«Gənc Əkinçi»lərə dövlət sirrinin qorunması və hərbi sirrlər haqqında seminar keçirilib — Fotolar

2015/04/09 22:43

«İRƏLİ» İctimai Birliyinin «Gənc Əkinçi» layihə çərçivəsində növbəti seminarlar keçirilir.

Gün.Az xəbər verir ki, 12-15 mart tarixlərində gənc jurnalistlər üçün İsmayıllıda keçirilən layihənin ikinci günündə hərbi jurnalistika, müharibə şəraitində yaşayan ölkədə çalışan jurnalistlərin hərbi xəbərləri necə təqdim etməsi, dövlət sirrlərinin qorunması, hərbi xəbərlər barədə məlumatların düzgün istifadə edilməsi və informasiya müharibəsində düşmənə qarşı düzgün mexanizmlərdən istifadə barədə seminar keçirilib.

Seminarın məruzəçisi Azərbaycanın tanınmış jurnalisti, TREND İnformasiya Agentliyinin əməkdaşı İlkin Bağırov olub. O qeyd edib ki, Azərbaycanda hərbi jurnalistika və hərbi maarifləndirmə baxımından ciddi boşluq var:

«Ölkədə çox az jurnalist və özünü hərbi jurnalist adlandıran bir çox jurnalistin hərbi jurnalistika təhsili yoxdur. Mətbuatda çox zaman hərbi sahədə yayılan dezinformasiyaların əsl səbəbi də məhz hərbi savadlı jurnalistlərin az olmasıdır. Biz bunu istər Qarabağ müharibəsində, istərsə də müstəqillik dövründə müxtəlif vaxtlarda baş verən qaynar atışmalar zamanı yaşamışıq. Yalan məlumatlar insanları panikaya, təşvişə salır, evlərində rahat otura bilmirlər.

Avqust hadisələrində o qədər dezinformasiya yayıldı ki, cəbhədə yaşayan insanlar evlərini tərk etmək istəyirdi. Digər rayonlarda olan insanlar cəbhəyə getmək üçün səfərbərlik etmək istəyirdi. Bu vəziyyət yalan məlumatların yayılmasına görə yaranmışdı», — deyə İlkin Bağırov vurğulayıb.

Jurnalistlərin cəbhədə özünü necə aparmalı olduğundan danışan ekspert deyib ki, qeyri-peşəkar mətbuat nümayəndələri bir çox hallarda hərbi sirləri yayırlar:

«Bir də görürsən ki, jurnalistlər ön xətdən, səngərlərdən, hərbi hissələrdən foto və videolar yayırlar, mövqelərimizin yerləşdiyi yerin adını yazırlar, yüksək rütbəli zabitlərin adını açıq şəkildə deyirlər. Əlbəttə ki, bu kimi hərbi sirləri yaymaq yolverilməzdir. Bu düşmənə xidmət edir və jurnalistlər belə həssas məlumatlardan istifadə edərkən diqqətli olmalıdır».

Qeyd edək ki, «Gənc Əkinçi» layihəsi çərçivəsində seminarlar və ictimai müzakirələr gün ərzində davam edəcək. Növbəti seminarda Parlament Jurnalistlər Birliyinin (PJB) rəhbəri və modern.az saytının baş redaktoru Elaşd Eyvazlı Qarabağ probleminin KİV-də əks etdirilməsindən danışacaq.

Millət vəkili, «Dağlıq Qarabağın azərbaycanlı icması» İdarə Heyətinin üzvü Rövşən Rzayev isə jurnalistikada vətənpərlik mövqeyindən çıxış edilməsi haqqında məruzə edəcək.
557829

643811

212463