Sosial müdafiəyə xüsusi ehtiyacı olanlar üçün müəssisələrdə kvota müəyyən edilməsi hansı qaydada tənzimlənir?

2017/08/10 23:32

Sosial müdafiəyə xüsusi ehtiyacı olanlar üçün müəssisələrdə kvota müəyyən edilməsi hansı qaydada tənzimlənir?

-“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyasına — 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri aiddir.

Kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir. Müəssisələrdə kvota müəyyən edilərkən  və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən qadınların, yaşı 18-dən az olan işçilərin və əlillərin işləməsi üçün müvafiq normativ-hüquqi aktlar ilə qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır.

Müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota üzrə iş yerlərinin ayrılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası»na əsasən həyata keçirilir.  Həmin Qaydaya əsasən, kvota müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə aşağıdakı kimi müəyyən edilir:

-işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında; bu halda həmin iş yerlərindən biri əlilliyi olan şəxslər üçün nəzərdə tutulur;

-işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla);

-işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla).