Vahid Mustafayev: «Onlara məhdudiyyət qoymaq lazımdır»

2015/06/09 22:00

Ermənistan ordusunun cəbhədə aktivləşməsi fonunda ölkə mətbuatının cəbhədən verdiyi xəbərlər, xüsusən də Azərbaycan ordusunun hərbi texnikasının yerdəyişmələri barədə verdiyi məlumatlar son günlər cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardandır.

ANS olaraq bir neçə gündür ki, məsələni elə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, birinci Qarabağ müharibəsinin iştirakçıları, peşəkar hərbiçilərlə müzakirə edirik. Bu gün isə studiyamızın qonağı 1-ci Qarabağ müharibəsini ta başından sonunadək işıqlandıran Vahid Mustafayevdir. Onunla biz, bu məsələyə peşəkar jurnalist və müharibə iştirakçısı kimi yanaşacağıq.

- Vahid müəllim, əvvəlcə sizin bu informasiyaların yayılmasına mövqeyinizi bilmək istəyirəm. Cəbhədə gərginlik olan günlərdə Azərbaycan mediası nə dərəcədə professional işlədi? 

- Ümumiyyətlə, mən düşünmürəm ki, bu günkü Azərbaycan mediasının hərbi şəraitdə işləməsinin professionallığından söhbət gedə bilər. Ona görə ki, əksər media qurumları, ümumiyyətlə bilmirlər ki, müharibə nədir və müharibə şəraitində necə işləmək lazımdır? Çünki onlar müharibələrin heç birisində iştirak etməyiblər. Ona görə də belə bir təcrübəyə malik deyillər. 1990-ci ildən ta atəşkəsin elan edilməsinə qədər ANS televiziyası müharibəni işıqlandırdı və bu sahədə kontur informasiya verilməsi, ondan sonra manipuliyasiya edilməsi, əks təbliğat və əks tərəfə yanlış məlumatların verilməsi və s. bu kimi sahədə müəyyən təcrübəmiz var idi. Biz bunlardan istifadə edirdik və bu təcrübə bizdə indi də var, biz ondan istifadə etməkdə davam edirik. Fərq isə ondan ibarətdir ki, o zaman biz tək idik, başqa mətbu orqanlar yox idi. Dövlət orqanları, ümumiyyətlə heç bir şeyi işıqlandırmırdılar. Söhbət 1990-93-cü illərdən gedir. Yeganə biz olduğumuza görə, bizə işləmək çox rahat idi. Bu günlər mətbu orqanlar çoxdur, rəngarəngdir, hətta şou-biznesə aid olan mətbu orqanlar bu günləri müharibə haqqında cəbhə və sərhədyanı zonalardan müdafiə nazirliyinə aid olan məsələlərə bir növ müraciət edirlər. Sözsüz ki, peşəkar olmadıqlarından çox böyük səhvlərə yol verirlər.

- Siz çox müharibə, döyüş görmüsünüz. Birinci Qarabağ müharibəsində, Çeçenistanda, Əfqanıstanda, Liviyada — hamısında olmusuz. Belə vəziyyətlərdə jurnalist hansı prinsipləri rəhbər tutmalıdır? 

- Jurnalistin ən əsas prinsipi ondan ibarətdir ki, jurnalist baş verən hadisələri işıqlandırarkən vəziyyəti daha da gərginləşdirməməlidir. Məsələn, mətbuatda bizim milli ordumuzun tanklarının hərəkətləri haqqında məlumatlar verilib. Bu saytların oxucularının bu tankların hərəkət istiqamətləri nəyinə lazımdır? Və yaxud tankların sıra nömrələrinı verirlər. Başa düşə bilmirəm ki, sayt oxucularının tankın sıra nömrəsi nəyinə lazımdır?. O, sıra nömrəsini biləndə hansı analizi edə bilər? Və hansı növ informasiyanı qavraya bilər. Tamamilə lazımsız və daha çox kəşfiyyat xarakterli məlumatlardır. Və ona görə də Azərbaycanda fəaliyyət göstərən bir çox mətbu orqanların fəaliyyətindən şübhələnirəm. Bu, bir növ təxribatçı və bir növ əks-kəşfiyyata işləyən bir mətbu orqanlar ola bilər.

- Vahid müəllim, peşəkar kimi nəyi təklif edərdiz? Çünki media çalışır ki, informasiya əldə eləsin. Amma hərbi sirrlərin qorunmasına da ehtiyac var. Media işçilərinə nə məsləhət edərdiniz, qırmızı xətt hardan keçir? 

