«Milli təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının qanunun əsas müddəaları

2015/06/28 13:07

Sözügedən qanun 29 iyun 2004-cü il tarixdə qəbul edilmiş, 4 fəsil, 28 maddədən ibarətdir.

Qanun Azərbaycan Respublikasının milli təhlükəsizliyi, onun obyektləri və sub­yektləri, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər, Azərbay­can Res­publikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları, bütövlükdə isə Azər­baycan Respublikasının milli maraqları ilə bağlı məsələləri tən­zim­lə­yir.

Qeyd etmək lazımdır ki, Azər­­baycan Respublikası milli təhlükəsizliyi anlayışına aydın­lıq gətirilməsi üçün Azərbaycan Respublikasının milli təhlükəsizliyinin obyekt­lərinə nəzər ye­tirmək kifayətdir. Belə ki, Qanunun 2-ci maddəsində göstəril­miş­dir ki, insan - onun hüquq və azad­lıqları, cəmiy­yət - onun maddi və mənəvi dəyərləri, dövlət - onun müstə­qil­li­yi, suverenliyi, konsti­tusiya quruluşu və ərazi bütövlüyü Azər­bay­can Respub­lika­sı­nın milli təhlükə­sizliyinin obyek­t­lə­­rini təşkil edir.

Ümumiyyətlə, Azərbaycan Respublikasının milli təhlükəsizliyi dedikdə, yuxa­rıda sadalanan milli təhlükəsizliyin obyektlərinin yəni, insanın, cəmiyyətin və dövlətin hü­quq və mənafe­lərinin daxili və xarici təhdidlərdən qorun­ma­sı­nın təmin olunması başa düşülür. Bu 3 amilin, həm insanın - onun hüquq və azad­lıqlarının, cəmiy­yətin - onun mad­di və mənəvi dəyər­ləri­nin, həm də dövlətin - onun müstə­qil­li­yi, suveren­liyi, konsti­tu­siya quruluşu və ərazi bütövlüyünün müdafiəsi demək, Azərbaycan Res­pub­likasının milli maraq­la­rı­nın qorunması deməkdir.

Qanunda, xüsusilə də onun 6-cı maddəsindəAzərbaycan Res­pub­likasının mil­li ma­raqları ilə bağlı müddəalar geniş şəkildə öz əksini tapmışdır. Burada gös­tə­ri­lən­lərə əsasən onu qeyd etmək olar ki, Azərbaycan Respublikasının milli maraqları həm ölkə­mizin, həm də xalqımızın maraqlarını özündə ehtiva edir. Azərbaycan xalqının maraq­ları onun məq­sədlərinin, habelə müx­təlif sahələrdə olan tələbatlarının cəmidir. Burada, Azərbaycan Respub­likasının mil­li maraqları dedikdə, Azər­bay­c­an xalqı­nın milli də­yər­ləri başa dü­şül­məlidir. İstinad olunan müddəaya əsasən ölkəmizin müxtəlif sahə­lər­d­ə yəni siya­si, iqtisadi, so­sial, hərbi, informasiya, ekoloji, elm, mədə­niy­yət və mənə­viy­yat sahə­lə­rin­­də əsas milli ma­raqları vardır.

Azərbaycan Respublikasının siyasi sahədə əsas milli maraqları müstəqilliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüzün müdafiəsi, Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, dünya azərbaycanlılarının həmrəyliyi, beynəlxalq aləmdə Azər­bay­can Respublikasının nüfuzunun artırılması və s. təşkil edir. Təkcə bir misal gös­tər­mək olar ki, son illərdə idman, musiqi (xüsusilə də muğam) sahələrində müxtəlif bey­nəl­xalq tədbirlərin həyata keçirilməsi beynəlxalq aləmdə Azərbaycan Respublika­sının nüfuzunun artırılması kimi siyasi sahədə milli maraqların təmin olunmasına xidmət edir.

Azərbaycan Respublikasının iqtisadi sahədə əsas milli maraqlarını Azərbay­canda bazar iqtisadiyyatının inkişafı, iqtisadi sabitliyin təmin olunması, daxili və xarici investisiyalar üçün əlverişli şəraitin yaradılması, habelə təbii və maddi sərvətlərimizin qorunması və səmərəli istifadə edilməsi kimi istiqamətləri əhatə edir.

