Azərbaycan təhlükəsizlik orqanlarının tarixi

2015/05/31 23:21

 

 Azərbaycan təhlükəsizlik orqanlarının tarixini üç dövrə bölmək olar: Azərbaycan Demokratik Respublikası dövrü, Sovet dövrü və müstəqil Azərbaycan Respublikası dövrü.

1918-1920-ci illər Azərbaycan tarixinin ən şərəfli, eyni zamanda, mürəkkəb və ziddiyyətli dövrlərindən biri hesab olunur. Sovet hakimiyyəti illərində Azərbaycan tarixinin müvafiq zaman kəsiyi ümumiyyətlə öyrənilmədiyindən, xüsusi xidmət orqanlarının tarixi də diqqətdən kənarda qalmışdır.

Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında başa çatdırıldı. Azərbaycan Demokratik Respublikasının təhlükəsizliyinin təmin edilməsi missiyasını da ilk zamanlar ordu öz üzərinə götürmüş və bölmə (Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsinin kəşfiyyat və əks-kəşfiyyat bölməsi) halında bu işin öhdəsindən bacarıqla gələ bilmişdi. Hazırki Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının varisi hesab olunduğundan, Milli Təhlükəsizlik Nazirliyi də ilk milli xüsusi xidmət orqanının varisi olmaqla əsasını bu bölmədən götürmüşdür.

Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyi, daxili və xarici vəziyyət ayrıca kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinin yaradılması zərurətini doğururdu. Ölkənin xarici müdaxilə təhlükəsi qarşısında qalması hərbi aspektlərə xüsusi diqqət yetirməyi, başlıca məsuliyyəti bu strukturlara tapşırmağı tələb edirdi. 1919-cu il martın 28-də Hərbi nazir Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyinin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Bu əmrdən sonra bölmənin komplektləşdirilməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində xeyli iş görüldü. Lakin hərbi idarə çərçivəsində olan bu struktur fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspektlərinə yönəldirdi. 1919-cu il aprelin 2-də Nazirlər Şurası sədrinin adına göndərdiyi məktubunda Səməd bəy Mehmandarov yazırdı: «Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir, bolşevizmlə mübarizə ümumdövlət işi olduğundan tək hərbi idarə onun öhdəsindən gələ bilməz…». Beləliklə, 1919-cu il aprelin 13-də dövlət hakimiyyətinin bütün strukturları Azərbaycan hökumətinin ixtiyarına keçdikdən sonra mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyat haqqında məsələnin müzakirəsi mümkünləşdi. Denikinçilərin 1919-cu ilin aprel ayında Dağıstan və Gürcüstana hücumu Azərbaycanın müstəqilliyi üçün də təhlükə doğururdu. Bundan əlavə, daxildə bolşevik və daşnak qüvvələrin Azərbaycanın dövlətçiliyinə qarşı dağıdıcı fəaliyyəti geniş vüsət almaqda idi. Bu təqdirdə, ölkə parlamentinin qərarı ilə iyunun 9-da Vətəni müdafiə sahəsində fövqəladə səlahiyyətlərə malik olan xüsusi orqan — Dövlət Müdafiə Komitəsi yaradıldı. Respublikanın daxilində və sərhədlərində vəziyyət daha da gərginləşdiyindən Dövlət Müdafiə Komitəsi 1919-cu il iyunun 11-də Azərbaycanda fövqəladə vəziyyət elan etdi və elə həmin günlərdə də müvafiq qərarla Azərbaycanın dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanı — Əksinqilabla Mübarizə Təşkilatını yaratdı və o, gənc dövlətin müstəqilliyinə, dövlətçiliyinə, ərazi bütövlüyünə əngəl ola biləcək daxili və xarici qüvvələrlə mübarizə aparan bir təşkilat kimi fəaliyyətə başladı. Qısa müddət ərzində Bakıda təşkilatın yeddi rayon bölməsi yaradıldı. İlk əvvəl denikinçilərə qarşı mübarizə aparan Əksinqilabla Mübarizə Təşkilatı sonrakı mərhələdə əsas fəaliyyətini bolşevik təhlükəsinə və şəhərdə təxribatlar törədən ermənilərə qarşı yönəltdi.

