Şəkidə meyit davasıyla bağlı şok qərar

2014/10/05 20:37
Şəkidə meyit davasıyla bağlı şok qərar

10726586_906483526031178_746943179_nŞəki Apellyasiya Məhkəməsinin hakimi Hümbət Səlimov məhkəmə tarixində analoqu olmayan qətnaməyə imza atıb. Meyiti miras əmlakı kimi qələmə verən hakim ərinin qəbrini Ağdaşdan Bərdəyə köçürmək istəyən qadının iddiasını təmin edib.

Bu barədə mərhumun bacısı Malikə Mustafayeva  məlumat verib.

Onun sözlərinə görə, qardaşı Mustafayev Əhliman İldırım oğlu 2013-cü il oktyabrın 31-də avtomobil qəzasında vəfat edib:

“Onun meyitini müayinə olunmaq üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparıblar. Hadisədən xəbər tutan kimi qardaşımın keçmiş həyat yoldaşı  xəstəxanaya gəldi və  meyiti Bərdədə dəfn etmək üçün oraya aparacağını dedi. Biz bacılar isə buna razı olmadıq və müstəntiq mərhumun meyitini bizə verdi. Biz də onu Ağdaş rayon İxlı kənd qəbiristanlığında dəfn etdik. O vaxtdan qardaşımın keçmiş həyat yoldaşı Aygün Mustafayeva bizimlə münaqişəyə girib, hər vasitə ilə meyiti qəbirdən çıxararaq Bərdəyə aparmaqla hədələyir”.

Ağdaşda “yox”, Şəkidə “hə” dedilər

Niyyətini həyata keçirmək üçün Aygün Mustafayeva Ağdaş Rayon Məhkəməsinə müraciət edib. Əsas kimi isə ərinin şifahi vəsiyyətini gətirib. Onun sözlərinə görə, mərhum Əhliman Mustafayev əvvəllər öldükdən sonra anasının yanında dəfn olunmasını söyləyib. Lakin bunu məhkəmədə sübut edəcək sənədi təqdim edə bilmədiyindən məhkəmə qadının iddiasını təmin etməyib.

A.Mustafayeva çirkin niyyətini həyata keçirmək üçün  bu dəfə Şəki Apellyasiya Məhkəməsinə müraciət edib. İşə baxan Şəki Apellyasiya Məhkəməsinin hakimi Hümbət Səlimov qətnamədə Mülki Məcəllənin 1155.1-ci maddəsinə istinad edərək kişinin meyitini qadının şəxsi mülkiyyəti kimi qələmə verərək onun iddiasını təmin edib.

Hakimin analoqu olmayan mülahizələri

Mərhum Ə.Mustafayevin ailə üzvlərinin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov  açıqlamasında hakimin bu qərarının heç bir hüquqi əsası olmadığını deyib:

“Şəki Apellyasiya Məhkəməsinin hakimi Hümbət Səlimov sözügedən qətanamədə Mülki Məcəllənin 1155.1-ci maddəsinə  istinad edib. Həmin maddədə göstərilir ki, ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Hakim isə bu maddənin ikinci hissəsində göstərilən “miras qoyanın şəxsiyyətinə, ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi əmlak kimi qalır” normasına istinad etməklə mərhum İldırım Mustafayevin qəbrinin onun həyat yoldaşı Aygün Mustafayevanın mülkiyyəti hesab etmişdir”.

Kişinin meyiti qadının mülkiyyətidir?

Hüquqşünasın sözlərinə görə, bundan sonra Hümbət Səlimov mülkiyyət toxunulmazlığı ilə bağlı qanunlara istinad etməklə A.Mustafayevanın mərhum ərinin qəbrini Ağdaş  rayonundan çıxarıb Bərdə rayonuna gətirməsinə mülkiyyət toxunulmazlığı hüququnun obyekti kimi qiymət verib:

“Hakim hər kəsin öz mülkiyyətindən maneəsiz istifadə etmək və onun üzərində sərəncam vermək hüququnu əsas gətirib. Hümbət Səlimova görə, hər kəs ərinin və ya arvadının qəbrindən maneəsiz istifadə edə bilər. Lakin Mülki Məcəllənin 1155-ci maddəsinə əsasən, qəbir miras əmlakına daxil deyildir və vərəsələr arasında bölüşdürülmür”.

Hakimin bu qərarı Məhkəmə Hüquq Şurasında araşdırılacaq

S.Vəkilov insanların hissləri ilə oynayan qərar verməsini hakimin subyektiv maraqlardan çıxış etməsi kimi dəyərləndirib:

“A.Mustafayeva ərinin vəsiyyət tapşırığını yerinə yetirmək kimi absurd iddialarını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməyib. Bütün bunlara baxmayaraq hakim Hümbət Səlimov qadının ərinin qəbirdən çıxarılmasına hüquqi don geyindirməsi onun subyektiv maraqlardan çıxış etməsinin təzahürüdür. Biz müdafiə tərəfi kimi Məhkəmə Hüquq Şurasına müraciət edərək Hümbət Səlimov barəsində intizam icraatı başlamasını xahiş edəcəyik”.

Hüquqşünas Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcəklərini deyib.

Fərqanə Vəkilova

Azərbaycanın ilk sənaye portalı yaradılıb

2014/10/02 23:46
Azərbaycanın ilk sənaye portalı yaradılıb

Bu gün Beynnəlxalq Mətbuat Mərkəzində   »Azərbaycanın sənaye potensialının inkişafı və təbliği ilə bağlı təşəbbüslər» layihəsi çərmivəsində yaradılan www.e-senaye.az — Elektron sənaye portalınin təqdimat mərasimi keçrilib.

