Nazir Mikayıl Cabbarov: Vergi islahatları çox vacib prosesdir və davam etdiriləcək

2019/07/08 13:17
Nazir Mikayıl Cabbarov: Vergi islahatları çox vacib prosesdir və davam etdiriləcək

Vergi inzibatçılığının səmərəliliyinin artırılması məqsədilə bir çox sahələrdə və klasterlərdə sistemli tədbirlər həyata keçirilib. Yeni vergi dəyişiklikləri müsbət nəticələrini verməkdədir. Biz Azərbaycanda fəaliyyət göstərən sərmayədarlar, biznesləri birləşdirən müxtəlif təşkilatlar, xarici ölkələrin ticarət palataları ilə fəaliyyətimizi bundan sonra da əlaqəli şəkildə quracağıq. Gələcəkdə bu məsələlər ətrafında fikir mübadiləsini davam etdirəcəyik. Yerli vergi orqanlarımız öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmalıdır. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Vergilər naziri Mikayıl Cabbarov söyləyib. Müsahibəni təqdim edirik.

- Mikayıl müəllim, 2019-cu ilin 4 ayı arxada qalıb. Fiskal göstəricilər barədə nə deyə bilərsiniz və ümumilikdə vergi sahəsində ilkin nəticələr nəyi göstərir?

- Biz 2019-cu ilin ilkin nəticələrini xüsusi səbirsizliklə gözləyirdik. Çünki ölkəmizin bir sıra digər sahələrində olduğu kimi, vergi sahəsində də genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlara 2018-ci ildə dövlətimizin başçısının müəyyənləşdirdiyi siyasi çərçivəyə uyğun olaraq başlamışıq.

2018-ci ildə vergi ödəyiciləri üçün keçid ili fəlsəfəsini təqdim etdik. Bu fəlsəfə vergi inzibatçılığında və vergi qanunvericiliyində mövcud olan vərdişlərdən şəffaf münasibətlərə, vergi müfəttişi ilə vergi ödəyicisi arasında münasibətlərin təbiətinin dəyişməsinə, şəffaflaşmasına, müasirləşməsinə, müstəqil Azərbaycanın vətəndaş-dövlət münasibətlərinə uyğunlaşmasına keçməkdən ibarət olub.

2019-cu ilin ilkin nəticələrinə əsasən deyə bilərik ki, yanvarın 1-dən qüvvəyə minmiş yeni vergi dəyişiklikləri istədiyimiz nəticələri verməkdədir. İlin birinci rübündə də, 4 ayda da biz bu tendensiyanı qorumağa nail olmuşuq.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilomalar proqnozlardan daha yüksək icra olunub. Belə ki, həm neft, həm də qeyri-neft sektorunda ödənilən vergilərin həcmi istər 2018-ci ilin eyni dövründən, istərsə də proqnoz göstəricilərdən daha yüksək olub. Birinci rübdə dövlət büdcəsinə vergi proqnozlarından 10,4 faiz çox vəsait təmin edilib. Ötən ilə nisbətən artım 16,5 faiz təşkil edir (qrafik 1). Aprel ayında da bu dinamika qorunub saxlanılıb. Bu rəqəmlər, müvafiq olaraq, proqnoza nisbətən 111 faiz təşkil edir və ötən illə müqayisədə 18 faiz daha çoxdur.

Qısaca desək, biz islahatların ilkin nəticələrini müşahidə etməkdəyik. Sevindirici hal ondan ibarətdir ki, bu, vergi ödəyiciləri ilə Vergilər Nazirliyi arasında münasibətlərdə və həmin münasibətlərin təbiətində də öz əksini tapır.

- Vergi daxilolmaları üzrə gözləntilər artıqlaması ilə yerinə yetirilib. Bu, nəyin hesabına mümkün olub?

- Burada bir neçə amil var. Birincisi, vurğulamalıyıq ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar iqtisadi artımla nəticələnir. Belə ki, birinci rüb ərzində ümumi daxili məhsul (ÜDM) artıb. Doğrudur, vergi daxilolmalarının artım tempi ÜDM-in artım tempini bir neçə dəfə üstələyir. Eyni zamanda, ÜDM-in birinci rübdə real artımı 3 faizdən çox olub. Bu, müsbət fon yaradır.

İkinci mühüm məsələ, qeyd etdiyim kimi, vergi ödəyiciləri ilə qurulmuş yeni münasibətlərdir. Bilirsiniz ki, 2018-ci ildən başlayaraq ümumilikdə səyyar vergi yoxlamalarının sayının azaldılmasına üstünlük verilir. Bu resurslar daha çox vergiödəyicisinin maariflənməsinə, ona xidmət göstərilməsinə yönəldilib. Nəticədə, könüllü vergi əməletməsi əhəmiyyətli dərəcədə artıb. Əgər ötən illərdə vergi daxilolmalarının böyük hissəsi səyyar vergi yoxlamaları nəticəsində baş verirdisə, bu il həmin dinamika əhəmiyyətli dərəcədə dəyişib. Lakin bu, o demək deyil ki, vergi orqanları vergi sahəsində olan qanun pozuntularına göz yumur və ya göz yummaq niyyətindədir. Tam əksinə. Biz yoxlamaların sayını azaltmaqla qanun pozuntularına görə məsuliyyətin artırılması yolu ilə gedirik. Buna da əsasımız var. 2019-cu ildən bir çox sahələrdə vergi yükü azaldılıb. Eyni zamanda, bütün sivil cəmiyyətlərdə qəbul olunduğu kimi, vergi öhdəliklərinin hər bir vergiödəyicisi tərəfindən tam həcmdə, istisnasız qarşılanması tələbi irəli sürülüb.

