İnformasiya azadlığı, yoxsa milli təhlükəsizlik üçün potensial təhdid?!

2015/06/09 22:47
İnformasiya azadlığı, yoxsa milli təhlükəsizlik üçün potensial təhdid?!

rafael_ceb_1Müasir qloballaşma dövründə azad və müstəqil kütləvi informasiya vasitələrinin mövcudluğu cəmiyyət həyatında əhəmiyyətli təsirə malikdir.

Onun başlıca vəzifəsi cəmiyyəti onu maraqlandıran məsələlər barədə məlumatlandırmaq, zəruri informasiyalarla təmin etməkdir. Siyasi mədəniyyətin formalaşmasında, siyasi plüralizmin dərinləşməsində müstəsna rola malik medianın əsas funksiyası məhz ictimaiyyətin obyektiv informasiyaya olan tələbatını ödəməkdir. Mediya bu missiyanı qanunvericiliyə zidd olmayan üsullarla informasiyaları toplayıb hazırlamaq və yaymaqla həyata keçirməlidir.

Mətbuat cəmiyyətin siyasi həyatının müxtəlif tərəfləri barədə balanslaşdırılmış, obyektiv, qərəzsiz və dolğun informasiya verilməsi yolu ilə siyasi mədəniyyətin təkmilləşdirilməsinin başlıca vasitələri sırasında yer alır. Tirajlanan söz eyni zamanda ictimai rəyə – əhalinin geniş kütlələrinin əhval-ruhiyyəsinə, davranışlarına, beləliklə də siyasi proseslərə, bütövlükdə siyasətə təsir göstərir. Bu təsirin mahiyyəti ondan ibarətdir ki, kütləvi informasiya vasitələri əldə etdiyi məlumatın hazırlanması, ötürülməsi və yayılmasının müxtəlif üsullarından istifadə etməklə, habelə həmin məlumatı öz şərhləri ilə birlikdə yaymaqla insanlarda müəyyən ideyaların, təsəvvürlərin, mövqelərin formalaşmasına əhəmiyyətli təsir göstərir, cəmiyyətdə müəyyən davranış və fəaliyyət üçün meyillərin yaranmasına kömək edir.

KİV cəmiyyətlə dövlət, ictimaiyyətlə və vətəndaşlarla hakimiyyət strukturları arasında bir növ əlaqələndirici həlqə rolunu oynayır. Bu mənada, yazılı mətbuat, elektron kütləvi informasiya vasitələri yeni dövrdə sadəcə informasiya vermək, maarifləndirmək və əyləndirmək kimi funksiyalarla məhdudlaşmırlar. Onlar eyni zamanda ictimai nəzarətçi, tənqidçi, müdafiəçi kimi funksiyaları özündə daşıyırlar. Bundan başqa, mediya cəmiyyət həyatının müxtəlif sahələrinə aid aktual problemlər, ictimaiyyəti maraqlandıran ayrı-ayrı məsələlər üzrə ictimai müzakirə açmaqla, diskussiyalar təşkil etməklə, müxtəlif rəylər formalaşdırmaqla kommunikativ funksiya həyata keçirir.

İnformasiya azadlığı həm də fərdi hüquqi məna daşıyır – insanın mümkün qədər çoxsaylı mənbələrdən dolğun və obyektiv məlumat almaq, öz fikirlərini və dünyagörüşünü genişləndirmək, şəxsiyyət kimi formalaşmaq, özünü ifadə etmək tələbatını ödəyir. İnsanın ətraf aləmə, cəmiyyətə, dövlətə, ictimai-siyasi proseslərə münasibəti daha çox onun KİV-dən aldığı informasiyalar əsasında formalaşır. Söz azadlığı insanın öz fikirlərini yazılı, şifahi və başqa formalarda ifadə etmək, ətraf aləmə münasibətini bildirmək, bu münasibəti başqalarına çatdırmaq sərbəstliyidir.

