olmayacaq. Qanunun aliliyinin hökm sürdüyü azad vətəndaş cəmiyyətinin qurulması müstəqil məhkəmə hakimiyyəti olmadan mümkün deyil!

Sürayyə Ağaoğlu — Türkiyənin ilk qadın vəkili

2014/07/14 16:27
Sürayyə Ağaoğlu — Türkiyənin ilk qadın vəkili

Qürur duyulacaq həmyerlimiz yaxından tanıyaq. Sürayyə Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. Atası böyük fikir adamı, ideoloq, hüquq professoru Əhməd bəy Ağaoğlu ilə birlikdə 1910-cu ildə Türkiyəyə mühacirət etmişdir. Uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçmişdir. Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşmüşdür.

İstanbul Universitetinin hüquq fakültəsinin ilk qız tələbəsi

İstanbul Qız Liseyində təhsil aldığı illərdən vəkil olmaq arzusu ilə yaşayan Sürayyə Ağaoğlu 1920-ci ildə həmin Liseyi bitirir. 1921-ci ildə İstanbul Universitetinin hüquq fakültəsinə sənədlərini təqdim etmək üçün müraciət etdikdə problemlə qarşılaşır. Həmin dönəmdə hüquq fakültəsində qadın tələbə olmadığı üçün İstanbul Universiteti rektoru Haldun Taner ona kömək edə bilməyincə, o, rektorun atası Səlahəttin bəyə müraciət etmək qərarına gəlir.

Türk qadınlarının çarşabda gəzdiyi bir vaxtda Sürayyə Ağaoğlunun stereotipləri dağıdaraq vəkil olmaq üçün hüquq fakültəsinə qəbul olmaq niyyəti ictimaiyyət tərəfindən qeyri-adi qarşılanır. Sürayyə xanım Səlahəttin bəyə hüquq fakültəsinə qəbul olmaq istədiyini dedikdə otaqda olan şəxslər bu təklifi qəhqəhələrlə qarşılayırlar. Lakin Sürəyyə xanımın təkidi və özü kimi 2 nəfər vəkil olmaq üçün müraciət edən xanımları (Melda və Bedia) təqdim etdikdə onlar ayrıca fakültə açmaq məcburiyyətində qalırlar. Amma günortaya qədər kişi tələbələrə günortadan sonra isə qadın tələblərə dərs keçirdilər.

Behbud xan Cavanşirin qatilinin məhkəməsində

1921-ci il iyulun 18-də erməni qatil Torlakyan İstanbulun «Pera-Palas» hotelinin önündə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir. Sürəyya Ağaoğlu hüquqşünas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə «Bir ömür də belə keçdi» adlı memuarında yazır: «Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlokyan gecə ikən qaçırıldı».

Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür. Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir.

Bütün bu çətinliklərə baxmayaraq Sürəyya Ağaoğlu 1925-ci ildə İstanbul Universiteti hüquq fakültəsini bitirir. 5 dekabr 1927-ci ildə Ankara Vəkil Bürosuna üzv qəbul olur. 1928-ci ildə müstəqil vəkil lisenziyasını alaraq Türkiyə Cümhuriyyətinin ilk qadın vəkili və qadın hüquqlarının müdafiəçisi ünvanını qazanmış olur. 1936-cı ildə Ankara Vəkil Bürosundan İstanbul Bürosuna keçir. İngilis və fransızca mükəmməl bilən Sürəyya Ağaoğlu məslək həyatı boyunca çox sayda dövlətlərarası beynəlxalq konfranslarda iştirak edir. 1946-1960-cı illərdə İstanbul Vəkil Bürosunun İdarə Heyətinin yeganə qadın üzvü olaraq fəaliyyət göstərmişdir.

Alman hüquqşünasla ailə qurur

1950-ci ildə Alman hüquqşünas Werner Taschenbreker ilə ailə qurmuşdur. Lakin bu izdivacdan onların övladı olmamışdır.

Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu, Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təməl qoyucusudur.

Qardaşı Səməd Ağaoğlunun vəkili olur

Sürəyya xanımın qardaşı Ankara Universitetinin hüquq fakültəsinin məzunu Səməd bəy Ağaoğlu (Türkiyə Cümhuriyyətinin dövlət naziri olub) 1960-cı il, 27 may tarixdə Türkiyənin baş naziri Adnan Menderes işi üzrə ömürlük həbs cəzasına məhkum olunduğu məhkəmə prosesində onun vəkili olmaq kimi acı taleyi də yaşamış olur. (S.Ağaoğlu 1964-cü ildə amnistiyaya buraxılmışdır).

S.Ağaoğlu bir sıra hüquqi məqalələrin, «Londonda gördüklərim» və «Bir ömür də belə keçdi» kitablarının müəllifidir. 29 dekabr 1989-cu ildə İstanbulda “Qadın hüquqları və müasirləşmək” adlı bir konfransdan ayrılarkən yıxılan Sürəyya Ağaoğlu beyninə qan sızması nəticəsində vəfat etmişdir.