Nəhayət, üçüncüsü, vergi inzibatçılığının səmərəliliyinin artırılması məqsədilə bir çox sahələrdə və klasterlərdə sistemli tədbirlər həyata keçirilib. Nümunə olaraq aksizli malların klasterini, klinikaları, pərakəndə ticarət, ictimai iaşə sektorunu, daş, qum, çınqıl karxanalarını qeyd edə bilərəm. Əvvəllər bu və digər sahələrdə sistemli şəkildə rast gəlinən boşluqlara, bu klasterlərdə fəaliyyət göstərən əksər, bəlkə də bütün vergi ödəyiciləri tərəfindən yol verilən eyni vergi pozuntularına bir çox hallarda göz yumulurdu. Beləliklə, vergi inzibatçılığının təkmilləşdirilməsi müsbət amillərdən biridir.

- Daxilolmalarda neftin qiymət amilinin nə dərəcədə rolu var?

- Neftin qiymətinin təsirləri var, lakin həlledici deyil. Əgər rəqəmlərə diqqət yetirsək, burada 2 məqamı qeyd etmək vacibdir. Birinci məqam ondan ibarətdir ki, əgər neftin qiymətlərinin təsiri ilə neft sektorundan artıq yığılan vergi məbləği proqnozlara nisbətən təxminən 50 milyon manat civarındadırsa, qeyri-neft sektorunda bu məbləğ 220 milyon manata yaxındır.

İkinci məqam ondan ibarətdir ki, ümumilikdə qeyri-neft sektorundan toplanan vergilərin həcmi bütün vergi daxilolmalarının 69 faizini təşkil edir, 30 faizdən bir qədər artıq hissəsi isə neft sektorunun payına düşür (qrafik 2). Bu da, hesab edirəm ki, iqtisadiyyatda baş verən sağlam proseslərin dinamikasını çox gözəl şəkildə əks etdirir. Həmçinin qeyri-neft sektorundan daxilolmaların ¾ hissəsini və ya 75 faizini özəl sektor təmin edir. Bu da iqtisadiyyatı müsbət xarakterizə edən amillərdəndir.

Fikrimcə, ən önəmli məsələlərdən biri, bu yığımlar nəticəsində dövlətin öz sosial xərclərini artırmasına imkan yaranmasıdır. Bunu bir neçə dəfə Prezident İlham Əliyev də çıxışlarında səsləndirib. Biz artıq ilin əvvəlindən həm sosial müavinətlərdə artımların baş verməsinin, həm əhalinin banklara olan borcları ilə bağlı məsələnin köklü şəkildə həllinin şahidi olmuşuq. Burada şəhid ailələrinə edilən yardımları, tələbələrin təqaüdlərinin artırılmasını da qeyd etmək olar.

Sualınıza cavab olaraq qeyd etmək istəyirəm ki, ölkəmizdə təbii ki, neft-qaz sektorunun rolu müstəsnadır və çox vacibdir. Lakin son illər ərzində dövlətin siyasəti qeyri-neft-qaz sektorunun inkişafına yönəlib. Dövlət investisiyalarının əsas istiqaməti və məqsədi, biznes mühitinin təkmilləşdirilməsində həyata keçirilən islahatların da fəlsəfəsi bundan ibarətdir. Biz çox şadıq ki, vergi daxilolmalarının dinamikasında da rəqəmlər bunu əks etdirir.

- Biznesin fəaliyyətinin leqallaşdırılması buna nə dərəcədə təsir etdi?

- Bu, ən vacib amillərdən biridir. Çünki həyata keçirilən vergi islahatlarının əsas məqsədi məhz «kölgə iqtisadiyyatı»nın azaldılmasından, «kölgə»də fəaliyyət göstərənlərin «kölgə»dən çıxmasından ibarət idi. Lakin vurğulamalıyıq ki, qeyd olunan problemin tam həlli və yaxud köklü həlli barədə bu gün danışmaq çox tezdir.

Biz işimizi vergi ödəyicisi ilə münasibətin təbiətinin dəyişdirilməsi üzərində qururuq. Çünki istənilən dəyişiklik yalnız o halda dönməz olur ki, bu dəyişikliklərə «qol gücü», inzibati resurs hesabına deyil, münasibətin təbiətinin dəyişdirilməsi, şüurlu, təfəkkürlü qarşılıqlı münasibətin qurulması hesabına nail olunsun. Bu da təbii olaraq həm uzun, həm də bir çox hallarda çətin yoldur.

Bu ilin 4 ayında çalışmışıq ki, vergi ödəyicisi özü biznesini leqallaşdırsın və «kölgə»dən çıxsın. Biz yenə də buna imkan verəcəyik. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Vergi Məcəlləsinə edilən dəyişikliklər paketinə belə bir yenilik əlavə olunub ki, əksər biznes sahələrində baş verən və «kölgə» mahiyyəti daşıyan pozuntular ilk dəfə aşkarlandıqda sahibkara maliyyə sanksiyası deyil, xəbərdarlıq edilir.

Fikrimcə, bu, açıq və aydın şəkildə dövlətin siyasətini əks etdirir. Yəni, burada məqsəd heç bir şəkildə cərimə və sanksiya ilə deyil, ilk növbədə, vergiödəyicisinə onun yol verdiyi pozuntunu göstərərək, şüurlu şəkildə aradan qaldırması üçün daha bir şans verməkdir. Amma bu baş vermədiyi təqdirdə, təbii ki, bütün məsələlər hüquqi çərçivədə həll edilməli və dövlətin qanunlarına riayət olunmalıdır. Dövlət orqanlarının və konkret olaraq Vergilər Nazirliyinin işi məhz bundan ibarətdir. Bunun üçün bizim həm səlahiyyətimiz, həm peşəkar bacarıqlarımız mövcuddur. Leqallaşma könüllü şəkildə baş vermədiyi halda, biz öz səlahiyyətlərimizdən istifadə edirik.

