Arvadı və dostu əlbir olub biznesmeni öldürdü

2014/07/17 20:31

1402997952muqdetÖtən ilin martında Rusiyada qətlə yetirilən iş adamı Samid Şahbazovun ölümü ilə bağlı başlanan cinayət işi hələ də yekunlaşmayıb. Buna səbəb qalmaqallı qətlin sifarişçilərinə qarşı sübutların tam olaraq istintaq orqanlarına çatdırılmamasıdır.

Ərzaq və benzin biznesi

Hadisənin necə baş verməsi və sonrakı təfərrüatları barədə danışan hüquq müdafiəçisi Səməd Vəkilov mərhum S.Şahbazovun Rusiya Federasiyası, Çita şəhərində ərzaq məhsullarının topdansatışı və yanacaqdoldurma məntəqələri işlətdiyini deyib:

“Əslən Masallı rayonundan olan mərhum  ərzaq məhsullarının satışı ilə bağlı işlərini həmkəndlisi Mahmudov Müdrət Qəribəli oğlu, qardaşı Şahbazov  Xanağa Sultanağa oğlu və bacısı oğlanları ilə birgə görüb. Yəni, onlara işlərinin müqabilində əməkhaqqı verib. Yanacaqdoldurma məntəqəsini isə keçmiş həyat yoldaşı Nataliya Fidosiyeva ilə birlikdə idarə edib. Amma həmin qadın ona şərik olmayıb. Sadəcə, birgə nikahdan doğulan qızları Şahbazova Əminə Samid qızına maddi yardım göstərmək məqsədilə qazancının 50 faizini Fidosiyevaya verib”.

 

Özünü şərik kimi qələmə verdi     

 

S.Şahbazov 2013-cü il martın 28-də yaşadıqları evdə — Rusiya Federasiyası,  Zabaykal diyarı, Çita şəhəri, Qriqoriya  Kostina küçəsi ev 49 “a”, mənzil 29 ünvanında  2 nəfər tanımadığı maskalı şəxslər tərəfindən odlu silahla qətlə yetirilib. Elə həmin gündən onun həmkəndlisi Müdrət Mahmudov və keçmiş həyat yoldaşı N.Fidosiyeva özlərini şübhəli aparıblar.

 

Zərərçəkmiş tərəfin hüquqlarını müdafiə edən S.Vəkilov onların bu hərəkətinin mərhumun qohumlarında şübhələrin yaratdığını vurğulayıb:

 

“İş adamının ölümündən bir müddət sonra M.Mahmudov S.Şahbazovla bütün işlərində şərik olduğunu, ona görə də həmin biznesin bir hissəsinə sahib çıxacağını bildirib. Onun bu fikrini qohumlar təəccüblə qarşılayıb. Onlar məhz M.Mahmudovla N.Fidosiyevanın əlbir olub S.Şahbazovun qətlini sifariş etdikləri qənaətindədir. Çünki S.Şahbazov dəfələrlə qardaşı Xanağa Şahbazovun və digər qohumlarının yanında həmkəndlisi Müdrət Mahmudovla şərik olmadığını, istədiyi vaxt onu işdən kənarlaşdıra biləcəyini deyib”.

 

Meyiti yola salıb iş başına keçdi

 

İş adamı qətlə yetirilən gün özünü xəstəliyə vuran M.Mahmudov meyitin Azərbaycana gətirilməsinə belə kömək etməyib. S.Vəkilovun sözlərinə görə,  aprelin 2-də mərhumun meyiti Vətənə gətirilən kimi M.Mahmudov xəstəxanadan çıxaraq iş adamına məxsus biznesi davam etdirməyə çalışıb:

 

“Dəfn və yas mərasimlərindən sonra aprel 12-də Çitaya dönən qohumları hava limanında M.Mahmudov qarşılayıb. Evə gəldikdən sonra o, bildirib ki, Şahbazovla bütün işlərdə şərik olub. Sonradan isə ona məxsus olan biznesi tam şəkildə davam etdirməyə başlayıb”.

 

Qeyd edək ki, S. Şahbazovun ölüm faktı ilə bağlı Çita şəhəri, Jeleznodorojnu rayonu, istintaq şöbəsinin baş müstəntiqi, ədliyyə baş leytenatı Andrey Buxtoyarov cinayət işinin istintaqını aparır. Əldə edilən faktların kifayət etmədiyindən müstəntiq yalan detektorundan istifadə etmək qərarına gəlib. Lakin M.Mahmudov xəstəlik və başqa bəhanələrlə dəfələrlə bu dindirmədən də yayınıb.

 

“Sən qorxmursan, ora getmisən?”

 

Hadisənin təfərrüatlarının mərhumun 40 mərasimi ərəfəsində bəlli olduğunu deyən S.Vəkilov sonradan Fidosiyevanın ifadə verməkdən imtina etdiyini deyib:

 

S.Şahbazovun 40 mərasiminə yaxın N. Fidosiyeva qızı ilə birlikdə Masallıya gəlib. Bundan xəbər tutan M.Mahmudov qadına zəng  edərək “sən qorxmursan oraya getmisən?” deyib. Bundan sonra N.Fidosiyeva həyacanlanaraq rabitəsiz sözlər danışib. Həmin vaxtı Fidosiyevanın yanında olan qadınlar da telefon danışığına şahid olublar. Səhər açılanda isə N.Fidosiyeva Samid Şahbazovun yaxınlarına onu Müdrət Mahmudovun öldürtdüyünü söyləyib. Bu fikri telefonla Çita şəhərində olan Elgün Şahbazova da deyib”.

 

İş adamına və arvadına Azərbaycandan hədə zəngləri gəlib

 

N.Fidosiyeva Çitaya dönən kimi mərhumun qohumları ilə birgə işi araşdıran müstəntiq A.Boxtuyarovla görüşüb və  bu qətli M.Mahmudovun həyata keçirdiyini bildirib. Müstəntiq N.Fidosiyevaya əlində olan sübutları həmin gün saat 18-də ona təqdim etməsini istəyib. Razılaşdıqları vaxtda görüşə yollanan ərəfədə — saat 17.30-da M.Mahmudov, E.Şahbazov və  Möhsün Əliyev N.Fidosiyeva birlikdə avtomobillə istintaq şöbəsinə gələrkən qadının telefonuna Azərbaycandan zəng gəlib. Telefondakı şəxs N.Fidosiyevaya “sənin uşağın və nənəsi evdə təkdirlər, yerini bil” deyə bildirib. Bundan sonra qadın istintaqa ifadə verməkdən imtina edib.

 

S.Vəkilovun sözlərinə görə, S.Şahbazovun ölümündən əvvəl də onlara Azərbaycandan hədə dolu zənglərin gəldiyini bildirib:

 

“N.Fidosiyeva mərhumun qohumlarına bildirib ki, mən hər şeyi bilirəm, ancaq uşağımı öldürərlər deyə, söyləyə bilməyəcəm. Eyni zamanda mərhumun ölümündən əvvəl də Azərbaycandan ona zəng edərək hədələdiklərini bildirib. Araşdırmalar nəticəsində həmin zənglərin Sumqayıt şəhər sakinləri Nadirova Leyla Qədiməli qızı və qardaşı Nadirov Ceyhun Qədiməli oğluna məxsus olması müəyyən elib. İstintaqa ifadə verən Leyla heç vaxt Çitaya zəng vurmadığını desə də, qardaşı dolayısı ilə bir qadınla danışdığını təsdiqləyib, lakin onu hədələmədiyini deyib”.

 

Hədə-qorxu gələnlər Masallı polisində “ruhi xəstə” çıxdılar

 

Cinayət işinin gedişində həmin şəxslərin tapılıb istintaqa cəlb olunması üçün Rusiyadan Masallı Rayon Polis Şöbəsinin  Boradigah polis bölməsinə sorğu göndərilib. İstintaqa ifadə verən həmin telefon nömrələrinin sahibləri özlərini ruhi xəstə kimi qələmə verərək istintaqdan yayınmağa nail olublar.Həmin sorğuya səhlənkarcasına yanaşıldığını deyən S.Vəkilov bunun  Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə hüquqi yardım haqqında bağlanmış ikitərəfli müqavilələrə, sazişlərə  və milli qanunvericiliyin tələblərinə zidd olduğunu vurğulayıb:

 

“Ona görə də biz Daxili İşlər naziri Ramil Usubova müraciət edərək Masallı Rayon Polis Şöbəsinin Boradigah polis bölməsinə Rusiya Federasiyası, Zabaykal diyarı, Çita şəhəri, Jeleznodorojnıy rayonu, istintaq şöbəsi  tərəfindən 07 iyun 2013-cü il tarixli  3/12-776 saylı sorğunun obyektiv cavablandırılmasını təmin etməsini xahiş etdik. İnanırıq ki, bu məsələ bundan sonra obyektiv araşdırılacaq”.