Vəkilliyə namizədlər üçün hazırlıq kursları — Məşğələ 1 (2)

2014/07/23 12:56
Vəkilliyə namizədlər üçün hazırlıq kursları — Məşğələ 1 (2)

[youtube height="400" width="600"]https://www.youtube.com/watch?v=lMhpFROcL-Y[/youtube]

İdris İsayev: “Qanun işçiyə deyil, işəgötürənə münasibətdə sərtləşdirilib” —Müsahibə

2014/07/18 20:14
İdris İsayev: “Qanun işçiyə deyil, işəgötürənə münasibətdə sərtləşdirilib”  —Müsahibə

 

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin APA TV-yə müsahibəsi

- Əmək münasibətlərinin tənzimlənməsi sahəsində son dəyişikliklər nədən ibarətdir?
- Bildiyiniz kimi, ötən ilin sonlarında Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərlə bağlı müvafiq qanunvericilik aktlarına da dəyişikliklər edilib və cənab Prezidentin 2014-cü il fevralın 3-də bu qanunun tətbiqi ilə bağlı fərmanı olub. Bu fərmanla bağlı da aidiyyəti icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib. Əmək Məcəlləsinə edilən dəyişikliyin əsas mahiyyəti ondan ibarətdir ki, ümumiyyətlə əmək qanunvericiliyi sisteminə yeni bir anlayış — əmək müqaviləsi bildirişi anlayışı daxil edilib. Əmək müqaviləsi bildirişi isə əmək müqavilələrinin bağlanması, ona dəyişiklik edilməsi, xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə işəgötürənlər tərəfindən təqdim edilən elektron sənəd formasıdır. Dəyişikliklərdən sonra artıq əmək münasibətləri əmək müqaviləsi bağlandıqdan sonra deyil, bağlanmış əmək müqaviləsi üzrə bildiriş elektron informasiya sistemində qeydiyyata düşdükdən sonra qüvvəyə minəcək. Yəni bu gün işəgötürən işçi ilə əmək müqaviləsi bağlayır. Əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün bu müqavilənin ikitərəfli qaydada imzalanması onu hüquqi qüvvəyə mindirmir. Qanuna edilmiş yeni dəyişiklərə əsasən, mütləq işəgötürən bağlanmış əmək müqaviləsi üzrə bildirişləri elektron informasiya sisteminə daxil etməli və qeydiyyata almalıdır. Qeydiyyata alındığı və bu barədə işəgötürənə məlumat verildiyi tarixdən həmin əmək münasibəti hüquqi qüvvəyə minmiş olur. İşəgötürənlər üzərində artıq öhdəliklər yaranmış olur. Onlar əmək münasibətlərini artıq elektron informasiya sistemi müstəvisinə gətirib çıxarırlar.

- Bu dəyişikliklər işçiyə hansı üstünlüklər verir?
- Bu ilk növbədə işləyən əhalimizin əmək hüquqlarının müdafiəsinə kömək edən bir sistem olacaq. Yəni bu sistem ona hədəflənib ki, işçi öz əmək hüquqlarını müdafiə edə bilsin, öz əmək hüquqları barədə məlumatı elektron informasiya sistemindən əldə edə bilsin. Bu gün vəziyyət belədir ki, Əmək Məcəlləsinə görə, işəgötürənlə işçi arasında müqavilə iki nüsxədən ibarət bağlanır və bir nüsxəsi işçidə olmalıdır. Bu adətən belə olmur. İşəgötürən bəzi hallarda qanun pozuntusuna yol verir və işçiyə bu nüsxəni təqdim etmir. Bəzən əmək müqavilələri rəsmiləşdirilərkən boş formada, müəyyən məlumatlar doldurulmadan təsdiq olunur, yarımçıq doldurulur, müəyyən edilmiş qaydada tərtib edilmir və digər hallar baş verir. Bu da sonradan müəyyən fəsadlar yaradır. İşçi ilə müəyyən problem yarandığı təqdirdə işçinin öz hüquqlarını bilmədiyinə və əlində rəsmi sənəd olmadığına görə, o öz hüquqlarını tələb edə bilmir. Beləliklə onun hüququ pozulmuş olur. Amma bu sistem qüvvəyə mindikdən sonra artıq işəgötürənlə işçi arasına bağlanmış əmək müqaviləsi sistemə daxil edilir. İşçi də istənilən vaxt — istər evdə, istər işdə, istərsə də başqa bir yerdə elektron informasiya sisteminə daxil olmaq imkanına malik olacaq və bu məlumatı əldə edə biləcək. Əmək müqaviləsinin hər hansı bir maddəsinin pozulduğu aşkar edildiyi halda onu məlumat sistemindən çıxarıb göstərə biləcək ki, işəgötürən bu öhdəliyi öz üzərinə götürüb. Və bunların icrasını tələb edə biləcək. İkinci hədəf isə işəgötürənlərin məsuliyyətini artırmaqdan ibarətdir. Bayaq qeyd etdiyim kimi, adətən işəgötürənlər qanun pozuntusuna yol verirlər və onlar üzərində olan öhdəliklərin rəsmiləşdirilməsi nöqteyi-nəzərindən bu elektron informasiya sistemi mühüm əhəmiyyət kəsb edir. Onların bu istiqamətdə məsuliyyətlərinin artırılması üçün həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində müvafiq dəyişikliklər edilib. İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə görə, əmək müqaviləsi bildirişini qeydiyyata salmadan əmək fəaliyyətinə cəlb edən vəzifəli şəxs 3000-dən 5000 manata qədər, hüquqi şəxslər isə 20-25 min manata qədər cərimə tətbiq edilir. İşəgötürən əmək müqaviləsi bildirişini hüquqi qüvvəyə mindirmədən xeyli sayda şəxsi işə cəlb edirsə, artıq onun barəsində 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər. Əgər bu hal təkrarlanarsa, bu cəza 3 ildən 7 ilə qədər artırıla bilər.