Ona görə də, sualınıza qısa cavab olaraq deyə bilərəm ki, hazırda biz leqallaşmanın səmərəsini qismən görürük. Lakin mən inanıram ki, biz bu səmərəni daha aydın şəkildə görəcəyik. Biz bir neçə sahədə bu prosesin daha surətlə getdiyini müşahidə edirik. Məsələn, pərakəndə və topdansatış ticarət, ictimai iaşə, qida məhsullarının satışı kimi sahələrdə vergi dövriyyələrinin artım templəri çox yüksək olub — bəzi hallarda 30 faiz, bəzi hallarda isə 50-55 faiz. Bu inanılmaz artım tempidir. Əslində, bu, bazarda olan “kölgə səviyyəsi”nin və həmin klasterlərdə fəaliyyət göstərən vergiödəyicilərinin hansı həddə «kölgə»də olmasının göstəricisidir. Qeyd etdiyim kimi, bu proseslər davam etdiriləcək.

- Məcəlləyə edilən dəyişikliklərdən sonra gəlir vergisi ən çox müzakirə olunan mövzulardan biridir. Gözlənilən nəticə əldə olunubmu?

- Təsadüfi deyil ki, bu, ən çox müzakirə olunan mövzulardan biridir. Çünki qanunvericiliyə edilmiş dəyişiklik çox cəsarətli bir addım idi. Mən xatırlatmaq istəyirəm ki, bu addımın nəticəsində özəl qeyri-neft sektorunda əmək müqaviləsinə əsasən fəaliyyət göstərən hər bir muzdlu işçi çox əhəmiyyətli dərəcədə vergi güzəşti əldə edib. Ayda 8 min manata qədər gəlir səviyyəsi olan fiziki şəxslərin gəlir vergisi 0 faizə endirilib. Bu, bir tərəfdən vətəndaşlara və qeyri-neft sektorunun inkişafına, digər tərəfdən, leqallaşma prosesinə verilən töhfədir. Nəhayət, bu dəyişiklik əhalinin orta və uzun müddətdə sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən addımdır. Çünki on minlərlə vətəndaşımız faktiki olaraq muzdlu işçi kimi çalışıb, ancaq əmək müqavilələri, ümumiyyətlə, mövcud olmayıb. Bəzi hallarda əmək müqavilələri mövcud olub, amma real əməkhaqları göstərilməyib.

Cari ilin 4 ayı ərzində muzdlu işçilərin sayı 80 min nəfərdən çox artıb. Bu artımın böyük hissəsi — təxminən 56 min yeni müqavilə qeyri-neft sektorunun payına düşür. Düşünürəm ki, bu rəqəmlər islahatın səmərəsinin erkən aylardan özünü aydın şəkildə göstərdiyini deməyə əsas verir.

Bununla yanaşı, işəgötürənlər tərəfindən ödənilən sığorta haqqı yükü faiz olaraq azaldılıb, işçilər üçün isə bir qədər artırılıb. Burada da əsas məqsəd ondan ibarət olub ki, biz işəgötürənlərə əlavə fiskal stimul təqdim edək ki, onlar real əməkhaqlarının bəyan edilməsinə getsinlər. Söhbət yenə də könüllü əməletmə ilə bağlıdır. 2019-cu ilin 4 ayını ötən ilin eyni dövrü ilə müqayisə etdikdə görərik ki, sosial ödəmələr üzrə 200 milyon manatdan çox vəsait toplanıb. Düşünürəm ki, bu da sosial ehtiyacların ödənilməsində əhəmiyyətlidir.

- Yeri gəlmişkən, 2019-cu ildən etibarən sığorta ayırmalarının toplanması prosesi Vergilər Nazirliyinə həvalə edilib. Bu gün üçün hansısa nəticələrdən danışmaq olar?

- Yanvarın 1-dən bu yığımların inzibatçılığı Vergilər Nazirliyinə həvalə olunub. Mən fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, biz 2018-ci ilin sonundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki həmkarlarımızla bu proseslərdə yaxından çalışmışıq. Qısa müddət ərzində bu keçidi uğurla başa çatdıra bilmişik. Doğrudur, yanvar-fevral aylarında müəyyən çətinliklər yaranmışdı. Lakin bütün çətinliklər artıq aradan qaldırılıb. İnanıram ki, vergiödəyiciləri üçün daha rahat bir sistem yaradılıb. Çünki onlar müxtəlif dövlət qurumları ilə deyil, bir dövlət orqanı ilə ünsiyyətdə olurlar. Sığorta yığımları üzrə daxilolmaların artımı bu islahatın da səmərəliliyinə nail olunduğunu tam şəkildə əks etdirir.

- Aksizli mallara nəzarət güclənib. Nə üçün məhz aksizli məhsullara?

