Lənkəranda “Əmək müqaviləsi: gələcəyə təminat” adlı təlim keçirilib

2018/07/29 12:43
Lənkəranda “Əmək müqaviləsi: gələcəyə təminat” adlı təlim keçirilib

Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.
Təlim Müvəkkil Hüquq Mərkəzinin sədr müavini, hüquqşünas  Mobil Vəkiloğlu tərəfindən aparılıb.
Təlimdə əmək müqaviləsinin mahiyyəti, onun tərəfləri, xidməti müqavilədən fərqli cəhətləri, onun necə bağlanması və xitam verilməsi, hüquqi qüvvəyə minməsi, əmək müqaviləsi bildirişinə elektron informasiya sistemində baxılması, hesablanmış əmək haqqından gəlir vergisinin və sosial ayırmaların hesablanaraq tutulması, ödənilməsi və bəyan edilməsi, vergi orqanına təqdim edilən bəyannamələrdəki işçi sayı və əmək haqları barədə məlumatların dəqiqləşdirilməsi və uyğunsuzluqların həlli, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb edilmiş işçilərə görə işəgötürənə münasibətdə tətbiq edilən məsuliyyət tədbirləri, əmək müqaviləsinin rəsmiləşdirilməsinin işçi üçün üstün cəhətləri və əlavə mənbələr barədə məlumatlar verilib.
Mobil Vəkiloğlu qeyd edib ki, əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar.
Təlimdə iştirakçıları tərəfindən verilən suallarla bağlı və hüquqi məsləhətlər verilib.
600_y3vBpQQH2RMU
600_0pcXJw2SU5qR
600_3Okf82N5a9J2
600_N08d14A9SbYM

600_VcLXOl2pEV92

Uşaqların əmək hüququ necə pozulur?

2018/06/30 20:10
Uşaqların əmək hüququ necə pozulur?

Yay tətili olduğu üçünmü müxtəlif yerlərdə yeniyetmə uşaqlar yaşlarına uyğun olmayan işlərlə məşğul olurlar? Amma yox, mağazalarda, şadlıq saraylarında və müxtəlif bu cür məkanlarda ilin bütün aylarında yaşı çox kiçik olan uşaqlar çalışırlar. Pul qazanmaq istəyirlər, amma hüquqlarının fərqində deyillər.

Uşaq və əmək

Hər bir uşağın yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ var. Uşaqların əmək hüququnun təmin olunmasının şərtləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir. AR Əmək Məcəlləsinin 249-cu maddəsinə əsasən yaşı 15-dən az olan şəxslərin işə qəbul olunması yolverilməzdir. Məcəllənin 42-ci maddəsinə əsasən 15 yaşına çatmış hər bir respublika vətəndaşı əmək müqaviləsinin tərəfi ola  bilər. Qanunvericilklə müəyyən edilən qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.  AR Mülki Məcəlləsinin 28-ci maddəsinə əsasən 16 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyəti sayılır.  Əhalinin sağlamlığının qorunması haqqında qanuna görə yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər. Onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçməlidirlər.  Eləcə də, Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında AR Qanunun 9 maddəsinə əsasən alkoqol və tütün məmulatlarınının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, o cümlədən yeraltı tunellerdə. Şaxtalarda və digər yeraltı işlərdə, habelə onların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, eləcə də spirtli içkilərin, tütün məmulatlarının, narkotik vasitələrin və preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağandır. Məsələnin digər bir tərəfi də var ki, çox zaman uşaqları işəgötürən deyil, valideynləri tərəfindən əməyə cəlb olunur. Dəfələrlə şahidi oluruq ki, yeniyetmə uşaqlar atalarının yanında küçələrdə ticarətlə məşğul olurlar. Soruşursan, rayondan Bakıya gəldikdən sonra oxumağın daşını atıb. Əslində onların gələcək taleyi ilə valideynlər özləri oynayırlar. Ticarətdən-hesabdan çox yaxşı baş çıxaran məktəb yaşlı uşaqlar öz qabiliyyətlərini sadəcə alverlə çərçivələməli olurlar. Və yaxud kənd yerlərində uşaqlar çox aşağı yaşlarından kənd təsərrüfatı sahələrində işə cəlb olunur. Gücündən kənar olan işlərlə məşğul olurlar. Valideyn uşağın əməyindən istədiyi kimi istifadə edə biləcəyinə inanır. Bu cür uşaqların taleyi çox zaman qaranlıq qalır. Qızlar erkən yaşda evləndirilir. Oğlanları isə bəlli bir yaşdan sonra işləmək üçün şəhərlərə üz tutur. Əcnəbi ölkələrə gedənlər də olur. Beləliklə, öz hüquqlarından xəbərsiz olan uşaqların getdikləri yerlərdə də hüquqlarının pozulması davam edir.

