İşçilər əmək hüquqlarının qorunmasında fəallıq göstərməlidirlər

2018/09/10 21:45
İşçi qəbulu zamanı əmək müqaviləsinin bağlanmaması və bu məsələdə  gizli razılaşmaların olması nəticə etibarilə gəlir vergisinin və sosial ödənişlərin yerinə yetirilməməsi ilə yanaşı, vətəndaşların hüquqlarının kobud şəkildə pozulmasına da gətirib çıxarır. İqtisadiyyatın müxtəlif sektorlarında çalışanların bir qisminin qeyri-qanuni işləməsi, müəssisələr­də işçilərin adı olub özünün olmaması və s. bu kimi neqativ hallar ölkənin bugünkü sosial vəziyyətinin real əks etdirilməməsinə səbəb olur. Dövlət orqanları problemin həlli istiqamətində müxtəlif mübarizə tədbirləri həyata keçirsə də, ictimai təşkilatların da bu sahədə fəallıq göstərməsinə ehtiyac var.  Vətəndaşların Əmək Hüquqları Liqasının rəhbəri Sahib Məmmədovla müsahibəmiz bu mövzuya həsr olunub.
- Sahib müəllim, Sizin fikrinizcə, vətəndaşların əmək hüquqlarının qorunması ilə bağlı həlli zəruri olan aktual problemlər nədən ibarətdir?
- Ölkə sakinlərinin təxminən 5 milyon nəfəri iqtisadi fəal əhali sayılır. Bu gün onlardan, yuvarlaq rəqəmlə ifadə etsək, 1 milyon 500 min nəfəri muzdlu işə cəlb olunanlardır. Yəni milyon yarım insanla əmək müqaviləsi bağlanmışdır və bu müqavilələr elektron informasiya sistemində yerləşdirilmişdir. Müqaviləsi olanların əksəriyyətini dövlət qulluqçuları, büdcə təşkilatlarının işçiləri və dövlətin tabeçiliyində fəaliyyət göstərən və ya səhmlərinin nəzarət paketi dövlətdə olan təsərrüfat subyektlərinin işçiləri təşkil edir. Halbuki, real götürdükdə, özəl sektorda işləyənlərin sayı dövlət sektorunda işləyələrdən xeyli çox olmalıdır. Belə olan halda sual yaranır: qalan işçilər haradadır?
Bunlardan bir qismi faktiki olaraq muzdlu işə cəlb edilsələr də, onlarla mülki-hüquqi müqavilələr bağlanılıb və hüquqi baxımdan əmək münasibətlərinin tərəfi deyillər. Bütün bu faktlar onu göstərir ki, qeyri-rəsmi əmək bazarının həcmi yüksək səviyyədə qalmaqda davam edir. Yüz minlərlə insan əmək münasibətləri rəsmiləşdirilmədən ödənişli əmək fəaliyyətini həyata keçirir. Faktiki olaraq muzdlu işə cəlb edilən bütün şəxslərlə əmək münasibətlərinin rəsmiləşdirilməsinə nail olunmayana qədər əmək hüquqlarının tam təmin edilməsindən danışmaq mümkün deyil. Vətəndaşlarımızın və ölkədə əmək fəaliyyətini həyata keçirən vətəndaşlığı olmayan şəxslərin əmək hüquqları ilə bağlı ən aktual problem də məhz bu məsələdədir.
Biz hələ «qara mühasibatlıq» əsasında əməkhaqqı ödənişlərindən danışmırıq. Belə hallar ölkəmizdə geniş yayılıb ki, bu da işəgötürənlər tərəfindən işçilərin əmək hüquqlarının kobud şəkildə pozulması deməkdir.
 - İşə qəbul zamanı əmək müqaviləsinin bağlanmaması və bu məsələdə gizli razılaşmaların mövcudluğu iqtisadi proseslərə necə təsir edir?
- Əmək müqaviləsi yoxdursa, əmək hüquqlarından danışmağın heç bir mənası qalmır. Əmək müqaviləsi bağlamadan işçinin işə cəlb edilməsi işçi hüquqlarının pozulmasının ən kobud formasıdır. Bu halda, əslində, işçi ilə yanaşı, dövlət də itirir. Dövlət büdcəsinə daxil olmalı gəlir vergisi və sosial büdcəyə daxil olmalı sosial ödəmələr toplanmır. İşçi isə həm yaxınmüddətli planda, həm də uzunmüddətli perspektivdə itirmiş olur. Əmək müqaviləsi yoxdursa, deməli, işçi ən azı iki növ sığortadan — icbari dövlət sığortası, bədbəxt hadisə və peşə xəstəlikləri halları zamanı sığortadan məhrum olur. Hər iki halda sığorta hadisəsi baş verəndə işçi zəruri müavinətlər əldə edə bilmir. Beləliklə, işçi işəgötürəndən tam asılı vəziyyətə düşür və məcburi əməyə cəlb edilir, hüquqları istənilən formada pozulur.