Azərbaycan Respublikasının sosial sahədə əsas milli maraqlarını əhalinin layiq­li həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi, hərbi sahədə əsas milli maraqlarını ölkəmizin müdafiə qüdrətinin, Silahlı Qüvvələrimizin və başqa silahlı birləşmələrimizin döyüşə hazırlığının, hərbi-texniki təchizatının təmin edilməsi təşkil edir. Sonuncu cümlə ilə bağlı qeyd edilməlidir ki, son illərdə hərbi sahəyə diqqətin artırılması və bu sahədə olan büdcə xərclərinin yüksəkliyi sözügedən istiqamətdə milli maraqlarımızın təmin olunmasının layiqli göstəricisidir.

Azərbaycan Respublikasının informasiya sahəsində əsas milli maraqlarını vətən­daş­ların məlumatların qanuni yolla əldə edilməsi, ötürülməsi, hazırlanması və yayıl­ması kimi konstitusiya hüquqlarının təmin edilməsi, dünya rabitə və informasiya sisteminə daxil olma, ekoloji sahədə əsas milli maraqlarını cəmiyyətin yaşayışı üçün təhlü­kəsiz ekoloji və texnoloji şəraitin yaradılması əhatə edir. Son dövrlər internet infor­masiya ehtiyatının əhatə dairəsinin genişləndirilməsi, kosmosa ilk peykin göndə­ril­məsi aparıcı ölkələrlə müqayisədə gənc ölkəmizin informasiya sahəsində əsas milli maraq­larının təmin edilməsi yolunda atdığı mühüm addımdır.

Daha sonra, Azərbaycan Respublikasının elm, mədəniyyət və mənəviyyat sahə­sində əsas milli maraqlarını Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması və ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk və milli iftixar hissinin, intellektual səviyyəsinin inkişaf etdirilməsi, elmi potensialdan səmərəli istifadə olunması və onun artırılması təşkil edir. Yeri gəlmişkən, Azərbaycan xalqının şah əsəri olan «Sarı gəlin» mahnısının mənfur düşmənlərimiz tərəfindən özünün­küləşdirilməsi və bu kimi digər hallara qarşı  mübarizə aparılması Azərbaycan Respub­likasının mədəniyyət və mənəviyyat sahəsində maraqlarının qorunması sahə­sində nümunə kimi qiymətləndirilməlidir. Azərbaycanın müxtəlif regionlarında musiqi festifallarının keçirilməsi həm mədəniyyət sahəsində maraqlarımızın təmin olunmasına, həm dəbeynəlxalq aləmdə Azərbaycan Respublika­sının nüfuzunun artırılmasına və tanın­masına xidmət edir.

Nəticə etibarilə, sadalanan sahələrdə Azərbaycan Res­pub­likasının milli maraq­la­rı­nın qorunması bütövlükdə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi başa düşülür.

Ümumiyyətlə Azərbaycan Res­pub­likasının hər bir sahədə olan milli maraq­la­rı­na təhlükə həmişə mövcuddur. Buna ölkəmizin yüksələn xətt üzrə inkişafı, son illərdə artan qüdrəti və s. kimi müsbət amillər rəvac verir.

Qanunun 7-ci maddəsindəgöstərilmişdir ki, Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və onlara təhlükə yaradan şərait, proses və amillər Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər adlanır. Bu təh­didlər mümkünlüyündən asılı olaraq potensial və real, mənbələrindən asılı olaraq xarici və daxili təhdidlərdən ibarətdir.

Bu maddədə əks edilmiş Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdid mövzusunun daha da aydın olması üçün bir neçə misal göstərmək olar:

- Siyasi sahədə əsas təhdid dedikdə, ölkəmizdə ictimai-siyasi sabitliyin pozulması və ya milli və dini münasibətlərin kəskin­ləşməsi, separatçılıq, etnik, dini və siyasi eks­tre­mizm hallarının yayılması başa düşülür;

- İqtisadi sahədə əsas təhdidlər dedikdə, ölkəmizin təbii və maddi sərvətlərinin talan edilməsi və səmərəsiz istifadəsi, Azərbaycan Respublikasının dünya iqtisadiy­ya­tın­dan təcrid olunması və s. anlaşılır;

- Elm, mədəniyyət və mənəviyyat sahəsində təhdidlərdən biri də təhsilin key­fiyyət səviyyəsinin, elmi-texniki və intellektual səviyyənin zəifləməsi təşkil edir ki, belə hal gələcəkdə müxtəlif sahələrdə savadsızlığın meydana gəlməsinə rəvac verir. Bu da potensial və əsas etibarilə daxili təhdid hesab olunur.