Demokratik dəyərlərə yüksək sadiqlik nümayiş etdirən Azərbaycanda bu gün kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti, jurnalistlərin müstəqilliyi, bir sözlə, açıq cəmiyyət quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, söz və mətbuat azadlıqları təmin olunmuşdur. Lakin müşahidələr göstərir ki, yaradılmış yüksək şərait bəzi hallarda söz və mətbuat azadlıqlarından sui-istifadəyə gətirib çıxarır: nəinki cəmiyyət üzvlərinin konstitusiya və qanunlarla qorunan şərəf və ləyaqətinə toxunulur, eyni zamanda, dövlətin və xalqın milli təhlükəsizliyinə real təhdidlər meydana çıxır. Uzağa getməyək, elə bu ilin avqust ayının əvvəllərində cəbhə bölgəsində vəziyyətin gərginləşməsi zəminində cərəyan edən proseslər respublikada bir çox kütləvi informasiya vasitələrinin — xüsusən də elektron medianın ekstremal şəraitdə informasiya siyasətinə hazır olmadığını göstərmişdir. Həmin günlərdə bir sıra xəbər portallarında, eləcə də yazılı mətbuatda reallığı əks etdirməyən, rəsmi mənbələrə deyil, emosiyalara əsaslanan əsassız, qeyri-ciddi məlumatların «ayaq tutub yeriməsi», hərbi sirlərin yayılması informasiya təhlükəsizliyi məsələsini ölkəmiz üçün yenidən aktuallaşdırmışdır.

Ümumiyyətlə, müşahidələr göstərir ki, söz, fikir və mətbuat azadlığı üçün respublikamızda yaradılmış liberal və tolerant mühit bəzi hallarda bu sahədə müəyyən problemlərin ortaya çıxmasına, xüsusən də informasiyanın toplayıcısı və cəmiyyətə ötürücüsü funksiyasını yerinə yetirən kütləvi informasiya vasitələrində qanunların və peşə davranışı normalarının kobud şəkildə pozulması hallarına da gətirib çıxarır. Ciddi mətbuatın nisbətən azlığı, bir sıra qəzetlərin və saytların öz fəaliyyətlərini şantaj üzərində qurmaları, insanların şərəf və ləyaqətini təhqir etmələri, şəxsi toxunulmazlıq hüququnun pozulması, ən başlıcası, milli maraqların nəzərə alınmaması cəmiyyətdə haqlı narazılıq doğurur, insanlığın ali zinəti olan sözün ucuzlaşmasına, dəyərdən düşməsinə səbəb olur.

Cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının, insan hüquq və azadlıqlarının təminatı prosesində fəal mövqe tutmalı olan bir çox qəzetlərin fəaliyyəti, təəssüf ki, tamamilə əks mənzərə yaradır. Mətbuat azadlığına, əks fikrə, informasiya yayımına maksimum şəraitin yaradılması, dövlət məmurlarının, ictimai-siyasi xadimlərin dözümlü, tolerant münasibəti məsuliyyətsiz «yazarları» daha da «pərvazlandırır», onların qanunları açıq-aşkar pozmasına şərait yaradır. Cəzasızlıq mühitindən ruhlanan belə «yazarlar» artıq həm də təhqir və böhtana görə hüquqi məsuliyyətdən azad edən yeni qanunların qəbulunu israrla tələb edir, mətbuat xaosu üçün presedent formalaşdırmağa çalışırlar.

