Dağlıq Qarabağ münaqişəsi və informasiya təhlükəsizliyi mövzusunda maarifləndirmə işlərinin həyata keçirilib

2015/06/22 21:31
Dağlıq Qarabağ münaqişəsi və informasiya təhlükəsizliyi mövzusunda maarifləndirmə işlərinin həyata keçirilib

08 – 18 iyun 2015 – ci il tarixləri arasında Azərbaycanın İsmayıllı, Qəbələ, İmişli bölgələrində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin təşkilatçılığı ilə “Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və informasiya təhlükəsizliyi mövzusunda maarifləndirmə işlərinin həyata keçirilməsi” adlı layihə həyata keçirilib.
Layihənin məqsədi Azərbaycanın milli təhlükəsizliyinə subyektiv səbəblərlə dəyə biləcək potensial zərərin qarşısının alınması məqsədi ilə düzgün və faydalı informasiya mənbələrindən istifadənin təbliği, Azərbaycan haqqında dünyada obtektiv, müsbət imic formalaşdırılmasına kömək etmək, Qarabağ həqiqətlərinin yayılmasında gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği, İKT resurslarında erməni təbliğat maşınının üstünlüklərini zəiflədilməsi işinə gənclərin cəlb edilməsi, dünyanın müxtəlif ərazilərində yaşayan soydaş olmayan gənclərdə İKT resurları vasitəsi ilə Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı obyektiv təsəvvürün formalaşmasına tövhə verməkdir.
Layihə çərçivəsində İsmayıllı, Qəbələ və İmişli rayonlarında keçirilən seminarlarda İKT resurslarından faydalı və düzgün istifadə etməklə Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması, informasiya təhlükəsizliyinin qorunması, gənc nəslin Qlobal İnformasiya Şəbəkəsində Qarabağ həqiqətlərinin yayılmasında iştirakının təmin edilməsi, gənc nəslin erməni diasporası və lobbisinin anti-Azərbaycan təbliğatına qarşı əks təbliğatının gücləndirilməsi məsələlərinə diqqət yetirməsi kimi məsəslələrə toxunulmuşdur.
Seminar “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri Nail Şükürov və tarixçi — ekspert Səbuhi Hüseynov tərəfindən aparılmışdır.
Əsas mövzular aşağıdakılar olmuşdur :
• Müharibə şəraitində informasiya təhlükəsizliyinin qorunması məsələləri;
• İKT resursları, sosial şəbəkələr – yeni metodlar, yanaşmalar;
• Qarabağa dair yerli və xarici internet resursları;
• Qarabağ həqiqətlərinin yayılmasında sosial şəbəkələrin rolu;
• Qarabağ mövzusunda vizual görüntülərin yayılması, Youtube.com sosial internet resursundan faydalı istifadə;
• Qarabağ mövzusunda jurnalist araşdırmaları haqqında;
• Qarabağ mövzusunda maraq doğuran internet səhifələrin analizləri
Eyni zamanda iştirakçılara Qarabağla bağlı yerli və xarici internet resurslar barədə məlumat verilmişdir. Sosial şəbəkələrdə iş metodları öyrədilmişdir.
3 regionun hər birində 2 gün ərzində keçirilən layihənin işində cəmi 324 nəfər iştirak etmişdir.
Layihə iştirakçılara müxtəlif nəşr paylama materialları da təqdim olunub.

Sosial və internet mediada milli təhlükəsizlik mövzusunda təlim keçirilib

2015/05/31 21:45
Sosial və internet mediada milli təhlükəsizlik mövzusunda təlim keçirilib

telim02Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Gənclərin sosial və internet mediasında milli təhlükəsizliyə zidd informasiyaların yayılmasına qarşı səfərbər edilməsi” layihəsinin icrasına başlayıb.

