Hərbi sirlərin yayılmasının qarşısını necə alaq?

2015/08/11 22:39
İnformasiyanın əldə edilməsi, saxlanması və yayılması vasitələrinin çox sürətli inkişafı, informasiya infrastrukturunun indiyə qədər görünməmiş səviyyədə genişlənməsi və şaxələnməsi, artıq lokal informasiya məkanını anlayışını, qlobal informasiya şəbkəsi ilə əvəz olunması hərbi sirlərin qorunması, yayılmasının qarşısının alınması ilə əlaqədar yeni vəzifələr müəyyənləşdirir.  Bu ilk növbədə internet mediada və sosial şəbəkələrdə hərbi sirrlərin yayılmasının qarşısının alınması ilə bağlı vəzifələrdir.  Dünya təcrübəsi göstərir ki,  bu sahədə ilk növbədə çox dəqiq qanunvericilik tənzimlənməsinin həyata keçirilməsi zəruridir. Daha sonra isə maarifləndirmə və  monitorinq tədbirlərinə  çox ciddi ehtiyac var. Bu tədbirlərin görülməsi senzuranın sərhədlərinin genişləndirilməsi kimi yox,  bu halların zamanında aşkarlanması və adekvat reaksiya verilməsi mexanizmlərinin yaradılması kimi qiymətləndirilməlidir.
Hərbi sirr anlayışı
İlk növbədə qeyd etmək lazımdır ki, qanunvericilikdə “hərbi sirr” anlayışı yoxdur. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda “dövlət sirri” anlayışından istifadə edilir və buraya dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar aid edilir. Tərifdən də göründüyü kimi, belə məlumatların əsas xüsusiyyəti Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilməsi ilə xarakterizə olunur və dövlətin konkret fəaliyyət istiqaməti ilə bağlıdır.
“Milli təhlükəsizlik haqqında” Qanuna əsasən dövlət sirlərinin aşkarlanmasına yönəlmiş qəsdlər informasiya sahəsində dövlətə qarşı əsas təhdidlərdən biri hesab edilir (maddə 7.9.3). Belə məlumatların siyahısı isə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Onların etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan şəxs tərəfindən yayılması cinayət məsuliyyəti yaradır (Cinayət Məcəlləsi maddə 284), Azərbaycan Respublikasının vətəndaşı tərəfindən xarici dövlətə verilməsi isə dövlətə xəyanət hesab edilir.
Dövlət sirri təşkil edən məlumatların bir növünü də hərbi sahədəki məlumatlar təşkil edir. Onların ümumi istiqaməti “Dövlət sirri” haqqında Qanunun 5.1-ci maddəsində təsbit edilib. Lakin, qeyd etmək lazımdır ki, digər sahələrə, xüsusən kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı məlumatlar da müəyyən qədər hərbi xarakterli hesab edilə bilər.
Hərbi sirlərin yayılmasının qarşısını necə alaq?
“Məlumatların dövlət sirrinə aid edilməsi Qaydaları” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 249 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Bu cür aid etmənin bütün şərtləri və mexanizmi təsbit edilmişdir. İstənilən halda hərbi xarakterli məlumatları yayarkən ehtiyatlı olmaq gərəkir və bu yalnzı qanunlarla təsbit edilən vəzifə, məsuliyyət deyil, eyni zanda bir vətəndaş, vətənpərvər  mövqeyi olmalıdır.
Bu baxımdan sosial şəbəkələrdə, internet mediada və istənilən informasiya yaılması ilə bağlı resurslarda hərbi sirlərin yayılmasının qarşısının alınması ilə bağlı aşağıdakı tövsiyyələrə əməl olunmasını zəruri hesab edirik:
Hərbi əməliyyatlar barədə məlumatların rəsmi dövlət strukturuna istinadən verilməsi. Çünki, həmin orqan bu sahədə vahid dövlət siyasətini əks etdirir və məlumat ötürülərkən dəfələrlə təhlil edilir.
Əldə edilən hərbi sahə ilə bağlı istənilən xəbər və məlumatın rəsmi mənbələrlə dəqiqləşdirilməsi. Xarici ölkələrin informasiya resurslarından Azərbaycanda hərbi sahə ilə bağlı yayılan məlumatların, xüsusən qoşunların təmas xəttində baş verənlər, hərbi qulluqçuların vəfat etməsi, girov düşməsi, əsir götürülməsi, hərbi texnikanın hərəkəti, yerdəyişməsi, sınaqdan keçirilməsi və s.  rəsmi qaynaqlarla dəqiqləşdirilməsi. Ola bilsin ki, verilən informasiyaları heç hərbi sirr kimi identifikasiya etmək olmasın. Lakin bu məlumatların yoxlanılmadan tirajlanması müxtəlif şaiyələrə, panikaya yol aça bilər. Bu isə son nəticədə müdafiə qabiliyyətinin gücləndirilməsinə qarşı yönəlir.
 Hərbi sahə ilə bağlı hər hansı məlumat yayan, sosial şəbəkədə paylaşan zaman bunun hansı nəticələrə gətirib çıxaracağı  üzərində mütləq düşünmək gərəkdir. Bir çox hallarda müşahidə olunur ki, hərbi texnikanın sayı, hansı istiqamətə doğru irəliləməsi, hərbi hissələrin nömrəsi, yerləşdiyi ərazinin dəqiq ünvanı, hərbi texnikaların şəkli və s. məlumatlar yayılır.  Halbuki, qanunla Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planları, silahlı birləşmələrinin quruculuq planları, silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında məlumatlar qeyd-şərtsiz dövlət sirridir.
Bu məqalə “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi  tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Sosial şəbəkələrdə və onlayn mediada dövlət sirri təşkil edən məlumatların qorunması sahəsində maarifləndirmə, məlumatlandırma kampaniyasının aparılması” layihəsi çərçivəsində nəşr olunub.