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə 2010-cu il 22 iyul tarixdə keçirilmiş görüşdə dövlət başçısı İlham Əliyev mətbuatın müstəqilləşməsi, obyektivlik və tərəfsizlik nümayiş etdirməsi, siyasiləşmə meyillərindən, qərəzdən, böhtandan uzaq olması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşması, ümummilli məsələlərdə vətən­daşlıq mövqeyi nümayiş etdirməsi ilə bağlı dəyərli tövsiyələrini vermişdir. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə Azərbaycan mətbuatının birmənalı mövqedən çıxış etməsi zərurətini də önə çəkmişdir: «Bu, milli məsələdir, ümummilli məsələdir. Bu məsələdə siyasi maraqlar kənara qoyulmalıdır. Bu məsələdə iqtidar-müxalifət müna­sibətləri ümu­miyyətlə olmamalıdır. Bu məsələ ilə bağlı heç kim spekulyasiya etməməlidir. Bu, bizim ümummilli məsələmizdir, əsas məsələmizdir, əsas problemimizdir. Bütün Azərbaycan xalqı birləşərək bu məsələni həll edə bilər. Ona görə bu məsələ ilə bağlı həm ölkə daxilində, həm də xüsusilə sizin beynəlxalq media nümayəndələri ilə əlaqələrinizdə biz daha da fəal iş aparmalıyıq».

Prezident İlham Əliyev mətbuatla bağlı müxtəlif dövrdə verdiyi açıqlamalar bir daha göstərir ki, ölkə rəhbəri demokratik proseslərin dərinləşdirilməsində, mülki cəmiyyət quruculuğunda medianın imkanlarını və rolunu yüksək dəyərləndirir. Qəzetlərin fəaliyyətindəki çatışmazlıqları, üstün cəhətləri incəliklərinə qədər diqqətə çatdıran dövlət başçısı ölkədə jurnalist peşəkarlığının artırılması, KİV-in iqtisadi müstəqilliyinin təmini üçün reklam bazarının inkişaf etdirilməsi, peşə etikasına ciddi riayət edilməsi, milli mənəvi dəyərlərin qorunması, vətənpərvərlik təbliğatının gücləndirilməsi ilə bağlı da fikirlərini açıqlamışdır.

Qərbdə demokratiyaya yanaşmada onilliklər boyu dəyişməz qalmış bir prinsip mövcuddur: «Sənin azadlığın başqalarının hüquqları başlayan yerdə bitir». Bu müddəa 2009-cu il 18 mart tarixində keçirilmiş referendumla Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində də təsbit edilmişdir: «Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır».

Şübhəsiz, informasiya və mətbuat azadlığı da məhz qanunların imkan verdiyi hüquqi çərçivədə tənzimlənir. Hər bir dövlətdə demokratiyanın səviyyəsi söz və mətbuat azadlığının müəyyən olunmuş səviyyəsi ilə ölçülür. KİV-in, jurnalistikanın vəziyyəti, söz və mətbuat azadlığının səviyyəsi demokratiyanın «barometridir». Şübhəsiz ki, hər bir hüquq kimi söz və mətbuat azadlığı da mütləq xarakter daşımır, onun müəyyən çərçivələri, sədləri var. Şübhəsiz, müəyyən bir qəbildən olan hüquq və azadlıqların hüdudsuzluğu digər qəbildən olan hüquq və azadlıqlarla toqquşaraq, hüquqi dövlətin əsas prinsipləri ilə bir araya sığmayan hüquqi xaosa gətirib çıxara bilər. Hüquq və azadlıqlar hüquqi vəzifələrlə uzlaşdırılmaqla digər qəbildən olan hüquq və azadlıqılarla təmas xətti dəqiq müəyyən edilməlidir ki, heç kim hüdudsuz hüquq və azadlıqlara malik olmasın. Çünki hüdudsuz hüquq və azadlıqlar yalnız digər hüquq və azadlıqların pozulması hesabına reallaşır. Belə hallar isə hüquqi dövlətdə yolverilməzdir. Hüquq və azadlıqların hüquqi vəzifələrlə uzlaşdırılması Azərbaycan Respublikası qanunvericiyilində dünya təcrübəsinə uyğun olaraq sivil formada həllini tapmışdır. Məsələn, «Kütləvi informasiya vasitələri haqqında» qanunda jurnalistlərin hüquqları ilə yanaşı, vəzifələri də geniş əksini tapmışdır. Qanunun 10-cu maddəsində kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi göstərilmişdir: «Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir».