- Mən belə düşünmürəm ki, hansısa müharibə jurnalist üçün doğma, yaxud da ögey olmalıdır. Jurnalistin peşəkarlığı olmalıdır və jurnalist hər bir işıqlandırdığı şəraitdə öz peşə borcunu yüksək səviyyədə həyata keçirməlidir. Hər şeydən əvvəl dəqiq, qərəzsiz və obyektiv məlumatları verməklə. Mən düşünürəm ki, bu günkü şəraitdə bu günləri Azərbaycanda müvəqqəti məlumatların müdafiə nazirliyi haqqında, ümumiyyətlə onun cəbhə və sərhədyanı zonasından məlumatların çatdırılmasına müvəqqəti məhdudiyyətlər qoymaq lazımdır. Mütləq şəkildə saytlar vasitəsilə bütün məlumatlar birmənalı olaraq müdafiə nazirliyindən götürülməlidir. Müstəqil şəkildə heç bir mətbu orqan özü məlumat əldə edib onu yayıma buraxmamalıdır.

- Jurnalistlər çalışırlar ki, informasiyanı birinci əldə etsinlər. Peşəkar bir jurnalist kimi nəyi təklif edərdiniz ki, daha ehtiyyatlı davranılsın?

- Mən hesab edirəm ki, bu o sahə deyil ki, burada jurnalist çalışsın, birinci məlumat əldə etsin. Hansı məlumatı əldə etmək istəyir jurnalist? Biz bizim vətənimizin təhlükəsizliyindən danışırıq. Bu şou-biznes deyil ki, mən birinci bilim ki, Aygün Kazımovanın konserti harda olacaq və yaxud başqasının konserti harda olacaq. Bu, müharibədir. Bu, çox ciddi məsələdir, bu kişilərin işidir. Burada uşaq-muşağa yer yoxdur. Ona görə də mən onun tərəfindəyəm ki, qanuni şəkildə Prezidentimizin sərəncamı ilə və yaxud Parlamentimizin qəbul etdiyi hansısa bir qanunla müvəqqəti bir şəkildə məhdudiyyət qoyulmalıdır. Media cəbhə və sərhədyanı zonalardaki məlumatları yalnız müdafiə nazirliyindən almalıdır və özbaşına heç bir məlumatı yayıma verməməlidir.

- Vahid müəllim, cəmiyyətdə və mediada belə bir fikir ortaya atılıb ki, güya bununla mediaya senzuranın gətirilməsi gözlənilir. Sizcə, bu, belə ola bilərmi?

- Xeyr. Heç bir senzuradan söhbət getmir.1991-ci ildə Amerika Birləşmiş Ştatları İraqda apardığı müharibədə açıq-aşkar mənim təklif etdiyim məhz bu müvəqqəti məhdudiyyət qanununu tədbiq etmişdir. İş orasındadır ki, hətta 1991-ci ildəki bu müvəqqəti məhdudiyyət bu günə kimi də ABŞ-da işləyir. İngiltərə Folklend müharibəsi zamanı nə etmişdir? İsraildə, digər dövlətlər də bu işlə məşğul olub. Söhbət bizim vətənimizin müdafiəsindən və təhlükəsizliyindən gedir. Burada jurnalist, müəllim, həkim, hərbçi — hamısı bir yumruq kimi bir olmalıdırlar və bir komandanlıq altında hərəkət etməlidirlər. Ağızlarına gələn şeyləri yazmamalıdırlar. O nə deməkdir ki, biri yazır ki, kənd müəllimi bizə zəng edir və deyir ki, burada tanklar Ermənistan tərəfə hərəkət edir. Hansı kənd müəllimi, haradan? Biz araşdırma apardıq. Sonda elə çıxdı ki, o saytın rəhbəri bilmirdi ki, o hansı kənd müəllimidir, hansı ölkənin kənd müəllimidir. Bəlkə bu Ermənistandan zəng etmişdir? Bu biabırçılığın qarşısını almaq lazımdır. Biz elə bir şəraitdə yaşayırıq ki, Azərbaycanda bu günləri qeyri-peşəkar jurnalistlərin sayı peşəkar jurnalistlərin sayından çoxdur. Ona görə də onlara məhdudiyyət qoymaq lazımdır. Onların qarşısını almaq lazımdır. Başqa heç bir yolla bu məsələdə hansısa bir nailiyyət əldə edə bilmərik. Bu gün bu məsələ çox vacibdir. Başqa heç bir yolla bu məsələ ilə bağlı hər hansı bir nailiyyət əldə edə bilməyəcəyik. Çox vacibdir. Şəxsən özüm jurnalistlər tərəfindən petisiya olsa, onu imzalamağa hazıram, bu sahədə müvəqqəti məhdudiyyət qoyulsun.

- Təşəkkür edirəm, bu gün sizin üçün özəl bir gün idi, bu gün ad gününüz olur. Amma buna baxmayaraq siz yenə də iş başındasınız, həmişə olduğu kimi. Sizə kollektivimiz adından uğurlar arzulayırıq. 46 yaş hələ çox gənc yaş deməkdir, uğurlar Vahid müəllim. //Anspress