Azərbaycanda hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin tarixi

2015/06/21 12:48

cesur-sulemirli

Azərbaycanda ordu mövzusu tarixən çox aktual olunub. Çoxsaylı müharibələr, silahlı toqquşmalar və qarşıdurma meydanına çevrilən ölkəmiz üçün ordunun vəziyyəti, onun döyüş qabiliyyətinin öyrənilməsi həmişə aktual məsələlərdən olub.

Son iki əsrdə Azərbaycanda ordu ilə bağlı proseslərin ictimailəşdirilməsinə yönəlik addımların sayının tədricən artdığını müşahidə edirik. Məhz 19-cu əsrin sonlarında Azərbaycanda milli mətbuatın yaranması ordu ilə bağlı ictimai məlumatlandırmanın zəruriliyinə dəlalət edəcək məqamların ortaya çıxmasına səbəb oldu.

Azərbaycanda ilk mətbuat tarixinin formalaşdığı dövrdə — “Əkinçi” qəzetinin nəşr olunduğu zaman – 1875-77-ci illərdə ordu islahatlarına o dövr üçün yeni olan ictimai yanaşma qaydalarının formalaşdırılmasına başlanıldı. Bu qəzetin bir sıra saylarında hərbi sahə ilə bağlı məlumatlar, kiçik şərhlər əksini tapır. “Əkinçi” 1877-ci ildə “Təzə xəbərlər” şöbəsində hərbi mövzuya daha çox yer vermişdi. Bu Azərbaycan ictimaiyyəti üçün bir növ yenilik idi: əvvəllər ictimai fikirlərdə şayiə kimi dolaşan fikirlər, xəbərlər artıq “Əkinçi”də əksini tapır və ictimaiyyətdə ordu ilə bağlı məlumatları əldə etmək istəyi formalaşdırdı. Bu baxımdan biz Azərbaycanda Ordu – KİV münasibətlərinin yaranması – hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin tarixini ölkədə ilk milli mətbuatın yaranması ilə eyni dövrə aid olduğunu iddia edə bilərik. Lakin Azərbaycanda hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafına məhz ötən əsrin əvvəllərinə — Azərbaycan Demokratik Respublikasının mövcud olduğu 1918-20-ci illərdə başlanılıb. O zaman yeni formalaşdırılıan Azərbaycan Ordusu ilə bağlı müxtəlif məlumat və məqalələr dərc olunan müxtəlif qəzetlərdə işıq üzü görürdü. “Azərbaycan” qəzetinin elə 1-ci sayında (15 sentyabr, 1918-ci il) hərbi xidmətə çağırışın uğurla başa çatması barədə məqaləyə rast gəlirik. Bu məqalədə problemlərdən də danışılır: orduya çağırış yaşının qeyri-müəyyən olmasının çağırış prosesində bəzi çətinliklər yaratdığı qeyd olunur.

Qəzetin 11-ci sayında (16 oktyabr, 1918) dərc olunan məqalədə isə Azərbaycanda milli hərbi xidmətin çətinliklərindən bəhs olunur. Buna səbəb olaraq aşağıdakılar göstərilir: birincisi, Çar Rusiyasında Azərbaycan vətəndaşlarının orduda xidmətdən uzaqlaşdırılması, ikincisi, əksər azərbaycanlıların Vətən qarşısında öz borclarını bilməmələri, üçüncüsü, çağırış yaşının qeydə alınması və sənədləşdirilməsi ilə bağlı ortaya çıxan problemlər. Bu məqalənin maraqlı məqamlarında biri Azərbaycanda ordu quruculuğunun perspektivləri ilə bağlı proqnozların əks tapmasıdır. Qeyd olunur ki, qardaş Osmanlı İmperiyasının dəstəyi ilə Azərbaycanın təhlükəsizliyini qoruya biləcək ordu yaradılması prosesi gedir: bu dəstək nəticəsində Azərbaycan Ordusu müasir silah, təminat-təchizat, təcrübəli zabitlər və ən əsası milli özünüdərki əldə edəcək.

ADR dövründə Azərbaycanın müdafə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlar və görülən tədbirlər barədə məlumatların şəffaflığına ciddi şəkildə riayət olunmasına çalışılıb. Məsələ ilə bağlı o dövrdə mətbuatda (“Azərbaycan”, “Açıq söz”, “İstiqlal” və başqa mətbuat orqanları) əksini tapmış bir sıra məlumatlar maraq doğurur.

Araşdırmalar zamanı o dövrdə işıq üzü görən bir sıra qəzetlərdə Azərbaycan ordusunda məvacib sisteminin quruluşu, şəxsi heyətin say tərkibi kimi məlumatların dərc olunduğunu müşahidə edirsən, halbuki müasir dövrdə bu tip məlumatların açıqlanması qeyri-rəsmi şəkildə arzuolunmaz hesab edilərdi.