Bununla belə, müşahidələr göstərir ki, ucuz şöhrət, asan qazanc dalınca qaçan cızmaqaraçılara qarşı birgə mübarizə aparmaq, jurnalistikanın təməl prinsiplərinə kökündən zərbə vuranlara layiqli yerlərini göstərmək əvəzinə, bəzi KİV yazarları bu məsələdə fərqli mövqe tutaraq öz narahatlıqlarını göstərirlər. «Reket» jurnalistikanın müdafiəsinə hesablanan bu tip yazılar «qələm qoçuları»nın geniş əl-qol açmalarına şərait yaradır ki, bu da bütövlükdə həqiqi jurnalistikaya arxadan vurulan zərbədir. Buna isə heç bir vəchlə imkan vermək olmaz. Çünki yazdığı fikrə görə məsuliyyət hiss etməyən, mənəvi senzura hissindən xəbərsiz olan reket «yazarlar» normal əxlaqlı insanın özünə rəva bilmədiyi hər cür nalayiq sözü, təhqiri, söyüşü qəzet səhifələrinə gətirir, heç bir fakta, dəlilə əsaslanmayan cızmaqaraları ilə məkrli məqsədlərini gerçəkləşdirməyə çalışırlar.

Bu gün Azərbaycanın bir sıra mətbuat orqanlarında bilərəkdən yalan, böhtan xarakterli, yaxud qeyri-dəqiq informasiyaların dərci, vəzifəli şəxslərin, ictimai-siyasi xadimlərin heysiyyatına toxunan, onların nüfuzuna xələl gətirən əsassız, sifarişli yazıların dərci də sanki adi hal almışdır. Bu gün əksər «qəzetlər»də açıq təhqirlərə, söyüşlərə, hətta qarğış və hədyanlara da rast gəlmək olar. Qərəzsizlik, obyektivlik, vicdanlılıq, hadisələrə obyektiv baxış kimi ümdə jurnalistika prinsipləri bu «informasiya vasitələri» üçün tamamilə yaddır..

Kütləvi informasiya vasitələrində özünü göstərən neqativ tendensiyalar heç də ölkə Konstitusiyasının və qanunlarının kobud şəkildə pozulması, peşə etikasına riayət olunmaması ilə məhdudlaşmır. Normal jurnalist fəaliyyəti ilə auditoriya əldə edə bilməyən və yaxud buna peşəkarlığı çatmayan bu cür kütləvi informasiya vasitələri «çıxış yolu» kimi əsasən sensasiya xarakterli, insanları qorxu, vahimə, gərginlik və stress içində saxlayan informasiyalara daha çox yer verirlər.

Bu yanaşma aqressiv müxalifət partiyalarının təsir dairəsində olan qəzetlərə münasibətdə özünü daha qabarıq göstərir. Təəssüf doğuran haldır ki, bu «qəzetlərdə» bir dənə də olsun, müsbət məzmunlu, ürəkaçan, insanda xoş təəssürat oyadan informasiyaya, yazıya rast gəlmək olmur. İfrat siyasiləşmiş partiya qəzetləri Azərbaycandakı daxili vəziyyəti faciələşdirmək, ölkənin qazandığı uğurlara kölgə salmaq üçün ən ağlasığmaz üsullara əl atırlar. Radikal müxalifət partiyalarının ifrat nihilizm, inkarçılıq, pozitiv proseslərə neqativ rakursdan yanaşmaq kimi mənfi məziyyətləri onların təsirində olan mətbu nəşrlərin mövqeyində daha qabarıq görünür. Müxalifət qəzetlərində çalışan bəzi jurnalistlər özlərini partiya funksionerləri kimi aparır, ölkənin uğurlarına sevinmək əvəzinə yasa batırlar. Özünü Azərbaycan vətəndaşı hesab edən belələrinin milli maraqlara, ölkənin taleyüklü problemlərinə nihilst, etinasız yanaşması, qazanılan uğurları şübhə altına almağa çalışması təəssüf hissi doğurur. Sanki bu gün Azərbaycanda heç bir müsbət iş görülmür, heç bir mütərəqqi yenilik yoxdur. Bu cür siyasiləşmiş mətbuatda obyektiv jurnalistika prinsiplərindən danışmaq isə qeyri-mümkündür.

