Gürcüstan Azərbaycan vətəndaş cəmiyyətlərinin münasibətləri müzakirə olunub

2015/06/21 13:07

Tbilisidə Azərbaycan Milli Konqresinin sədri Əli Babayevin ofisində Gürcüstan-Azərbaycan vətəndaş cəmiyyətləri arasında münasibətlərin  hazırkı durumu ilə bağlı  görüş keçirilib. AZADİNFORM xəbər verir ki, görüşdə Ə.Babayev Milli Azlıqlar üzrə Monitorinq Qrupunun rəhbəri Elbrus Məmmədov, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova və Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov iştirak ediblər.

Görüşün vacibliyini vurğulayan Ə.Babayev bildirib ki, bu cür görüşlər davamlı olmalıdır ki, biz iki ölkə arasında vətəndaş cəmiyyətinin əməkdaşlıq perspektivlərini dərindən öyrənək.  Təşkilat sədri bu sahədə əməkdaşlığın çox zəif olduğunu bildirərək əməkdaşlıq sahəsində konsepsiya hazırlanmasını təklif edib. Görüş iştirakçıları da əməkdaşlıq sahəsində müvafiq konsepsiyanın hazırlanmasının təqdirəlayiq təklif olduğunu bildiriblər.

Ə.Babayev qeyd edib ki, biz vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq deyəndə təkcə burada fəaliyyət göstərən Azərbaycan vətəndaş cəmiyyətləri deyil, eləcədə gürcü QHT-ləri ilə əməkdaşlıq başa düşülməlidir: “2012-ci ildə rəhbərlik etdiyim təşkilat Tbilisidə “Gürcüstan mediasında Azərbaycan haqqında” adlı bir layihə gerçəkləşdirdi. Həmin dövrə qədər Gürcüstanda media qurumları daha çox erməni mənbələrinə istinadən xəbərlər yayırdılar. Lakin bu layihədən sonra gürcü mediası ilə birbaşa təmaslar quruldu və layihə çərçivəsində facebook sosial şəbəkəsində “Tbilisi-Baku Media Most” adlı səhifə yaradıldı. Lakin maliyyə çətinliyindən həmin səhifənin intensiv fəaliyyətini təmin etmək mümkün olmadı. Hesab edirəm ki, bu çətinliklər aradan qaldırılmalı və dayanıqlı fəaliyyət təmin olunmalıdır”.

Hüquq-müdafiəçisi Elbrus Məmmədov bildirib ki, Gürcüstanda fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinin fəaliyyəti ilə bağlı monitorinq aparmaq zəruridir: “Monitorinq aparılarsa  vətəndaşların həm Gürcüstan azərbaycanlıların hüquqlarının təmin olunmasında, həm də bu qurumların faydalılıq əmsalının hansı səviyyədə olduğunu görərik”.

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Azərbaycan-Gürcüstan hökumətlərinin yüksək səviyyədə strateji dostluq və əməkdaşlıq münasibətləri fonunda iki ölkənin vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın çox passiv olmasına təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, yaxın qonşumuz və strateji tərəfdaşımız olan Gürcüstanda fəaliyyət göstərən vətəndaş cəmiyyətləri ilə birgə layihələrin həyata keçirilməsi Gürcüstan azərbaycanlılarının gürcü cəmiyyətinə inteqrasiyasını sürətləndirə bilər.