Əmək hüququnun predmeti, mənbələri və əmək müqaviləsi. İş vaxtinin anlayışı və növləri

20:07
Əmək hüququnun predmeti, mənbələri və əmək müqaviləsi. İş vaxtinin anlayışı və növləri
Uzun illərdən bəri mövcud elmi təsəvvürlərə görə hüququn subyektləri dedikdə, adətən, hüquqla tənzimlənən ictimai münasibətlərin (hüquq münasibətlərinin) iştirakçıları başa düşülür. Hüququn subyektləri müvafiq hüquqlara, vəzifələrə malikdir, habelə qanunla müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşıyır.
Əmək hüququnun subyekti olmaq üçün yalnız vətəndaşın deyil, həm də əmək hüququ münasibətlərinin digər iştirakçılarının (məsələn, işəgötürənin) da əmək hüquq subyektliyinə malik olması lazımdır.
Əmək münasibətləri fiziki şəxsin (vətəndaşın) işəgötürənlə bağlanmış əmək müqaviləsi əsasında işçi qismində özünün əmək qabiliyyətini realizə etməsi ilə bağlı olan işin yerinə yetirilməsi zamanı əmələ gəlir.
Əmək hüququnun bütün subyektləri əmək sahəsində müəyyən hüquqi statusa malik olan, müvafiq əmək hüquq və vəzifələrinin daşıyıcılarıdır.
Əmək hüququ subyektinin hüquqi statusu onun həmin subyekt kimi əmək qanunvericiliyi ilə təsbit olunmuş əsas hüquqi vəziyyətinə deyilir. 
Deyilənləri ümumiləşdirərək belə bir qənaətə gəlirik ki, əmək hüququnun subyekti — əmək münasibətlərinin və onlarla bilavasitə bağlı olan digər münasibətlərin hüquqi statusa (o cümlədən, əmək hüquq subyektliyinə) malik və subyektiv əmək hüquq və vəzifələrini şəxsən, yaxud qanunvericiliyin yol verdiyi hallarda nümayəndə vasitəsi ilə həyata keçirən tərəfdir.
Əmək hüququnun subyektlərinə tərif verməmişdən öncə «əmək hüququnun subyektləri” və «əmək hüquq münasibətinin subyektləri” anlayışları dəqiq surətdə fərqləndirilməlidir. Əmək hüququnun subyektləri dedikdə, adətən, əmək hüquq münasibətlərinin və onlarla bilavasitə sıx bağlı olan digər hüquq münasibətlərinin potensial iştirakçıları başa düşülür.Əmək hüquq münasibətinin subyektləri isə bu bu hüquq münasibətinin real iştirakçılarıdır. Göründüyü kimi, əmək hüququnun subyektlərinin anlayışı əmək hüquq münasibətinin subyektlərinin anlayışından daha genişdir.
Başqa sözlə desək, əmək hüququnun subyektləri həmişə əmək hüquq münasibətinin subyektləri qismində çıxış etmir, əmək hüquq münasibətinin subyektləri isə həmişə əmək hüququnun subyektləri olacaqdır.
Əmək hüququ ədəbiyyatında və nəzəriyyəsində əmək hüququnun subyektlərinin anlayışının müxtəlif tərifləri mövcuddur. Belə ki, akademik K.N.Qusov və prof. V.N.Tolkunova hesab edirlər ki, əmək hüququnun subyektləri qismində «əmək münasibətlərinin və onlarla bilavasitə bağlı olan digər münasibətlərin əmək hüquq subyektliyinə malik olan tərəfləri çıxış edirlər.  Prof. M.V.Molodtsov göstərir ki, əmək hüququnun subyekti «əmək hüququnun predmetini təşkil edən əmək münasibətlərinin və onlarla bilavasitə bağlı olan münasibətlərin əmək hüququ subyektliyinə malik iştirakçısıdır (tərəfidir).  Ədəbiyyatda digər fikirlər də mövcuddur. Fikrimizcə, əmək hüququ sahəsində «əmək münasibətlərinin və onlarla bilavasitə bağlı olan digər münasibətlərin tərəfi” və «əmək münasibətinin və onlarla bilavasitə bağlı olan digər münasibətlərin iştirakçısı” kimi hüquqi kateqoriyaları fərqləndirmək zəruridir. Müvafiq münasibətlərin tərəfi öz adından müəyyən hüquq və vəzifələr əldə edən, hüquqi təminatlara malik olan və qanunla nəzərdə tutulmuş məsuliyyəti müstəqil surətdə daşıyan şəxsdir. İştirakçı isə həmin münasibətlərdə məhz iştirak mənafeləri naminə fəaliyyət göstərir.
