Müvəkkil Hüquq Mərkəzi • Hüquq və xəbərlər

Bu gün 14 aprel Azərbaycan ictimai-siyasi xadimi və hüquqşünası, Mərkəzimizin sədri Səməd Vəkilovun doğum günüdür. O, 1975-ci il aprelin 14-də anadan olub. Hüquqşünas və ictimai xadim kimi uzun illərdir müxtəlif sahələrdə fəaliyyət göstərir.


Səməd Vəkilov gənc yaşlarından hüquq sahəsinə maraq göstərib və bu istiqamətdə fəaliyyətini davam etdirib. 1998–1999-cu illərdə hərbi xidmətini cəbhə bölgəsində Füzuli və Cəbrayıl istiqamətində, o cümlədən Lələtəpə ətrafında keçib. 


O, müxtəlif dövrlərdə bir sıra dövlət və ictimai qurumlarda hüquqşünas kimi çalışıb. 2002–2007-ci illərdə Müstəqil Elmi-Praktik Hüquq Mərkəzində hüquqşünas və hüquqi xidmət şöbəsinin müdiri olub. Daha sonra İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsində baş hüquqşünas və icraçı direktor vəzifələrində fəaliyyət göstərib.


2009–2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda ilk hüquq məsləhətçisi kimi işləyib. 2012–2014-cü illərdə isə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda hüquqşünas kimi fəaliyyət göstərib.


2008-ci ildən insan hüquqlarının müdafiəsi ilə məşğul olan Müvəkkil Hüquq Mərkəzinə rəhbərlik edir. Eyni zamanda Vaqif Səmədoğlu Mərkəzinin həmtəsisçilərindən biri və Qərbi Azərbaycan İcmasının Dərələyəz icmasının idarə heyətinin üzvü kimi də fəaliyyət göstərir. 


O, hüquq və mədəni irsin qorunması mövzularında yazıların müəllifidir. Onun müəllifi olduğu əsas əsərlər arasında “Hüquq və mədəniyyət” (2010)“Azərbaycan folklor örnəklərinin hüquqi qorunması” (2020)“Sədaqət və cəsarət kredosu” (2022)“Qərbi Azərbaycandan deportasiya: İmirlidə məskunlaşma” (2023)“Etnik təmizləmənin sonuncu mərhələsi (1987–1991): Çalxanqalaya köç” (2024), eləcə də “Qərbi Azərbaycandan deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” kimi kitablar yer alır, bu əsərlərin bir çoxu Prezident Kitabxanasında mövcuddur. Bundan əlavə, o, “Çağdaş Azərbaycanda İslam və cəmiyyət” kitabının həmmüəllifi, həmçinin “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003–2023)” adlı üçcildliyin tərtibçisidir.


Bu gün 51 yaşını qeyd edən Səməd Vəkilov uzun illərdir hüquq, ictimai fəaliyyət və elmi yaradıcılıq sahələrində çalışan tanınmış ictimai xadim və hüquqşünasdır. O, fəaliyyəti ilə həm hüquqi maarifləndirməyə, həm də ictimai müzakirələrdə aktiv mövqe sərgiləməyə töhfə verir. Müvəkkil Hüquq Mərkəzinin sədri kimi onun gördüyü işlər və ictimai təşəbbüslər, eləcə də Qərbi Azərbaycan mövzusu ilə bağlı fəaliyyəti onun adını bu sahədə tanınan simalardan birinə çevirib.


Müvəkkil Hüquq Mərkəzi Könüllüləri olaraq Səməd Vəkilovu 51 yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.  


Hörmətlə,


Müvəkkil Hüquq Mərkəzi Könülüllər Departamentinin rəhbərliyi,


Departament rəhbəri - Cavid Vəkilov,


Departament rəhbərinin məsləhətçisi - Şahin Dadaşov,


Departament baş məsləhətçisi - Cəfər Əliyev,


Departament baş koordinatoru - Əli Əhədzadə,


Departament könüllü qrup rəhbəri  - Uğur Cürənli.

Paylaş: WhatsApp Telegram Facebook X