Gördüyünüz kimi, işəgötürənə münasibətdə qanun sərtləşdirilib. Məsələ ondan ibarətdir ki, əmək münasibətləri rəsmiləşdirilməlidir. Əmək münasibətlərinin rəsmiləşdirilməsi vacib şərtlərdən biridir. Bu gün yaranan bütün problemlər — əhalinin sosial müdafiə hüquqları, əmək hüquqlarının pozulması məhz əmək münasibətlərinin rəsmiləşdirilməməsindən irəli gəlir.

- Bəs, işəgötürənlərin bu sistemdən qazancı nədir?
- Biz elektron informasiya sistemini gündəmə gətirərkən proqram təminatını və sistemi elə formada hazırlamışıq ki, işəgötürən üçün də müəyyən problemlər yaranmasın. Elə etmişik ki, o, asanlıqla sistemə daxil ola və əmək müqaviləsi bildirişini qeydiyyata sala bilsin. Bunun üçün Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Əmək müqaviləsi bağlanarkən tələb olunan məlumatlara işçinin fərdi identifikasiya kodunun (FİN), sosial sığorta şəhadətnaməsinin nömrəsinin daxil edilməsi nəzərdə tutulub. Məqsəd ondan ibarətdir ki işəgötürən sistemə məlumatı daxil edərkən yalnız işçinin FİN kodunun daxil etdikdən sonra məlumatları rəsmiləşdirmiş olsun. İşəgötürən məlumatları sistemə əllə daxil etməyəcək, elektron informasiya sistemində olan məlumatlar digər mərkəzin icra hakimiyyətlərinin elektron informasiya ehtiyatları ilə əlaqəlidir, inteqrasiya olunub. Həm işəgötürən, həm də işçi barədə məlumatlar avtomatik olaraq sistemdə öz əksini tapacaq. Bu işəgötürənin işinin asanlaşdırılması üçündür. Buna çox cüzi vaxt sərf edəcək, məlumatı da dərhal 1 gün ərzində əldə etmək imkanına malik olacaq. Burada məlumatların təhlükəsizliyi məsələləri də nəzərə alınıb. İşəgötürən yalnız özünün bağladığı əmək müqavilələri barədə məlumat əldə etmiş olacaq. Digər şəxs barədə məlumat əldə etmək imkanı yoxdur. İşçi də eyni qaydada, yalnız özünə aid məlumatları sistemdə görə biləcək. Bu sistem şəffaf və işləyən əhalimizin hüquqlarının müdafiəsinə yönəlmiş bir sistem olacaq.