Azərbaycanda hökumətin guya azad mətbuatın fəaliyyətinə maneələr yaratması ilə bağlı iftiradan uzağa getməyən iddiaların hansı məqsədlərə xidmət etdiyi də yaxşı məlumdur. Cənubi Qafqaz kimi mürəkkəb məkanda Azərbaycanın müstəqil siyasət yeritməsi, iqtisadi cəhətdən qüdrətlənməsi, demokratikləşmə yolunda ciddi uğurlar qazanması, problemlərini daxili imkanlar hesabına həll etməsi müəyyən dövlətlərin və təşkilatların maraqlarına cavab vermir. Məhz buna görə də respublikada mətbuatla bağlı məsələlər daim süni şəkildə şişirdilir, müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilən bəzi cızmaqaraçıların adları qondarma «siyasi məhbuslar» siyahısına salınır.

Bu gün Azərbaycanda bəzi qəzetlərin Azərbaycanın dövlətçilik maraqları əleyhinə işləyən müəyyən xarici qüvvələr tərəfindən maliyyələşdirilməsi ilə bağlı cəmiyyətdə əsaslı şübhələr və narahatlıqlar mövcuddur. Qeyri-şəffaf maliyyə mənbələri olan həmin qəzetlər xaricdən aldıqları diqtələr əsasında hərəkət edir, süni problemlər yaratmağa və çirkin məqsədlərini həyata keçirməyə çalışırlar. Nə qədər acınacaqlı olsa da, ölkənin və xalqın mənafeyi onları qətiyyən maraqlandırmır. Onlar bəzən xarici KİV-lərdə belə Azərbaycan dövləti və iqtidarı haqqında cəfəng kampaniya təşkil edir, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar.

Siyasi mübarizədə polemika mədəniyyəti son dərəcə vacib keyfiyyətlərdən sayılır. Bu gün ən müxtəlif mövzular barədə sivil polemikaya girməyi, ölkənin davamlı inkişafı, cəmiyyəti maraqlandıran məsələlərlə bağlı əsaslandırılmış fikir irəli sürməyi bacarmayan aqressiv müxalifətin bu neqativ cəhəti həm də onun təsir dairəsində olan qəzetlərdə özünü daha qabarıq büruzə verir. Yalan yazmağı bir növ vərdiş etmiş bu qəzetlər cəmiyyətdə münasibətlərin sivil inkişafına xidmət edən ən mütərəqqi təklif və ideyaları belə qərəzlə qarşılayır, cılız siyasi maraqlarına uyğun şəkildə şərh etməyə çalışırlar. Əslində, bu həm də aqressiv müxalifətin sivil və demokratik mübarizə imkanlarının məhdudluğu ilə şərtlənir. Onlar istənilən dəyərli təklif və ideyaları ilk gündən kölgə altına salmaq, ona şübhə ilə yanaşmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq kimi köhnə vərdişlərindən əl çəkmək istəmirlər. Onlar böhtan, təhqirlə dolu olan yazıların mətbuat səhifələrində yer almasına mənfi münasibət bildirən dəyərli ziyalıların ünvanına heç bir əsası olmayan ittihamlar yağdırır, beləliklə, cılız, dar təfəkkür sahibi olduqlarını bir daha nümayiş etdirirlər. Azərbaycan cəmiyyətində geniş müzakirə predmetinə çevrilən məsələ ilə bağlı tutarlı arqumentlər gətirmək əvəzinə, yazı müəllifini hədəfə alır, etik normalarla bir araya sığmyan fikirləri öz qəzet səhifələrinə gətirirlər. Bu və digər məqamlar radikal müxalifətin və onun təsir dairəsində olan qəzetlərin siyasi polemika mədəniyyətindən kənar olduğunu bir daha təsdiqləyir.

