İnqilab Şirinbəyli — Orqan mafiyası- Bəşəri və transmilli cinayət

2016/09/11 23:41

13650434_1257121820984931_958707310_n Orqan mafiyası — Bəşəri və transmilli cinayət

Təhlükə bizə doğru yaxınlaşmaqdadır…

Hazırda bəşəriyyəti narahat edən ən ciddi və qlobal problemlərdən biri də orqan alveridi.Transmili cinayət hesab olunan orqan alveri demək olar ki,dünyanın bütün ölkələrində geniş vüsət almaqdadır. Ən gəlirli sahələrdən biri olan orqan ticarətinin başında dayanan “işbazlar” öz çirkin əməllərini həyata keçirmək üçün daha çox həkim-transplantoloqların “əməyindən”istifadə edirlər.Bunun nəticəsi kimi müxtəlif ölkələrdə həyata keçirilən əməliyyatlar zamanı tutulan cinayətkar dəstənin üzvlərinin bir neçəsi mütləq cərrahlar olub. Xüsusi vurğulamaq yerinə düşər ki,”orqan mafiyası”nın toruna düşənlərin böyük əksəriyyəti işsız insanlardı. Çünki onlar maddi sıxıntılar və sosial problemlər içərisndə olduğundan bu insnaları “ovlamaq” daha asandır.

Aparılan araşdırmalar göstərir ki,şəbəkə üzvləri işsiz vətəndaşların daxili orqanlarını orqan transplantasiyası gözləyən varlılara olduqca baha qiymətə satırlar. Məsələ burasındadır ki,orqanını satanlara həmin məbləğin heç yarısı belə verilmir. Ölüm isə qaşla gözün arasındadır. Qeyd edək ki,cinayətkar şəbəkə əvvəl diaqnoz mərkəzlərinə gedərək varlı adamlarla peşəkarlıqla ünsiyyətə girirlər.

Onlarla razılıq əldə edən şəbəkə üzvləri internetdə daxili orqanın alışı ilə bağlı elan verirlər. Bu vasitə ilə maddi vəziyyəti pis olan şəxslərlə əlaqə quraraq, onlara böyrəyinin qarşılığında təxminən 8-10 min,qaraciyərin qarşılığında isə 20-25 min dollar pul ödəyirlər. Bundan sora şəbəkə üzvləri orqanını satanla alan şəxsləri İsrail,Türkiyə və Misir kimi ölkələrə apararaq əməliyyat edirlər. Nəticədə isə cinayətkarlar milyonlara yiyələnir,oqanını satanlar isə ya həyatını itirir,ya da yarımcan olur.Onu da vurğulayaq ki, beynəlxalq praktikada insan bədəni orqanlarının alveri də insan alveri cinayətləri qrupuna daxil edilir.Bu insan alveri cinayətləri içərisində ən dəhşətlisidir.

Çünki orqanın çıxarılıb satılması insanın ya ölümü, ya da ömürlük şikəst olması hesabına başa gəlir. Bu cinayət növü həm çox qazanc gətirən, həm də çətin həyata keçiriləndir.Ona görə də bunu yalnız xüsusi mütəşəkkil cinayətkar dəstə həyata keçirə bilir. Beynəlxalq aləmdə bu işlə məşğul olan mafiyalar var ki, onların da fəaliyyəti bir sıra ölkələri əhatə edir.Mütəxəssislərin araşdırması göstərir ki,həmin beynəlxalq mafiyaların fəaliyyəti ölkəmizdən də yan keçməyib. Baxmayaraq ki, hüquq-mühafizə orqanlarımız və xüsusilə də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi mövcud problemin qarşısının alınması üçün bir sıra mühüm addımlar atıb.Və proses davam edir.Ancaq son dövrlər ölkəmizin müxtəlif media orqanlarında yenə orqan alveri, yəni, «qara transplantasiya» məsələsi barədə müəyyən informasiyalar səsləndirilir və faktlar üzə çıxır.Bütün bunlar onu göstərir ki,təhlükə qaçılmazdır və bu sahədə mübarizə tədbirləri gücləndirlilməlidir.

Orqan mafiyası ilə mübarizədə problemin ciddiliyini nəzərə alıb, bu məsələdə media orqanları, ictimaiyyət, ictimai qurumlar, ixtisaslı QHT-lər birmənalı şəkildə hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməlidirlər. Bunun bariz nümunəsi kimi bir müddət öncə Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə El Televiziya Şirkəti, ”Təmas” İctimai Birliyi və müstəqil fəaliyyət göstərən jurnalistlər konsorsium şəklində insan alverinə qarşı mübarizə sahəsində maarifləndirci tədbirlər həyata keçiriblər. Əslində isə bu istiqamətdə aparılan işlər sıradan bir tədbirlə,azmüddətli layihələrlə yekunlaşmamalıdır.

Nəzərə alsaq ki,hər ötən gün bütün dünyada,o cümlədən Azərbaycanda insanların maddi durumu getdikcə pisləşir,deməli,bu sosial ağırlaşma “orqan mafiyası”nın əl-qolunu birə-beş açacaq.Çünki borc içində boğulan,bankların az qala əsirinə çevrilən on minlərlə insan hər an potensial qurbana çevrilə bilər. Və bunun üçün münbit şərait artıq yetişməkdədir. Bəlkə də tam yetişib…!

 

İnqilab Şirinbəyli, Telejurnalist, Siyasi şərhçi