İctimai Birlikdən verilən məlumata görə, layihə çərçivəsində  internetdə və sosial şəbəkələrdə aktiv olan, amma milli təhlükəsizliyi təhdid edən informasiyaların ayırd edilməsində çətinliklərə rast gələn yeniyetmə və gənclərin bu sahədə bilik və bacarıqlarını artırmaq, onları düzgün yönləndirmək və vərdişlər qazandırmaq üçün “Yeni mediada informasiya təhlükəsizliyi məsələləri ilə bağlı düzgün iştirak”mövzusunda tədbir keçirilir. Təlimin açılışında vətəndaş cəmiyyəti institutlarının, eləcədə medianın nümayəndələri də iştirak və çıxış ediblər. Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov və digərləri yeni media vasitələrində informasiya təhlükəsizliyi və milli təhlükəsizlik məsələləri, eləcə də gənclərin bu sahədə rolu barəsində fikirlərini bldiriblər.

Qeyd edək ki, təlim Bakı Slavyan Universitetində keçirilir. Yeni media üzrə mütəxəssis Xaqani Səfəroğlunun təlimçi kimi çıxış etdiyi  təlimdə 20 gənc iştirak edir. Burada gənclərə milli təhlükəsizliyi təhdid edən informasiyaların ayırd edilməsi, yayılmasının qarşısının alınması ilə bağlı biliklər, ictimai və hüquqi məsuliyyət hissinin inkişafı, artırılması və formalaşması baxımından bilgilər və vərdişlər aşılanır. Onlara bu barədə mövcud olan mənbələr, qanunvericilik və hüquqi tənzimləmələr və etik davranış qaydaları izah edilib və göstərilir.

Qeyd edək ki, layihə çərçivəsində həmçinin, “Jurnalistika ixtisasına yiyələnmək istəyən gənclərin yeni mediada milli təhlükəsizliyi təhdid edən informasiyalarla bağlı bilgiləndirilməsi” mövzusunda təlimlər keçiriləcək. Bu cür təlimlərin layihə çərçivəsində Masallıda da keçirilməsi planlaşdırılır. Bundan başqa, mövzu ilə bağlı kitabça nəşri və həmçinin, “yenimedia.info” saytının layihə çərçivəsində təkmilləşdirilməsi də planlaşdırılır.

Bəxtiyar Sadıqov: “Hərbi və dövlət sirlərinin qorunmasına onlar bir vətəndaş, jurnalist və media qurum rəhbəri kimi də borcludurlar”

2015/05/21 21:09
Bəxtiyar Sadıqov: “Hərbi və dövlət sirlərinin qorunmasına onlar bir vətəndaş, jurnalist və media qurum rəhbəri kimi də borcludurlar”

SONY DSC“Ötən il Ermənistan Azərbaycan sərhədində bizim postlara hücum edib təhlükə yaratdılar. Bu dönəm Azərbaycan elektron mediası üçün bir sınaq oldu”.

Bunu  Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili  Bəxtiyar Sadıqov  Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələri və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsinə münasibət bildirərkən deyib: “Çox təəssüf ki, cənab Ramiz Mehdiyevin də həmin görüşdə faktlar əsasında söylədiyi mülahizə və fikirlərdən aydın oldu ki, mətbuatımız bu sınaqdan yaxşı çıxmadı. Yəni, burda söhbət tək peşəkarlığın aşağı olmasından getmir. Burada eyni zamanda elektron və çap mediasının və burda çalışan insanların dövlət sirlərini qorumalı olduqlarından “bixbər”likləri, mətbuat və söz azadlığı ilə məlumat toplamaq azadlığı, dövlət sirlərinin müdafiəsi və mətbuatda qorunması, Azərbaycanın milli təhlükəsizlik strategiyası, KİV haqqında qanun və digər qanunların müvafiq maddələrindən xəbərsizliyi  də meydana çıxdı”.