- Bu proseslərə, əslində, 2018-ci ildən başlamışıq. Bunun bir neçə səbəbi var. Birincisi, alkoqollu içkilər və tütün məmulatları klasterlərində fəaliyyət göstərən istehsalçılar arasında fiskal intizam arzuolunan səviyyədə deyildi. Bu, dövlət büdcəsi üçün əhəmiyyətli itkilərə gətirib çıxarırdı. Nəticədə, biz alkoqollu içkilərin istehsalçıları üzrə dövriyyələrin 1,8 dəfə artımına nail olmuşuq. Halbuki həmin içkilərə tətbiq olunan aksizin dərəcəsi dəyişməyib. Büdcə daxilolmaları üzrə isə 3,2 dəfə artım qeydə alınıb. Tütün məmulatlarına gəlincə, burada istehsalçılar üzrə dövriyyələrin 7,9 dəfə artımını müşahidə edirik. Bunun obyektiv səbəbi də var. Bu da ondan ibarətdir ki, ilin sonunda ölkədə yeni böyük istehsalçı fəaliyyətə başlayıb. Buraya böyük sərmayələr qoyulub, yeni iş yerləri açılıb. Öz növbəsində büdcə daxilolmaları 6,8 dəfə artıb (qrafik 3).

İkinci səbəb ondan ibarətdir ki, bir çox ölkələrdə bu tip məhsul qaçaqmalçılar, qeyri-qanuni istehsalçılar üçün çox cəlbedici məhsullar sırasındadır. Bu sektorlarda qeyri-qanuni hərəkətlər nəticəsində əldə edilə bilən gəlir marjası cinayətkarları bu sahəyə cəlb edir. Azərbaycan da bu baxımdan istisna deyil. Təbii olaraq biz bunu dözülməz hal kimi qəbul edirik. Görülən tədbirlər nəticəsində Azərbaycanın istehlak bazarında aksizsiz məhsulların satışının qarşısı əhəmiyyətli dərəcədə alınıb.

Bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Bu, yalnız aksizlərə deyil, hər bir klasterə, hər bir vergiödəyicisinə aiddir. Qanunlar çərçivəsində işləmək, öz fəaliyyətini şəffaf qurmaq, qanunvericilikdə nəzərdə tutulan vergini ödəmək vergidən yayınmaqla və qaçaqmaçılıqla məşğul olmaqdan daha düzgün yoldur.

Bu siyasət tək bir dövlət orqanının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Burada ictimai nəzarətin də güclü olması vacibdir. Müvafiq sahələrdə fəaliyyət göstərən klasterlərin nümayəndələrinin, biznes təşkilatlarının da rolu çox vacibdir. Məhz buna görə də, Azərbaycanda fəaliyyət göstərən sərmayədarlar, biznesləri birləşdirən müxtəlif təşkilatlar, xarici ölkələrin ticarət palataları ilə fəaliyyətimizi bundan sonra da əlaqəli şəkildə quracağıq. Gələcəkdə bu məsələlər ətrafında fikir mübadiləsini davam etdirəcəyik.

- Siz bir qədər əvvəl qeyd etdiniz ki, biznesdə sahibkarlarla münasibətlər həm qanun çərçivəsində, həm də Vergilər Nazirliyinin fəaliyyəti baxımından çox humanist və xoş məram nümayiş etdirilərək qurulur. Ümumiyyətlə, biznesdə münasibətlərin tənzimlənməsi və daha da yaxşılaşdırılması üçün gələcək planlar nədir və 2019-cu ildə nə gözləmək olar?

- Mən humanizm məsələsinə xüsusi toxunmaq istəyirəm. Bilirsiniz ki, dövlət siyasətində humanizm var və bu, daim olacaq. Lakin biz hər zaman xatırlamalıyıq ki, humanizm qanuna və qaydaya riayət edən cəmiyyətlərin xüsusiyyətidir. Humanizm birtərəfli yol deyil. Dövlət tərəfindən real çətinlik, real obyektiv vəziyyət tanınaraq hansısa bir addım, güzəşt, borcun ödənilməsində kömək kimi birdəfəlik addımlar atılır. Lakin bundan sonra da güzəştlərin müqabilində vətəndaşdan, vergi ödəyicisindən qanunlara tam riayət edilməsi gözlənilir.

Biz bu sahədə dəyişikliklərə özümüzdən başlamışıq. Vergilər Nazirliyinin işçilərinin mütləq əksəriyyəti layiqli dövlət qulluqçusu, öz peşə vəzifələrini bacarıqla və ləyaqətlə həyata keçirən insanlardır. Lakin son ilyarım ərzində bir çox işçilərlə yollarımızı ayırmışıq. Bu müddət ərzində Vergilər Nazirliyində çalışan 15 əməkdaşa münasibətdə yalnız əmək müqavilələrini dayandırmamışıq, həm də onların fəaliyyətinin müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılması üçün aidiyyəti üzrə təqdimatlar vermişik. Çünki bu daxili təmizləmə prosesləri olmasa, bizim vergi ödəyicisinə «qanuna riayət elə, qanunla yaşa, dünənki əyri yollardan əl çək» kimi mesajımız, məncə, inandırıcı olmaz və lazımi səmərəni verməz.

Gələcək addımlar baxımından qarşımızda duran strateji məqsədləri iki istiqamətə bölərdim. Birinci strateji istiqamət ondan ibarətdir ki, qanunvericilikdə edilmiş bir çox dəyişikliklər vergi inzibatçılığının daha da təkmilləşdirilməsini tələb edir. Ona görə bizim yerli vergi orqanlarımız öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmalıdır.

Digər məsələ isə vergiödəyiciləri tərəfindən yeni reallığın qəbul edilməsidir. Yeni vergi çərçivəsi, qeyd etdiyim kimi, vergidən azad edilmə, vergi dərəcəsinin aşağı salınması kimi birtərəfli yol deyil, bunun müqabilində qanuna uyğun olaraq fəaliyyət göstərməkdir. Əgər sahibkar obyektiv çətinliklərlə rastlaşırsa, Vergilər Nazirliyi onun birinci ünvanıdır, ona müvafiq xidmət təqdim etmək bizim borcumuzdur. Lakin qanuna riayət etməyən, vergidən yayınma ilə məşğul olan vergi ödəyiciləri üçün, təbii olaraq, qanunda nəzərdə tutulan bütün sanksiyalar tətbiq ediləcək.

