Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi

2018/09/09 21:37
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi

AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ

 

(Bu Məcəllə Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunu ilə təsdiq edilmişdir)

 

 

 

Maddə 192. Əmək qanunvericiliyinin pozulması

 

192.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-

fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

192.2. İşəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə-

yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.

192.3. İşçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə-

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

192.4. İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-

vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

192.5. İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

192.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

192.7. İşəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə-

vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

192.8. İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə-

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

192.9. İşəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə-

vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə edilir.

192.10. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən imtinaya və ya həmin səbəbdən onları işdən azad etməyə görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

192.11. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, həmçinin belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina edilən hallar istisna olmaqla) görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 192.1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

 

Maddə 193. İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə

 

Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə-

min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 194. Kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməmə

 

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, yaxud dövlət büdcəsinə vəsait köçürülməməsinə görə-

min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 195. Sosial müavinətlər haqqında qanunvericiliyin pozulması

 

195.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmamasına, müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə qanunvericiliklə müəyyən edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə və ya imtinanın səbəbləri göstərilməməklə verilməsinə görə-

min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

195.2. Müavinət alan şəxs (onun ailə üzvləri) tərəfindən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumatın verilməməsinə görə-

səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 196. Həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına üzvlük haqqı köçürməmə

 

Mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibatlıq vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməməsinə görə-

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.