Şübhəsiz, əmək hüququnun predmetini təşkil edən bəzi münasibətlərdə iştirakçı və tərəf eyni bir şəxsdə üst-üstə düşür. Məsələn, işçi əmək münasibətlərinin həm tərəfi, həm də iştirakçısıdır. Əmək hüququ sahəsinin bəzi münasibətlərində iştirakçılar və tərəflər üst-üstə düşməyə bilər. Məsələn, kollektiv danışıqların aparılması və kollektiv müqavilənin bağlanması üzrə münasibətlərin tərəfləri və iştirakçıları üst-üstə düşmür. Məsələn, kollektiv müqavilənin tərəfləri işəgötürən və həmkarlar ittifaqı təşkilatı olduğu halda, kollektiv danışıqların aparılması üzrə münasibətlərin iştirakçıları isə tərəflərin nümayəndələri, məsləhətçi, barışdırıcı, vasitəçi, mütəxəssis, arbitr və tərəflərin müəyyən etdiyi digər şəxslərdir.Beləliklə, bu və ya digər təşkilatı əmək hüququnun subyekti qismində tanıyarkən, dövlət ən azı ona həmin təşkilatın əmək hüquq münasibətinin subyekti kimi çıxış edə bilməsi üçün zəruri olan hüquqlar verir.
İşəgötürən əmək hüququnun predmetini təşkil edən və əmək hüququ sahəsinə daxil olan bir sıra hüquq münasibətlərinin iştirakçısıdır.Əmək müqaviləsinin tərəfi olaraq, işəgötürən əmək hüququnun özəyini təşkil edən başlıca hüquq münasibətinin — əmək hüquq münasibətinin məcburi iştirakçısı qismində çıxış edir. Əmək münasibətlərinin yaranmasının əsaslarından biri kimi əmək müqaviləsinin tərəfləri əmək hüquq münasibətinin subyektləri olduğundan onlar müvafiq surətdə əmək hüququnun subyektləri kimi tanınır. BƏT-in 1919-cu ildə qəbul olunmuş nizamnaməsində və qüvvədə olan,həmçinin yeni qəbul edilən konvensiyalarında və tövsiyələrində işçi-sahibkar terminlərindən istifadə olunur. Əmək hüququ sahəsinə aid olan muzdlu əməyin idarə və istifadə olunmasında müstəqil mənaya malik bu termin əmək qanunvericiliyi çərçivəsində xüsusiləşmə tələb edirdi. RSFSR-in 1922-ci il ƏQM-si «müəssisələri, idarələri, təsərrüfatları”, eləcə də » haqq müqabilində özgəsinin əməyini tətbiq edən bütün şəxsləri” əhatə edən «işəgötürən” anlayışını daxil etdi. Sonralar qanunverici ümumiləşdirici «işəgötürən” adından imtina edərək, «müəssisənin, təşkilatın, idarənin müdiriyyəti”, yaxud sadəcə «müəssisələr, təşkilatlar, idarələr” anlayışını tətbiq etdi.
«İşəgötürən” termini AR ƏQM-in 15-ci «Əmək müqaviləsinin tərəfləri və məzmunu” maddəsində dəyişikliklərin edildiyi 8 aprel 1998-ci il tarixli Qanunda normativ təsbitini tapdı. Bu dəyişikliklərin edilməsi və «işəgötürən” analyışının leqallaşdırılması onun rəsmən qəbul edilməsindən xeyli əvvəl bir çox alimlər tərəfindən tətbiq olunurdu. Belə ki, əmək müqaviləsinin tərəflərinin adının dəyişdirilməsinin («işçi”, «işəgötürən”) zəruriliyi haqqında təkliflər professor K.N.Qusovun elmi əsərlərində əksini tapmışdır. O, əmək münasibətinə  işçi ilə işəgötürənin işçinin əmək qabiliyyətindən, yəni onun iş qüvvəsindən konkret əməyin təşkili üzrə ümumi prosesdə istifadə olunması ilə bağlı münasibəti kimi tərif vermişdir.
Bu terminə müxtəlif izahlarla bəzi qanunvericilik aktlarında da rast gəlinmişdir. 1996-cı ildə «Fərdi əmək müqavilələri (kontraktları) haqqında” Azərbaycan Respublikasının Qanununda «işverən” anlayışı əmək münasibəti çərçivəsində iş təqdim edən şəxsin barəsində tətbiq olundu. Sonralar «işverən” anlayışı «işəgötürən” anlayışı ilə əvəz edildi.
Lakin ƏQM-də dəyişiklik edilmədiyindən hüquq normalarının kolliziyası meydana çıxmışdı. Yəni «işəgötürən” anlayışından, onun hərfi mənası əsas götürülərək, o cümlədən mülki-hüquqi müqavilələr üzrə başqa şəxsə iş təqdim edən şəxslərin barəsində istifadə olunmuşdu.
Professor Y.B.Xoxlov da bu anlayışdan istifadənin və onun geniş şərhinin mümkünlüyünü göstərərək, hesab edirdi ki, «işəgötürən” anlayışı əmək münasibətinin təbiətini daha dəqiq əks etdirir.  Digər tərəfdən, göstərilən müəllif əsaslı surətdə etiraf edir ki, «müqavilə üzrə işəgötürmə” termininin tətbiqi əmlakın icarəyə götürülməsi müqaviləsi ilə əsassız paralellər aparılmasına gətirib çıxara və müvafiq surətdə hüquqi tənzimləmənin sırf mülki-hüquqi vasitələrinin qüvvəsini əmək münasibətlərinə şamil edə bilər.  Başqa təkliflər də mövcuddur.