Bu, davamlı bir işdir. Yenə də vurğulayıram, bu iş nə bir günə, nə bir aya başa çatmayacaq. Amma biz necə çətin bir yola çıxdığımızı bilirik. Tam əminliklə deyə bilərəm ki, bu yolu uğurla başa çatdırmaq üçün bizim nazirliyin həm peşəkarlığı, həm də güclü iradəsi mövcuddur. Biz bu yolda tək deyilik. Əksər vergi ödəyiciləri məhz bu prinsiplə yaşamaq istəyir. Biz bütün hədəflərə birlikdə nail ola biləcəyik.

- İstər sosial mediada, istər kütləvi informasiya vasitələrində, istərsə də şəhərin mərkəzi küçələrində Vergilər Nazirliyinin «Birlikdə kölgədən işığa doğru» adlı şüarına rast gəlmək olar. Burada əsas açar sözlər kölgə, işıq və birlikdir. Bu o deməkdirmi ki, Vergilər Nazirliyi özü də «kölgə»dən çıxmaq istəyir?

- Hər hansı bir problemi həll etmək istəyiriksə, o problemi tanımalıyıq. Əgər biz həmin problemi düzgün müəyyən etmiriksə və tanımırıqsa, problemin həlli şansı sıfıra bərabərdir. Ona görə biz qəbul etməliyik ki, bir il yarım əvvələ qədər müşahidə etdiyimiz vəziyyətin formalaşmasında tək bir tərəfi günahlandırmaq haqsızlıq olardı. Burada vergi ödəyicisi məsuliyyət daşıdığı kimi, vergi orqanı da məsuliyyət daşıyır. Bu məsələlər ətrafında kifayət qədər danışılıb və kütləvi informasiya vasitələrində də işıqlandırılıb. Qeyd etdiyim kimi, bu, daimi bir prosesdir və davam etdiriləcək. Biz məhz birlikdə işıqlı, aydın və şəffaf iqtisadi fəaliyyətlə, fiskal nizam-intizamla fəxr edəcəyik.

Çünki bundan hər bir vətəndaş, bütövlükdə müstəqil Azərbaycan dövləti faydalanacaq. İqtisadiyyatı güclü, büdcə imkanları geniş olan dövlət və cəmiyyət bunu təhsilin keyfiyyətində də, yolların rahatlığında da, elektrik enerjisinin fasiləsiz təminatında da, qüdrətli orduda da, cəmiyyətin firavan və azad yaşamasında da görür. Biz də bu istiqamətdə üzərimizə düşən funksiyaları yerinə yetirməliyik.

Yeni vergi islahatları nə vəd edir?

2019/07/06 13:40
Yeni vergi islahatları nə vəd edir?

“2018–2020-ci illərdə Azərbaycan Respublikasinda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı”nda nəzərdə tutulan vergi dəyişiklikləri ilə bağlı son günlər mənə çoxlu müraciətlərin ünvanlandığını nəzərə alaraq sənəddə bu istiqamət üzrə nəzərdə tutulan fəaliyyətlərin şərhini təqdim edirəm.

Ən çox soruşulan məsələ təbii ki, sadələşdirilmiş vergi sisteminin ləğv edilib-edilməməsi ilə bağlıdır. Proqrama əsasən, sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və bu vergi dərəcəsinin diferensiallaşdırılması nəzərdə tutulur. Belə ki, sənədə görə Vergilər Nazirliyi sahibkarların sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə mərhələli keçid mexanizminin hazırlanması nəzərdən keçirəcək və müxtəlif sektorlar və ölçüsündən asılı olaraq onlar üçün mərhələli yanaşma planı tərtib ediləcək. Bu o deməkdir ki, sadələşdirilmiş vergi ödəyicilərinin mərhələli şəkildə differnsial vergi ödəyəcəsinə çevrilməsinə çalışılacaq. Sənəd birmənalı şəkildə sadələşdirilmiş vergi sistemin ləğv ediləcəyini vurğulamasa da differensial vergi sisteminə keçid xüsusi tədbir kimi nəzərdə tutulur.

Bu isə o deməkdir ki, bu tədbirlər reallaşarsa sadələşdirilmiş vergi ödəyiciləri mərhələli şəkildə ƏDV ödəyiciləri olacaqlar. Doğrudur, differensial ƏDV-ə keçid qiymətləndiriləndən sonra bununla bağlı qərar veriləcək. Əgər bu baş verərsə o zaman sadələşdirilmiş vergi ödəyiciləri mərhələli şəkildə differensial vergi ödəyicisinə çevriləcək. Deməli, müəyyən müddətdən sonra bütün sadələşdirilmiş vergi ödəyiciləri differensial ƏDV ödəyicilərinə çevrilə bilərlər. Proqrama əsasən, bu proses 2020-ci ildə yekunlaşmalıdır. Bu zaman sadəcə hansı sektorda deyil, eləcədə dövriyyə nəzərə alınmaqla differensial ƏDV ödəyiciləri müəyyənləşdiriləcək. Məsələn, ardıcıl 12 ay 150 min manat dövriyyəsi olan sahibkar indi 4 faiz sadələşdirilmiş vergi ödəyirsə ona dəyişikliklərdən sonra eyni faizlə, yəni 4 faiz, differensial ƏDV ödəmək təklif oluna bilər. Əslində biz təklif edirik ki, transformasiya bu meyarla həyata keçirilsin. Burada məqsəd isə sahibkarın vergi yükünü kəskin artırmadan vergi uçotunun təkmilləşdirilməsi və nağdsız ödənişlərn genişləndirilməsi ola bilər.