Səməd Vəkilov
Hüquqşünas

Qız qaçırtma adətdir yoxsa cinayət?

2014/07/05 15:23
Qız qaçırtma adətdir yoxsa cinayət?

Sadiq ƏfəndiyevBəli, qızın evlənmək məqsədilə öz iradəsi əleyhinə zorla qaçırılması qədim adətlərin qalığıdır. Lakin sonradan bu cür adətlər qanunvericiliklə kriminallaşdırılmış, qadağan olunmuş adət hesab olunmuşdur.

Ümumiyyətlə bu cinayətin əmələ gəlmə tarixi qədim adətlərin təşəkkül tapdığı dövrə gedib çıxır.  Təsadüfi deyildir ki, bəzən bu cinayəti feodal-bəy münasibətlərinin qalıqları da adlandırırlar. Əslində qız qaçırtma adətinin yaranması daha əvvəlki dövrlərə təsadüf edir. Bu adət bir sıra Qafqaz, Orta Asiya, türk dilli və s. xalqlarda hələ də mövcuddur.

Hüquqşünaslıqda istifadə olunan «qadının evlənmək məqsədilə oğurlanması» ifadəsi məişət dilimizdə «qız qaçırtma» ifadəsi kimi işlədilir. Lakin nəzərə almaq lazımdır ki, məişətdə işlədilən «qız qaçırtma» ifadəsi daha geniş mənalıdır. Belə ki, bu ifadə altında qızın evlənmək məqsədilə zorla qaçırılması ilə yanaşı qızın valideynlərindən xəbərsiz evlənmək məqsədilə sevdiyi oğlana qoşulub getməsi də başa düşülür. Hüquqi aspektdə isə bu məsələnin yalnız birinci tərəfi, yəni qızın evlənmək məqsədilə zorla qaçırılması nəzərdən keçirilir.

2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əvvəlki Cinayət Məcəlləsindən fərqli olaraq qadının evlənmək məqsədilə oğurlanmsını ayrıca maddədə deyil, adam oğurluğuna görə məsuliyyətin müəyyən edildiyi 144-cü maddəsinin tərkibində nəzərdə tutmuşdur. Ümumiyyətlə adam oğurluğu cinayəti müxtəlif motivlərlə törədilə bilər. Bunlardan biri də evlənmək məqsədilə qadının oğurlanmasıdır. «Tamah» motivindən başqa digər motivlər, o cümlədən «evlənmək məqsədi» hər hansı hüquqi əhəmiyyət kəsb etmir və təqsirkar şəxs adam oğurluğu cinayətinə görə məsuliyyətə cəlb edilir.

Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 144-cü maddəsində adam oğurluğu cinayətinə anlayış verilməmişdir. Bu da praktikada hüquqi tövsif məsələlərində, o cümlədən oxşar cinayət tərkiblərinin (qanunsuz azadlıqdan məhrum etmə və s.) fərqləndirilməsində müəyyən çətinliklər yaratmaqla, qeyd olunan cinayətin subyektiv qaydada şərhinə geniş meydan açmışdır. Lakin cinayət hüquq doktrinasından və məhkəmə təcrübəsinin bərqərar etdiyi mövqedən çıxış edərək deyə bilərik ki, adam oğurluğu dedikdə şəxsin iradəsi əleyhinə psixi və ya fiziki zor tətbiq etməklə yaxud belə zorun tətbiq ediləcəyi hədəsi ilə onun olduğu yerdən götürülərək digər yerə aparılmaqla qanunsuz saxlanılması başa düşülür. Oğurlanan şəxsin bu cür saxlanılması qanunsuz azadlıqdan məhrum etmə hərəkətləri ilə müşayiət olunsa da, bu cinayətin törədilməsi zamanı qeydə alınan qanunsuz azadlıqdan məhrum etməni CM-nin 145-ci maddəsində müstəqil cinayət tərkibi kimi nəzərdə tutulmuş qanunsuz azadlıqdan məhrum etmə cinayətindən fərqləndirmək lazımdır. Belə ki, göstərilən halda qanunsuz azadlıqdan məhrum etmə müstəqil cinayət tərkibi kimi deyil, adam oğurluğu cinayətinin tərkib hissəsi kimi özünü göstərir.