- Bəs Sizin rəhbərlik etdiyiniz qurum belə halların qarşısının alınması istiqamətində nə kimi işlər həyata keçirir?
- İctimai təşkilatların işçi hüquqlarının təmin olunması istiqamətindəki fəaliyyəti, əsasən, maarifləndirmə və hüquqi yardımdan ibarətdir. Bu məsələyə xüsusi diqqət yetirməyə və insanların öz hüquqlarının qorunmasında daha fəal olması üçün müxtəlif tədbirlər görməyə çalışırıq. Təşkilatımız bu il 6 adda sadə yaddaş təlimatı hazırlayıb və onu veb səhifəmizdə yerləşdirmişik. İnsanlar bu linkdən istifadə etməklə əmək hüquqlarının müdafisəsini təmin edə bilərlər   (http://labourrights-az.org/?page_id=37). Əmək hüquqlarının pozulması ilə bağlı müraciət edənlərə təşkilatımız tərəfindən hüquqi məsləhətlər verilir.
- İşçilərin uçot və nəzarətdən kənar qalmaması üçün qanunvericilikdə daha hansı yeniliklərə ehtiyac görürsünüz?
- Mənim fikrimcə, qanunvericilikdə elə bir ciddi dəyişikliyə ehtiyac yoxdur. Sadəcə, əmək müqaviləsi bağlanmalı olan hallarda mülki-hüquqi müqavilələrin bağlanmasının qarşısının alınması üçün indikatorlar müəyyən edilməlidir. Bununla bağlı təkliflərimizi bir neçə il əvvəl hazırlayıb aidiyyəti üzrə təqdim etmişik. İndi dövlət orqanları, əsasən, nəticənin aradan qaldırılmasına yönələn tədbirlər görürlər. Əlbəttə, bunun da müsbət nəticələri var: xeyli sayda işçi qeyri-rəsmi əmək bazarından rəsmi əmək bazarına cəlb olunur. Ciddi nəticələr üçün isə səbəblərin aradan qaldırılması vacibdir.
- İş yerlərində əmək hüquqlarının pozulmaması üçün hansı nəzarət formasından istifadə daha məqbul hesab olunur?
- Dövlət sektorunda və dövlətə aid təsərrüfat subyektlərində həmkarlar ittifaqı təşkilatları fəaliyyət göstərir. Onlar öz üzvlərinin hüquqlarının təmin olunması üçün imkan daxilində müəyyən işlər görürlər. Digər müəssisələrdə də nəzarətin tətbiq edilməsi çətindir. İş yerlərində videomüşahidələrin təşkili üçün pilot olaraq Bakıdakı tikinti sahələrində tədbirlər həyata keçirilməlidir. Amma bunun da ciddi səmərə verəcəyi şübhə doğurur. Hazırda sahibkarlıq subyektlərində yoxlamalarla bağlı məhdudiyyət var. Hətta olmasa belə, sayı 200 nəfərdən çox olmayan əmək müfəttişləri on minlərlə iş yerində eyni vaxtda nəzarəti təmin edə bilməz.
- İşçilərin əmək hüquqlarının qorunması üçün dövlət orqanları ilə ictimai təşkilatların əməkdaşlığı hansı səviyyədədir?
- Əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ixtisaslaşmış ictimai təşkilatlarla məsləhətləşmələr aparılırdı. Hesab edirəm ki, bu məsləhətləşmələr formal xarakter daşımamalı, konkret, real nəticələri olmalıdır.
Bundan başqa, Vergilər Nazirliyinin müxtəlif tədbirlərinə, o cümlədən hər il keçirilən Vergi Forumuna qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət edilir. Hesab edirəm ki, həmin tədbirlərdə  əmək münasibətləri ilə problemlərə daha çox yer verilməlidir. Məncə, bu, ümumi işin xeyrinə olar.
Müsahibəni hazırladı: R. SADIQOV
http://vergiler.az