«Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikasının qanunun əsas müddəaları

2015/07/18 16:37

Sözügedən qanun 28 oktyabr 1999-cu il tarixdə qəbul edilmiş, 3 fəsil, 21 maddədən ibarətdir. Bu qanun əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir və əməliyyat-axtarış tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini müəyyən edir.

Qanun insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilən fəaliyyətləri özünd etiva edir.

Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsində əsas vəzifələr hazırlanan və törədilən cinayətlərin qarşısının alınması, törədilmiş cinayətlərin aşkar edilməsi və açılması,  cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi, məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən şəxslərin axtarılması və naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsidir

Qanuna görə, Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Əməliyyat-axtarış fəaliyyəti qanunçuluq, humanistlik, insan hüquq və azadlıqlarına hörmət, konspirasiya, aşkar və gizli iş üsullarının uzlaşdırılması prinsiplərinə əsaslanır.

Qanunun 4-cü maddəsində isə fəaliyyətin həyatə keçirilməsi zamanı insan və vətəndaş hüquq və azadlıqlarının təminatları yer alır və hər hansı şəxsin razılığı olmadan onun şəxsi həyatının toxunulmazlığına, o cümlədən şəxsi və ailə həyatının sirrinə, habelə onun şərəf və ləyaqətinə dair əldə edilmiş məlumatları yaymaq qadağan edilir.

Qanunun 10-cü maddəsində 18 əməliyyat-axtarış tədbirləri müəyyən edilir (vətəndaşların sorğusu, soraqlaşma, telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, məhkumların məktublarının yoxlanılması, nəqliyyat vasitələrinə baxış keçirilməsi, binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə,  binaların, o cümlədən yaşayış binaların, habelə digər qapalı tikililərin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi, insanların güdülməsi, şəxsiyyətin eyniləşdirilməsi, nəzarət qaydasında mal alınması, əşya və sənədlərin tədqiqi, müqayisəli tədqiq üçün nümunələrin toplanılması, nəzarətli göndəriş, cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi, hüquqi şəxsin yaradılması və əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi)