Bəxtiyar Sadıqov: “Hərbi və dövlət sirlərinin qorunmasına onlar bir vətəndaş, jurnalist və media qurum rəhbəri kimi də borcludurlar”

2015/05/21 21:09

SONY DSC“Ötən il Ermənistan Azərbaycan sərhədində bizim postlara hücum edib təhlükə yaratdılar. Bu dönəm Azərbaycan elektron mediası üçün bir sınaq oldu”.

Bunu  Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili  Bəxtiyar Sadıqov  Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələri və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsinə münasibət bildirərkən deyib: “Çox təəssüf ki, cənab Ramiz Mehdiyevin də həmin görüşdə faktlar əsasında söylədiyi mülahizə və fikirlərdən aydın oldu ki, mətbuatımız bu sınaqdan yaxşı çıxmadı. Yəni, burda söhbət tək peşəkarlığın aşağı olmasından getmir. Burada eyni zamanda elektron və çap mediasının və burda çalışan insanların dövlət sirlərini qorumalı olduqlarından “bixbər”likləri, mətbuat və söz azadlığı ilə məlumat toplamaq azadlığı, dövlət sirlərinin müdafiəsi və mətbuatda qorunması, Azərbaycanın milli təhlükəsizlik strategiyası, KİV haqqında qanun və digər qanunların müvafiq maddələrindən xəbərsizliyi  də meydana çıxdı”.

Baş redaktor deyib ki, Azərbaycanda mətbuat, söz azadlığı var, senzura nəzarəti mətbuatda ləğv olunub, lakin hər bir qurumun rəhbəri, istər elektron, istərsə də çap medianın rəhbəri bu qanunlar əsasında mətbuatda dövlət, hərbi sirlərin, Azərbaycanın milli maraqlarının qorunması ilə bağlı müəyyən məsələlərin ictimailəşməsinin qarşısını almalıdırlar: “Yəni, bu məlumatların qorunmasına onlar vəzifə, səlahiyyət sahibi kimi borcludurlar. Həmin qanunlar da redaktorların üzərinə qoyulub.  Çox təəssüf ki, bu redaktorlar bilərəkdən və ya bilməyərəkdən çünki bir çoxları ixtisasca qeyr-jurnalistdir, görünür qanunvericiliyi bilməyiblər. Ona görə, bu  cür mövcud vəziyyət yarandı. Həm  çox ciddi nöqsanlara yol verildi, həm də Azərbaycanın hərbi sirləri, dövlətin maraqları ilə bağlı müəyyən informasiyalar sızdırıldı. Halbuki belə etməli deyildilər.  Həmçinin, peşəkarlıq baxımından çox aşağı səviyyəli informasiyalar yarandı”.

B.Sadıqov bildirib ki, bu müşavirədə bütün bunlar təhlil olundu və qarşıya vəzifələr qoyuldu: “Bütün redaksiyalarda, həmçinin, qəzetimizin redaksiyasında  hörmətli akademik Ramiz Mehdiyevin bu məruzəsi müzakirə olunub. Orada göstərilən nöqsanlar, çatışmazlıqlar hamının diqqətinə çatdırılıb və belə halların qarşısının alınması üçün hər bir müxbirdən tutmuş şöbə müdiri, redaktor və baş redaktora qədər məsuliyyət bir daha artırılıb. Ümumilikdə isə düşünürəm ki, bu görüşün ciddi əhəmiyyəti olacaq. İlk olaraq deyim ki, əgər indiyədək kimsə bunları bilmirdisə artıq onlar bunu bildilər. Əgər kimsə belə hesab edirdi ki, mətbuata senzura nəzarəti yoxdur və kim nə istəsə yaza bilər, lakin bu nəzarəti başqa bir formada redaktorlar özləri həyata keçirirlər. Azərbaycan hələ müharibə şəraitində olduğu üçün xüsusən hərbi və dövlət sirlərinin qorunmasına onlar bir vətəndaş, jurnalist və media qurum rəhbəri kimi də borcludurlar”.

B.Sadıqovun sözlərinə görə, R.Mehdiyev vurğuladı ki, indiyədək bu kimi məsələlərlə bağlı ciddi tədbirlər görülməyib, lakin bundan sonra əgər belə bir hal olsa həmin qanunların müvafiq maddələrinin tələbləri ilə həmin qurumlar və redaktorlar haqqında ölçü götürüləcək: “Bütün bunlardan sonra hesab edirəm ki, hər bir vətənpərvər Azərbaycan jurnalisti bu məsələyə çox diqqətlə yanaşmalı və qanunlara riayət etməyi bacarmalıdır”. AZADİNFORM