L.A.Sırovatskaya «əmək icarəsi” kateqoriyasını tətbiq etməyi təklif edir.
Bizim fikrimizcə, K.N.Qusovun belə bir fikri ilə razılaşmamaq olmaz ki, «yeni əmək icarəsi müqaviləsi anlayışının tətbiqi üçün heç bir hüquqi əsas mövcud deyildir”, «əmək müqaviləsi işçinin ictimai əməkdə iştiraka cəlb edilməsinin təcrübədə yoxlanılmış və özünü tam doğrultmuş vasitəsidir.
Qanunvericilik qaydasında yalnız əmək müqaviləsi tərəfinin adı təsbit olunmayıb, həm də əmək münasibətinin ikinci tərəfi kimi işçinin qarşılaşdığı subyektin hüquqi şəxsiyyəti müəyyən olunmuşdur. Bəzi alimlər həm hüquqi, həm də fiziki şəxslərin hüququn subyekti qismində mövcudluğunu inkar etmişlər. Onların fikrincə, bu, yalnız sırf hüquqi abstraksiya, hüquq qaydasının məhsuludur.
Hüquqi şəxsin üzvi nəzəriyyəsinin yaradıcısı O.Girke göstərirdi ki, hüquqi şəxs xüsusi cismani-mənəvi orqanizmdir, birgə şəxsiyyətdir. Bu, hüquq qaydasının məhsulu olmayıb, dövlətin təsir göstərdiyi, lakin dövlətin yaratmadığı, real surətdə mövcud olan orqanizmdir.Qüvvədə olan qanunvericiliyə görə hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər:
1) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;
2) hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda;
3) lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə Mülki Məcəllədə nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə.
Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir. Hüquqi şəxs qeydiyyatdan çıxarıldığı andan əmək hüquq subyektliyini itirir.
Beləliklə, bizim fikrimizcə, hal-hazırda hüquqi şəxs – işəgötürənlərin əmək hüquq subyektliliyi onların dövlət qeydiyyatı anından etibarən yaranır və dövlət reyestrindən xaric edilməklə xitam olunur. Fiziki şəxs – işəgötürənlər-fərdi sahibkarlar üçün əmək hüquq subyektliliyinin yaranması fərdi sahibkar qismində qeydiyyatla bağlıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi əməyin azadlığını bəyan edir. Əməyin azadlığı prinsipindən çıxış edərək əmək bazarında işçi işəgötürəni, işəgötürən isə işçini seçməkdə tam azaddır. Bu prinsip işçilərlə əmək müqaviləsinin bağlanmasını, onların şərtlərinin dəyişdirilməsini və xitam edilməsini tənzimləyən çoxlu sayda normaların mahiyyətini ifadə edir.
Həmin maddənin VI hissəsində qeyd edilir ki, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vətəndaşların Konstitusiya ilə nəzərdə tutulmuş əmək hüquqlarını reallaşdırmaq məqsədilə işəgötürən əməyin təhlükəsizliyi və gigiyenası tələblərinə cavab verən iş şəraiti yaratmalıdır. Əməyin mühafizəsi sahəsində AR ƏM işəgötürənin aşağıdakı vəzifələrini nəzərdə tutur: əməyin təhlükəsizliyini və əməyin mühafizəsi, gigiyenası tələblərinə cavab verən şərait təmin etmək; dövlət nəzarət orqanlarının göstərişlərini vaxtında yerinə yetirmək; qanunun, digər normativ hüquqi-aktların pozulmasına görəqoyulmuş cərimələri ödəmək; müvafiq həmkarlar ittifaqları orqanlarının, işçilərin digər seçilmiş nümayəndələrinin əmək sahəsində normativ-hüquqi aktların, əməyin mühafizəsi tələblərinin pozulması barədə aşkarladıqları nöqsanların aradan qaldırılmasını təmin etmək və görülmüş tədbirlər barədə onlara məlumat vermək.
Lakin əmək hüququ elmində qanunvericiliyin düzgün yolla gedib-getmədiyi barədə şübhələr qalmaqdadır. Bu şübhələr qanunvericiliyin qeyri-təkmilliyi və hüquq normalarının kolliziyası ilə əlaqədar mövcudluq hüququna malikdir.
İsmayılov Asif

