Gürcüstan-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

2015/06/21 13:04

Gürcüstanın paytaxtı Tbilisidə Qafqaz Beynəlxalq Universitetində “Gürcüstan Azərbaycan əlaqələri inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Gürcüstan Milli Konqresinin, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası, Müvəkkil Hüquq Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Tarixçi professor Quram Marxuliya Azərbaycan-Gürcüstan dostluq əlaqələrindən danışıb. O, bildirib ki, Qafqazda bu dostluğa mane olacaq bir amil var o da seperatizmidir. O, Bakıda keçirilən ilk Avropa oyunlarının keçirilməsini Qafqazın uğuru adlandırıb. Sonra moderator Əli Babayev bildirib ki, biz iki ölkə arasında vətəndaş cəmiyyətinin əməkdaşlıq perspektivlərini dərindən öyrənməliyik: “Bu sahədə əməkdaşlığın çox zəifdir əməkdaşlıq sahəsində konsepsiya hazırlanmalı memorandumlar imzalanmalıdır. Biz həmçinin vətəndaş cəmiyyətinin fəaliyyətinin monitorinq etməliyik. Vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti dərindən öyrənərək təhlil edildikdən sonra əməkdaşlıqla bağlı strateji əməkdaşlıq konsepsiyası hazırlanmalıdır. Biz vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq deyəndə təkcə burada fəaliyyət göstərən Azərbaycan vətəndaş cəmiyyətləri deyil, eləcədə gürcü QHT-lərilə əməkdaşlıq başa düşülməliyik”.

Tədbirin təşkilatçılarından biri olan Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov dövlətlər arası münasibətlərin inkişafında vətəndaş cəmiyyətinin rolundan danışıb: “Özünüifadə və birləşmək azadlığı kimi vacib komponentləri özündə birləşdirən vətəndaş cəmiyyətləri artıq xalqlar və dövlətlər arasında vacib əməkdaşlıq vasitəsinə çevrilib. Vətəndaş təşəbbüslərinin reallaşdırılması cəmiyyətdə sabitlik və harmoniyanın təmin olunmasında mühüm amildir. Azərbaycan və Gürcüstan cəmiyyətləri hər ikisi çox millətli olmaqla mədəni müxtəlifliyi özündə ehtiva edir. Vətəndaş cəmiyyətlərinin yaradılması və fəaliyyəti milli və beynəlxalq qanunvericilik konteksində insan hüquqlarının vacib tərkib hissəsinə çevrilir. İnsan hüquqları və hüquqi maarifləndirmə sahəsində çalışan vətəndaş cəmiyyətlərinin əməkdaşlıq qurması bəzi hallarda sərhəd keçid məntəqələrində yaranmış anlaşılmazlıqların aradan qaldırılmasına yardımçı olar. Bu sahədə boşluq müşahidə edilməkdədir. Vətəndaş cəmiyyəti institutları cəmiyyətdə müşahidə edilən zərərli tendensiyaları öyrənərək hökumətlərə təkliflər hazırlamaqla da bu münasibətlərə töhfə verə bilərlər”.

Tədbirdə çıxış edən professor Tamara Kiknadze qeyd edib ki, bu gün Gürcüstan-Azərbaycan elm adamları arasında kifayət qədər əlaqələr mövcuddur, çalışmaq lazımdır ki bu əlaqələr digər sahələrə də sirayət etsin.

Sevil Yusifova Gürcüstan-Azərbaycan mediaları arasında əlaqələrin hazırkı durumunun qənaətbəxş olmadığını deyib. Onun fikrincə gürcü və Azərbaycan cəmiyyətlərinin obyektiv xəbərlə təmin olunmasında informasiya mübadiləsi vacibdir.

Tədbirdə iştirak edən araşdırmaçı jurnalist Ketevan Sesiaşvili belə tədbirlərin Gürcüstanda və Azərbaycanda davamlı olaraq keçirilməsini ümumi işin xeyrinə olacağını vurğulayıb. Tədbirdə Qafqaz Beynəlxalq Universitetində tələbə və müəllim kollektivi iştirak ediblər.