Azərbaycan Demokratik Respublikasının 80 illik yubileyi ilə bağlı 1998-ci ildə Azərbaycanda keçirilən rəsmi tədbirlər sislsiləsində çap olunmuş “Azərbaycan Demokratik Respublikası (1918-1920). Ordu” adlı kitabda o dövrdə mətbuatda ordu ilə bağlı əksini tapmış çoxsaylı məlumatlar, faktlar qərarlar, əmrlər və sərəncamlar əksini tapıb.

Bu kitabın özü ADR dövründə Ordu – KİV münasibətlərini və ümumiyyətlə ordu quruculuğunu araşdırmaq istəyən oxucular üçün qiymətli mənbə hesab edilə bilər.

Əslində ADR dövründə və ondan sonrakı müddətdə Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı ictimai məlumatlandırmada ayrı-ayrı mətbuat orqanlarının və həmçinin hərbi sahədə fəaliyyət göstərən jurnalistlərin səyləri diqqət çəkir. Tanınmış hərbi jurnalist Şəmistan Nəzirlinin bu istiqamətdə araşdırmaları diqqət çəkir.

Onun “Hərbi bilik” jurnalının 1993-cü ildə dərc olunmuş ilk sayındakı yazısında Azərbaycanın hərbi mətbuat tarixindən söhbət açılır. Bildirilir ki, 1928-ci ildən Tiflisdə rus dilində nəşrə başlayan “Tifliskaya” vedomosti qəzetinin ayri-ayrı saylarında Azərbaycan süvari alayları ilə bağlı yazıları və Əlahiddə Qafqaz ordu qərargahında hərtərəfli biliyə malik alim kimi tanınan polkovnik Abbasqulu ağa Bakıxanovun xidməti xüsusi olaraq qeyd edilməlidir.

Rəsmi hərbi qulluqda olan Abbasqulu ağa ayrıca qəzet və ya jurnal nəşr etdirməyib. Lakin həmin qəzetin səhifələrində Rusiya – İran və Rusiya – Türkiyə müharibələri barədə orijinal və tərcumə əsərləri ilə çıxış etmişdir.

Araşdırmalar göstərir ki, Azərbaycanda hərbi sahədə ilk jurnal 1922-ci ilin sentyabr ayında fəaliyyətə başlayan “Savadlı Qırmızı Əsgər”dir. Ş.Nəzərlinin araşdırmalarına görə, ayda bir dəfə nəşr olunan, əsgərlər üçün nəzərdə tutulan siyasi, ictimai, ədəbi-elmi məcmuə yeni yaranmış Azərbaycan diviziyasının orqanı idi. Naşiri və məsul redaktoru Hüseyn Rəhmanov olan jurnal əsgərlərin savadlanması, onların döyüş hazırlığı, silaha qulluq qaydaları, əsgər və ordu həyatından yumorlar, ədəbi-bədii yazılar dərc edirdi. Eyni zamanda bu nəşr ordudakı vəziyyətlə bağlı bir növ ictimai məlumatlandırma məqsədi güdürdü.

Azərbaycanda ilk hərbi qəzetin tarixi isə 1920-ci ildən “Qırımızı əsgər”lə başlayır. Azərbaycan diviziyası siyasi şöbəsinin orqanı olan bu qəzet 1925-ci ildən “Qızıl Əsgər” adı ilə nəşr olunub. Respublika hərbi mətbuatının inkişafında xüsusi yer tutan bu qəzet on ildən çox nəşr edilmişdi. Diviziya və alay qəzetlərini öz ətrafında birləşdirən qəzetin baş redaktoru görkəmli yazıçı Hacıbaba Nəzərli olub. Eyni zamanda məhz onun rəhbərliyi ilə qəzetin nəzdində hərbi nəşriyyat yaradılıb. Ş.Nəzirlinin araşdırmalarına görə, sözügedən nəşriyyatın buraxdığı kitabların əksəriyyəti tərcümə ədəbiyyatından ibarət idi.

Nəşriyyatın işıq üzünə çıxartdığı orijinal əsərlərdən yalnız general Əliağa Şıxlınskinin iki hərbi əsəri – “Ruscadan türkcəyə qısa döpyüş sözlüyü” (1926-cı il), “İşçi-Kəndli Qızıl Ordusu topçusunun döyüş təlimatnaməsi” (1927-ci il) mövcuddur.

Xüsusilə nəzərə alınmalıdır ki, 1925-ci ildən Zaqafqaziya respublikalarında hərbi tərcümə kollegiyaları təşkil edilir. Azərbaqycan hərbi tərcümə kollegiyasının baş redaktoru vəzifəsinə keçmiş Azərbaycan ordusunun tam artilleriya generalı Əliağa Şıxlinski təyin olunur.

