Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunun əsas müddəaları

2015/08/08 23:01

Sözügedən qanun 10 fevral 2009-cu il  il tarixdə qəbul edilmiş, 4 fəsil, 22 maddədən ibarətdir. 

Bu Qanun cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması üçün hüquqi mexanizmin yaradılmasına, belə pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi məqsədi ilə maliyyə sistemindən istifadə olunması imkanlarını istisna edən şəraitin yaradılmasına, bu sahədə dövlətin və cəmiyyətin maraqlarının qorunmasına yönəlmişdir.

Birinci Fəsildə Qanunun tətbiq dairəsi və terminlərin izahı verilir.

Qanunda cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlak aşağıdakı kimi şərh olunur: cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlak  — Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak, mülkiyyət hüquqlarını təsdiq edən hüquqi sənədlərdir.

İkinci Fəsildə Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında maddələr yer alır.

Həmin Fəsilin 3-cü maddəsində Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər aşağıdakı kimi sadalanır:

•             monitorinq;

•             hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin hazırlanması və tətbiq edilməsi;

•             cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən tədbirlər haqqında müştərinin və ya digər şəxslərin məlumatlandırılmasının qadağan olunması;

•             Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə müəyyən edilmiş digər tədbirlər.

 

Maddə 4-də isə monitorinq iştirakçıları subyektləri aşağıdakı kimi qeyd olunur:   kredit təşkilatları, sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, aktivlərin idarə edilməsi üzrə fəaliyyəti həyata keçirənlər, lizinq xidmətləri göstərən kredit təşkilatları, pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr və digər təşkilatlar, lombardlar, investisiya fondları, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər, öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatı, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi və ya dini təşkilat, lotereya təşkilatçısı və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər.

Maddə 8-də valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılmasının monitorinqi haqqında müddüəalar yer alır.