Baş redaktor deyib ki, Azərbaycanda mətbuat, söz azadlığı var, senzura nəzarəti mətbuatda ləğv olunub, lakin hər bir qurumun rəhbəri, istər elektron, istərsə də çap medianın rəhbəri bu qanunlar əsasında mətbuatda dövlət, hərbi sirlərin, Azərbaycanın milli maraqlarının qorunması ilə bağlı müəyyən məsələlərin ictimailəşməsinin qarşısını almalıdırlar: “Yəni, bu məlumatların qorunmasına onlar vəzifə, səlahiyyət sahibi kimi borcludurlar. Həmin qanunlar da redaktorların üzərinə qoyulub.  Çox təəssüf ki, bu redaktorlar bilərəkdən və ya bilməyərəkdən çünki bir çoxları ixtisasca qeyr-jurnalistdir, görünür qanunvericiliyi bilməyiblər. Ona görə, bu  cür mövcud vəziyyət yarandı. Həm  çox ciddi nöqsanlara yol verildi, həm də Azərbaycanın hərbi sirləri, dövlətin maraqları ilə bağlı müəyyən informasiyalar sızdırıldı. Halbuki belə etməli deyildilər.  Həmçinin, peşəkarlıq baxımından çox aşağı səviyyəli informasiyalar yarandı”.

B.Sadıqov bildirib ki, bu müşavirədə bütün bunlar təhlil olundu və qarşıya vəzifələr qoyuldu: “Bütün redaksiyalarda, həmçinin, qəzetimizin redaksiyasında  hörmətli akademik Ramiz Mehdiyevin bu məruzəsi müzakirə olunub. Orada göstərilən nöqsanlar, çatışmazlıqlar hamının diqqətinə çatdırılıb və belə halların qarşısının alınması üçün hər bir müxbirdən tutmuş şöbə müdiri, redaktor və baş redaktora qədər məsuliyyət bir daha artırılıb. Ümumilikdə isə düşünürəm ki, bu görüşün ciddi əhəmiyyəti olacaq. İlk olaraq deyim ki, əgər indiyədək kimsə bunları bilmirdisə artıq onlar bunu bildilər. Əgər kimsə belə hesab edirdi ki, mətbuata senzura nəzarəti yoxdur və kim nə istəsə yaza bilər, lakin bu nəzarəti başqa bir formada redaktorlar özləri həyata keçirirlər. Azərbaycan hələ müharibə şəraitində olduğu üçün xüsusən hərbi və dövlət sirlərinin qorunmasına onlar bir vətəndaş, jurnalist və media qurum rəhbəri kimi də borcludurlar”.

B.Sadıqovun sözlərinə görə, R.Mehdiyev vurğuladı ki, indiyədək bu kimi məsələlərlə bağlı ciddi tədbirlər görülməyib, lakin bundan sonra əgər belə bir hal olsa həmin qanunların müvafiq maddələrinin tələbləri ilə həmin qurumlar və redaktorlar haqqında ölçü götürüləcək: “Bütün bunlardan sonra hesab edirəm ki, hər bir vətənpərvər Azərbaycan jurnalisti bu məsələyə çox diqqətlə yanaşmalı və qanunlara riayət etməyi bacarmalıdır”. AZADİNFORM

Hərbçilərin sosial şəbəkələrdə qeydiyyatı düzgündürmü?

2015/05/09 23:17
Hərbçilərin sosial şəbəkələrdə qeydiyyatı düzgündürmü?

«Hərbi formada, silah və texnika ilə şəkil çəkdirib «facebook» və «odnaklassniki.ru» kimi saytlarda yerləşdirilməsinin əleyhinəyəm»

Üzeyir Cəfərov: «Məxfi məlumatların bu şəbəkələrdə yerləşdirməsi yolverilməzdir»

Zabit, gizir və müddətdən artıq xidmət edən çavuşlar «Facebook», «Odnaklassniki.ru» və bu kimi digər sosial şəbəkələrdə peyda olmaqla bəzi hərbi sirrləri özləri də bilmədən yayırlar. Onlar hərbi fomada çəkdirdiyi şəkilləri burda yerləşdirib tanışlıq məqsədi ilə axtarışa çıxırlar. Hətta çalışdıqları hərbi hissənin nömrəsini, yerləşdiyi ərazini və sair məxfi məlumatları da statuslarında qeyd etməkdən çəkinmirlər. Adıçəkilən sosial şəbəkələr beynəlxalq əhəmiyyət daşıdığından burada müxtəlif xalqlara məxsus insanlar qeydiyyatdadırlar.