Azərbaycan hansı siyasi mövqe və əqidədə olmasından asılı olmayaraq hər bir azərbaycanlının Vətənidir. Belə olan təqdirdə, milli maraq anlayışı da siyasi düşərgəsindən asılı olmayaraq hər bir jurnalist və media qurumu üçün əsas olmalıdır. Lakin bəziləri hələ də arxaik təsəvvürlə «Azərbaycana nə qədər pisdirsə, bizə bir o qədər yaxşıdır» prinsipindən çıxış edir, milli maraqları zərbə altına alırlar.

Son illər cəmiyyət həyatının bütün sahələrində əsaslı keyfiyyət dəyişiklikləri hiss olunur, bir çox məsələlər də məhz ictimai qınaq və məzəmmət yolu ilə aradan qalxır. Respublikamızın dünya informasiya məkanına daxil olması və informasiyalı cəmiyyətə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Azərbaycan mətbuatı keyfiyyətcə yeni mərhələdə sağlam jurnalistika dəyərləri əsasında fəaliyyət göstərməli, ifrat siyasiləşmə meyillərindən qaçmalı, cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmamalıdır. Mətbuatda milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına hörmət prinsipi bütün konyunktur maraqlardan öndə dayanmalıdır. Əslində, bunu müharibə şəraitində yaşayan, ərazisinin 20 faizi işğal olunan bir dövlətdə xalqın milli maraqları tələb edir. Digər tərəfdən, bu gün demokratik cəhətdən özünün ən yüksək inkişaf mərhələsinə çatmış bir çox dövlətlərdə də müharibə şəraitində medianın milli maraqları nəzərə alması, xüsusən də hərbi sirrin yayılmaması ilə bağlı sərt hüquqi və mənəvi normalar mövcuddur. «Dövlət sirri haqqında» qanuna əsasən, Azərbaycanda da hərbi sirrlərin yayılmasına yol verilmir.

«Dövlət sirri haqqında» Azərbaycan Respublikasının Qanununda yayılması məhdudlaşdırılan informasiyaların dairəsi dəqiqliklə göstərilmişdir. Qanun Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Qanunun 1-ci maddəsinə əsasən, (Əsas anlayışlar) «dövlət sirri — dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır».

Qanunun tələbinə əsasən dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir. Həmin qanun dövlət sirrini mühafizə etməyə məsul şəxsləri və icra strukturlarını, hərbi sirr təşkil edən məlumatları sadalayır, eyni zamanda, milli qanunvericiliyimiz bu sirrin yayılmasına görə məsuliyyət müəyyən edir.

Hazırda bir çox ölkələrdə hərbi sirlərin mətbuatda yayılması cinayət hesab edilir və qanunla cəzalandırılır. Bu ilin avqust ayının 29-da keçirilən müşavirədə də qeyd olunduğu kimi, hələ II Körfəz müharibəsi zamanı ABŞ-ın sabiq dövlət katibi Kolin Pauell Qətər dövlətindən “Əl-Cəzirə” telekanalının müharibə haqqında informasiyalarına nəzarət edilməsini xahiş etmişdi. Bu il avqustun 9-da ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində polisin qara dərili gənci öldürməsi geniş etirazlara səbəb oldu. ABŞ hakimiyyətinin həyata keçirdiyi tədbirlər göstərdi ki, bu ölkədə sosial narazılığı artıran materiallardan söhbət getdikdə, media əməkdaşlarının informasiya əldə etmək və yaymaq hüququ daha sərt şəkildə məhdudlaşdırılır, jurnalistlər təzyiqlərə, həbslərə məruz qalırlar.

