«İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının qanunun əsas müddəaları

2015/08/11 16:48

Sözügedən qanun 28 iyun 2005-ci il  tarixdə qəbul edilmiş, 7 fəsil,  30 maddədən ibarətdir.

Bu Qanun Azərbaycan Respublikasında insan alverinin profilaktikasının, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını, habelə insan alveri qurbanlarının hüquqi vəziyyətini müəyyən edir, insan alveri qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi məsələlərini tənzimləyir.

 Qanunda insan alveri aşağıdakı kimi təsvir edilir:

 İnsan alveri - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir.

İnsan alverinin potensial qurbanları — avaralıqla və ya dilənçiliklə məşğul olanlar, səfil, əxlaqsız həyat tərzi sürənlər, kimsəsiz, baxımsız, təhsildən qərəzli şəkildə yayınan uşaqlar, narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığı olan şəxslər hesab olunurlar.

İnsan alverinə qarşı mübarizə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Ölkə qanunvericiliyində insan alverinə qarşı mübarizənin məqsədləri şəxsiyyətin və cəmiyyətin insan alverinin istənilən formalarından müdafiəsindən və insan alverinin aşkar edilməsi və qarşısının alınmasından, habelə nəticələrinin aradan qaldırılmasından ibarətdir.

Qanunda insan alverinə qarşı mübarizənin əsas prinsipləri kimi insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması, insan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi, insan alverinə görə cəzanın labüdlüyü, hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi, insan alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi və insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi hesab edilir.

Qanunun 2-ci fəsili insan alverinə qarşı mübarizənin təşkilatı əsaslarına aid edilir. Həmin fəsildə İnsan alverinə qarşı mübarizə aparan dövlət orqanlarına kömək göstərilməsi, insan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumu, insan alverinə qarşı mübarizə sahəsində vəzifələr və insan alverinin qarşısının alınması sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq məsəllələri ilə bağlı məsələlər yer alır.

«İnsan alverinə qarşı mübarizə haqqında»  Azərbaycan Respublikasının qanunun 3-cü fəsilində isə İnsan alverinin profilaktikasının təşkili ilə bağlı məsəllərin həlli nəzərdə tutulur

4-cü fəsilin 12-ci maddəsində insan alveri qurbanları üçün xüsusi müəssisələr, 13-cü maddəsində insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar, 14-cü maddəsində insan alveri qurbanlarına yardım mərkəzləri, 15-ci maddəsində insan alveri qurbanlarının sosial reabilitasiyası, 16-cı maddəsində insan alverinin qurbanı olmuş uşaqlara yardım göstərilməsi, 17-ci maddəsində insan alveri qurbanlarına yardım göstərilməsi və onların müdafiəsi üzrə tədbirlər, 18-ci maddəsində  insan alverindən zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi, 19-cü maddəsində diplomatik nümayəndəliklərin konsulluqların insan alveri qurbanlarına yardım göstərmək və onları müdafiə etmək vəzifəsi və 20 –ci maddəsində insan alverinin qurbanı olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin repatriasiyası məsəlləri haqqında müddəalar  yer alır.

Qanunun 5-ci fəsilində insan alveri ilə bağlı məsuliyyət, insan alverindən əldə edilmiş əmlakın müsadirə edilməsi və istifadə olunması, insan alveri qurbanlarına dəymiş ziyanın ödənilməsi, insan alveri ilə bağlı işlərə baxılmasının xüsusiyyətləri və insan alverinə görə hüquqi şəxslərin məsuliyyəti nəzərdə tutulur.

6-cı fəsildə insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq nəzərdə tutulur

Sonuncu fəsildə yekun müddəalarda  Qanunun pozulmasına görə məsuliyyət aşağıdakı kimi müəyyən edilir

“Bu Qanunun pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.”