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

2018/05/30 20:06
Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri
Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri Əmək hüquq münasibətləri ictimai münasibətlərin bir növü olub hüquqla tənzimlənən sahələr sırasına daxildir. Hüquq elminə görə əmək hüquq münasibəti əmək müqaviləsi əsasında yaranan və əmək hüququ normaları ilə tənzimlənən əmək münasibətləridir. Əmək münasibətləri hüquqi formada ifadə olunmuş elə bir ictimai — əmək münasibətidir ki, onun çərivəsində işçi müəyyən haqq müqabilində işəgötürənin xeyrinə və onun rəhbərliyi altında özünün əmək qabiliyyətini realizə edir. Əmək hüquq münasibəti digər növ ictimai münasibətlərdən fərqli olaraq aşağıdakı səciyyəvi xüsusiyyətlərə malikdir:
1) Bu hüquq münasibəti vətəndaşların, təşkilatlarınəmək kollektivinə daxil olmağı ifadə edir. Bunun nəticəsində vətəndaşlar konkret təşkilatın işçisinə çevrilirlər;
2) Bu münasibətin subyekti işçi və işəgötürəndir;
3) Əmək hüquq münasibətlərinin yaranması əsası kimi işəgötürənlə işçinin qarşılıqlı iradə ifadəsi hesab olunan əmək müqaviləsi çıxış edir;
4) Bu münasibətin predmetini işçinin əmək funksiyasını şəxsən yerinə yetirməsi təşkil edir;
5) Münasibət iştirakçılarının davranışları təşkilatın müəssisədaxili intizam qaydaları ilə tənzimlənir;
6) Əmək münasibətləri birdəfəlik deyil, davamlı xarakter daşıyan hüquq münasibətidir.
Yuxarıda göstərilən əlamətlərə malik halların mövcudluğu əmək hüquq münasibətinin yaranması anlamına gəlməlidir.
Əmək münasibətlərinin subyektləri işəgötürən və işçidir. Həmkarlar ittifaqı da əmək hüquq münasibətlərinin subyekti qismində özünü göstərə bilir. Əmək hüquq münasibətlərinin subyektləri dedikdə əməklə bağlı olan, onun həyata keçirilməsi üçün yaranmış ictimai münasibətlərin birbaşa iştirakçıları başa düşülməlidir. Təşkilati-hüquqi formasından, mülkiyyətin növündən, fəaliyyət istiqamətindən asılı olmayaraq bütün hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti məşğul olan fiziki şəxslər əmək hüquq münasibətlərinin tərəfi olduqda işəgötürən hesab olunur. 15 yaşına çatmış hər bir şəxs  işçi qismində əmək münasibətlərinin tərəfi ola bilər. Yəni işəgötürənlə əmək müqaviləsi imzalayıb münasibət iştirakçısı ola bilər (Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsi və Əmək Məcəlləsinin 249-cu maddəsi).
Bundan başqa həmkarlar ittifaqları da əmək hüquq münasibətlərinin subyekti sayılır. Düzdür əmək müqaviləsinin bağlanmasında, ümumiyyətlə əmək münasibətlərinin yaranmasında tərəf olmasa da bu münasibətlərin tənzimlənməsində böyük rola malikdir. Belə ki, əmək hüquq münasibətlərində işəgötürən rəhbər rola malikdir. İşçi onun tabeçiliyindədir. İşçi ilə işəgötürən arasında tez-tez ziddiyyətlərin, hüquq pozuntularının baş verməsini nəzərə alsaq işçinin bu qarşıdurmada ciddi və etibarlı müdafiəçiyə ehtiyacı olması gün kimi aydındır. Bu müdafiə rolunu uzun illərdən bəri həmkarlar ittifaqları oynamışdır və bu indi də belədir. Konstitusiyamızın və digər qanunvericilik aktlarının vətəndaşlara verdiyi ixtiyara əsaslanaraq hər bir vətəndaş həmkarlar ittifaqında birləşə bilər.