Proqramda Azərbaycanın ƏDV dərəcəsinin nisbətən yüksək olduğu ölkələr sırasına aid olduğu bildirilir və digər amillər nəzərə alınmaqla, burada da ƏDV dərəcələrinin məhsul və xidmət qrupları üzrə diferensiallaşdırılması həyata keçirilməsi təklif olunur. Bu isə o deməkdir ki, sektorlardan və dövriyyədən asılı olaraq differensial ƏDV-nin tətbiqi mümkündür və bu zaman prioritet və həssas sahələrdə daha aşağı fazli vergi tətbiq olunacaq. Qeyd edim ki, uzun illərdir differensial ƏDV-nin tətbiq edilməsini təklif etsək də bu istiqamətdə hələlik real addımlar atılmayıb. Məsələn, tədqiqatla məşğul alan sahibkarlıq subyekti “0” faizli ƏDV-ə, prioritet sektorlarda o cümlədən turizmdə fəaliyyət göstərən müəssisələr 18 deyil, 10 faizlə ƏDV-ə cəlb oluna bilər.

Uzun müddət müzakirələrə səbəb olan nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi də nəzərdə tutulub. Qeyd edək ki, mövcud qaydalara əsasən, ay ərzində sadələşdirilmiş vergi ödəyəiləri 15 min, dövriyyəsindən asılı olmayaraq ƏDV ödəyiciləri 30 min manat nağdlaşdıra bilərlər. Mövcud qaydalar xüsusən ƏDV ödəyicilərinin fəaliyyətlərini məhdudlaşdırır.

Proqram optimal vergi yükünün tətbiqini də nəzərdə tutur. Bu isə o deməkdir ki, bəzi vergi dərəcələrinə yenidən baxılıb azaldıla bilər. Sənəddə qeyd olunur ki, vergitutma mexanizminin sadələşdirilməsi imkanları araşdırılacaq və sahibkarlıq subyektlərinin fəaliyyətində yaranacaq vergi öhdəliklərinin öncədən müəyyən edilməsi və proqnozlaşdırılmasının asanlaşdırılmasına imkan verən, bütövlükdə könüllü əməletməyə stimullar yaradan daha təkmil vergi strukturu və optimal vergi yükü formalaşdırılması məqsədilə təkliflər hazırlanacaqdır.

Sənədə əsasən, vergi auditinin və hesabatlılığının effektivliyinin artırılması E-auditin çərçivəsinin genişləndirilməsi, elektron mühasibatlıq sisteminin təkmilləşdirilməsi və e-audit fəaliyyətinin tezliyinin artırılması nəzərdən keçiriləcək. Bu isə o deməkdir ki, elektron audit sisteminin tətbiqin imkanlarının genişləndirilməsi həyata keçirilə bilər.

Vergi systemi ilə bağlı digər fəaliyyət “Vahid Mühasibatlıq Sistemi”nin tətbiq edilməsidir. Sənədə əsasən, bütün vergi ödəyicilərinin “Vahid Mühasibatlıq Sistemi”nə keçidi imkanları təhlil ediləcək, elektron mühasibatlığın tətbiqinin genişləndirilməsi təşviq ediləcəkdir. Kiçik və orta ölçülü şirkətlərin yeni mühasibatlıq sisteminə rahat keçidini təmin etmək üçün mərhələli miqrasiya planı hazırlanacaqdır. Bu isə o deməkdir ki, kiçik və orta müəssisələr sözügedən sistemə mərhələli şəkildə keçəcək və onlar üçün ayrıca miqrasiya tədbirləri reallaşacaq.

Vüqar Bayramov

İqtisadçı alim

2019-cu ilin vergi islahatlarının başlıca istiqamətləri

2019/07/05 14:05
2019-cu ilin vergi islahatlarının başlıca istiqamətləri
Bu gün Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinq keçirilib.

 

Müvəkkil.az Realpress.az-a istinadən məlumatına görə, brifinqdə qurumun Vergi siyasəti Departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas məzmunu və 2019-cu ildə həyata keçiriləcək vergi islahatlarının başlıca istiqamətləri haqqında kütləvi informasiya vasitələrinin nümayəndələrinə ətraflı məlumat verib.

O, bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir. Ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyinə çox mühüm dəyişilkilklər hazırlanıb və qanun layihəsini Milli Məclis qəbul edib. Vergi Məcəlləsinə dəyişiklikləri 5 əsas istiqamət üzrə təsnifləşdirmək olar. Bunlar sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsidir.

Nazirlik rəsmisinin sözlərinə görə, «kölgə iqtisadiyyatı»nın miqyasının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilən dəqişikliklər əsasən özəl sektorda çalışan işçilərin əmək haqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, malların sənədsiz dövrüyyəsinə, xərclərin rəsmiləşdirilməsinə görə maliyyə sanksiyalarının tətbiqi, bir sıra sahələrdə vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır.

