Müvəkkil Hüquq Mərkəzi • Hüquq və xəbərlər

Son dövrlər “ChatGPT” və “Gemini” kimi çatbotlar gündəlik rəqəmsal vərdişlərimizin ayrılmaz hissəsinə çevrilib. Şəxsi həyatımızdan tutmuş işlə bağlı problemlərimizə, səhhətimizdəki narahatlıqlara qədər hər mövzuda onlara müraciət edirik. Hətta ən yaxınlarımıza belə deməyə cəsarət etmədiyimiz fikirlərimizi, gələcək planlarımızı bölüşdüyümüz bu sosial platformalar, ilk baxışda, bizim üçün həm mənəvi dəstəkçi, həm həkim, həm də sadiq dost – rəqəmsal “sirdaş” rolunu oynayır. Bəs onlara etibar etmək nə dərəcədə doğrudur?


Bu alətlərlə ünsiyyət qurarkən çox vacib bir məqamı nəzərdən qaçırırıq. Çatbotda “söhbəti sil” düyməsini sıxmaqla bütün izlərin yox olduğunu düşünürük. Halbuki ekrandan silinən hər bir cümlə şirkətlərin serverlərində və cihazın yaddaşında qalır. Ortaya belə bir sual çıxır: bu yazışmalar nə vaxtsa məhkəmədə lehimizə və ya əleyhimizə dəlil kimi istifadə oluna bilərmi?


Əslində bu, sadəcə, ehtimal olunan təhlükə deyil, beynəlxalq təcrübədə artıq kifayət qədər faktlar var. Xüsusilə ABŞ və Böyük Britaniya kimi ölkələrdə ağır cinayətlərin açılmasında süni intellekt yazışmalarından rəsmi dəlil kimi istifadə olunur. Müasir hüquq sistemində çatbotlarla aparılan dialoqlar da elektron məlumat daşıyıcılarında saxlanılan digər rəqəmsal sübutlar kateqoriyasına aid edilir. Bu baxımdan, istintaq orqanları məhkəmə sanksiyası və ya rəsmi hüquqi sorğu əsasında texnologiya şirkətlərindən istifadəçinin serverlərdəki yazışma tarixçəsini tələb etmək hüququna malikdir.


Xüsusilə təqsirləndirilən şəxsin törətdiyi əməldən əvvəl çatbota “iz qoymadan insanı necə zəhərləmək olar?”, “qan ləkəsini təmizləmək üçün nə lazımdır ?”, “kameralardan yayınmaq mümkündürmü?” və ya “hadisə yerində izləri itirməyin ən yaxşı üsulu nədir?” kimi şübhə doğuran suallar verməsi cinayətin öncədən planlaşdırıldığını sübuta yetirən əsas dəlillərdən sayılır.


Lakin bu proses bir sıra hüquqi və texniki çətinliklərlə müşayiət olunur. İlk növbədə, rəqəmsal izlərin doğruluğu sübut edilməli, hesaba və cihaza kənar müdaxilənin olub-olmadığı, yazışmanın məhz şübhəli şəxs tərəfindən aparıldığı dəqiqləşdirilməlidir. Digər tərəfdən, fərdi məlumatların qorunması və məxfilik prinsipləri texnologiya nəhəngləri ilə hüquq-mühafizə orqanları arasında ciddi baryerlər yaradır.


Mövzu ilə əlaqədar Xalq Qəzetinə açıqlama verən Müvəkkil Hüquq Mərkəzinin sədri, tədqiqatçı-hüquqşünas Səməd Vəkilov bildirdi ki, çatbot yazışmaları elektron sübut kateqoriyasına aid edildiyi üçün rəsmi dəlil hesab olunur:


– “Cinayət-prosessual qanunvericiliyinə əsasən, çatbot yazışmalarının rəsmi dəlil kimi qəbul edilməsi müəyyən tələblərə söykənir. Hər hansı məlumatın hüquqi qüvvəyə malik olması üçün o, insan azadlıqları pozulmadan, məhkəmənin (və ya təxirəsalınmaz hallarda müstəntiqin) qərarı ilə qanunauyğun şəkildə toplanmalıdır.


Qanunvericilikdə şahid ifadələri, ekspert rəyləri, maddi və rəqəmsal daşıyıcılardakı qeydlər sübut kimi tanınır. Çatbot söhbətləri də elektron dəlil kateqoriyasına aid edildiyindən, prosedura uyğun götürüldükdə və iş üçün əhəmiyyət daşıdıqda cinayətin açılmasında rəsmi istifadə oluna bilər.


Təqsirləndirilən şəxsin cinayətdən əvvəl çatbota verdiyi şübhəli suallar yalnız törədilən əməlin motivləri ilə üst-üstə düşdükdə sübut kimi dəyərləndirilir. Şəxs süni intellektə sadəcə maraq xatirinə də müraciət edə bildiyindən, bu yazışmaların cinayət niyyətini göstərən dolayı dəlil sayılması üçün əməllə sorğular arasında səbəb-nəticə əlaqəsi tam sübuta yetirilməlidir.


Əsas məsələ dəlillərin qanuni yolla toplanmasıdır. Qanunsuz üsullarla əldə edilmiş məlumatların məhkəmədə istifadə olunmasına qanunvericilik imkan vermir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün tarixçəni silməsi onun müdafiə hüququna daxildir. Lakin istintaq həmin yazışmaları qanuni yolla bərpa edib cinayətin motivləri ilə əlaqəsini aşkar edərsə, bu faktlar iş üzrə sübut kimi qiymətləndirilə bilər.


İstintaq orqanlarının "OpenAI" (ChatGPT) və ya "Google" (Gemini) kimi beynəlxalq texnologiya nəhənglərinə hüquqi sorğu göndərərək istifadəçinin yazışma tarixçəsini əldə etməsi mümkündür. Hazırda hüquq-mühafizə orqanları məhkəmə qərarı əsasında bu platformalardan istifadəçi datalarını tələb edir. Beynəlxalq təcrübədə bu məlumatlardan dəlillərin toplanmasında geniş istifadə olunur.”


Muvekkil.az

Paylaş: WhatsApp Telegram Facebook X