Fərdi yaşayış evlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması proseduru asanlaşdırılıb

2014/08/16 22:23

Azərbaycanda mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evləri, həmçinin tikintisinə icazə tələb olunmayan tikinti obyektləri üçün texniki şərtlər (tələb edilən gücdən asılı olmayaraq) həmin yaşayış evinin və ya tikinti obyektinin məxsus olduğu sifarişçinin  su təchizatı və kanalizasiya müəssisəsinə (STKM) bilavasitə müraciəti əsasında veriləcək.

 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “İstehlakçıların  su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nda əksinin tapıb.

 

STKM-ə müraciətdə fiziki şəxsin – adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsi barədə məlumatlar,  sifarişçinin su təchizatı və tullantı sularının axıdılması sisteminə (STTSAS) qoşulması nəzərdə tutulan tikinti obyektinin ünvanı, tələb olunan su sərfiyyatı və tullantı sularının miqdarı (həcmi) əksini tapmalıdır. Texniki şərtlərin verilməsi ilə əlaqədar bu Qaydalarda nəzərdə tutulmayan məlumatlar və sənədlər sifarişçidən tələb edilə bilməz. İmtina üçün əsaslar olmadıqda ərizənin daxil olduğu gündən sonra 10 (on) iş günü müddətində STKM texniki şərtlərin verilməsini təmin etməlidir. Texniki şərtlər verildiyi gündən 2 (iki) il müddətində icra edilmədiyi təqdirdə qüvvəsini itirmiş hesab edilir. Sifarişçinin tikinti obyektinin STTSAS-a qoşulması STKM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. Fərdi yaşayış evinin su təchizatı və kanalizasiya sistemlərinə birləşdiriləcəyi paylayıcı şəbəkə və qurğulara qədər məsafə L=30,0 m olduğu halda qoşulmalar  STKM tərəfindən hazırlanan texniki şərtlərə əsasən, bu məsafədən artıq olduğu halda fərdi yaşayış evinin yerləşdiyi ərazinin perspektiv layihəsinə uyğun şəbəkələrin inşası ilə verilməlidir. STKM sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik və tikinti normalarına uyğun STTSAS-ın mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. Sifarişçinin tələblərinə əsasən suyun ümumi buraxılış həcminin artırılması və STTSAS-a qoşulma nöqtələrinin dəyişdirilməsi halları istisna olmaqla, digər hallarda yeni texniki şərtlərin alınması tələb olunmur.

 

Qaydalara əsasən texniki şərtin verilməsindən imtina halları da müəyyənləşib. Bura texniki şərtlərin verilməsinin STKM-in indiki və gələcək məişət (təsərrüfat)-içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaratması, istehlakçının daxili su və kanalizasiya xidmətlərinin şəbəkəsinin vəziyyəti su və kanalizasiya şəbəkələrinin xətlərinin texniki istismarı üzrə normativ hüquqi aktlara uyğun gəlməməsi, sifarişçinin qoşulma barədə müraciətindən imtina etməsi, tikinti sahəsində mövcud su təchizatı və ya kanalizasiya şəbəkə və qurğularının mühafizəsi və ya köçürülməsinin mümkün olmaması daxildir.

 

Hüquqi şəxslərin (şirkətlər) texniki şərtlər alması proseduru fərdi yaşayış evlərinin sahiblərindən fərqlidir. Tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər sifarişçinin müvafiq yerli icra hakimiyyəti orqanına (MYİHO) müraciətinə (ərizəsinə) əsasən MYİHO-nun STKM-ə sorğusu əsasında veriləcək. MYİHO sorğu ilə yanaşı sifarişçinin ərizəsinin surətini, habelə tikinti ərazisinin vəziyyət planı, obyektin tikintisinə dair layihənin surətləri, binanın (binaların), qeyri-yaşayış sahələrinin bütün yeraltı kommunikasiyaları, xarakteristikası (binaların, qeyri-yaşayış sahələrinin hündürlüyü və ya mərtəbəliliyi, mənzillərin sayı, suya olan tələbatı, axıdılacaq tullantı sularının miqdarı (həcmi) barədə məlumatları STKM-ə təqdim etməlidir. Hüquqi şəxslərin ərizələrində isə adı, hüquqi ünvanı və VÖEN-i barədə məlumatlar, fiziki şəxs olduqda isə — adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsi (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər – həmçinin VÖEN-i) barədə məlumatlar, tikinti obyektinin təyinatı və fəaliyyət növü əksini tapmalıdır. Həm fərdi yaşayış evlərinin sahibləri, həm də hüquqi şəxslər texniki şərtlərin verilməsi üçün haqq ödəməyəcəklər