Müvəkkil Hüquq Mərkəzi • Hüquq və xəbərlər

Bu gün paytaxtın Binəqədi rayonunda yerləşən "İdrak” liseyində 10-cu sinif şagirdi 29 yaşlı qadın müəllimini güllələyib. Hadisə saat 09:00 radələrində baş verib. Vəziyyəti ağır olan müəllim xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 


Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir:


"Təəssüf ki, bu hadisə qəsdən törədilib. Burada ehtiyatsızlıqdan törədilən cinayət əlamətləri yoxdur. Bu isə cinayət törətmiş məktəblinin tam məsuliyyətə cəlb olunmasına imkan verir”. 


Hüquqşünasın sözlərinə görə, məktəb mühafizəçisinin cinayət məsuliyyəti məsələsi də ciddi şəkildə araşdırılmalıdır: 


"Əgər onun vəzifə səhlənkarlığına yol verdiyi aşkar edilərsə, əlbəttə, məsuliyyətə cəlb oluna bilər. Məktəblinin istifadə etdiyi ov silahının atasına qanuni şəkildə məxsus olub-olmaması da sual doğurur. Həmçinin mülki silah evdə xüsusi saxlancda saxlanılmalıdır və bu məsələ polis orqanları tərəfindən nəzarətdə saxlanılır. Xəsarətin dərəcəsindən asılı olaraq, Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməl şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmayıbsa, bu, cinayətə cəhd hesab olunur. Əgər məqsəd həmin şəxsi öldürmək olubsa, məsuliyyət daha ağır olacaq. Bu halda əməl qəsdən adam öldürməyə cəhd  kimi qiymətləndirilir və təqsirli şəxsin 7 ildən yuxarı azadlıqdan məhrum ediləcəyi gözlənilir. Lakin xüsusi olaraq qeyd etmək lazımdır ki, məktəblini bu cinayəti törətməyə təhrik edən səbəblər də ciddi şəkildə araşdırılmalıdır”./qaynarinfo.az


Muvekkil.az

Paylaş: WhatsApp Telegram Facebook X