“İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementidir” mövzusunda konfrans keçirilib

2015/07/24 21:33
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  Bakıda  “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementidir” mövzusunda konfrans  keçirib.  Beynəlxalq Mətbuat Mərkəzində  keçirilən tədbirə  KİV  nümayəndələri,  internet fəalları və QHT təmsilçiləri  qatılıblar.
Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementi kimi” adlı layihə çərçivəsində baş tutub. Layihənin icraçısı Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyidir (MİTD İB).
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,  tədbirin  keçirilməsində məqsəd internet üzərindən xəbər yayan informasiya istehsalçılarında və  ümumilikdə internet istifadəçilərində  yayılan informasiyalara görə yaranan hüquqi məsuliyyət barədə maarifləndirmə işi aparmaq olub: “İnternet üzərindən informasiya yayan vətəndaşlarda və qurumlarda yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib problemləri sırasındadır. Keçirdiyimiz tədbirdə internet üzərindən    informasiya yayan vətəndaşların  və qurumların  diqqət yetirməli olduqları nüanslar barədə müzakirələr keçirdik”.
Konfransda öncə hüquqşünas ekspertlər internet üzərindən yayılan informasiyalara görə yaranan hüquqi məsuliyyət mövzusunda məruzə ediblər.  Daha sonra tədbir iştirakçılarına söz verilib.    Azərbaycan  Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Nizamioğlu,  Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə və digərləri informasiya hazırlığı zamanı qarşıya çıxan dillemmalar mövzusunda maraqlı fikirlərini paylaşıblar. Konfrans digər iştirakçıların çıxışları ilə davam edib