S. Musayeva vergi qanunvericiliyinə edilmiş ən mühüm dəyişiklik kimi qeyri-neft sektorunun özəl bölməsində çalışan vətəndaşların əmək haqlarından tutulan vergilər üzrə vergi güzəştlərinin verilməsini qeyd edib. Dəyişikliyə əsasən aylıq əmək haqqı 8 000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100%-lik güzəşt verilib, 8 000 manatdan çox olan məbləğdə muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslər üzrə isə gəlir vergisi 14% müəyyənləşdirilib ki, bu da dövlətin sözügedən məsələdə çox böyük fiskal güzəştə getməsi deməkdir. Vergi güzəştinin məqsədi barədə danışan baş direktor bildirib ki, əsas hədəf “kölgə iqtisadiyyatı”nın həcminin azaldılması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, iqtisadi fəallığın xüsusilə qeyri-neft sektorunun özəl bölməsində işgüzar aktivliyin daha da canlanması, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsidir.

Bundan başqa, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə pərakəndə ticarət və ictimai iaşə sektorunun dövriyyəsinin rəsmiləşdirilməsinə ictimai nəzarətin gücləndirilməsi və bu işdə istehlakçıların stimullaşdırılması məqsədilə onların belə obyektlərdə xərclədikləri vəsaitlərin bir hissəsinin (ƏDV-sinin müəyyən hissəsinin) geri qaytarılması nəzərdə tutulur.

İstehlakçılar tərəfindən pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) ödənilmiş ƏDV-nin nağdsız ödənişlərdə 15%-i, nağd ödənişlərdə isə 10%-i nəzarət-kassa aoaratının çeki əsasında istehlakçılara geri qaytarılacaq. Bu qaydaların tətbiqi ilə bağlı əlavə olaraq prosedurları özündə əks etdirən qanunvericilik aktı qəbul olunacaq.

İstehlakçı fiziki şəxslərin bu qaydada stimullaşdırılması həm şəffaflığın təmin edilməsi baxımdan, həm də vergi ödəyicilərinin ƏDV-nin ödəyicisi kimi fəaliyyət göstərmələrinə müsbət təkan verəcək.

Vergitutma bazasının genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər sırasında vergi uçotunda olmayan şəxslərdən nağd qaydada alına bilən mallara görə aparılan ödənişlərin ödəmə mənbəyinfə vergiyə cəlb edilməsi, sadələşdirilmiş vergi ödəyicilərinin əhatə dairəsinin məhdudlaşdırılması, aksizli və məcburi nişanlanmalı malların dövriyyəsinə səmərəli vergi nəzarəti mexanizminin qurulması, aksizli malların siyahısının genişlənməsi (energetik içkilər, elektron siqaret üçün maye) və aksiz dərəcələrinin artırılması və s. var.

S.Musayeva qeyd edib ki, sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyiciləri vergilərini təqdim etdikləri mala (iaşə, xidmətə) görə əldə olunan hasilatdan (xərclər çıxılmadan) hesabladıqlarından adətən gəlirlərinin və xərclərinin uçotunu aparmamağa və əməliyyatları lazımı qaydada sənədləşdirməməyə meylli olurlar ki, bu da ölkədə aparılan vergi islahatları və şəffaflaşma siyasəti ilə uzlaşmır. Buna görə də Vergi Məcəlləsinə daxil edilmiş yeni müddəalar əsasən sadələşdirilmiş vergitutma metodunu tətbiq etmək hüququ olan şəxslərin dairəsi ilə məhdudlaşdırılıb. Dəyişikliyə əsasən işçi sayı qanunla müəyyən edilən həddən çox olan istehsal fəaliyyətini, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışını, xəz-dəri məmulatlarının satışınlı həyata keçirən şəxslərin, habelə lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) və sair sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Qanunla sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri növbəti ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.

Vergi Məcəlləsinə vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə də bir sıra dəyişikliklər edilib. Bunların sırasında yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılması, vergi ödəyicisinin iqtisadi maraq mərkəzinin olduğu yer üzrə uçota alınması, elektron qaimə-faktura verməli olan şəxslərin əhatəsinin dəqiqləşdirilməsi, ƏDV-nin əvəzləşdirilməsi mexanizminin təkmilləşdirilməsi və s. var.

Bundan başqa, Vergi Məcəlləsində vergi güzəştlərinin iqtisadi səmərəsinin yüksəldilməsi məqsədilə dəyişikliklər edilib. Bunların sırasında özəlləşdirmədə iştirak edən investorların əmlak vergisindən azad edilməsi, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmlərin satışına vergi güzəştinin tətbiq edilməsi və həmçinin həssas sosial təbəqələrə (şəhid ailələrinə) güzəştin verilməsi kimi sosial yönümlü dəyişikliklər də əks olunub. Mühüm dəyişikliklərdən biri vergi güzəştləri əldə edən şəxslərə malların dövriyyəsinin uçotunun aparılmadığı halda maliyyə sanksiyalarının tətbiqi ilə bağlıdır.

S.Musayevanın sözlərinə görə, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi məsələləri də diqqətdən kənar qalmayıb. Belə ki, sadələşdirilmiş vergi dərəcəsinin bütün ölkə ərazisində 2%-ə endirilməsi, pərakəndə ticarət və iaşə sahələrində nağdsız ödənişlər üzrə güzəştlərin verilməsi və inzibati şikayət zamanı bank hesabından və ƏDV-nin depozit hesabından pul vəsaitinin silinməsinin dayandırılması bu istiqamət üzrə edilən dəyişikliklərə aiddir.

Vergilər Nazirliyi uşaqlar üçün tədbirlər keçirib

2019/06/03 14:37
Vergilər Nazirliyi uşaqlar üçün tədbirlər keçirib

Vergilər Nazirliyinin təşkilatçılığı ilə 1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə internat məktəblərində təhsil alan və valideyn himayəsindən məhrum olmuş  şagirdlər üçün tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna və “Binə Atçılıq Mərkəzi”nə ekskursiya təşkil olunub.