Qeyri-rəsmi məşğulluq nəyə səbəb olur?

19:45
Qeyri-rəsmi məşğulluq nəyə səbəb olur?

Qeyri-rəsmi məşğulluq insanların hüquqlarının pozulmasına və vergidən yayınmalara səbəb olur.

… Qranit və mərmər daşların emalı sexində çalışmışYusif Məhərrəmov: «Qranit MMC»də işlədiyim 13 ilin (2003-2016) 8 ili əmək kitabçamda qeydə alınmayıb. Sosial Müdafiə Fondundan bildiriblər ki, həmin dövrdə işəgötürən təşkilat tərəfindən muzdlu işçi kimi mənim əmək hüquqlarım pozulub. Vəziyyətlə bağlı müəssisənin yerləşdiyi əraziyə getdikdə MMC-nin yerində maşın təmiri sexlərinin fəaliyyət göstərdiyi ilə rastlaşdım. Məlum oldu ki, MMC iki ildir ki, burada yerləşmir».

Əmək hüquqları pozulmuş digər vətəndaş, Şəki şəhərindən Bakıda qapı-pəncərə hazırlanması üzrə fəaliyyət göstərən plastik sexlərindən birində işləməyə gəlmiş Rəcəb Quliyev: «Qazancım sifarişlərə əsasən ayda 600 manat da olub, 300 manat da. Lakin ötən il işlədiyim son 5 ayın əməkhaqqını ala bilməmişəm. Məndən başqa dörd nəfər də pullarını ala bilmir. Müəssisənin rəhbəri sifarişçilərin borclarını ödəmədiyini bəhanə gətirərək, bizi aldadır. Əlimizdə müqavilə olmadığına görə, heç yana şikayət edə bilmirik».

Təəssüf ki, bu kimi hadisələr təkcə Rəcəb Quliyevin başına gəlməyib. Onun kimi öz hüquqlarını müdafiə etməkdə acizlik göstərən vətəndaşlarımızın sayı kifayət qədərdir. Problemin köklü həlli üçün hər kəs öz hüquqlarını bilməli və onu müdafiə  etməyi bacarmalıdır.