 

Daha sonra, bizim üçün ən aktual olan problem şübhəsiz «Qarabağ» problemidir ki, bu da hərbi sahədə Azərbaycan Respublikasına qarşı real (20 ildən  artıq) və xarici (Ermənistan tərəfindən) təhdiddir. Belə ki,Qanunun 7.8.1-ci maddəsində konkret gös­tə­ril­mişdir ki, Azərbaycan Respublikasına qarşı təcavüz və gücün tətbiqi və ya tətbiq edil­məsi hədəsi, ölkənin müdafiə qabiliyyətinin zəifləməsi hərbi sahədə əsas təhdidlərdən biridir.

Bütün göstərilənlərlə bərabər o da qeyd edilməlidir ki, Azərbaycan Respublikası hər bir sahədə öz mili maraqlarının müdafiəsinə xüsusi diqqət yetirir. Bunun üçün, müvafiq orqanlar, yəni Azərbaycan Respublikasının milli təhlükəsizliyinin subyektləri fəaliyyət göstərir. Qanunun 3-cü maddəsinə əsasənAzərbaycan Respublikasının milli təhlükəsizliyinin subyektləri insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyi maraq­larının və tələbatlarının təmin edilməsi məqsədilə yaradılmış dövlət hakimiyyəti orqan­larıdır.

Həmçinin, Qanunun 10-cu maddəsində əks edilmişdir ki, Azərbaycan Respub­likasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları dövlət tərəfindən yaradılan və milli təhlükəsizliyini təmin etmə qabiliyyətinə malik olan qurumlardır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan baş­qa silahlı birləşmələr, Azərbaycan Respublikasının xüsusi xidmət orqanları, polis, pro­ku­rorluq, gömrük, vergi və digər hüquq mühafizə orqanları, habelə milli təhlü­kə­siz­liyin təmin olunmasında iştirak edən digər aidiyyəti dövlət orqanları Azər­bay­can Respub­likasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqan­larıdır.

Nəzərə alınmalıdır ki, Qanunun 26-cı və 27-ci maddələrinə əsasən milli təhlü­kəsizlik sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasına görə hü­quqi və fiziki şəxslər məsuliyyət daşıyırlar. Həmçinin, Azərbaycan Respublikasının suveren hüquqlarını məhdudlaşdıran, dövlət müstəqilliyinin itirilməsinə yönəlmiş, ya­xud Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcək beynəlxalq müqa­vilələrin bağlanılmasına yol verilmir.

Sonda, sual oluna bilər ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin tə­min olunmasının məqsədləri nədir. Nəzərə alınmalıdır ki, milli təhlükəsizliyimizin tə­min olunmasının əsas məqsədləri insanın təhlükəsizliyindən, cəmiyyətin təhlükə­siz­liyin­­dən və dövlətin təhlükəsizliyindən ibarətdir. Belə ki, Qanunun 8.3-cü mad­dəsində gös­tərilmişdir ki, insanın təhlükəsizliyi - insanın hərtərəfli inkişafı üçün əlverişli şəraitin mövcudluğu, cəmiyyətin təhlükəsizliyi - Azərbaycan xalqının həyati əhə­miy­yətli maraq və tələbatlarının qorunması və nəhayət dövlətin təhlükəsizliyi - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, kons­titusiya quruluşunun və həyati əhəmiyyətli digər maraqlarının təhdidlərdən qorunması deməkdir.

Əvvəldə qeyd edildiyi kimi, Azərbaycan Respublikası əsasını məhz bu 3 amilin təşkil etdiyi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin, bütövlükdə isə Azər­bay­can Respublikasının mili maraqlarının təmin olunması və bütün təhdidlərdən qorun­ması istiqamətində müvafiq tədbirləri həyata keçirərkən diqqətinizə çatdırılan «Milli təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanu­nu­nun müddəalarını rəhbər tutur.