Ş.Nəzirlinin araşdırmaları maraqlı faktları ortaya çıxarıb. Qeyd olunan dövrdə hərbi kitab nəşrlərinin sayı ilə yanaşı qəzet və jurnalların da miqdarı artıb və onlarda keyfiyyət dəyişikliyi əmələ gəlib. 1928-ci ildən “Savadlı qırmızı əsgər” jurnalı artıq “Qızıl əsgər” adı altında həm məzmun, həm də tərtibat baxımından daha sanballı nəşr olunmağa başlayır. Sonralar Ə.Şıxlinskinin təklifi ilə jurnala “Hərbi bilik” adı verilir. Azərbaycan atıcılıq diviziyasının siyasi şöbəsinin orqanı olan “Hərbi bilik”in məsul redaktorları komissar Hüseyn Rəhmanov və diviziya komandiri Cəmşid Naxçıvanski idilər. Beləliklə, ilk hərbi jurnallarımızın nəşr ardıcıllığı belədir:

“Savadlı Qırmızı Əsgər” – 1922-24-cü illər, 14 nömrə.

“Qızıl Əsgər” – 1925-ci il, 6 nömrə.

“Hərbi bilik” – 1928-29-cu illər, 10 nömrə.

Qeyd edək ki, 1934-cü ildə bölük və alay qəzetlərinin ümumi sayı səksənə yaxın idi. “Qızıl Əsgər” qəzeti ilə yanaşı “Dəmir mübariz”, “Qızıl topçu”, “Döyüşçü səsi”, “Qızıl bayraq”, “Fəhlə-kəndli qızıl ordusu” adlı çoxsaylı alay qəzetləri nəşr olunurdu.

Bütün bu mətbu orqanlar hərbi sahədə informasiya əldə etmək istəyində olan ictimaiyyət üçün bir növ mənbə hesab edilirdi.

SSRİ-nin süqutundan sonra 1993-cü il yanvarın 1-dən etibarən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi-elmi tədqiqatlar və nizamnamələr şöbəsi tərəfindən “Hərbi bilik” jurnalı yenidən nəşr etdirildi. Bu jurnalın ilk nömrəsi Azərbaycanda hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafına güclü bir töhfə hesab edilə bilərdi. Sovet dövrünün hərbi sahəyə informasiya əldə edilməsinə qoyulmuş qapalılığından sonra bu jurnal xüsusi əhəmiyyət kəsb edirdi. Yeni dövrdə jurnalın ilk baş redaktoru olan polkovnik Çingiz Məmmədov (hazırda müdafiə nazirinin müavini, general-leytenant) bəyan edirdi ki, “Hərbi Bilik” jurnalı AzərbaycanRespublikasının hərbi quruculuğunun bütün sahələrini əhatə edən bir tribunaya çevriləcək. “Onun səhifələrində bütün qoşun və xidmət növləri üzrə hərbi hazırlığın nəzəri və praktik məsələləri, hərb sənətinin nailiyyətləri, ordunun döyüş və psixoloji hazırlığı, onun təchizat və təminat qayğıları, kadr çətinlikləri və həlli yolları əksini tapacaqdır”. Jurnalın ilk sayında ictimai maraq kəsb edən çoxsaylı məqalələr əksini tapmışdı.

Hazırda ayda bir dəfə dərc edilən “Hərbi bilik” jurnalı güc strukturlarının rəsmi informasiya orqanları arasında ön sırada gedənlər slrasındadır. Səbəb isə vaxtaşırı olaraq ordu ilə bağlı tətbiqi materialların dərgidə işıq üzü görməsidir. Amma bu gün Müdafiə Nazirliyinin digər rəsmi orqanı olan “Azərbaycan Ordusu” qəzeti barədə daha çox tənqidi fikirlər söylənilir. Bu qəzetdə xüsusilə Silahlı Qüvvələr quruculuğuna aid ictimai maraq kəsb edən məlumatların dərc olunmaması ona qarşı tənqidi fikirlərin əmələ gəlməsinə səbəb olur. Azərbaycanda hərbi mətbuatdan danışarkən Daxili Qoşunların “Əsgər” qəzetini vurğulamamaq olmur. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən nəşr edilən bu qəzet digər rəsmi hərbi qəzetlərlə müqayisədə daha çox peşəkarlığı ilə seçilir. Bu qəzetdə əksini tapan məqalələrin məlumat tutumu var və Daxili Qoşunlarda aparılan islahatlarla bağlı ictimai maarifləndirməyə xidmət edir.

Eyni zamanda Azərbaycanda digər güc strukturlarının da rəsmi orqanları var ki, onların ictimai məlumatlandırmada göstərdiyi fəaliyyətlə bağlı müsbət fikir söyləmək çətindir. Amma ümumilikdə əgər, 1934-cü ildə Azərbaycanda hərbi sahədə rəsmi qəzetlərin ümumi sayı səksənə yaxın idisə, bu gün onların sayı heç10-u keçmir.

 

Mənbə:
Cəsur Sümərinli
Hərbi sahədə informasiya əldə etmək mədəniyyəti: Azərbaycan və dünya təcrübəsi
DJHAM