Səməd Vəkilov: Miqrasiyada maarifləndirmə vacibdir
Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə hüquqi vəziyyəti 2013-cü ildə qəbul edilmiş Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir.
Miqrasiya məsələləri hər bir dövlətin milli təhlükəsizliyi və ictimai asayişi baxımından daim diqqət mərkəzində olan sahələrdəndir. Xüsusilə ölkəyə daxil olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunvericiliyin tələblərinə uyğun fəaliyyəti dövlət təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Muvekkil.az xəbər verir ki, Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov QHT.az-a açıqlamasında bildirib ki, miqrasiya sahəsində dövlət uçotunun düzgün aparılması, ölkəyə daxil olan və ölkədən çıxan şəxslərin qeydiyyat qaydalarına əməl etməsi qanunçuluğun təmin olunmasının əsas şərtlərindən biridir.
Onun sözlərinə görə, Dövlət Miqrasiya Xidmətinin bu istiqamətdə etdiyi çağırışlar və məlumatlandırıcı açıqlamalar həm Azərbaycan vətəndaşları, həm də ölkədə yaşayan və ya müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən diqqətlə qarşılanmalıdır.
“Hər kəs miqrasiya qanunvericiliyinin tələblərinə riayət etməli və bu sahədə dövlətin həyata keçirdiyi siyasətə dəstək verməlidir. Xüsusilə maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir. Vətəndaşların və əcnəbilərin hüquq və vəzifələri barədə məlumatlı olması qanun pozuntularının qarşısının alınmasına, miqrasiya proseslərinin daha səmərəli idarə olunmasına və dövlət təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir”, – deyə Səməd Vəkilov vurğulayıb.
Muvekkil.az