1,5 milyon nəfərin əmək hüquqları pozulur

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin sözlərinə görə, sifarişçi təşkilatlar vasitəsilə iqtisadi və sosial sahələrdə minlərlə insan işləyir ki, onların əksəriyyətinin qeydiyyatı yoxdur. Bu isə açıq-aşkar əmək  hüquqlarının pozulması, həmin insanların sosial sığortaya cəlb olunmamasıdır.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov hesab edir ki, əmək bazarında ciddi nizam-intizam yaradılmasına ehtiyac var: «Bu gün məşğul əhalinin sayı 4,6 milyon nəfərdir. Bunun təxminən 1,5 milyon nəfəri muzdlu işçilərdir və onlar əmək münasibətləri qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş işçilər hesab olunur. 1,6 milyon nəfər kənd təsərrüfatı sahəsində çalışır. 1,5 milyon nəfərdən çox vətəndaş isə fərdi sahibkarlıqla məşğul və ya özüməşğul əhalidir. Qeyd olunan sonuncu kateqoriyadan olan məşğul əhalinin əmək münasibətlərində problemlər mövcuddur, onların əmək münasibətlərini tənzimləmək hələ də mümkün deyil. Həmin şəxslər ya müvafiq dövlət orqanlarında əmək münasibətlərini rəsmiləşdirməyiblər, ya da digər formalarda əmək münasibətlərinin rəsmiləşməsinə əngəl olan pozuntulara yol veriblər: «Əmək hüquqlarının pozulduğu əsas sahələrdən biri daş karxanalarıdır. Qaradağ rayonunda yüzlərlə kiçik karxana fəaliyyət göstərir və hər birində 10 nəfərdən artıq fəhlə çalışır.  Təkcə son həftədə 240-dan artıq daş karxanasının fəaliyyəti dayandırılıb və məlum olub ki, orada işləyənlərin heç birinin əmək müqaviləsi yoxdu. Bakı şəhəri və regionlarda sərnişin daşınması fəaliyyəti ilə məşğul olan sürücülərin əksəriyyəti də bu gündədir. İşçilərin çoxu  günəmuzd işləyir və sərnişindaşıma üzrə fəaliyyət göstərən MMC-lər tərəfindən əməkhaqqı rəsmiləşdirilmədiyindən, vergi ödəmirlər».

Sosial vergi yükü ağırdır

Azərbaycanda Amerika Ticarət Palatasının («AmCham») rəhbəri və «Deloitte Azərbaycan» şirkətinin Azərbaycandakı ofisinin idarəedici partnyoru Nuran Kərimov KİV-ə açıqlamasında bildirib ki, Azərbaycanda korporativ vergi yükü o qədər də yüksək deyil, amma əməkhaqqı ilə bağlı fiskal yük ağırdır və yenidən nəzərdən keçirilməsinə ehtiyac var. «Əməkhaqqına tətbiq olunan fiskal yük sosial təminat sisteminin adekvatlığını təmin etməlidir», — deyən N.Kərimov kiçik və orta sahibkarlıq sektorunda fiskal yükün tənzimlənməsi sahəsində təkmilləşdirmələrin aparılmasını təklif edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də bu fikirlə razıdır. Onun fikrincə, işəgötürənlərin öz işçiləri ilə əmək müqaviləsi bağlamamasının, yaxud onların maaşlarını aşağı göstərməsinin əsas səbəblərindən biri  sosial vergi yükünün yüksək olmasıdır. İşəgötürən  əməkhaqqı fondundan əməkhaqqının 22%-i həcmində pul ödəyir və bu xərc onun mal və xidmətlərinin maya dəyərinə əlavə edilir. Ona görə də işəgötürənə, sahibkara dəstək olmaq lazımdır, kiçik və orta sahibkarlığı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq üçün sosial vergi dərəcəsinə yenidən baxılmalıdır.

1 milyon 354 mindən çox əmək müqaviləsi bağlanıb

Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov işəgötürənlərin işçilərlə əmək müqaviləsi bağlamamasının  başlıca səbəbi kimi vergi və sosial sığorta haqlarının yüksək olması barədə fikirlərlə razı deyil. Onun sözlərinə görə, məsələyə daha geniş kontekstdən yanaşmaq lazımdır: «İş adamları vergi dərəcələrinin azaldılmasını qeyri-rəsmi məşğulluğun aradan qaldırılması kontekstində əsas müzakirə predmetinə çevirməyi təklif edirlər. Mənə belə gəlir ki, qeyri-rəsmi məşğulluğun mövcudluğunda vergi dərəcəsi amili olsa da, o, həlledici yerdə durmur. Təhlillərin ortaya qoyduğu həqiqət budur ki, qeyri-rəsmi məşğulluğun geniş yayılmasının əsas motivi vergi və sosial ödəmələrdən yayınmaq hesabına daha çox mənfəət əldə etməkdir. Digər ölkələrin təcrübəsi də həmin həqiqəti təsdiq edən əlavə sübut kimi nəzərdən keçirilə bilər. Belə olan halda, qeyri-rəsmi məşğulluğa qarşı mübarizədə vergi dərəcələrinin aşağı salınmasını əsas və yeganə vasitə kimi təqdim etməyi səmərəli təklif hesab etmək mümkün deyil».