Bakının bir neçə internat məktəbinin şagirdləri “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar və onlara buradakı eksponatlar barədə məlumat verilib. Məktəblilər “Atəşgah məbədi”nin tarixi, Azərbaycanda qədim dini etiqadlar, tarix boyu dünya şöhrətli insanların məbəddə olan möcüzəvi alovla bağlı qeydləri haqqında faydalı biliklər əldə ediblər. Daha sonra “Binə Atçılıq Mərkəzi”nə gəzinti təşkil olunub. Məktəblilər burada şən və yaddaqalan vaxt keçiriblər, şam yeməyində iştirak ediblər. Eyni zamanda, uşaqlar Vergilər Nazirliyi tərəfindən populyar müğənni Miri Yusifin konsertinə dəvət alıblar.

Vergilər Nazirliyi tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə keçirilmiş tədbirlər çərçivəsində internat məktəbinə sosial dəstək göstərilib.

Vergilər Nazirliyi sosial məsuliyyət strategiyası çərçivəsində ictimaiyyət nümayəndələri üçün faydalı təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşır və sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edir. Tədbirin təşkilində məqsədlərdən biri də qayğıya daha çox ehtiyacı olan məktəblilərin cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarətdir.

     

Vergilər Nazirliyi sahibkarları məlumatlandırır

2019/06/02 15:47
Vergilər Nazirliyi sahibkarları məlumatlandırır

Vergilər Nazirliyində istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib. Görüşdə 2019-cu ilin yanvar ayının 1-dən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklər, vergi uçotunun şəffaflaşdırılması, “kölgə iqtisadiyyatı”nın minumuma endirilməsi, əmək münasibətlərinin leqallaşmasına dair qanunvericiliyin tələbləri ilə bağlı vergi ödəyiciləri məlumatlandırılıb və bu məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov Nazirlər Kabinetinin son iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vergi sistemində aparılan islahatlar, şəffaflığın təmin olunması və “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasına dair fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Nazir müavini vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı vergi uçotunun və sənədləşmə işlərinin düzgün aparılmasının və elektron qaimə-fakturalardan istifadə edilməsinin zəruri olduğunu vurğulayaraq vergi ödəyicilərinin nəzərinə çatdırıb ki, hər bir müəssisədə qanunvericiliyin tələblərinə tam əməl olunmalıdır, əks halda bu həmin müəssisələrin qanunda nəzərdə tutulmuş ciddi maliyyə sanksiyaları ilə üzləşməsi ilə nəticələnə bilər. Vergilər Nazirliyinin apardığı təhlilər nəticəsində məlum olub ki, mebel, alkoqolsuz içkiilər, rezin və plastik məmulatlar istehsalı sahələrində e-qaimə-fakturaların tətbiqi səviyyəsi 70-90 faiz səviyyəsində təmin olunursa, ev quşlarının yetişdirilməsi sahəsində bu göstərici 40 faiz, un istehsalı sahəsində 20 faiz, spirtli içkilər və qida sənayesi istehsalı sahələrində 10 faiz, bəzi sahələrdə isə hətta 5  faizdən aşağıdır.

Vergi ödəyicilərinn nəzərinə çatdırılıb ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə — malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Digər mühüm bir tələb işçilərlə əmək münasibətlərinin leqallaşdırılması ilə bağlıdır. Qeyd edilib ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunla qadağandır və sahibkarlar işçilərlə əmək müqaviləsi bağlamalı, təqdim etdikləri hesabatlarda real əmək haqlarını düzgün göstərməlidirlər. Belə hallara yol verilməsi gəlirlərin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənlərə maliyyə sanksiyaları tətbiq edilə bilər. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Diqqətə çatdırılıb ki, qanunvericiliyə əsasən, yeni maliyyə sanksiyaları qüvvəyə mindiyi gündən 1 il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmur və yalnız rəsmi (yazılı) xəbərdarlıq edilir. Xəbərdarlıq edildikdən sonra vergi ödəyicisi tərəfindən təkrarən belə hala yol verildiyi aşkarlanarsa, ona maliyyə sanksiyası tətbiq edilir.

Büdcə gəlirlərinin formalaşmasında hər bir vergi ödəyicisinin rolunun olduğunu bildirən nazir müavini qeyd edib ki, şəffaf fəaliyyət göstərən və vergi orqanları ilə partnyorluq edən, gəlir və xərclərinin uçotununu düzgün şəkildə və vaxtlı vaxtında aparan, qanunvericiliyin tələblərinə tam əməl edən vergi ödəyicilərinin fəaliyyətinin təhlili göstərir ki, şəffaflıq daha əlverişli biznes mühitinin formalaşdırılmasının, həm vergi ödəyicilərinin, həm də vergi orqanlarının fəaliyyətinin daha səmərəli olmasının əsas şərtlərindən biridir.

Vergilər Naziriyinin İqtisadi təhlil və ekspertiza Deprtamentinin baş direktoru Natiq Şirinov mal dövriyyəsinin sənədləşdirilməsi, vergi uçotunun aparılması, müəssisələrin maliyyə göstəriciləri və təqdim edilən bəyannamələrdə rast gəlinən risk faktorları barədə çıxış edib.

Sonra tədbirdə iştirak edən vergi ödəyicilərinin vergi qanunvericiliyində aparılmış dəyişikliklərlə bağlı çoxsaylı sualları cavablandırılıb. Görüşdə Bakı şəhərində və regionlarda  istehsal sahəsində fəaliyyət göstərən 200-dən artıq vergi ödəyicisi və Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyi iştirak edib.