Lakin bolşeviklərin pozuculuq fəaliyyəti nəticəsində respublikada vəziyyətin mürəkkəbləşməsi və müxtəlif parlament cərəyanları və partiyalar arasında siyasi mübarizənin gərginləşməsi nəticəsində 6 mart 1920-ci ildə Əksinqilabla Mübarizə Təşkilatı buraxıldı. 1920-ci il 28 aprel müdaxiləsi ilə Azərbaycanda milli kəşfiyyat və əks-kəşfiyyat sistemini daha da təkmilləşdirmək səyləri yarımçıq qaldı. XX əsrdə Azərbaycanın ilk xüsusi xidmət orqanlarının təşəkkülündə Əksinqilabla Mübarizə Təşkilatının rəhbərləri olmuş Məmmədbağır Şeyxzamanlı və Nağı Şeyxzamanlının əvəzsiz xidmətləri xüsusi qeyd edilməlidir.

 

İmperiya siyasətini həyata keçirən və Azərbaycanda bolşevik rejiminin gücləndirilməsinə xidmət etməklə bu işdə inzibati alət rolunu oynayan Azərbaycan Fövqəladə Komissiyası, bir qədər sonra isə Azərbaycan Dövlət Siyasi İdarəsi və Xalq Daxili İşlər Komissarlığı 1920-1940-cı illərdə xalqımızın minlərlə nümayəndəsini fiziki və mənəvi terrora məruz qoydu. 1920-ci ilin mayından 1921-ci ilin əvvəllərinədək 40 mindən çox soydaşımız Fövqəladə Komissiya tərəfindən məhv edilmiş, 1934-1938-ci illərdə 27 min 854 nəfər Xalq Daxili İşlər Komissarlığı tərəfindən güllələnmə hökmünə məhkum olunmuşdur. Ümumiyyətlə, 20-50-ci illərdə repressiyaya məruz qalaraq, məhv olunanların sayı 400 mini keçmiş, yarım milyondan çox insan isə ölkədən sürgün edilmişdir. Ruslaşdırma siyasətinə qarşı çıxan Əyyub Xanbudaqov, Novruz Rizayev və başqaları repressiyalara qarşı öz etirazlarını açıq şəkildə bəyan etdiklərinə görə məhz o illərdə məhv edilmişlər. İstiqlaliyyət uğrunda mübarizə aparan Azərbaycanın bir çox say-seçmə övladları — Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Mirzə Bala Məmmədzadə, Rüstəm bəy Şəfibəyov, Əbdülvahab Yurdsevər, Nağı Şeyxzamanlı, Mahmud Səfikürdski və başqaları mühacirətdə yaşamaq məcburiyyəti qarşısında qalmışlar.

 

50-ci illərin sonlarından etibarən respublika təhlükəsizlik orqanlarında milliləşmə və tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində xeyli işlər görüldü. Bu proses bilavasitə ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanlarına həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də komitə rəhbərliyinə irəli çəkildiyi 1964-cü ildən sonrakı dövrdə orqana milli kadrların cəlb olunması, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə təyin olunması nəzərəçarpacaq şəkildə geniş vüsət almağa başladı. Heydər Əliyev respublika və ittifaq rəhbərliyində çalışdığı müddətdə belə, Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə saxlamış, öz qayğısını bu təsisatlardan əsirgəməmişdir.

Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayında özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabrın 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. Qısa müddət ərzində digər millətlərin nümayəndələri nazirliyi və respublikanı tərk etdilər, orqanın ancaq milli kadrlardan komplektləşdirilməsi dövrü başlandı. Lakin dəyişən yalnız təhlükəsizlik orqanının adı və şəxsi heyəti deyildi — ilk növbədə nazirliyin qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti idi. Əgər Dövlət Təhlükəsizlik Komitəsinin bütün imkanları və potensialı sovet dövlətinin mövcudluğunun və strateji maraqlarının təmin olunmasına yönəlmişdisə — Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran vəzifələr Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir. Dövlət müstəqilliyinin bərpa olunmasından sonra xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi kəşfiyyat, təxribat-pozuculuq fəaliyyəti hallarının aşkar olunması və neytrallaşdırılması baxımından mühüm nailiyyətlər əldə olunmuşdur. Nazirliyin qarşısında həmçinin dövlət sirri təşkil edən məlumatların qorunması — korrupsiya, terrorizm, narkotik vasitələrin, psixotrop və radioaktiv maddələrin, odlu silah və döyüş sursatının beynəlxalq qanunsuz dövriyyəsi ilə, mütəşəkkil transmilli cinayətkarlığın daha təhlükəli növləri ilə mübarizə kimi son dərəcə məsul vəzifələr durur. Bu mənada, Milli Təhlükəsizlik Nazirliyi dünyanın onlarla dövlətinin xüsusi xidmət orqanları ilə iki və çoxtərəfli formada əməkdaşlıq edərək, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq və digər sahələr üzrə məlumat mübadiləsi aparır. Azərbaycan dövlətinin beynəlxalq antiterror koailisiyasında iştirakında Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Beynəlxalq axtarışda olan terrorçuların saxlanılaraq xarici dövlətlərə ekstradisiya olunması, humanitar örtük altında fəaliyyət gösərtən, lakin əslində müxtəlif terrorçu subyektlərin maraqlarına xidmət edən təşkilatların fəaliyyətinə qadağa qoyulması, terrorçularla əlaqəli müxtəlif bank hesablarının dondurulması və s. bu kimi nəticələrə məhz Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşəkarlığı və gərgin əməyi sayəsində nail olunmuşdur.

Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Milli Təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu, Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu, Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları, icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktları, habelə Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilə və sazişlər təşkil edir. Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik, bitərəflik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.

 

Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərləri

 

1. Şeyxzamanlı Məmmədbağır Saleh oğlu: 1919 (iyun-avqust)

 

2. Şeyxzamanlı Nağı Saleh oğlu: 1919 avqust — 1920 mart

 

3. Pankratov Semyon Andreyeviç: 1920 (may-iyun)

 

4. Əliyev Baba Əliyoldaş oğlu: 1920 (iyun-oktyabr)

 

5. Xanbudaqov Eyyub Şirin oğlu: 1920 oktyabr — 1921 fevral

 

6. Bağırov Mir Cəfər Abbas oğlu: 1921 fevral -1927 may

 

7. Rizayev Novruz Kərim oğlu: 1927 may — 1929 oktyabr

 

8. Bağırov Mir Cəfər Abbas oğlu: 1929 dekabr — 1930 avqust

 

9. Frinovski Mixail Petroviç: 1930 sentyabr — 1933 aprel

 

10. Aqrba Aleksey Serqeyeviç: 1933 aprel — 1934 mart

 

11. Sumbatov (Topuridze) Yuvelian Davıdoviç: 1934 mart — 1938 yanvar

 

12. Rayev-Kaminski Mixail (Yakov) Qriqoryeviç: 1938 (yanvar — noyabr)

 

13. Yemelyanov Stepan Fedoroviç: 1939 fevral — 1953 avqust

 

14. Quskov Anatoli Mixayloviç: 1953 avqust — 1956 aprel

 

15. Kopılov Fyodor İvanoviç: 1956 sentyabr -1959 avqust

 

16. Kardaşov Aleksandr Vasilyeviç: 1959 avqust -1963 oktyabr

 

17. Sviqun Semyon Kuzmiç: 1963 — 1967

 

18. Əliyev Heydər Əlirza oğlu: 1967-1969

 

19. Krasilnikov Vitaliy Sergeyeviç: 1969 avqust -1980 iyun

 

20. Yusif-zadə Ziya Məmmədiyyə oğlu: 1980-1988

 

21. Qorelovski İvan İvanoviç: 1988-1989

 

22. Hüseynov Vaqif Əliövsət oğlu: 1989 avqust -1991 sentyabr

 

23. Hüseynov İlhüseyn Pirhüseyn oğlu: 1991 sentyabr -1992 may

 

24. Təhməzov Fəxrəddin Ayət oğlu: 1992 may -1993 iyun

 

25. İmranov Nəriman Şamo oğlu: 1993 iyun -1994 oktyabr

 

26. Abbasov Namiq Rəşid oğlu: 1994 oktyabr -2004 iyul

 

27. Mahmudov Eldar Əhməd oğlu: 2004 iyul