KİV-lərin ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Bu baxımdan ölkə mediası Azərbaycanın konstitusiya quruluşu, ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, milli təhlükəsizlik və digər bu kimi məsələlərdə kifayət qədər həssas davranmalı, cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməlidir. Əlbəttə, ölkənin iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir şəraitdə mətbuatın üzərinə düşən vəzifələr nisbətən fərqli mahiyyət kəsb etməlidir. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Yayımlanması qanunla tənzimlənməyən xəbər milli maraqlara xələl gətirirsə, onun yayılması mənəvi-etik baxımdan yolverilməz sayılmalıdır.

Mətbuatın inkişafına göstərilən bu yüksək diqqət və qayğı müqabilində ölkə rəhbərliyinin mətbuatla bağlı gözləntiləri isə tamamilə obyektiv xarakter daşıyır. Daha dəqiqi, mətbuatdan yalnız qanunlara, peşə etikasına hörmət, milli mənəvi dəyərlərə sədaqət, dövlət və xalq maraqlarına təəssübkeş, vətənpərvər münasibət istənilir. Bütün bunlar da sırf peşəkarlıqla bağlı məsələlərdir. Azərbaycanda jurnalist adına iddia edən təbəqənin peşəkarlıq səviyyəsinin lazımi səviyyədə olmaması etiraf olunası reallıqdır. Dövlət başçısı İlham Əliyev də çıxışlarında bu məqama xüsusi diqqət çəkmişdir. Söhbət ondan gedir ki, Azərbaycanın inkişafının hazırkı mərhələsində mətbuatın keçid dövrü üçün xarakterik olan bəzi ziyanlı vərdişlərdən əl çəkə bilməməsi, fəaliyyətində qeyri-obyektivliyə, qərəzə, tərəfkeşliyə yol verməsi, qanunların aliliyini gözləməməsi cəmiyyətdə ciddi narahatlıqlar doğurur.

Mövcud vəziyyət həm də qeyri-sağlam rəqabətlə şərtlənir. «Yağışdan sonrakı göbələk» kimi artan çoxsaylı internet saytları, qəzetlər oxucu auditoriyası toplamaq üçün yalan, əsassız, sensasiya xarakterli «xəbər»lərə, daha dəqiqi, dezinformasiyalara geniş yer verirlər. Lakin bu rəqabət keyfiyyətsiz, qeyri-obyektiv, müxtəlif mənbələrdən dəqiqləşdirilməmiş, qərəzli, qanunların tələblərinə, milli maraqlara zidd «məhsul»un istehsalı və yayımı hesabına aparılmamalıdır.

Nəzərə almalıyıq ki, hazırda bütün planeti öz təsiri altına alan qloballaşma prosesi bir sıra mütərəqqi cəhətləri ilə yanaşı, xalqların tarixən formalaşmış dəyərlər sisteminə təhdidlər də doğurur. Belə bir şəraitdə KİV-də milli-mənəvi və əxlaqi dəyərlərə lazım olduğundan daha az diqqət yetirilməsi mənəvi aşınma prosesinə rəvac verə bilər. Milli mənəvi dəyərlərin, mütərəqqi adət-ənənələrin qorunması zərurəti həm də müxtəlif dünyagörüşü və həyat tərzlərinin, mədəni dəyərlərin, dini konfessiyaların qovuşduğu Azərbaycanın milli-etnik tərkibi etibarilə dünyanın tolerant dövlətlərindən biri olması ilə bağlıdır. Xalqımız yalnız zəngin milli-əxlaqi keyfiyyətlərini, milli «Mən»ini, heysiyyətini qorumaqla gələcək yaşam fəlsəfəsini düzgün müəyyənləşdirə, dünya miqyasında layiqli yerini, mövqeyini təmin edə bilər. Lakin bu proseslərdə heç də bütün kütləvi informasiya vasitələri yaxından iştirak etmirlər. Bəzən mətbuatda Azərbaycanın mənəvi-əxlaqi dəyərləri ilə uzlaşmayan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən yazılara rast gəlinir. Yəni mətbuat ictimai rəyi mütərəqqi ruhda kökləmək əvəzinə, əks mövqe tutur, cəmiyyət qarşısındakı məsuliyyət hissini, vəzifələrini unudur.

