«Кəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunun əsas müddəaları

2015/07/09 10:59

Sözügedən qanun 29 iyun 2004-cü il tarixdə qəbul edilmiş, 6 fəsil, 22 maddədən ibarətdir.

Qanun Azərbaycan Respublikasının milli təhlükəsizliyi, Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına, Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir.

Qeyd etmək lazımdır ki, Azər­­baycan Respublikası kəşfiyyat və əks-kəşfiyyat anlayışına aydın­lıq gətirilməsi üçün Qanunun 1-ci maddəsinə diqqət yetirmək lazımdır:  

Kəşfiyyat fəaliyyəti — Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir.

Əks-kəşfiyyat fəaliyyəti — Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir.”

Qanunun işlək mexanizimə çevrilməsi və hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, “Milli təhlükəsizlik haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, bu Qanun və digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.

Eyni zamnda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin əsas prinsiplərində qanunçuluq, insan və vətəndaş hüquqları və azadlıqlarına riayət edilməsi, humanistlik, konspirasiya, aşkar və qeyri-aşkar üsul və vasitələrin uzlaşdırılması və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının bilavasitə tabeliyində və nəzarətində olması dayanır.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanununun tətbiq edilməsi barədə 03 avqust 2004-cü il tarixli Fərman imzalamışdır.