«Terrorçuluğa qarşı mübarizə» haqqında Azərbaycan Respublikasının qanunun əsas müddəaları

2015/07/29 12:15

Sözügedən qanun 18 iyun 1999-cu il tarixdə qəbul edilmiş, 4 fəsil, 22 maddədən ibarətdir.  

Bu qanun Azərbaycan Respublikasında terrorçuluğa qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edir, terrorçuluq əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, habelə həmin orqanların və vətəndaşların hüquqlarını və vəzifələrini təsbit edir.

 Qanunda terrorçuluq aşağıdakı kimi şərh olunur:  

Terrorçuluq — ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir.

Terrorçuluğa qarşı mübarizə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Terrorçuluğa qarşı mübarizənin məqsədi  insan hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi, terrorçuluğun aşkar edilməsi, qarşısının alınması və terrorçuluq nəticəsində gözlənilən zərərin minimuma endirilməsi və terrorçuluğun yaranması və həyata keçirilməsi səbəbinin və şəraitinin habelə terrorçuluğun maliyyələşdirilməsi və digər yardımlar edilməsi hallarının aşkar və ləğv edilməsindən ibarətdir.

Qanunlar aşağıdakı hallarda terrorçularla danışıqların aparılmasına yol verilir:

- İnsanların həyatının və sağlamlığının, maddi sərvətlərin qorunması, habelə terror aksiyalarının qarşısının alınması imkanlarının öyrənilməsi məqsədilə terrorçularla danışıqların aparılmasına yol verilir.

- Terrorçularla danışıqlar zamanı şərt olaraq terror aksiyalarının dayandırılması məqsədilə terrorçulara hər hansı bir şəxsin onun iradəsi əleyhinə olaraq verilməsi, siyasi tələblərin icra edilməsi, habelə tətbiqi insanların həyatına və sağlamlığına təhlükə yaradan silahların və ya başqa vasitələrin verilməsi qadağandır.

Terrorçularla danışıqların aparılması törətdikləri əməllərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətdən onların azad edilməsinə əsas ola bilməz.

Qanunun 11-ci maddəsində terror aksiyaları barəsində ictimaiyyətə məlumat verilməsi nəzərdə tutulur və  Aşağıdakı məlumatların yayılmasına yol verilmir:  1) terror əleyhinə əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında;  2) terror əleyhinə aparılan əməliyyatlar zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və terror əleyhinə əməliyyatların aparılmasına əngəllik törədən məlumatlar haqqında;  3) terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatlar haqqında;  4) terror əleyhinə aparılan əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında.

Qanunun 13-cü maddəsində Terror aksiyaları nəticəsində dəyən ziyanın ödənilməsi və zərər çəkmiş şəxslərin sosial reabilitasiyası nəzərdə tutulur.

Növbəti maddəsə isə Terrorçuluğa qarşı mübarizə aparan şəxslərin hüquqi və sosial müdafiəsi üçün dövlət zəmanəti ilə bağlı müddəaları nəzərdə tutulur.