- Əmək kitabçalarının ləğvi nə ilə bağlıdır?
- Əmək müqavilələrinin bildirişi üzrə elektron informasiya sistemi qüvvəyə mindikdən sonra artıq kağız daşıyıcılar üzərində olan məlumatların əksəriyyəti öz əhəmiyyətinin itirəcək. Məsələn, əmək kitabçaları işçinin əmək fəaliyyətini əks etdirən bir sənəddir. Bu kitabçada işçinin işə daxil olduğu gün, onun peşəsi, əmək müqaviləsinə xitam verilibsə, onun əsası və işdən çıxdığı qeyd edilir. Bu gün bu iş aparılır. Əlavə məzuniyyətlərin verilməsində, əmək haqqına əlavələrin verilməsində bu məlumatlardan istifadə olunur. Pensiya təminatında da bu məlumatlardan istifadə edilir. Pensiya təminatı sosial hüquqların içərisində ən böyük təminat formasıdır. Bu hüquqların müdafiəsində artıq əmək kitabçalarındakı məlumatlarından istifadə zərurəti yavaş-yavaş azalmağa başlayıb. 2006-cı ildən yeni pensiya sistemi qüvvəyə minib. Bu sistem bütün məlumatların — həm işçinin sığorta stajı barədə məlumatların, onun ödədiyi pensiya kapitalı barədə məlumatların hər bir şəxs üçün mövcud olan elektron informasiya sistemindən alınır. Bu məlumatlar avtomatik olaraq oradan götürülür. 2006-cı ildən əvvəlki dövr üçün də elektron informasiya sistemi mövcuddur. Sosial Müdafiə Fondunun məlumatları orada toplanır. Yəni pensiya təminatı üçün artıq əmək kitabçasında olan məlumatlar tədricən əhəmiyyətini itirir. Əlavə məzuniyyətin və ya əmək haqqına əlavələrin verilməsində istifadə olunur və bunlar da tədricən öz əhəmiyyətini itirəcək. Əmək hüquqlarının müdafiəsi istiqamətində atılmış bu yeni addım bunun əhəmiyyətinin itirəcək. Çünki eyni məlumatlar elektron informasiya sisteminə daxil ediləcək.

Çoxlu insanlar var ki, bugünkü tarixə kimi bir çox yerlərdə işləyib, əmək müqavilələri bağlayıb, ona xitam verilib. Yəni əmək kitabçalarında müxtəlif qeydlər ola bilər ki, bu qeydlər elektron informasiya sistemində qeydiyyata alınmır. Söhbət bugünkü əmək fəaliyyətindən gedir. Yəni şəxs əmək fəaliyyətindədirsə, əmək müqaviləsi aktivdirsə, işəgötürən onun haqqında məlumatları sistemə daxil etməlidir. Söhbət bugünkü işçi və işəgötürəndən gedir. Düşünürəm ki, gələcəkdə ilk dəfə əmək fəaliyyətinə başlamış şəxs üçün əmək kitabçasında olan qeydlər əhəmiyyətini itirir. Əvvəllər əmək fəaliyyətində olmuş şəxs üçün isə öz əhəmiyyətini saxlayır. Proses baş verəcək, amma bu tədricən olacaq.

Statistik məlumatlara görə, təxminən əmək müqaviləsi ilə işləyən 1 milyon 520 min şəxs mövcuddur. Bu şəxslər barədə bu məlumatların elektron sistemə daxil edilməsi böyük bir informasiya ehtiyatı deməkdir. İşləyən hər bir şəxs üçün bu sistem maraqlı məlumat təqdim edə bilər.

- Proses nə zaman başa çatacaq?
- Proses daim davam edir. Bilirsiniz, əmək müqaviləsi bu gün bağlanılır, ona dəyişikliklər edilir, xitam verilir. Bu davamlı bir prosesdir. İşçilər də bu gün hər hansı bir işəgötürənin yanında işləyir, sabah onun müqaviləsinə xitam verilir, başqa bir işəgötürəndə işləyirlər. Bu proses daim olaraq fəaliyyətdədir. Qanunvericiliyə görə, qanun qüvvəyə minənə qədər bağlanmış müqavilələr 1 iyul 2014-cü ilə qədər sistemə daxil edilməlidir. Bu, son tarixdir. Əgər bu müddətə kimi əmək müqavilələri bildirişləri sistemə daxil edilməsə, artıq işəgötürənlərə qarşı inzibati cəzaların tətbiqi həyata keçiriləcək.

- Elektron informasiya sisteminə keçməklə əməyin istismarının qarşısı nə dərəcədə alınacaq?
- 100 faiz heç bir şey demək mümkün deyil, amma bu elektron informasiya sistemi əmək münasibətləri sahəsində bizə dəqiq uçot verəcək. Biz biləcəyik ki, hansı işçi hansı işəgötürənlə işləyir. Bu imkan verəcək ki, işəgötürən məsuliyyətini artırsın. İşəgötürən biləcək ki, dövlət nəzarətini həyata keçirən orqanlar, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi bu işə ciddi nəzarət həyata keçirəcək, Vergilər Nazirliyi bu işə ciddi nəzarət edəcək. Hər iki orqan işəgötürənə münasibətdə inzibati cərimə tətbiq etmək hüququna malikdirlər. Yəni işəgötürənin məsuliyyəti birmənalı şəkildə artacaq.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi: “Əmək kitabçaları aktuallığını hələ itirməyib” —Müsahibə

2014/07/17 20:52
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi: “Əmək kitabçaları aktuallığını hələ itirməyib”  —Müsahibə

«Əmək müqavilələri üzrə elektron informasiya sisteminin işə düşməsi Azərbaycanda qeyri-leqal məşğulluğu minimuma endirəcək». Bu sözləri APA TV-də efirə gedən “Sosium” verilişinin qonağı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyib.

