Alimentin məbləği necə müəyyənləşir?

2014/09/13 22:43

Boşanmalar zamanı əsas mübahisə predmetlərindən biri də aliment məsələsidir. Bəs uşaq üçün aliment hansı məbləğdə alınmalıdır? Bu məbləğ artırıla və ya azaldıla bilərmi? Bakı Hüquq Mərkəzinin hüquqşünası İsrafil Əlili  bu barədə danışıb:

 

- Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludur. Qanunun 78-ci maddəsi uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulması qaydasını müəyyənləşdirir. Həmin maddəyə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

 

Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

 

Ailə qanunvericiliyi ilə uşaqlar üçün məhkəmə qaydasında tutulan məbləğin miqdarı da qeyd olunub. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

 

1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

 

2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

 

3 və daha çox uşağa görə — qazancın (başqa gəlirlərin) yarısı.

 

Payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Məhkəmənin müəyyən olunmuş aliment miqdarını dəyişdirmək hüququ Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit olunub. Məhkəmə bu hüququnu tərəflərdən birinin tələbi ilə, onlardan birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, həyata keçirə bilər.

 

Məhkəmə işə baxarkən tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliklərin (məsələn, aliment ödəyən şəxsin pensiya yaşına çatması, onun işdən çıxarılması, borclunun saxlamalı olduğu yeni şəxslərin olub-olmaması, tərəflərin hər ikisinin və ya onlardan birinin başqa nikaha daxil olması və s.) olub-olmamasını müəyyənləşdirməlidir. Təqdim edilməli olan sübutlar məhz bu hallardan asılı olaraq dəyişə bilər.

 

«Media forum»