Cinayətin obyekti qismində cinayətdən zərər çəkən şəxsin, o cümlədən oğurlanan qadının azadlığı çıxış edir. Cinayət formal tərkiblidir, yəni qadının aparılaraq başqa yerdə saxlandığı andan cinayət başa çatmış hesab edilir. Qadının başqa yerdə saxlanması müddətinin əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur. Cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir, təqsirkar şəxs qadını onun iradəsi əleyhinə oğurtladığını dərk edir və bunu arzulamış olur. Bu cinayətə görə məsuliyyət 14 yaşdan yaranır. Digər tövsifedici əlamətlər olmadığı, yəni sadə adam oğurluğu cinayəti üçün 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

Cinayət Məcəlləsinin 144.2-ci və 144.3-cü maddəsində cinayətin ağırlaşdırıcı (tövsifedici) əlamətləri nəzərdə tutulmuşdur. Cinayətin iki və ya daha çox şəxs barəsində törədilməsi, təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətdə olan qadına qarşı törədilməsi, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədilməsi, silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədilməsi, tamah məqsədi ilə və ya sifarişlə törədilməsi 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə, cinayətin yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməsi və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin  ölümünə və ya digər ağır nəticələrə səbəb olması 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.

Eyni zamanda maddənin sonunda cinayət törətmiş şəxsin davranışının istiqamətləndirilməsinə yönəlmiş stimullaşdırıcı qeyd nəzərdə tutulmuşdur. Maddənin qeydinə görə əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, adam oğurluğu cinayətini törətmiş şəxsin maddənin qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməsi üçün iki vacib şərtin məcmu halda mövcudluğu zəruridir. Birinci şərtin mahiyyəti ondan ibarətdir ki, təqsirkar şəxsin əməlində adam oğurluğu cinayətindən başqa cinayətin tərkibi olmamalıdır. Məsələn, bəzən qadının evlənmək məqsədilə oğurlanması ona müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, o cümlədən oğurlandıqdan sonra zorlanması və s. bu kimi cinayətkar hərəkətlərlə müşayət edilir. İkinci şərtin mahiyyəti isə ondan ibarətdir ki, təqsirkar şəxs oğurladığı şəxsi könüllü surətdə, yəni öz sərbəst iradəsi ilə azad etməlidir. Bu hərəkət o zaman könllü hesab olunur ki, təqsirkar oğurladığı adamı saxlamaq imkanlarının olmasına baxmayaraq hansısa bir motivlə onu azad edir. Bu zaman motiv heç bir hüquqi əhəmiyyət kəsb etmir.  Cinayəti törədən şəxsin hansısa məcburiyyətdən yaxud özündən asılı olmayan səbəblərdən qadını azad etməsi onun cinayət məsuliyyətindən azad olunmasına səbəb ola bilməz.

Qeyd etdik ki, bəzən qadının oğurlanması başqa cinayətlərlə də müşayiət olunur. Bunlardan ən geniş yayılmışı oğurlanmış qadının onunla evlənmək istəyən və bu məqsədlə onu oğurlayan şəxs tərəfindən zorlanması, yəni qadının öz iradəsi əleyhinə cinsi əlaqəyə məruz qoyulmasıdır. Bu cür şəraitdə zorlamanın motivi çox hallarda zorlama cinayətinin real motivindən fərqli olur. Bu cür zorlama əksər hallarda cinsi ehtirasın təmin edilməsinə deyil, oğurlanmış qadının gələcəkdə şikayət etməsinin qarşısını almağa yönəlir. Təcrübədə tez-tez rast gəlinmiş bir haldır ki, oğrlanaraq zorlanmış qadınlar bəzən cəmiyyətdə hökmran olan milli görüşlərdən çıxış edərək düşünür ki, onun şikayəti və ittihamedici ifadələri əsasında cinayət törədən şəxs uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum olunacaq, zorlandığı üçün isə başqa kişilər onunla evlənmək istəməyəcəklər. Ağrılı haldır ki, bəzən bu cür cinayət törətmiş şəxslər bu üsuldan istifadə etməklə oğurladıqları qadının şikayətdən imtina etmələrinə, öz xeyirlərinə bəraətverici izahat və ifadələr verməsinə, nəticədə cinayət məsuliyyətindən kənarda qalmağa nail olurlar. Cinayət təqibini həyata keçirən orqanlar isə müəyyən obtektiv səbəblərdən, yəni bəzi hallarda mötəbər sübütların əldə olunmasının mürəkkəbliyi, təqsirsizlik prezumpsiyası və s. səbəblərdən əsl həqiqəti ortaya çıxara bilmirlər.

Bununla belə qeyd olunan cinayətkar üsullardan istifadə etməklə evlənmək niyyətində olan gənclərimiz unutmamalıdırlar ki, qadına qarşı törədilmiş bu cür cinayət onun şüurunda nifrət hissini əmələ gətirən dərin psixoloji dəyişikliyə səbəb olur ki, bu da gələcək ailəni mənəvi əsaslardan məhrum edir və bir çox hallarda ailənin dağılmasına səbəb olur.

 

Sadiq Əfəndiyev

hüquqşünas