Onun sözlərinə görə, əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması üçün sahibkarlara 90 gün verilib: «3 ay müddətində bütün məlumatlar elektron informasiya sisteminə yerləşmiş olacaq. Əgər kimlərsə işçilər haqqında məlumatı gizlətsə, müqavilələri yerləşdirməsə, biz yenidən yoxlamalar aparıb, qüsurları aşkar edəcəyik. Hər kəs bilməlidir ki, cərimələr yetərincə yüksəldilib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanları 3 min manatdan 5 min manata, fiziki şəxsləri isə 20 min manata qədər cərimə gözləyir. Xeyli sayda işçini elektron qeydiyyata almayan sahibkarı isə 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir».

Əmək kitabçalarının tamamilə yığışdırılmadığını deyən xidmət rəisi hələ bir müddət köhnə və təzə sistemin paralel işləyəcəyini bildirib: «Bəziləri elə hesab edir ki, əmək kitabçaları tamamilə yığışdırılır. Xeyr, bu gün əmək kitabçaları aktuallığını itirməyib, hələ də qeydlər aparılır. Müəyyən illər var ki, həmin müddətlər üzrə insanların stajı yalnız əmək kitabçalarındadır. Gərək o informasiyaların hamısı elektron informasiya sisteminə köçürülsün ki, əmək kitabçalarına ehtiyac qalmasın. Bir sözlə elektron informasiya sistemi tam qüvvəyə mindikdən sonra əmək kitabçası əhəmiyyətini itirəcək».

O ki qaldı, elektron informasiya sistemindən istifadə qaydasına Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyir ki, sistem yetərincə sadədir: «İşə götürən tərəf müqaviləni sistemə yerləşdirir və təsdiqini gözləyir. Əslində 3 gün müddətinə təsdiq edilməli olsa da, biz çalışırıq həmin müqavilə operativliyə görə gün ərzində təsdiqlənsin. Hər bir işçi elektron portal üzərindən öz sənədlərinə istənilən vaxt baxa biləcək. İşçinin şəxsiyyət vəsiqəsinin son 8 rəqəmi parol olaraq ona təqdim olunur. Burada məlumatların təhlükəsizliyi də ciddi şəkildə təmin olunur. Başqaları haqqında məlumat toplamaq mümkün olmayacaq. Hər kəs yalnız şəxsi məlumat bazasına baxa bilər».

«Yeni sistemlə əmək kitabçası arasında əsas fərq və üstünlük nədir?» sualını Fuad Əlizadə belə cavablandırıb: «Əvvəllər işəgötürənlə işçi arasında bağlanan müqavilə elə həmin gündən qüvvəyə minirdi. İndi belə olmayacaq. Həmin müqavilə sistem tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minmiş hesab ediləcək. Bundan əlavə əvvəllər kimlərsə bir neçə yerdə əmək kitabçasına staj yazdırırdı. Yeni sistemdə bu imkanlar yoxdur. Sistemdə konkret olaraq, hər kəs üçün əsas və əlavə iş yeri bəndi var. İki və ya üç yerdə staj yazılması mümkün deyil. Əlbəttə ki yeni sistemin üstünlüklərindən biri də qeyri-leqal məşğulluğun aradan qaldırılmasına köməklikdir. Bundan sonra işə girmək istəyənlər də haqlarını tələb etməlidir. Əldə sənəd olmayan işçinin əmək hüquqlarını qoruya bilmirik. Ona görə də insanlar öz işlərini rəsmiləşdirməlidir».

Gender 4-cü veriliş

2014/07/02 12:48
Gender 4-cü veriliş
[youtube height="400" width="600"]https://www.youtube.com/watch?v=8iABSIhDv3I[/youtube]

Azərbaycan Orxana görə Rusiyanı məhkəməyə verə bilər

12:44
Azərbaycan Orxana görə Rusiyanı məhkəməyə verə bilər
[youtube height="400" width="600"]https://www.youtube.com/watch?v=44pRfQYxDi4[/youtube]