Qatı düşmənimiz olan ermənilər hərbçilərimizin yazdığı məxfi məlumatları və çəkdirdiyi şəkilləri yəqin ki, ciddi analiz edirlər. Hətta sosial şəbəkələrdə gün keçirən bəzi hərbçilər erməni xanımlarla da yazışırlar. Təbii ki, bu yolverilməzdir, belə demək olarsa, dövlətə xəyanətdir. Çünki hərbçilər gizli məlumatları aşkara çıxarmaqla düşmənə və Azərbaycanı gözü götürməyən ölkələrə bir növ «kozur» verirlər. Yəni deyirlər ki, «qarğa məndə qoz var».

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, hərbçilərin sosial şəbəkələrdə məxfi məlumatları yerləşdirməsi yolverilməzdir: «Çox gözəl və heç kimin ağlına gəlməyən məsələyə toxunmusunuz. Bu məsələlərdə son dərəcə diqqətli olmaq lazımdır. Azərbaycan bəzi ölkələrin maraq dairəsindədir. Onlar hər il külli miqdarda vəsait sərf edirlər ki, Azərbaycanla bağlı məlumat əldə etsinlər. Həm adsız, həm də bağlı kəşfiyyat yolu ilə məlumatları əldə edəndən sonra müəyyən məsələlər üzərində işləməyə başlayırlar, planlar cızırlar. Sosial şəbəkələrdə «fəaliyyət» göstərən hərbçiləri mən də görmüşəm. Bəzi hərbçilər var ki, yerləşdikləri postu, hansı şəhərdəki hərbi hissədə qulluq etdiklərini də yazırlar». Ekspertin sözlərinə görə, belə şeylər olmamalıdır, Hərbi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Nazirliyi bu cür hərbçiləri aşkar etməlidir: «Hər bir hərbi hissənin məxfi şöbəsi məsələ ilə bağlı məlumatlar verməlidir. Hərbçilərin hərbi formada, silah və texnika ilə şəkil çəkdirib «facebook» və «odnaklassniki.ru» kimi sosial şəbəkələrdə paylaşmasının əleyhinəyəm. Təəssüflər olsun ki, hərbçi adına ləkə gətirən bəziləri Ermənistandan olan insanlarla yazışırlar. Hətta bəzən etikadan kənar söhbətlər də gedir. Onları maarifləndirmək, başa salmaq lazımdır ki, belə işlərə yol verməsinlər. Əlaqədar qurumlar qanunu pozan hərbçiləri cəzalandırmalıdır. Kütləvi informasiya vasitələri məsələyə xüsusi diqqət yetirməlidir».

Hərbi şərhçi vurğuladı ki, bunun qarşısı alınmasa, gələcəkdə böyük fəsadlar yaşana bilər: «Buna sıradan bir məsələ kimi yanaşmaq olmaz. Mən demirəm ki, hərbçilər sosial şəbəkələrə girməsinlər. Amma onlar anlamalıdırlar ki, dövlətin məxfi sirrini yaymaq olmaz. Ən xırda məlumatlar bizim ziyanımıza işləyə bilər. Məxfi məlumatlar yayıldıqca düşmənlərimiz artıq xəbərdar olurlar ki, bizdə hansı texnikalar var, hərbi hissələrimizin yerləşdiyi mövqe hansı relyefə malikdir və sair. Buna ciddi diqqət yetirmək lazımdır».

