“İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementidir” mövzusunda tədbir keçirib

2015/07/23 22:56

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) Mingəçevir şəhərində “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementidir” mövzusunda tədbir keçirib.

MİTDİB-in mətbuat xidmətindən bildiriblər ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementi kimi” adlı layihə çərçivəsində təşkil olunub. Mingəçevir Media Resurs Mərkəzində keçirilən tədbirə Qərb bölgəsinin yerli KİV-lərinin nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin cəbhə bölgəsi üzrə akreditasiya olunmuş təmsilçiləri, həmçinin yerli internet fəalları və QHT-lərin nümayəndələri qatılıblar.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd internet üzərindən xəbər yayan informasiya istehsalçılarında və ümumilikdə internet istifadəçilərində yayılan informasiyalara görə yaranan hüquqi məsuliyyət barədə maarifləndirmə işi aparmaq olub: “İnternet üzərindən informasiya yayan vətəndaşlarda və qurumlarda yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib problemləri sırasındadır. Mingəçevirdə keçirdiyimiz tədbirdə internet üzərindən informasiya yayan vətəndaşların və qurumların diqqət yetirməli olduqları nüanslar barədə müzakirələr keçirdik”.

Tədbirdə çıxış edən Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, “El TV”nin əməkdaşı İnqilab Şirinbəyli və digərləri internet üzərindən yayılan informasiyaların yaratdığı hüquqi məsuliyyət mövzusunda tədbirlərin xüsusən sərhədboyu bölgələrdə keçirilməsinə zərurət olduğunu bildiriblər.