Uşaqların əmək hüququ necə pozulur?

2018/06/30 20:10

Yay tətili olduğu üçünmü müxtəlif yerlərdə yeniyetmə uşaqlar yaşlarına uyğun olmayan işlərlə məşğul olurlar? Amma yox, mağazalarda, şadlıq saraylarında və müxtəlif bu cür məkanlarda ilin bütün aylarında yaşı çox kiçik olan uşaqlar çalışırlar. Pul qazanmaq istəyirlər, amma hüquqlarının fərqində deyillər.

Uşaq və əmək

Hər bir uşağın yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ var. Uşaqların əmək hüququnun təmin olunmasının şərtləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir. AR Əmək Məcəlləsinin 249-cu maddəsinə əsasən yaşı 15-dən az olan şəxslərin işə qəbul olunması yolverilməzdir. Məcəllənin 42-ci maddəsinə əsasən 15 yaşına çatmış hər bir respublika vətəndaşı əmək müqaviləsinin tərəfi ola  bilər. Qanunvericilklə müəyyən edilən qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.  AR Mülki Məcəlləsinin 28-ci maddəsinə əsasən 16 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyəti sayılır.  Əhalinin sağlamlığının qorunması haqqında qanuna görə yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər. Onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçməlidirlər.  Eləcə də, Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında AR Qanunun 9 maddəsinə əsasən alkoqol və tütün məmulatlarınının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, o cümlədən yeraltı tunellerdə. Şaxtalarda və digər yeraltı işlərdə, habelə onların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, eləcə də spirtli içkilərin, tütün məmulatlarının, narkotik vasitələrin və preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağandır. Məsələnin digər bir tərəfi də var ki, çox zaman uşaqları işəgötürən deyil, valideynləri tərəfindən əməyə cəlb olunur. Dəfələrlə şahidi oluruq ki, yeniyetmə uşaqlar atalarının yanında küçələrdə ticarətlə məşğul olurlar. Soruşursan, rayondan Bakıya gəldikdən sonra oxumağın daşını atıb. Əslində onların gələcək taleyi ilə valideynlər özləri oynayırlar. Ticarətdən-hesabdan çox yaxşı baş çıxaran məktəb yaşlı uşaqlar öz qabiliyyətlərini sadəcə alverlə çərçivələməli olurlar. Və yaxud kənd yerlərində uşaqlar çox aşağı yaşlarından kənd təsərrüfatı sahələrində işə cəlb olunur. Gücündən kənar olan işlərlə məşğul olurlar. Valideyn uşağın əməyindən istədiyi kimi istifadə edə biləcəyinə inanır. Bu cür uşaqların taleyi çox zaman qaranlıq qalır. Qızlar erkən yaşda evləndirilir. Oğlanları isə bəlli bir yaşdan sonra işləmək üçün şəhərlərə üz tutur. Əcnəbi ölkələrə gedənlər də olur. Beləliklə, öz hüquqlarından xəbərsiz olan uşaqların getdikləri yerlərdə də hüquqlarının pozulması davam edir.