Uşaq haçan atanın himayəsinə verilir?

2014/08/13 22:45

Boşanma zamanı uşaq hansı hallarda atanın himayəsinə verilir? Bakı Hüquq Mərkəzinin əməkdaşı, vəkil Dünyamin Novruzov bu sualı  belə cavablandırıb:

 

- Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır. Burada uşağın yaşından çox şey asılıdır. Bir qayda olaraq 14 yaşına çatmamış uşaqları məhkəmə analarının yanında saxlayır. BMT Baş Məclisinin 20 noyabr 1959-cu il qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, azyaşlı uşaq müstəsna hallardan başqa anasından alına bilməz.

 

Burada müstəsna hallar dedikdə ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi…

 

On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması məsələsi məhkəmədə uşağın mənafelərindən çıxış edilərək və uşağın fikri mütləq nəzərə alınaraq həll olunur. Bu halda atanın, uşağın onun yanında qalması şansı müəyyən qədər artır. Məhkəmə uşağın yaşını, onun hər iki valideynə, bacı və qardaşına bağlılığını, valideynlərin əxlaqi və digər dəyərlərini, valideynin iş rejimi də nəzərə alınmaqla onun uşağı tərbiyə etməsinin mümkünlüyünü, valideynlərin maddi və ailə vəziyyətlərini nəzərə alır.

 

Valideynlərdən birinin maddi-məişət şəraitinin yüksək olması özü-özlüyündə uşağın onun yanında qalması tələbinin təmini üçün ona mütləq və şərtsiz üstünlük vermir.

 

Beləliklə, uşağın atanın yanında qalması mübahisənin faktiki hallarından asılıdır və bu məsələdə səlahiyyətli orqan işə baxan məhkəmədir.

 

«Media forum»