//gundelik-baku.com//Pərvin MAHMUD

«Gənc Əkinçi»lərə dövlət sirrinin qorunması və hərbi sirrlər haqqında seminar keçirilib — Fotolar

2015/04/09 22:43
«Gənc Əkinçi»lərə dövlət sirrinin qorunması və hərbi sirrlər haqqında seminar keçirilib — Fotolar

«İRƏLİ» İctimai Birliyinin «Gənc Əkinçi» layihə çərçivəsində növbəti seminarlar keçirilir.

Gün.Az xəbər verir ki, 12-15 mart tarixlərində gənc jurnalistlər üçün İsmayıllıda keçirilən layihənin ikinci günündə hərbi jurnalistika, müharibə şəraitində yaşayan ölkədə çalışan jurnalistlərin hərbi xəbərləri necə təqdim etməsi, dövlət sirrlərinin qorunması, hərbi xəbərlər barədə məlumatların düzgün istifadə edilməsi və informasiya müharibəsində düşmənə qarşı düzgün mexanizmlərdən istifadə barədə seminar keçirilib.

Seminarın məruzəçisi Azərbaycanın tanınmış jurnalisti, TREND İnformasiya Agentliyinin əməkdaşı İlkin Bağırov olub. O qeyd edib ki, Azərbaycanda hərbi jurnalistika və hərbi maarifləndirmə baxımından ciddi boşluq var:

«Ölkədə çox az jurnalist və özünü hərbi jurnalist adlandıran bir çox jurnalistin hərbi jurnalistika təhsili yoxdur. Mətbuatda çox zaman hərbi sahədə yayılan dezinformasiyaların əsl səbəbi də məhz hərbi savadlı jurnalistlərin az olmasıdır. Biz bunu istər Qarabağ müharibəsində, istərsə də müstəqillik dövründə müxtəlif vaxtlarda baş verən qaynar atışmalar zamanı yaşamışıq. Yalan məlumatlar insanları panikaya, təşvişə salır, evlərində rahat otura bilmirlər.

Avqust hadisələrində o qədər dezinformasiya yayıldı ki, cəbhədə yaşayan insanlar evlərini tərk etmək istəyirdi. Digər rayonlarda olan insanlar cəbhəyə getmək üçün səfərbərlik etmək istəyirdi. Bu vəziyyət yalan məlumatların yayılmasına görə yaranmışdı», — deyə İlkin Bağırov vurğulayıb.

Jurnalistlərin cəbhədə özünü necə aparmalı olduğundan danışan ekspert deyib ki, qeyri-peşəkar mətbuat nümayəndələri bir çox hallarda hərbi sirləri yayırlar:

«Bir də görürsən ki, jurnalistlər ön xətdən, səngərlərdən, hərbi hissələrdən foto və videolar yayırlar, mövqelərimizin yerləşdiyi yerin adını yazırlar, yüksək rütbəli zabitlərin adını açıq şəkildə deyirlər. Əlbəttə ki, bu kimi hərbi sirləri yaymaq yolverilməzdir. Bu düşmənə xidmət edir və jurnalistlər belə həssas məlumatlardan istifadə edərkən diqqətli olmalıdır».

Qeyd edək ki, «Gənc Əkinçi» layihəsi çərçivəsində seminarlar və ictimai müzakirələr gün ərzində davam edəcək. Növbəti seminarda Parlament Jurnalistlər Birliyinin (PJB) rəhbəri və modern.az saytının baş redaktoru Elaşd Eyvazlı Qarabağ probleminin KİV-də əks etdirilməsindən danışacaq.

Millət vəkili, «Dağlıq Qarabağın azərbaycanlı icması» İdarə Heyətinin üzvü Rövşən Rzayev isə jurnalistikada vətənpərlik mövqeyindən çıxış edilməsi haqqında məruzə edəcək.
557829

643811

212463