Kimlər potensial insan alveri qurbanı sayılır?

2016/07/20 12:44

13650434_1257121820984931_958707310_n

 

İnsan alveri — güc işlətmə və ya güc işlədiləcəyi ilə hədələmə, məcburiyyət, oğurlama, aldatma, köməksizlikdən sui-istifadə yolu ilə insanların istismar edilməsidir. Başqa sözlə desək, uşaqların cinsi təcavüzə məruz qalması, onların zorla işlədilməsi, hətta  onların bədən orqanlarını satılması bu bəşəri və transmilli cinayətin əsas xarakterik xüsusiyyətlərindən biridir.Hazırda bütün dünyanın az qala baş bəlasına çevrilən insan alveri cinayəti sürətlə yayılmaqdadır.Sanki bu cinayətin “başbilən”ləri şikarını gözləyən ovçular kimi bərədə dayanıblar.Bu zaman onların toruna düşənlər isə potensial qurbanlar  olur.Bəs kimlər potensial qurban hesab olunur?

-Sosial durumu ağır olan insanlar

-Ailədaxili və məişət zorakılığına mərzu qalanlar

-Əcnəbilərlə qeyri-rəsmi evlənənlər

-Yüksək əmək haqqı eşqi ilə xaricdə iş axtaranlar

-İfrat dərəcədə virtual aləmə bağlı  olanlar

-Məcburi əməyə cəlb edilən uşaqlar

-Qeyri-rəsmi şəkildə xaricdə təhsil almaq istəyənlər

-Körpələr və uşaq evlərindən çıxanlar

-Qanundankənar doğulan uşaqlar

-Səfil həyat tərzi keçirənlər

Bütün sadalananlar bu qəbildən olan insanların təhlükənin bir addımlığında olduğunu açıq şəkildə göstərir.Onu da vurğulamaq yerinə düşər ki,insan alveri qurbanları təkcə cinsi istismara və məcburi əməyə cəlb edilmirlər.Ən dəhşətlisi odur ki,qurbana çevirilən insanların bir çoxu orqan mafiyasının gəlir mənbəyidir.Onların müxtəlif orqanları(əsasən qaraciyər və böyrəklər) çıxarılaraq böyük məbləğdə pulların qarşılığında satılır.Qeyri-rəsmi məlumatlara görə,artıq Azərbaycanda da bir neçə insan orqan mafiyasının tələsinə düşüb.

Ancaq problemin uşaqlarla bağlı hissəsinə hüquqi aspektdən (Azərbaycan qanunvericiliyi çərçivəsində) yanaşsaq görərik ki,burda açıq-aşkar təzad var.Belə ki,uşaqların işləməyə məcbur edilməsi üzə çıxarsa,bənzər əməllərə yol verənlər və ya buna şərait yaradanlar Cinayət Məcəlləsinə görə deyil, İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyət daşıyırlar.Cəzanın yüngül olması isə gələcəkdə problemin həllini sual altında qoyur.Bütün bunlara rəğmən Azərbaycanda İnsan alverinə qarşı mübarizə sahəsindəki mövcud qanunvericilik bu transmilli cinayətin artmasının qarşısnı almaq iqtidarındadı.Yetər ki,qanunların icrasında axsamalar olmasın.Onu da xatırladaq ki,Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayətkarlığın bu növü ilə mübarizəni nizamlayan müvafiq maddələr nəzərdə tutulmuş, cinayətin potensial hədəfi ola bilən uşaq və qadınların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir. İnsan alveri əməlinin cinayət kimi tanınması üçün 30 sentyabr 2005-ci il tarixində AR Cinayət Məcəlləsinə 141-1 (İnsan alveri), 144-2 (Məcburi əmək) və 316-1 (insan alverindən zərər çəkmiş şəxs haqqında konfidensial məlumatları yayma) maddələri əlavə edilmişdir.

   P.S. Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması, insan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi, insan alverinə görə cəzanın labüdlüyü, hüquqi, siyasi, sosial-iqtisadi və təşkilatı xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi, insan alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi, insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi prinsiplərinə əsaslanır.

İnqilab Şirinbəyli,Telejurnalist, Siyasi şərhçi