Şübhəsiz, yaranmış vəziyyət hərbi sirrlərin qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsini tələb edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 25 sentyabr 2014-cü il tarixli «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında» sərəncamı bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Belə bir sərəncamın imzalanması təmas xəttinə bitişik ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirmək, milli təhlükəsizlik və müdafiə təyinatlı obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə məlumatların, eləcə də “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən hərbi sahəyə aid digər məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Sərəncama əsasən, “Müdafiə məsələləri üzrə əlaqələndirmə şuralarının yaradılması və hərbi birliklərə, hissələrə hamilik haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 9 yanvar tarixli 667 nömrəli Fərmanına uyğun olaraq yaradılan müdafiə məsələləri üzrə əlaqələndirmə şuraları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə müdafiənin möhkəmləndirilməsi, habelə əhalinin ayıq-sayıqlığının artırılması məqsədi ilə həmin zonada yerləşən yaşayış məntəqələrində yerli əhali arasından könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması üçün zəruri tədbirlər görməlidirlər. Sərəncama görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti 1994-cü ildə qəbul olunmuş “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun (o cümlədən cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini nəzərdə tutan) yeni redaksiyasını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;

Bundan başqa, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyətin gücləndirilməsi də zəruri hesab edilmişdir. Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydalarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi qaydası həmin sərəncamda müəyyən edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi barədə izahat işini təşkil etməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cəbhəboyu zonadakı vəziyyət barədə məlumatların əhaliyə çatdırılması ilə bağlı nazirliyin mətbuat xidmətinin fəaliyyətinin çevikliyini artırmaq üçün tədbirlər görməlidir. Sərəncama əsasən nazirlik kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin edəcəkdir. Monitorinq nəticəsində “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən məlumatları yayan şəxslər müəyyən edilərək qanunla müəyyən edilmiş məsuliyyətə cəlb ediləcəklər.

Sərəncamda Azərbaycan Mətbuat Şurasına hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işini təşkil etmək tövsiyə olunmuşdur.

Yeni dünya düzəninin diktə etdiyi qaçılmaz reallıqlar fonunda hər bir dövlətin milli təhlükəsizlik konsepsiyası onun təbii-bioloji ehtiyatlarından, iqtisadi potensialından, dünya siyasətindəki rolundan asılı olaraq müxtəlif məqsədlər üzərində qurulur. Milli təhlükəsizlik problemi özlüyündə mürəkkəb struktura malik olmaqla, dövlətin milli maraqlara hədəflənən müstəqil və qətiyyətli siyasət yürütməsini, habelə ictimai quruluşun, insan hüquq və azadlıqlarının qorunması, informasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərini özündə ehtiva edir. Bu mənada, yeni dövrdə ölkə mediasının da üzərinə mühüm vəzifələr düşür. İlk növbədə, mətbuatda peşəkarlıq əsas normalardan birinə çevrilməli, KİV-də milli maraqların qorunması hər bir jurnalist üçün vacib mənəvi məsələ olmalıdır. Demokratik cəmiyyətdə bütün məsələlərin inzibati yolla tənzimlənməsinin qeyri-mümkünlüyü nəzərə alınmaqla, jurnalistlərin xəbər yayımında ehtiyatlı davranmaları, bu zaman milli təəssübkeşlik mövqeyi nümayiş etdirmələri yeni dövrün diktə etdiyi obyektiv reallıqdır. Çünki, söhbət hamımızın doğma vətəni olan Azərbaycanın təhlükəsizliyindən gedir.

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı