Qatarla gedən sərnişinləri kim sığortalayır?

2014/08/10 12:27

Qatarla daşınan bütün sərnişinlər sığortalanır. Bu barədə “İpək Yolu” sığorta şirkətinin sığorta departamentinin müdiri Kəmalə Abışova məlumat verib. Onun sözlərinə görə, qatardan istifadə edən bütün sərnişinlər fərdi qəza sığortası edilir və sağlamlıqlarına, eləcə də həyatlarına dəyə biləcək ziyana görə təminat alırlar: “Qatarın qəzaya uğraması, baş verən hər hansı bir hadisə və ya sərnişinin sadəcə sürüşüb yıxılması nəticəsində xəsarət alması, əmək qabiliyyətini itirməsi, yaxud ölməsi faktı sığorta hadisəsi hesab olunur”.

Kəmalə Abışova qeyd edib ki, “İcbari sığortalar haqqında” qanunun 68-ci maddəsinə əsasən,   qatarla səyahət edərkən baş verən sığorta hadisəsinə görə, sərnişinə xəsarətin dərəcəsindən aslı olaraq 750 manatdan 4000 manata qədər, ölüm halına görə isə 5000 manat sığorta ödənişi verilir. Onun sözlərinə görə, xəsarət kiçikdirsə, sığorta ödənişi almaq üçün tibbi arayış  yetərlidir: “Sığorta hadisəsinin qatarın ölkə daxilinə və ya xarici ölkəyə səyahət etməsi zamanı baş verməsi əhəmiyyətli deyil. Bu zaman sərnişin hər hansı bir sıyrıntılar və ya kiçik xəsarətlər alıbsa, həkimdən müalicəsilə ilə bağlı arayış təqdim etməklə sığorta ödənişi ala bilər. Xəsarət daha böyükdürsə, məhkəmə işi varsa,  bu zaman məhkəmənin qərarı, ekspertizanın rəyi də lazımdır”.

Kəmalə Abışova indiyə qədər qatarlarda sərnişinlərin xəsarət alması ilə bağlı sığorta hadisəsi ilə qarşılaşmadıqlarını  da deyib.