Əli Əhmədov hesab edir ki, əmək bazarındakı boşluqları aradan qaldırmaqla müsbət nəticələrə nail olmaq mümkündür. Məsələn, «Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı»nda nəzərdə tutulmuş tapşırıqların icrası son bir ildə qeyri-rəsmi məşğulluğun qarşısının alınmasında və işəgötürənlər və işləyənlər arasında münasibətlərdə müəyyən irəliləyişlərə səbəb olub. Təkcə 2018-ci ilin yanvar-may aylarında əmək müqaviləsi bildirişləri üzrə Elektron İnformasiya Sistemində əlavə olaraq 43 min 434 əmək müqaviləsi qeydə alınıb. Bu, 2017-ci ilin eyni dövrünə nisbətən 2 dəfədən çox (ötən il 21 min 506 müqavilə) təşkil etməklə əmək bazarında ciddi müsbət dəyişikliklərə dəlalət edir. Ümumilikdə 2018-ci il iyunun 1-nə qədər 1 milyon 354 mindən çox müqavilə bağlanıb. Ötən ilin analoji dövründə həmin rəqəm 1 milyon 287 minə bərabər olub. Əmək müqavilələri üzrə ən çox artım topdan və pərakəndə satış, eləcə də tikinti sahələrində qeydə alınıb. Aparılan tədbirlər muzdla çalışan insanların da mülki, yaxud digər müqavilələr bağlamasına səbəb olub,  son bir ildə muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % artaraq 1 milyon 538,2 min nəfərə çatıb.

Vergilər Nazirliyinin qeyri-leqal fəaliyyətə qarşı mövqeyi sərtdir

Qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılması ölkədə aparılan islahatların əsas istiqamətlərindəndir. Vergilər Nazirliyi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması və bu sahədə işlərin koordinasiyalı təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etməkdədir. «ASAN xidmət»lə birgə əməkdaşlığa əsasən, həmin qurumun nəzdində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi əmək müqaviləsi olmadan vətəndaşları iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edən şəxslər barədə məlumatları Vergilər Nazirliyinə təqdim edir. Tikinti sahəsində işçilərin uçotunun aparılması məqsədilə tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılıb. Kameralar vasitəsilə tikinti meydançalarında çalışan insanların əmək müqaviləsi, statistikası və digər zəruri məlumatlar müəyyən ediləcək, həmin informasiyalar  «ASAN xidmət»in Monitorinq Mərkəzinə inteqrasiya olunub.

Vergilər Nazirliyi 2018-ci ildə vergi ödəyiciləri və sahibkarlarla birlikdə rəsmi məşğulluğun təmin edilməsi sahəsində faydalı müzakirələr apararaq qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli  mexanizmlərin hazırlanması və tətbiqini planlaşdırır.

Qanunvericiliyi pozanları cəza tədbirləri gözləyir

Əmək müqaviləsi olmadan işçilərin işəgötürənlər tərəfindən qanunsuz olaraq işlədilməsinə görə qanunvericilikdə hansı cəza tədbiləri nəzərdə tutulur? Vergi və hüquq üzrə mütəxəssis Vilayət Abbasovun bildirdiyinə  görə, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək miqdarda cərimə edilir.

Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən,  Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin «Qeyd» hissəsinə əsasən, həmin maddədə «xeyli sayda» dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.

Vergi və sosial sığorta haqlarını ödəməkdən yayınanlar məsuliyyətə cəlb olunacaq

Prezident İlham Əliyevin Vergi, İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər edilməsi barədə imzaladığı müvafiq sərəncamlara əsasən, ölkədə əmək müqaviləsi olmadan işçiləri işlədən işəgötürənlərə, qeyri-rəsmi məşğulluğun yaranmasında iştirakçı olan müəssisələrə qarşı qanunamüvafiq qaydada sərt tədbirlər görüləcək. Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməyən təşkilat və müəssisələrin vəzifəli şəxsləri, sahibkarlar məsuliyyətə cəlb olunacaqlar. Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab ediləcək. Həmin cinayət hərəkətini törədənlər vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.

2018-ci ilin yanvar ayının 1-dən qüvvəyə minmiş «İşsizlikdən sığorta haqqında» Qanunun tələıblərinə əsasən, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi məqədilə işəgötürən müəssisə və işçilər əlavə olaraq əməkhaqqının 0,5 %-i miqdarında  əməyin ödənişi fonduna pul ödəyirlər. Qanunun müddəaları dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar olunması nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.