Hərbçilərin sosial şəbəkələrdə qeydiyyatı düzgündürmü?

2015/05/09 23:17

«Hərbi formada, silah və texnika ilə şəkil çəkdirib «facebook» və «odnaklassniki.ru» kimi saytlarda yerləşdirilməsinin əleyhinəyəm»

Üzeyir Cəfərov: «Məxfi məlumatların bu şəbəkələrdə yerləşdirməsi yolverilməzdir»

Zabit, gizir və müddətdən artıq xidmət edən çavuşlar «Facebook», «Odnaklassniki.ru» və bu kimi digər sosial şəbəkələrdə peyda olmaqla bəzi hərbi sirrləri özləri də bilmədən yayırlar. Onlar hərbi fomada çəkdirdiyi şəkilləri burda yerləşdirib tanışlıq məqsədi ilə axtarışa çıxırlar. Hətta çalışdıqları hərbi hissənin nömrəsini, yerləşdiyi ərazini və sair məxfi məlumatları da statuslarında qeyd etməkdən çəkinmirlər. Adıçəkilən sosial şəbəkələr beynəlxalq əhəmiyyət daşıdığından burada müxtəlif xalqlara məxsus insanlar qeydiyyatdadırlar.

Qatı düşmənimiz olan ermənilər hərbçilərimizin yazdığı məxfi məlumatları və çəkdirdiyi şəkilləri yəqin ki, ciddi analiz edirlər. Hətta sosial şəbəkələrdə gün keçirən bəzi hərbçilər erməni xanımlarla da yazışırlar. Təbii ki, bu yolverilməzdir, belə demək olarsa, dövlətə xəyanətdir. Çünki hərbçilər gizli məlumatları aşkara çıxarmaqla düşmənə və Azərbaycanı gözü götürməyən ölkələrə bir növ «kozur» verirlər. Yəni deyirlər ki, «qarğa məndə qoz var».

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, hərbçilərin sosial şəbəkələrdə məxfi məlumatları yerləşdirməsi yolverilməzdir: «Çox gözəl və heç kimin ağlına gəlməyən məsələyə toxunmusunuz. Bu məsələlərdə son dərəcə diqqətli olmaq lazımdır. Azərbaycan bəzi ölkələrin maraq dairəsindədir. Onlar hər il külli miqdarda vəsait sərf edirlər ki, Azərbaycanla bağlı məlumat əldə etsinlər. Həm adsız, həm də bağlı kəşfiyyat yolu ilə məlumatları əldə edəndən sonra müəyyən məsələlər üzərində işləməyə başlayırlar, planlar cızırlar. Sosial şəbəkələrdə «fəaliyyət» göstərən hərbçiləri mən də görmüşəm. Bəzi hərbçilər var ki, yerləşdikləri postu, hansı şəhərdəki hərbi hissədə qulluq etdiklərini də yazırlar». Ekspertin sözlərinə görə, belə şeylər olmamalıdır, Hərbi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Nazirliyi bu cür hərbçiləri aşkar etməlidir: «Hər bir hərbi hissənin məxfi şöbəsi məsələ ilə bağlı məlumatlar verməlidir. Hərbçilərin hərbi formada, silah və texnika ilə şəkil çəkdirib «facebook» və «odnaklassniki.ru» kimi sosial şəbəkələrdə paylaşmasının əleyhinəyəm. Təəssüflər olsun ki, hərbçi adına ləkə gətirən bəziləri Ermənistandan olan insanlarla yazışırlar. Hətta bəzən etikadan kənar söhbətlər də gedir. Onları maarifləndirmək, başa salmaq lazımdır ki, belə işlərə yol verməsinlər. Əlaqədar qurumlar qanunu pozan hərbçiləri cəzalandırmalıdır. Kütləvi informasiya vasitələri məsələyə xüsusi diqqət yetirməlidir».

Hərbi şərhçi vurğuladı ki, bunun qarşısı alınmasa, gələcəkdə böyük fəsadlar yaşana bilər: «Buna sıradan bir məsələ kimi yanaşmaq olmaz. Mən demirəm ki, hərbçilər sosial şəbəkələrə girməsinlər. Amma onlar anlamalıdırlar ki, dövlətin məxfi sirrini yaymaq olmaz. Ən xırda məlumatlar bizim ziyanımıza işləyə bilər. Məxfi məlumatlar yayıldıqca düşmənlərimiz artıq xəbərdar olurlar ki, bizdə hansı texnikalar var, hərbi hissələrimizin yerləşdiyi mövqe hansı relyefə malikdir və sair. Buna ciddi diqqət yetirmək lazımdır».

//gundelik-baku.com//Pərvin MAHMUD