Müvəkkil Hüquq Mərkəzi • Hüquq və xəbərlər
Muvekkil.az APA-ya istinadən xəbər verir ki, Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub, bunlar 2009-cu ildə Bakı şəhərində anadan olmuş, "Landau School"un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, "Landau School"un 10-cu sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə Farid qızı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadidir.

Ardeshir Seyfpour Saad Abadi qraffiti dizaynerdir və "İnstagram"da "temacreworiginal" adlı hesabda öz qraffiti nümunələrini paylaşıb. 


Ardeshir Seyfpour Saad Abadinin atası Omid Seyfpour Saad Abadi 2024-cü ildən Azərbaycanda yaşayır, "Denizkala" şirkətində menecer işləyir.

Layla Muradinin atası Muradi Samir "Best Events" MMC şirkətinin baş direktorudur.

Şəfiqə Qaraşlının atası Qaraşov Farid taksi fəaliyyəti ilə məşğul olur.

Münəvvər Bərxudayevanın atası Bərxudayev Taleh isə "Hallibörton Yeureyja Limited" şirkətinin filialında xidmət operatorudur.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası müdaxiləyə məruz qalıb. Adları qeyd olunan şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar. Binaya edilmiş müdaxilə qısa müddət ərzində aradan qaldırılıb, ilkin görünüş bərpa olunub. Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi faktı üzrə cinayət işi açılıb. 


Bu məsələyə münasibət bildirən Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov saytımıza deyib: "Nizami Kino Mərkəzi 1934-cü ildə istifadəyə verilib. Kinoteatrın binası "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən qurularaq əsaslı təmirdən sonra 24 noyabr 2011-ci il tarixdə yenidən fəaliyyətə başlamışdır. Bu mədəniyyət təsisatına qarşı belə vandalizim hərəkəti yolverilməzdir. Təəssüf ki, bu hüquqazidd hərəkətləri edənlərin çoxu orta məktəb şagirdləridir. Bu hadisə bu uşaqların valdeynlərinin onlara lazımı tərbiyə verməməsinin təzahürüdür. Bu məslənin qarşısı ciddi şəkildə alınmalıdır ki, belə tendensiya yaranmasın"


Muvekkil.az

Paylaş: WhatsApp Telegram Facebook X

Qalereya