Təqdimatda çıxış edən «Şəmsi Əsədullayev» xeyriyyə ictimai birliyinin nümayəndəsi və layihə koordinatoru Cəsarət Hüseynzadə bildirib ki,  Şəmsi Əsədullaev xeyriyyə ictimai birliyiAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən »Azərbaycanın sənaye potensialının inkişafı və təbliği ilə bağlı təşəbbüslər» layihəsi çərçivəsində www.e-senaye.az — Elektron sənaye portalı yaradılıb.

 

Cəsarət Hüseynzadə qeyd edib ki, bu ideya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli sərəncamı ilə 2014-cü il  Azərbaycan Respublikasında  «sənaye ili» elan edilməsi ilə bağlı yaranıb və layihə çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyindən də informasiya dəstəyi alınıb.

Layihə koordinatorunun sözlərinə görə layihə çərşivəsində Azərbaycanda ilk dəfə olaraq sənaye portalı yaradılıb.

Elektron sənaye portalı çox fünksiyalı bir portal olaraq sənaye sahəsində fəaliyyət göstərən firma və müəsissələr üçün geniş imkanlar təqdim edir.

 

Beləki, hər bir şirkət portalda qeydiyyatdan keçərək standart və  yaxud VİP üzüvlük statusu alır.

Üzvlük statusundan asılı olaraq, öz müəssisələri haqqında informasiyaları, xəbərləri, xidmətləri, məhsulları, fotosessiyaları və video çarxları birbaşa və ya sayt admini vasitəsi ilə bu portalda yayımlaya bilir.

Layihə içraçıları tərəfdən 200 sənaye müəssisəsi haqqında informasiya, 1000-ə yaxın sənaye məhsulu haqqında materiallar ilkin olaraq elektron sənaye portalı bazasına daxil edilib. Bundan başqa müəsisələrin tanıtım və xəbər foto-video xəbərləri də bazaya daxil edilmişdir.

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin sənaye şöbəsinin sektor rəhbəri Müzəffər İsmayılıov təmsil etdiyi qurum tərəfindən bu kimi layihələrin müsbət qiymətləndirildiyini və informasiya dəstəyi göstərildiyini qeyd etdi.

Layihə ilə bağlı Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov, Yayım Assosiasiyasının prezidenti Yaşar Zeynalov, Təhsil Tədqiqatlar Mərkəzinin rəhbəri Əlövsət Sadıqlı, özəl sektor nümayəndələrindən Mehman Qurbanov, Vahid Məmmədrza, Fazil Kərimov, Natiq Hüseyn çıxış edərək elektron portalın əhəmiyyətindən danışaraq təkliflər səsləndirdilər.

 


www.müvəkkil.az — Hüquq saytının təqdimat mərasimi keçirilib

2014/09/30 18:10
www.müvəkkil.az — Hüquq saytının təqdimat mərasimi keçirilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Hüquqi biliklərin inkişafı və vətəndaşların yeni qanunlar ilə bağlı maarifləndirilməsi” layihəsi çərçivəsində yaradılan www.muvekkil.az – Hüquq saytının təqdimat mərasimi keçirilib. Təqdimatda çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov bildirib ki, Müvəkkil Hüquq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçrilən “Hüquqi biliklərin inkişafı və vətəndaşların yeni qanunlar ilə bağlı maarifləndirilməsi” layihəsinin icrasını yekunlaşdırmaq üzrədir.

S.Vəkilov əlavə edib ki, icra olunan layihənin əsas məqsədi vətəndaşların hüquqi biliklərinin artırılmasıdır: “Bu istiqamətdə əsasən yeni qəbul olunmuş qanunların əhaliyə izah edilməsi, əhali tərəfdən ən çox istifadə olunan müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul olunan müraciət formalarının hazırlanması və digər hüquqi sənədlərin vətəndaşlara əlçatanlığını təmin edilməsi layihənin əsas vəzifələrindəndir. Qeyd olunan materiallar hazırlanaraq vahid bazada — www.muvekkil.az – hüquq portalında toplanıb. Belə ki, Hüquq portalında yeni qəbul olunmuş 10 qanunvericilik haqqında informasiya, qanunların şərhi ilə bağlı 10 məqalə və əhalinin ən çox rastlaşdığı məsələlərlə bağlı 43 nümunəvi sənəd formaları hazırlanaraq sayta daxil edilib”.

Layihə koordinatoru S.Vəkilov əlavə edib ki, layihə bitdikdən sonra da qanunvericiliklə bağlı informasiya və materialların  sayta daxil edilməsi nəzərdə tutulur.

Tədbirdə çıxış edən Qarabağ qazisi, jurnalis Rey Kərimoğlu bütün sahədə hüquqi maarifləndirməyə ehtiyac olduğunu diqqətə çatdıraraq bu kimi layihələrin və portalların vətəndaşlar üçün əhəmiyyətli olduğunu qeyd etdi.

Milli Qəhrəmanımız Mübariz İbrahimov adına «Gənc Nəaqliyyatçılar» klubunun sədri Fuad Rəsul bu layihənin hüquq maarifçiliyi və yeni qəbul olunan qanunların vətəndaşlara əlçatalığının təmin olunması istiqamətində əhəmiyyətindən danışdı.

«Digesta» Hüquq nəşriyyatının rəhbəri Ərşad Hüseynov və digər natiqlər də hüuquq saytı və layihə ilə bağlı təkliflərini və fikirlərini bildirdilər.